Rusiyada kəndli islahatının keçirilməsindən xeyli keçməsinə baxmayaraq çarizm Cənubi Qafqazda islahat keçirməyə tələsmirdi. Yerli feodallarla sıx ittifaqa girmiş çar hökuməti onları özündən narazı salmaq istəmirdi. Lakin Rusiyada kapitalizmin sürətli inkişafı ucqarlarda ciddi dəyişikliklərin edilməsini tələb edirdi.
Əvvəlcədən onu da qeyd edək ki, Azərbaycanda kəndli islahatını keçirmək tələbini irəli sürən ictimai təbəqələr zəif idi. İslahat ərəfəsində Rusiyadan fərqli olaraq biz Azərbaycanda elə bir ciddi kəndli üsyanı və ya narazılıqların şahidi olmuruq. Halbuki, kəndli islahatı ərəfəsində - 1859-1861-ci illərdə, Rusiyanı başdan-başa kəndli hərəkatı bürümuşdu və Rusiyada ilk inqilabi şərait yaranmışdı.
Rusiyadan fərqli olaraq Azərbaycanda torpaq sahibləri ilə kəndlilər arasında mövcud olan sosial ziddiyyət o qədər də kəskin deyildi. Azərbaycanda kəndlilər nə torpağa, nə də feodalın şəxsiyyətinə təhkim olunmamışdılar. Azərbaycanda sahibkar kəndlilər torpağa və mülkədarlara təhkim olmayıb, sahibkar torpaqlarında yaşayan dövlət kəndliləri hesab edilirdilər. Bundan əlavə hökumət Azərbaycanda kəndli islahatının həyata keçirilməsi üçün hələ şəraitin olmadığını bahənə edir və bunun üçün hazırlıq tədbirlərinin görülməsinin vacibliyini qeyd edirdi. Bütün bunlar hökumətə islahatı təxirə salmağa imkan verirdi. Lakin hökumət, gec də olsa ucqarlarda, o cümlədən Azərbaycanda kəndli islahatını keçirməyə məcbur oldu.
Bunun üçün bir sıra hazırlıq işləri görülməyə başladı. İslahatı keçirmək üçün ilk növbədə dövlət, sahibkar və kəndlilərin pay torpaqlarının sərhədləri dəqiq müəyyən edilməli idi. Bu məqsədlə Zaqafqaziya Mərz palatası təsis edildi və 1861-ci ilin 29 iyununda mərkəzləşdirmə işini həyata keçirmək üçün «Əsasnamə» təsdiq edildi. 1 yanvar 1862-ci ildən etibarən Zaqafqaziya mərz palatası fəaliyyətə başladı. Elə həmin ildə Cənubi Qafzaq Mərkəzi İslahat Komitəsi də yaradıldı. Lakin mərkəzləşdirmə işi çox ləng gedirdi. Təkcə onu qeyd etmək kifayətdir ki, mərzləşdirmə işinə bilavasitə başlanandan 25 il keçənədək, mərkəzləşdirilməli olan torpaqların cəmisi 5%-i mübahisəsiz mərzləşdirilmişdi. Yerdə qalan torpaqlar mübahisəli torpaq fonduna daxil edilmişdi.
İslahata hazırlıq sahəsində ikinci mühüm addım 1866-cı ildə bəy komissiyalarının yaradılması idi. Bəy komissiyaları Cənubi Qafqaz quberniyalarında ali müsəlman silkinin tərkibini müəyyən etməli idi. Ali müsəlman silkinin tərkibinin müəyyən edilməsi də çox böyük çətinliklərlə bağlı idi. Belə ki, bir sıra «yalançı bəylər» pulla şahidlər tutur, məmurlara rüşvət verərək özlərini ali müsəlman silkinin sıralarına saldırırdılar. Ümumiyyətlə, bəy komissiyaları Bakıda 22 yanvar 1870-ci ildən 1880-ci ilədək, Şuşada 15 mart 1870-ci ildən 1876-cı ilədək, Tiflis və İrəvanda isə 1865-1867-ci illərdə fəaliyyət göstərmişdir. Bütövlükdə Azərbaycanda bəy komissiyaları tərəfındən 1.188 nəsil əsli-nəcabətli bəy nəsli kimi tanındı, təxminən bir o qədər, yəni 1.048 nəslə bəy titulu verilməkdən imtina edildi. Bundan əlavə Şirvan, Talış və Bakı 3 keçmiş xan nəsli təsdiq edildi. Lakin Azərbaycanın ali müsəlman silkinə daxil olan bəylər rus zadəganları ilə bərabər hüquqda tutulmurdular, onlar yerli və ali hakimiyyət orqanlarında təmsil olunmurdular.
Nəhayət, müəyyən hazırlıqlardan sonra 1870-cı ilin may ayının 14-də, Cənubi Qafqaz quberniyaları: Yelizavetpol, Bakı, İrəvan və qismən də Tiflis quberniyaları ali müsəlman silkindən olan şəxslərin, habelə erməni məliklərinin torpaqlarında sakin olan dövlət kəndlilərinin torpaq quruluşu haqqında əsasnamə» qəbul olundu.
«Əsasnamə»nin adından göründüyü kimi islahat Azərbaycanın sahibkar kəndlilərinə şamil edilirdi ki, onlar da ümumi kəndli kütləsinin 1/5 hissəsini təşkil edirdilər. Ona görə də, bu islahat bütövlükdə Azərbaycan kəndində köklü dəyişikliyə səbəb ola bilməzdi.
İslahatda kəndliləri maraqlandıran üç məsələyə, - torpaq, şəxsi azadlıq, vergi və mükəlləfıyyət məsələsinə toxunulurdu.
«Əsasnamə»yə görə qanun verilənə qədər kəndlinin istifadəsində olan həyətyanı torpaq sahələri, meyvə, tut, üzüm bağları, onun daimi istifadəsində olan əkin və b. sahələr onun pay torpağı hesab edilirdi. Kəndli öz pay toraqlarını hissə-hissə və ya bütöv şəkildə, sahibkarlarla qarşılıqlı razılığa görə satın ala bilərdi. Ancaq bu zaman hər bir ev 15 desyatindən çox torpaq satın ala bilməzdi. Kəndli öz pay torpaqlarını hansı şəkildə olursa olsun, satın alarkən, dövlət tərəfındən ona heç bir yardım göstərilmirdi. Mövcud «Əsasnamə» elan ediləndən 2 ay sonra nizamlanma qaydalarının hazırlanmasına başlanılmalı idi. Nizamlanma qaydaları hər bir malikanə üçün əsasnamə elan edildikdən 2 il keçənədək hazırlanır və həyata keçirilirdi. Nizamlanma qaydalarını hazırlamağa başlamazdan ən azı 15 gün qabaq, həm sahibkara, həm də kəndliyə çağırış vərəqi göndərilməli idi. Onlar nizamlama qaydalarının hazırlanmasında iştirak etməli idilər.
İslahata görə sahibkar kəndlilərinə 1870-ci il islahatına qədər istifadə etdikləri torpaq sahələrindən daimi istifadə etmək hüququ verilirdi ki, bu da sahibkar kəndlərində torpaqdan istifadədə sabitlik yaradırdı. Belə ki, hər bir şəxs özünün istifadə etdiyi torpaq payını nəslinin davamçısına verirdi və sahibkarın onu geri almaq hüququ yox idi. Sahibkar kəndlilərinə öz pay torpaqlarını satın almaq hüququ verilsə də, bu məcburi deyildi.
Maraqlıdır ki, «Əsasnamə»də satın alınmalı torpağın dəqiq miqdarı göstərilmirdi. Halbuki, bu vaxta qədər, demək olar ki, bütün tarixi ədəbiyyatda bu sahədə yalnış fıkir hökm sürür. Əsasnamədə qeyd edilirdi ki, 1870-cı il 14 may qanunu verilənədək kəndlinin istifadəsində olan torpaqlar onların daimi istifadəsinə verilir. Beş desyatinlik norma Rusiyanın mərkəzi quberniyalarında son hədd kimi götürülmüş və ümumiyyətlə orada hər quberniya üçün yuxarı və aşağı norma müəyyən edilmişdi. 1870-ci il Əsasnaməsi ilə hökumət 5 desyatinlik normanı mübahisəli məsələlər üçün və həm də sahibkarlara artıq torpaq sahələrini kəsmək hüququ vermək üçün ortaya atmışdı. Belə ki, kənd icmasında pay torpağı hər bir kişi üçün 5 desyatindən çox olardısa və mülkədarlara əkinə yararlı torpaqların 1/3 hissəsindən azı qalardısa, sahibkara əvvəlcədən malik olduğu torpağın artıq hissəsini kəsib götürmək hüququ verilirdi.
Torpaqların satın alınması üçün onun qiymətinin müəyyənləşdirilməsi vacib idi. Əgər torpaq mülkədar və kəndli arasında razılıq əsasında satın alınardısa, onda torpağın qiymətini onlar özləri müəyyən edirdilər. Əgər, kəndli torpağı öz tələbi ilə satın almaq istəyirdisə, onda dövlət orqanları torpağın satın alma qiymətini müəyyən etməli idi. Bu sahədə iki dəfə müəyyən təşəbbüs göstərilmişdi: 1) 1872-1876-cı illərdə torpağın 1 desyatinin məhsuldarlığından asılı olaraq Bakı quberniyasında 18 manat 19 qəpikdən 30 manat 15 qəpiyədək, Yelizavetpol quberniyasında isə 25 manatdan 202 manata qədər, Naxçıvan qəzasında isə 20 manat 66 qəpikdən 54 manat 56 qəpiyədək. Hətta rəsmi hökumət dairələri də həmin qiymətlərin mövcud vəziyyətə uyğun olmadığını etiraf edirdilər. Məhz bu səbəbdən də Qafqaz canişini həmin
qiymətləri təsdiq etməkdən imtina etmişdi.
İkinci dəfə torpağın 1 desyatininin qiymətinin müəyyənləşdirilməsi üçün 1876-1883-cü illərdə cəhd göstərildi. Bu dəfə torpağın 1 desyatinin qiyməti onun keyfıyyətindən asılı olaraq Bakı və Yelizavetpol quberniyalarında hər desyatin torpağa 12 manat 50 qəpikdən 45 manata, Naxçıvan qəzasında 17 manat 50 qəpikdən 53 manata qədər müəyyən edilmişdi. Ancaq, həmin qiymətlər də mövcud vəziyyətə uyğun deyildi. Müqayisə üçün deyə bilərik ki, Bakı quberniyasında torpağın 1 desyatinin qiyməti, akad. Ə.S.Sumbatzadənin hesablamalarına görə Minsk quberniyasından 25, Astraxandan 20, Orenburq, Moqilyov, Perm, Tavriyadan 10, bütövlükdə Rusiyadan 7,7 dəfə baha idi. Yelizavetpol quberniyasında isə torpağın hər desyatinin qiyməti Astraxandan 60, Orenburq, Samara, Moqilyovdan 40, Perm, Minskdən 30, Kiyev, Riyazan, Moskvadan 10, bütövlükdə Rusiyadan 17 dəfə baha idi. Bu onu göstərir ki, hökumət Cənubi Qafqazda islahatın həyata keçirilməsində maraqdı deyildi. O, həm qiymətlərin müəyyən edilməsini yubadır, həm də «vıkup» - «ödənc» əməliyyatının həyata keçirilməsi üçün heç bir yardım göstərmirdi. Halbuki, Rusiyada kəndli bankları vasitəsilə torpaqların satın alınmasına borc pul ayrılmışdı və kəndlilər islahatdan dərhal sonra öz pay torpaqlarının mülkiyyətçisinə çevrilirdilər. Məhz bu səbədən də Rusiyada torpaqların satın alınması məcburi idi. 1870-cı il kəndli islahatı xırda kəndli torpaq sahibliyini yaratmaq əvəzinə, kəndlilərin torpaqdan istifadəsini qanuniləşdirdi. Azərbaycanın sahibkar kəndində çoxlu miqdarda xırda kəndli torpaq sahibliyinin yaradılması iri torpaq sahiblərinin mənafeyinə ziddi idi. Qafqaz və Mərkəzi Hökumət tərəfındən uzun müddət torpaqların satınalma qiymətlərinin dəqiq müəyyən edilməməsi və bu işə dövlət yardımının göstərilməməsinin səbəbi bununla aydın olur.
Bu vaxta qədər tarixi ədəbiyyatda 1912-ci ilə qədər, yəni torpaqların məcburi satın alınması haqqında qanun verilənə qədər «satın alma» əməliyyatının keçirilmədiyi göstərilirdi. Məsələn, Azərbaycan tarixinin kapitalizm dövrünün ən böyük tarixçisi olan Ə.S.Sumbatzadə yazırdı ki, 1885-ci ilədək Azərbaycanda kəndlilərin nə tək, nə də icmalıqla pay torpağını satın alması faktına rast gəlmirik. Yalnız, 1885-ci ildə Bakı quberniyasında 11,5 min kəndli təsərrüfatından yalnız 10 təsərrüfat ikitərəfli razılıq əsasında öz pay torpağını satın ala bilmişdi. Yelizavetpol quberniyasında vəziyyət bundan da pis idi. Belə ki, yalnız 1902-ci ildə Şuşa və Yelizavetpol qəzalarında iki malikanədə və bir neçə başqa kəndli təsərrüfatında pay torpağını satın almağa təşəbbüs göstərilmişdi. Lakin, satınalma qiymətlərinin yüksək olması səbəbindən onlar da pay torpaqları ala bilmədilər.
XX əsrin 80-ci illərində Y.Ələsgərovun apardığı tədqiqatlara görə, 1870-ci ildən 1912-ci ilədək Azərbaycanın 40 sahibkar kəndində müxtəlif növdən olan 2000 desyatin torpaq sahəsi satın alınmış və bunun müqabilində sahibkarlara 120 min manat pul ödənilmişdi.
Satınalma əməliyyatı müvəffəqiyyət qazanmasa da, sahibkar kəndliləri faktiki olaraq öz pay torpaqlarının sahiblərinə çevrildilər və mülkədar heç bir vəchlə onu bu torpaqdan çıxara bilməzdi. Bu nöqteyi-nəzərdən 1870-cı il islahatından sonra torpaqdan istifadədə sabitlik yarandı ki, bu da buıjua xarakteri daşıyırdı. Belə ki, indi kəndli hər desyatin torpağa görə natural vergi olan 1/10 və ya 30 qəpik pul ödədikdən sonra, istifadəsində olan pay torpaqlarından götürdüyü məhsulun yerdə qalan hissəsindən azad şəkildə istifadə edə bilərdi. Bu, 1870-ci il islahatından sonra sahibkar kəndlərində aqrar münasibətlərin spesifık xüsusiyyətlərindən biridir.
1870-ci il islahatının tərtibçiləri mülkədarlan narazı salmamağa çalışırdılar. İslahatın mətnində (§2) bir tərəfdən qeyd olunurdu ki, sahibkar kəndlilərə məskun olduqları torpaqlardan daimi istifadə etmək hüququ verilirdi. Digər tərəfdən isə, «sahibkar kəndlilərin istifadə etdikləri» torpaqların torpaq sahibinin ixtiyarında qaldığı qeyd olunurdu. Buna görə də sahibkar kəndliləri 1912-ci il islahatına qədər öz pay torpaqlannın mülkiyyətçisinə çevrilmədilər. Onlar uzun müddət «müvəqqəti mükəlləfıyyətli» kəndli kateqoriyasına daxil edildilər. Beləliklə, 1870-ci il kəndli islahatı sahibkar kəndlərində torpaq məsələsini həll etmədi. Yenə də bəy və mülkədarların ixtiyannda külli miqdarda torpaq qaldı. İslahatdan sonra, Bakı quberniyasında 11,4 min kəndli təsərrüfatının ixtiyannda 110,3 min desyatin, mülkədarların ixtiyarında isə 246,9 min desyatin və ya 2 dəfə çox torpaq qalmışdı. Yelizavetpol quberniyasında isə 47,5 min kəndli təsərrüfatının istifadəsində 124,3 min desyatin, mülkədarlann ixtiyarında isə 4 dəfə çox və ya 440,7 min desyatin torpaq sahəsi qalmışdı. Bu rəqəmlər Azərbaycanın sahibkar kəndində torpaq məsələsinin nə vəziyyətdə olduğunu əyani şəkildə göstərir.
İslahatın toxunduğu digər mühüm məsələ vergi və mükəlləfıyyətlər idi. 1870-ci il islahatına görə biyar hər desyatin pay torpağına görə 30 qəpik pulla əvəz edilirdi. Bu xüsusi əhəmiyyətə malik idi. Mülkədarın təsərrüfatında işləmək üçün hər 10 ailədən 1 nəfər kəndli, hər ailədən 18 gün mülkədarın təsərrüfatında işləmək üçün ildə 1 nəfər ayırması da ləğv edildi ki, bu da kənddə kapitalist münasibətlərinin inkişafına mühüm təsir göstərirdi. Bununla belə, məhsulun 1/10-nin bəyin hüzuruna aparılması saxlanılırdı. Bundan əlavə, islahatda meşələrdən istifadə əvəzinə vergi ödənilməsi də nəzərdə tutulurdu
İslahatda geniş yer tutan məsələlərdən biri də şəxsi asılılığın ləğv edilməsidir. Bu Əsasnamə ilə Azərbaycanın sahibkar kəndliləri şəxsən azad elan edilirdilər. İslahat hakim zümrəyə qeyri-iqtisadi asılılıq imkanı verən qayda və qanunları ləğv etdi. Kəndlilər öz pay torpaqlarını satın ala bilməyib, mülkədardan iqtisadi cəhətdən asılı qalsalar da, bu şəxsi asılılıq deyildi və islahatın bu xüsusiyyətləri sahibkar kəndlərində feodal-asılı münasibətlərə zərbə vurdu. Məhz bu nöqteyinəzərdən də 1870-ci il kəndli əsasnaməsi kənddə kapitalist münasibətlərinin inkişafında mühüm rol oynadı. Lakin, islahat bütövlükdə Azərbaycan kəndində əsaslı dəyişikliklər yarada bilmədi. Çünki sahibkar kəndliləri həmin dövrdə Azərbaycan kəndlilərinin 1/5 hissəsini təşkil edirdilər.
Tarix: 26.11.2014 / 17:20 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Tariximiz ve rayonlarimiz