XIX əsrin sonu - XX əsrin əvvəllərində ilk xalq çıxışları. Xarici kapitalın ağalığı, sosial zülm, dövlət məmurlarının yerlərdəki özbaşınalığı geniş xalq kütlələri içərisində narazılığa səbəb olurdu. Ölkədə vaxtaşırı baş verən təbii fəlakətlər(quraqlıq, çəyirtkə basqını, epidemiyalar və s.), möhtəkirlər tərəfındən süni surətdə yaradılan ərzaq qıtlığı istər şəhər, istərsə də kənd yoxsulları içərisində həyəcanları son dərəcə artırırdı. XX əsrin əvvəllərinə doğru bütün ölkədə sosial ziddiyyətlər olduqca kəskinləşmiş, əyalət, vilayət və mahallara başçılıq edən məmurlara qarşı çıxışlar baş vermişdi. 1870-1871, 1880-ci quraqlıq illərində bütün İranda aclıq baş verdiyi zaman Cənubi Azərbaycan əhalisi taxıl möhtəkirliyinin artmasına etiraz olaraq ayağa qalxdı, 1881-ci ildə isə valini əyalətdən qovdu. Bu hadisədən sonra Təbriz və başqa şəhərlərdə baş verən ən böyük çıxış «Tənbəki üsyanı» adı ilə məhşur hərəkatdır ki, bu da İran xalqlarının, xüsusilə də Azərbaycan xalqının, imperializmə qarşı ilk çıxışı olmaqla onun siyasi mübarizəyə qoşulmasında mühüm rol oynamışdır.
1891-ci il martın 9-da Nəsrəddin şah bütün İranda tütün almaq, satmaq və emal etmək üçün ingilislərə konsessiya verilməsi barədə müqavilə imzalayır və bunun müqabilində şirkət əldə edəcəyi qazancdan ildə İran hökumətinə cüzi bir məbləği - 15 min funt-sterlinqi ödəməyi öhdəsinə götürürdü. İranın bir çox mühüm şəhərlərində şirkətə məxsus idarələr təşkil edən ingilislər Hindistandan və digər müstəmləkə ölkələrindən işçi, qulluqçu adı ilə dəstə-dəstə öz təbəələrini gətirməyə başladılar ki, bu da həmin sahədə çalışan sahibkar, tacir, kəndli, sənətkar və fəhlələr arasında həyəcanın artmasına səbəb oldu, heç kəs öz tütün və tənbəkisini ingilislərə satmağa razı olmadı. Buna cavab olaraq 1891-ci ilin ortalarında ingilis şirkəti İran hökumətinin razılığı ilə tütün alverinin və emalının yalnız bu şirkətə məxsus olduğunu bildirdi. Buna cavab olaraq, 1891-ci il avqustun 19-da Təbriz əhalisinin böyük əksəriyyətinin imzası ilə şaha göndərilən petisiyada tütün və tənbəki inhisarının ləğv edilməsi tələb olundu. Təbriz bazarı bağlandı, 20 min adam silahlanaraq hərəkata qarşı baş verə biləcək hər hansı hadisəyə müqavimət göstərmək üçün hazır vəziyyətdə dayandı.
Təbrizin ardınca Şiraz, İsfahan və Məşhəddə şirkətə qarşı kəskin çıxışlar baş verdi. Tehranın özündə inhisarın ləğv edilməsi tələbi ilə əhali 1892-ci il yanvarın 4-də şah sarayına hücum etdi. Bütün bunlar şahı məcbur etdi ki, 1892-ci il yanvarın 5-də Talbotla bağlanmış müqavilənin ləğv olunduğunu rəsmən elan etsin. İrana gəlmiş ingilis məmurları ölkəni tərk etməyə məcbur oldular. İranda ilk antiimperialist çıxış olan bu hərəkatda Cənubi Azərbaycanın ticarət burjuaziyası, sənətkarlar, ruhanilər, digər təbəqələrin nümayəndələri də iştirak edirdilər. Xarici kapitalın və yerli irtica qüvvələrinin ağalığına qarşı çevrilmiş «Tənbəki üsyanı» İranda və Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının ilk və çox təsirli mərhələsini təşkil etmiş və xalqın siyasi, milli şüurunun oyanmasına və formalaşmasına güclü təkan vermişdi.
Hələ XIX əsrin sonlarında Tehranda və başqa şəhərlərdə vətənpərvər ziyalılar tərəfındən yaradılmağa başlayan siyasi təşkilatların sayı az və daxili vəziyyətlə bağlı fəaliyyət dairəsi məhdud olsa da, maarifçi təşkilatlar daha geniş iş aparır, xalqı mütləqiyyət, istibdad əleyhinə monarxın hakimiyyətinin məhdudlaşdırılması, qanunverici orqanın yaradılması və s. uğrunda mübarizəyə çağırırdı. 1901-ci ildə Tehranda təşkil edilmiş gizli cəmiyyət və ya İnqilabi komitə, 1905-ci ildə isə Tehranda yaradılan «Əncüməne-məxfı», (Gizli əncümən) bütün xalqları, o cümlədən azərbaycanlıları xaricilərin zorakılığı və yerli hakim dairələrinin özbaşınalığı əleyhinə mübarizəyə çağırır, həmçinin burjua ruhunda islahatlar keçirmək tələbini irəli sürürdülər.
XX əsrin əvvəllərində bir neçə il qıtlıq olması və bundan istifadə edən mülkədar və alverçilərin taxıl möhtəkirliyinə başlaması nəticəsində İranın, o cümlədən Azərbaycanın bir sıra şəhərlərində aclıq və bahalığa qarşı həyəcanlar baş verdi. 1903-cü ildə Belçikalılarla bağlanmış yeni gömrük sazişinə qarşı çıxışllar başlandı. Göstərilən dövrdə Cənubi Azərbaycanda demokratik fıkrin yayılması, milli və siyasi şüurun oyanması, xarici imperializmə və yerli feodal zülmünə qarşı xalq mübarizəsinin güclənməsində bir sıra başqa amillər də böyük rol oynamışdır. Bu amillər içərisində Bakının fəhlə hərəkatının mərkəzinə çevrilməsi, 1905-1907-ci illər I rus inqilabının başlanması, 17 oktyabr manifestinin xalqa verdiyi azadlıqlar, ölkədə siyasi partiyaların, o cümlədən Şimali Azərbaycanda «Müsəlman konstitusiya (məşrutə)» partiyasının yaranması və s. Cənubi Azərbaycan xalqının demokratik azadlıq və hüquqlar uğrunda mübarizəsinin genişlənməsinə gətirib çıxardı və bu hərəkat öz davamını həmin ilin dekabrında İranda, o cümlədən Cənubi Azərbaycanda «Məşrutə inqilabı» nda tapdı.
Cənubi Azərbaycan 1905-1911-ci illər Məşrutə inqilabında. İnqilab 1905-ci ilin dekabrın 12-də Tehranda Kerman əhalisinə edilən zülmə qarşı çıxan demokratik qüvvələrə qoşulmuş tacirlərin döyülməsinə cavab olaraq ruhanilərin evlərində hökumətə qarşı etiraz yığıncaqları təşkil olunması ilə başladı. Ertəsi gün Seyid Abdulla Behbəhani və Seyid Məhəmməd Təbatəbainin başçılığı altında şah məscidində yığıncaq keçirilməsinə mürtəce ruhanilər mane oldular. Dekabrın 14-də Tehranın mütərəqqi ruhanilərindən bir qrup başda olmaqla yüzlərlə dini məktəb tələbəsi, minlərlə bazar əhli etiraz əlaməti olaraq Şah Əbdüləzimdə bəstə oturmaq məqsədilə Tehranı tərk etdilər. İnqilab Komitəsi (İK) və «Əncüməni-məxfınin» bir çox görkəmli üzvləri də onlara qoşuldu. Tehranda bütün bazarlar, dükanlar və sənətkar emalatxanaları bağlandı. Bəstə oturanlar baş nazirin istefasını tələb edirdilər. Onların sayı günü-gündən artdığından hökumət silahı işə salmaqdan çəkindi, bəstçilərə güzəştə getməyə, onların bir sıra tələblərini qəbul etməyə məcbur oldu. Hərəkat başçılarının hökumətə verdikləri 8 maddəlik tələbnamə 1906-cı il yanvarın 10-da saray tərəfındən qəbul olundu. Şahın verdiyi fərmanda bütün vətəndaşların qanun qarşısında bərabər olacağı, «Ədalətxana» təsis ediləcəyi, Tehran və Kerman valilərinin vəzifədən kənarlaşdırılacağı, qiymətləri sabitləşdirmək məqsədilə Tehran əhalisi tərəfındən seçilmiş bir şura yaradılacağı vəd edilirdi. Yanvarın 12-də bəstçilər təntənə ilə şəhərə qayıtdılar.
Sonrakı hadisələr göstərdi ki, şah və baş nazir Eynüddövlənin verdiyi vədlər kütlələri sakitləşdirməkdən başqa bir məqsəd daşımırdı. Çox keçmədən İK-nin başçılarından Seyid Cəmaləddin Tehrandan sürgün edildi. Aprel-may aylarında İK-nin digər görkəmli üzvləri də həbs edildi. Bu hadisələrdən sonra İK-nin digər üzvlərinin iştirakı ilə «İslami» adlı mərkəz yaradıldı. Əncümən, İnqilabi Komitə və digər qruplar tərəfındən mütləqiyyətin ifşası əhali içərisində davam edən inqilabi əhval-ruhiyyəni artırır, onları gərgin toqquşmalara hazırlaşdırırdı. 1906-cı ilin iyulunda hökumətin növbəti həbs tədbirləri kütləvi nümayişlərə səbəb oldu. İyulun 9-dan başlayan izdihamlı nümayişlər genişlənib inqilabi hərəkata çevrildi. İyulun 16-da tanınmış müctəhidlər Tehranı tərk edib Quma yola düşdülər. İyulun 17-də konstitusiyaçı 9 tacir İngilis səfırliyinin bağında bəstə oturdu. Tezliklə yüzlərlə tələbə, müəllim, tacir, alverçi və sənətkar bəstçilərə qoşuldu. Avqustun 2-də onların sayı 14 minə çatdı. Bəstçilər aşağıdakı tələbləri şaha təqdim etdilər: Konstitusiya (Məşrutə) elan etmək, Məclis çağırmaq, Eynüddövləni vəzifədən kənar etmək, ruhaniləri Qumdan geri çağırmaq, sürgün edilmiş inqilabçıları azad etmək və s.
1906-cı ilin yayında Müzəffərəddin şah inqilabçıların tələblərini qəbul etməyə məcbur oldu. Avqustın 5-də Konstitusiya verilməsi haqqında şah fərmanı imzalandı. Avqustun 19-da hərəkat başçıları, dövlət nazirləri, əhalinin müxtəlif təbəqələrindən 3 min nəfər toplanaraq təntənəli surətdə Məclis (Məclese-şoraye-milli) yaradılmasını elan etdilər. Həmin yığıncaqda məclisə nümayəndələr seçilməsi üçün nizamnamə tərtib edilməsi işi orada təşkil olunmuş müvəqqəti məclisə tapşırıldı. Sentyabrın 9-da seçki nizamnaməsi şah tərəfındən imzalandıqdan sonra Tehranda Məclisə seçkilər başlandı. Seçki qanunu yüksək əmlak senzi qoyaraq əhalinin böyük bir qismini(fəhlə, kəndli, sənətkarvə tacirlər) seçki hüququndan məhrum edir və gələcək İran parlamentində feodal aristokratiyasının, mülkədar və varlı tacirlərinseçiləcəyinə təminat verirdi. Hakim dairələr isə tezliklə konstitusiya fərmanını ləğv etməyə hazırlaşırdı. Bu hal Tehranın ardınca əyalətlərdə, xüsusilə də sosial-iqtisadi ziddiyyətlərin əks olduğu Cənubi Azərbaycanda geniş xalq hərəkatının başlanmasına səbəb oldu.
Tarix: 26.11.2014 / 17:25 Müəllif: Aziza Baxılıb: 103 Bölmə: Tariximiz ve rayonlarimiz