Neftin distilləsi üçün qədim zamanlarda sadə üsullardan istifadə olunurdu. I əsrdə romalı həkim Kassiy Feliks qara nefti qaynatmaqla ondan ağ neft alındığını qeyd edirdi. XIII əsrdə Abşeronda olan ərəb tarixçisi Məhəmməd ibn Nəcib Bekran əl-Həmdani yazırdı ki, burada neft emalı XII əsrin əvvəllərindən mövcuddur. Digər ərəb və fars mənbələrində, eləcə də Həmdulla M.Qəzvininin «Nüzhət əl-qulub» əsərində XIII əsrdə Abşeronda neftin distilləsi üzrə təcrübələr aparıldığı bildirilib.
1733-cü ildə Bakı neft rayonunda olan rus səfirliyinin İrandakı nümayəndəsi doktor İ.Lerxe yazırdı: «Neft tez yanmır, o, tünd-boz rəngdədir, distillə edəndə açıq sarı rəngə çalır. Ağ neft bir az tutqundur, amma tətbiqdən sonra spirt kimi şəffaf olur və tez yanır».
1771-ci ildə Bakıda olan akademik Samuil Qmelin Suraxanıda ağ nefti (kerosini) əldə etmək məqsədilə neftin distilləsi (emalı) faktını təsdiqləyir.
1823-cü ildə Mozdokda Vasili, Gerasim və Makar Dubinin qardaşları ağır Voznesenski neftini emal etmək üçün ilk sənaye kubunu (ənbiqəni) düzəldib istehsala buraxdıqdan sonra Azərbaycanda neft emalı sənayesi də inkişaf etməyə başladı. Neft emalı sənayemizin bu günə qədərki inkişaf yolları müxtəlif dövrlərdən keçdi. Onu mərhələlərə ayırarkən 1834-1922-ci illəri ilk mərhələ hesab edirlər. Biz də bu yazımızda həmin mərhələni nəzərdən keçirməyə çalışacağıq.
…1834-cü ildə Bakı neft mədənlərinin direktoru Nikolay Voskoboynikov qara və ağ neftdən kerosin alinması üçün xüsusi emal qurğusunu ixtira etdi. 1837-ci ildə Balaxanıda dünyada nefti sənaye üsulu ilə emal edən ilk qurğunun (zavodun) işə salınması ilə Azərbaycan bu sahədə ABŞ-ı 18 il qabaqladı. Ancaq Nikolay Voskoboynikov neftdən distillə yolu ilə kerosin (ağ neft) ala bilmədi. 1846-cı ildə o, istefaya çıxıb Abşerondan getdi.
XIX əsrin ikinci yarısında dünyanın bir çox ölkələrində kerosin istehsalı və emalı ilə bağlı axtarışlar aparılırdı. Həmin vaxtlar neftin yığılıb-saxlanılması, neft məhsullarının alınması vəziyyəti Bakı neft rayonunda da yaxşı deyildi.
V.A.Kokorev, P.İ.Qubonin və alman baronu N.Tornau tərəfindən 1857-ci ildə təsis edilən Закаспийское торговое товарищество (“Zakaspiyskoe torqovoe tovarişestvo” -Xəzəryanı ticarət yoldaşlığı və ya ortaqlığı) səhmdar cəmiyyəti 1858-1859-cu illərdə qırdan kerosin (fotogen) almaq üçün Suraxanıda münhenli professor Yustus Libihin layihəsi əsasında zavod tikməyə başladı. Tikinti 1860-cı ildə başa çatdı, ilk məhsul isə 1861-ci ildə alındı. Almaniyadan gətirilən avadanlıqlar alman mühəndisi E.Moldenhauerin rəhbərliyi ilə quraşdırıldı. Bu, ilk neftayırma zavodu idi. 1859-cu ildə Pirallahı adasında da bu cür zavod quruldu. Amma qırdan distillə sınaqları laboratoriya səviyyəsindən kənara çıxmadı, zavodlar acınacaqlı vəziyyətə düşərək böyük ziyan gətirdi. Zavod sahiblərinin 1860-cı ildə Bakıya dəvət etdikləri Moskva universitetinin magistri Vilhelm (Vasili) Yevstafyeviç Eyhler V.Kokorevə məsləhət gördü ki, zavod yeni texnologiyalar əsasında qurulsun, qır neftlə əvəzlənsin. Qeyd edək ki, bu təklifin E.Moldenhauer tərəfindən verilməsi də istisna olunmur. Demək olar, zavod yenidən inşa edildi. Məşhur alim Dmitri Mendeleyevin təklifi ilə Eyhler ilk dəfə neft emalının elmi üsullarını da tədqiq etməyə başladı. 1863-cü ildə D.Mendeleyev ilk dəfə Bakıya gəldi. Sentyabrın 6-dan oktyabrın 8-dək V.Kokorevin zavodunda çalışdı, bir sıra təcrübələr apardı, kerosinin keyfiyyətini yaxşılaşdırmaq üçün tövsiyələr verdi. Onun tövsiyələri sonralar N.İ.Vittenin, H.Z.Tağıyevin, V.İ.Raqozinin, L.İ.Nobelin və S.M.Şibayevin zavodlarında tətbiq edildi. İlk dəfə Bakıda və bütün Rusiya neft sənayesində V.Kokorevin zavodunda səmt neft qazından kubların altını qızdırmaq, zavodun binasını, həyətini işıqlandırmaq üçün istifadə olundu.
1863-cü ildə Bakıda Cavad Məlikov müasir kerosin zavodu tikdi, neft emalının tarixində ilk dəfə distillə prosesində soyuduculardan istifadə etdi. Tanınmış rusiyalı neft sahibkarı V.İ.Raqozin C. Məlikov barədə deyirdi: «Qəti fikrə malik hər bir insan kimi, o, hər təşəbbüsə yalnız öz fikrini həyata keçirmək üçün vasitə kimi baxırdı, bu da bakılılara qəribə və təəccüblü gəlirdi. Əlbəttə, təəccüblü görünəcəkdi, çünki bu adam asan qazanc axtarmırdı, sabahını düşünməyib əlində olan axırıncı qəpiyini də verirdi ki, təki məqsədinə çatsın. Texniki istehsalların inkişafında biz tez-tez belə qəribə adamlarla rastlaşırıq, istehsallara təkan verir, onları irəli aparır, lakin sonradan özləri işdən kənarda qalır, tanınmır və səfalətdə ölürlər. Onlara inanmayan və gülən kütlə isə sonralar onların bu qəribəliyindən yaranan varidatdan bəhrələnirlər».
1866-cı ildə Bakıda, təqribən, 100 min pud kerosin istehsal edildi. 1867-ci ildə təkcə Kokorevin Suraxanıdakı zavodunda 100 min pud kerosin əldə olundu, bu, rus imperiyasının Moskva, S.-Peterburq və dıgər şəhərlərini kerosinlə təmin edirdi.
Bakılı mühəndis A.Təbrizov 1873-cü ildə neftin fasiləsiz emalı prosesini işləyib-hazırladı. 1874-cü ildə V.Kokorev Bakıda öz şirkətini - «Bakı neft cəmiyyətini» yaratdı.
1875-ci ildə neft sahibkarı V.İ.Raqozin Balaxanıda neftdən mazut ayıran zavodunu işə saldı. Həmin il o, Rusiyada dünya neft sənayesində ilk dəfə neftdən sürtkü yağlarının istehsalına başladı, 1878-ci ildə xarici ölkələrə çıxarılan Bakı yağları Avropa və dünya bazarlarında möhkəm yer tutdu.
1875-ci ildə Bakıda H.Z.Tağıyevin ticarət evi benzinin böyük miqdarda istehsalını təşkil edən ilk şirkət oldu. Elə o il Bakıda kerosin istehsalının həcmi 847,7 min puda çatdı. 1876-cı ildə neft məhsullarına aksiz vergisinin ləğvindən sonra yeni neftayırma zavodları istifadəyə verildi.
1876-cı ildə Rusiya Maliyyə Nazirliyi D.Mendeleyevin Filadelfiyada (ABŞ) keçirilən Ümumdünya sərgisində iştirakını təşkil etdi. Səfərin əsas məqsədi kerosinin qiymətinin aşağı enməsi səbəblərini, Amerikada neft işinin müasir vəziyyətini dəqiqləşdirmək idi. Mendeleyev amerikalıların 1865-1866-cı illər üzrə hesabatlarını təhlil etdikdən sonra belə nəticəyə gəldi: «Bizim Bakı... texniklərinə distilləetmədə amerikanlardan öyrəniləsi bir şey yoxdur, əgər nəsə iqtibas etmək olarsa, onda bəzi mexaniki vasitələrə baxmaq olar, onlarda yalnız amerikalılarda olan kimi iri zavodlarda sərfəli tətbiq edilə bilər». Alim belə qənaətə gəldi ki, neftdən yalnız kerosin almaq son dərəcə yanlışdır: «...Səhv bağışlanılandır, tarixidir, lakin öldürücüdür. Bu, Bakı nefti ilə Amerika neftini qarışdırmaq anlamından irəli gəlirdi». Alim hesab edirdi ki, Rusiya neft işi tamamilə Amerika kerosininin qiymətindən asılı qalır. D.Mendeleyevin səyləri 1876-cı ildə aksizin ləğvinə gətirib çıxardı. Rusiyada neft işi sürətlə irəlilədi. Nəticədə, 1887-ci ildə Rusiya tamamilə öz (Bakı) kerosinini istifadə etməyə başladı.
1879-cu ildə Bakıda neftin hasilatı və emalı sahəsində fəaliyyət göstərən Nobel qardaşlarının “Branobel” adlanan irimiqyaslı neft sənayesi şirkəti yaradıldı. Onun yaradıcıları Lüdviq, Robert və Alfred Nobellər və onların dostu Petr Bilderlinq oldu. Nobellərin neftayırma zavodunda bir sıra əsaslı texniki yenidənqurma işləri aparıldı.
1879-cu ildə K.V. Buxovskinin «Mantaşov və KO» cəmiyyətinin iştirakı ilə «Qara şəhər»də neft-yağ zavodunun əsası qoyuldu.
«Qolos» (Səs) qəzetinin 1880-ci il 22 sentyabr tarixli sayında D. Mendeleyevin «Bakı nefti ilə nə etməli?» adlı məqaləsi dərc olundu. Alim neft emalı sənayesinin səmərəli yerləşdirilməsi məsələsini müzakirə edir, neft zavodu sahibkarlarına sübut etməyə çalışırdı ki, emal zavodları neft məhsullarının istehsalının təşkili üçün lazımi materialların, fəhlə qüvvəsinin olduğu yerlərdə inşa edilməlidir. 1880-ci ilin 21 oktyabrında “Novoe vremya” qəzetində gedən «Bakı nefti haqqında məsələlər üzrə» məqaləsində isə o, neftayırma zavodlarının səmərəli yerləşdirilməsinə dair fikirlərinə qarşı çıxan Lüdviq Nobellə Konon Lisenkə iradlarını bildirdi. Alim ilk dəfə kerosin alınandan sonra neft qalıqlarından sürtkü yağları istehsalı üçün istifadə olunmasını təklif etdi.
1880-ci ildə Qafqazdan qayıdarkən o yazırdı: «...Ən əvvəl mən tanınmış zavod sahibi c. Raqozinlə danışmağı vacib hesab etdim; o, son illər Bakı neftinin keyfiyyətlərindən istifadə edərək, ondan əla sürtkü yağları almağı bacarmışdır və bu yağlar baha qiymətə həm Rusiyada, həm də xaricdə böyük həcmdə satılmağa başlanmışdır”. Artıq 1878-ci ildə Parisdə keçirilən ümumdünya sərgisində V. Raqozin rəqabətdənkənar Rusiya yağlarının nümunələrini nümayiş etdirirdi.
1881-ci ildə Konstantinovoda V.Raqozinin zavodunda D.Mendeleyev Bakı neftindən istifadə etməklə özünün neftin fasiləsiz distilləsi qurğusunu sınadı. Tədqiqatları alimi inandırdı ki, Bakı nefti axıradək distillə oluna bilmək və bir sıra yararlı məhsullar vermək qabiliyyətindədir. Əgər ilkin material və daşınma ucuz başa gələrsə, hər yerdə satılmaq imkanı tapa bilər».
1882-ci ildə isə «Branobel» şirkətində ilk dəfə D.Mendeleyevin təklif etdiyi neftin fasiləsiz distilləsinin sənaye prosesi həyata keçirildi. Neft emalı qalıqları C.R.Lensin təklifi ilə neft daşıyan buxar mühərrikli gəmilərdə (paroxodlarda) yanacaq kimi istifadə olunmağa başlandı. Qeyd edək ki, neftin fasiləsiz distilləsi ABŞ-da yalnız 1906-cı ildə həyata keçirildi.
XIX əsrin 70-ci illərinin ikinci yarısında zavodlarda neftin distilləsi iki üsulla aparılırdı: dövri və fasiləsiz. Sonuncusu neft məhsullarının hazırlanmasının təkmilləşdirilməsində mühüm idi və irihəcmli istehsalda tətbiq olunurdu.
1883-cü ildə «Branobel» şirkətinin Bakı zavodlarının birində V.Şuxov və İ.Elinin konstruksiyası əsasında D.Mendeleyev üsulu ilə nefti ayırmaq üçün dünyada ilk kub batareyası quruldu. Buna «nobel batareyası» da deyirlər.
1885-ci ildə ilk dəfə Bakıda S.M.Şibayev zavodunda yağlı qudronun krekinqi vasitəsilə benzin və kerosini əldə etmək üçün sənaye qurğusu tikildi. 1886-cı ilin 26 dekabrında Ticarət və Manufaktura Departamenti «Neftin parçalanması və fasiləsiz distillə edilməsi üçün təkmilləşdirilmiş kub sistemi» ixtirasına görə L.Nobelə imtiyaz (patent)verdi.
Neftayırma zavodları inkişaf etdikcə (onlardan biri 1884-cü ildə «Rus-Qafqaz Səhmdar cəmiyyəti tərəfindən tikilən indiki «Azneftyağ» zavodudur) həm Bakıda, həm də Rusiyanın digər yerlərində yerli istehsaldan olan kerosin daxili bazara daxil olmağa başladı. 1873-cü ildə Rusiyaya kerosinin xaricdən gətirilməsi yüksək həddə çatdı. Sonrakı illər idxalı aşağı endi, 1883-cü ildən xaricdən kerosin idxalı daxili bazardan sıxışdırıldı və Bakının sayəsində 1885-ci ildən Amerika kerosininin Rusiyaya idxalı dayandırıldı. Ancaq Rusiyanın daxili bazarında yerli istehsalla Amerikadan gətirilən kerosin arasında uzun və amansız rəqabət oldu.
1886-cı ilin 8 və 15 dekabrında Rusiya Maliyyə Nazirliyinin nəzdində neftə qoyulan vergi barədə məsələlər üzrə iki iclas keçirildi. Bakı Birca Cəmiyyətinin və Dövlət Əmlak Nazirliyinin nümayəndəsi kimi çıxış edən D.Mendeleyev «Rus və Amerika neftlərindən durulaşdırılmış yağlar» adlı məruzə etdi. O yazırdı: «Bakıda nə gördümsə və öyrəndimsə, məni belə bir fikrə gətirdi, ...ən vacibi odur ki, Rusiyanın mərkəzində zavodların tikilməsi barədə ucadan və təkidlə deməliyik - bunun vaxtı çatıb». D.Mendeleyev maliyyə naziri Nikolay Bunqeyə müraciətində bildirdik ki, neft məhsullarına vergi qoyulmasını məqsədəuyğun hesab etmir.
1888-ci ildə “Branobel” və “Elrix” zavodlarında V.Şuxovun hazırladığı tələb olunan keyfiyyətdə məqsədli neft məhsulları almaq üçün defleqmatorlar quraşdırıldı. Onların sayəsində Nobelin bütün zavodlarında yayın qızmar vaxtı texnoloci suyu soyutmaq üçün soyuducu qurğuların (qradirnilərin) tikilib istifadəyə verildi.
Dünyada ilk dəfə V.Şuxov və S.Qavrilov krekinq zamanı birbaşa odla qızdırılan metal kublardan istifadənin əvəzinə, qızmar qazların təsirinə məruz qalan düz və ya spiralvari əyilmiş borular sistemini təklif etdilər. Krekinq-prosesin ilk ixtiraçısı olan V.Şuxov bu sahədə amerikalı Uilyam Bartonu 20 ildən çox qabaqladı.
Məşhur ingilis səyyahı, yazıçı-curnalist Çarlz Marvin 1886-cı ildə Londonda çap olunan «Bakı - Avropa neftidir» kitabında H.Z.Tağıyevin zavodlarında Bakı neftindən yeni yanacaq - benzin istehsal edilən ilk sahibkarlardan olduğunu yazırdı. H.Z.Tağıyev hesab edirdi ki, kerosin istehsalçılarının ittifaqında birləşərək daxili bazarda rəqabəti aradan götürə, xarici bazarı zəbt edə, amerikalılarla satış bazarını bölüşdürə bilərlər.
A.Rotşildin şirkəti 1887-ci ildən öz məhsulları ilə bərabər digər 40-50 Bakı neft sənayeçilərinin ağ neftinin (kerosininin) də komisyon satışını başladılar. Xarici bazara çıxmaq, satış dairəsini genişləndirmək fikrini 1889-cu ildə rus neft sahibkarı V.İ.Raqozin də təkrar etdi. Amerikalılarla rəqabəti udmaq Bakı kerosin istehsalçılarının vahid ittifaqı yaradılacağı halda mümkün idi. 1893-cü ildə S.-Peterburqda neft sənayeçilərinin iclasında bu fikirin həyata keçirilməsi qərara alındı və “Bakı neft zavodçularının ittifaqı” yaradıldı. Ancaq bu sahədə Nobel qardaşları və Rotşildlər ailəsinin yaratdıqları «İttifaq» inhisarçı olaraq qaldı.
Rusiyada 1872-ci ilin sonunda iltizam sistemi ləğv edildikdən sonra, neftayırma zavodlarının sayı artdı. 1893-cü ildə yalnız Bakı neft rayonunda 69 belə zavod var idi.
1890-1891-ci illərdə Bakıda “Branobel” şirkəti kimya sənayesinin tələbatı üçün yalnız benzin istehsal edən kiçikhəcmli zavodu inşa etdirdi. Sonralar benzin Bakı neftayırma müəssisələrinin əsas məhsullarından birinə çevrildi. Bakıda 1892-ci ildə 3, 1900-cü ildə 4 xüsusiləşdirilmış benzin zavodu var idi.
XIX əsrin 90-cı illərinin əvvəllərində Rusiyadakı neft zavodları imperiyanın neft məhsullarına, yüksək keyfiyyətli şürtkü yağlarına tələbatını tam ödəyirdi. «Bakı neft sənayesinin 1892-ci il üzrə icmalı»nda keyfiyyətli sürtkü yağlarının istehsalında xammal olan Bakı neftinin Rusiya iqtisadiyyatında və xaricdə satışında əhəmiyyətli rol oynadığı qeyd edilib. 1893-ci ildə neft məhsullarının satışında razılaşdırılmış və rəqabətədavamlı siyasət aparmaq üçün «Bakı kerosin zavodçularının ittifaqı» yaradıldı.
1894-cü ildə Bakıda ilk dəfə S.D.Yefremov öz zavodunda quraşdırdığı qurğu ilə yağ istehsalının qələvi tullantılarından ucuz sürtkü yağları aldı.
1909-cu ildə Rusiyanın sürtkü yağlarının ixracı 1901-ci illə müqayisədə 3 dəfədən çox azalsa da, Avropa neft bazarında hələ mübarizə aparmaq mümkün idi. Q.Şpisin 1913-cü ildə Almaniyada kerosinə dövlət inhisarının yaradılması barədə araşdırılmasında qeyd edirdi ki, Rusiyadan ixrac potensialını 400 min tondan 1,4 mln tona çatdırmaqla buna nail olmaq mümkündür. 1914-cü ildə isə E.Şmidt «Alman kerosin istehsalının ilkin şərtləri» kitabında Q.Şpisin fikirlərini uyğun olaraq Rusiyanın ixrac imkanlarının daim aşağı düşəcəyini, onun neft ixrac edən ölkədən idxal edən ölkəyə çevrilməkdə olduğunu qeyd edirdi.
Dünya bazarında məğlub olan rus neft zavodçuları itkilərini daxili bazarda neft məhsullarının qiymətlərini artırmaqla ödəmək istədilər. 1913-cü ildə Dövlət Duması neft yanacağına yüksək qiymətlərin olması məsələsini müzakirə etdi və neft sənayeçilərini, neft yanacağının qiymətlərini qeyri-qanuni artırmaqda təqsirləndirdi. Ancaq 1913-cü ilin sonunda neft zavod sahibkarları mazutun qiymətini yenidən qaldırdilar. Neft sənayesinin ilk çağlarında neftdən alınan yanacaq məhsulu kerosin idisə, forsunkanın ixtirasından sonra mazut yanacaq kimi sürətlə yayılmağa başladı. Sonra neftdən sürtkü yağları almağı öyrəndilər, o da xarici bazarda sərfəli satış tapdı. Mazuta tələbat gündən-günə artırdı. Bir vaxtlar kerosin istehsalının tullantısı olan mazut neft sənayesinin əsas məhsullarından biri kimi neft sənayeçilərinin önəmli gəlir mənbəyi oldu. Kerosin neft məhsullarının ümumi istehsalında mazutdan sonrakı yerdə dayandı.
1911-ci ildə mühəndis-kimyaçı S.K.Kvitko benzin almaq üçün neft karbohidrogenlərinin, neft məhsullarının, neft qalıqlarının termik parçalanması (hissələrə bölünməsi) üzrə qurğu təklif etdi.
Birinci Dünya müharibəsi ərəfəsində Rusiyada istehsal edilən neftin 75 faizi buxar qazanlarının odluğunda yandırılırdı. Yanacağın əsas istehlakçıları sənaye sahələri, dəmir yolu və su nəqliyyatı idi. Bu illər Bakı rayonunda neft hasilatının azalmasına baxmayaraq, neft məhsullarının istehsalı əvvəlki səviyyədə idi. Ümumi neft məhsullarının istehsalında mazut və digər qalıqların payı 50 faizdən artıq, işıqlandırma yağları 26 faiz, sürtkü yağları 7,3 faiz, benzin və digər məhsullar idi.
Birinci Dünya müharibəsindən sonra Bakıda aparılan elmi işlər dünya neftayırma sənayesinə ciddi təsir göstərdi. 1918-ci ildə V.V.Markovnikovun elmi işləri əsasında N.Zelinski ağır neft tullantılarından benzin alınmasının katalitik yolunu işləyib-hazırladı. Neftin emalı sahəsində Bakı kimya-texnoloqlarının elmi məktəbinin banisi professor L.Q.Qurviç neft və neft məhsullarının fiziki-kimyəvi təmizlənməsinin əsaslarını yaradaraq onların emalı üsullarını təkmilləşdirdi.
Neft emalının birinci mərhələsi başa çatarkən, yəni 1922-ci ildə Rusiya imperiyasının ərazisində dövlət quruluşu formaca dəyişmişdi. Hakimiyyət sovetlərin əlinə keçmiş, neft sənayesi də milliləşdirilimişdi.
Tarix: 26.11.2014 / 16:49 Müəllif: Aziza Baxılıb: 200 Bölmə: Tariximiz ve rayonlarimiz