Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın bölüşdürülməsi

Ağaməhəmməd Xan Qacar 1781-ci ildə İranda mərkəzi hakimiyyəti ələ alaraq 1785-ci ildə Tehranı paytaxt elan etdi. Onun Azərbaycana ilk yürüşü 1795- ci ildə oldu. II yürüş isə Ağaməhəmməd Xan Qacar Şah elan edildikdən sonra 1797-ci ildə baş verdi. Şuşanı ələ keçirən Qacar həmin il iyulun 4-də sui-qəsd nəticəsində öldürüldü və onun yerinə Fətəli şah Qacar hakimiyyətə gəldi.
1801-ci ildə Rusiya imperatoru I Aleksandr Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında manifest verdi. Bu zaman Azərbaycanın Qazax, Borçalı, Şəmşəddil və Pəmbək torpaqları da Rusiyaya qatıldı. Bununla da, Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalının əsası qoyuldu.
1803-cü ildə Balakən, 1804-cü ildə Car və Gəncə Rusiya tərəfindən işğal olundu. Gəncə xanı Cavad xan və oğlu Hüseyinqulu xan öldürüldü. Gəncənin adı dəyişdirilib Yelizavetpol qoyuldu. 1805-ci ildə Şamaxı, Qarabağ, 1806-ci ildə Bakı, Quba, Şəki və Dərbənd Rusiyanın hakimiyyəti altına düşdü. 1806-07-ci illərdə Osmanlı və rus ordusu arasındakı müharibə rusların qələbəsi ilə başa çatdı. 1812-ci ildə Rusiya ilə İran arasında həlledici döyüş oldu. Bu müharibədə ruslar qələbə çaldı və bundan qorxuya düşən şah sülh bağlamağa razı oldu. 1813-cü il oktyabrın 13-də Rusiya ilə İran arasında Gülüstan müqaviləsi bağlandı. Müqaviləyə əsasən İrəvan və Naxçıvan xanlıqlarından başqa Azərbaycanın şimal xanlıqları, Şərqi Gürcüstan və Dağıstan Rusiyanın ərazisinə keçdi. Azərbaycanın bölüşdürülməsinin I mərhələsi sona çatdı.


Rusiyada 1825-ci ildə dekabristlər üsyanı baş verdi və bununla əlaqədar olaraq 1826-ci ildə II Rusiya-İran müharibəsi başladı. Bu müharibədə Ruslar Naxçıvanı, Xoyu, Mərəndi, Ərdəbili və Təbrizi tutdular.1828-ci ilin fevral ayının 10-da Türkmənçay müqaviləsi bağlandı. Müqaviləyə görə İrəvan və Naxçıvan Rusiyaya verildi. İranda yaşayan ermənilər İrəvana, Naxçıvana və Qarabağa köçürüldü. Xəzər dənizi Rusiyanın daxili dənizi hesab edildi.

Bundan sonra ermənilərin kütləvi sürətdə Azərbaycan ərazilərinə köçürülməsi başladı. Xüsusi köçürülmə komitəsi yaradıldı. 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən 90 min erməni Azərbaycana köçürüldü.


Tarix: 26.11.2014 / 16:35 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...