Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səfəvilər dövləti

Sufi təriqətindən olan səfəvi-dərviş ordeni XIII əsrin ortalarında Şeyx Səfiəddinin başçılığı ilə Ərdəbildə yaranmışdır. Rəvayətə görə Şeyx Səfiəddin İmam Əlinin və Fatimənin nəslindən olmuşdur. Səfəvilər sünnülərin qeyri-qanuni hakimiyyətindən şikayətlənirdilər.
Səfəvilərin Ərdəbil hakimiyyəti 1501-ci ilədək, bütün Azərbaycandakı hakimiyyəti isə 1501-1736-cı illəri əhatə etmişdir.
XV əsrdə Səfəvi təriqətinə Şeyx Cüneyd rəhbərlik edirdi. Cüneydin oğlu Şeyx Heydər dayısı Uzun Həsənin (Ağqoyunlu hökmdarı) qızı Aləmşah bəyimlə evləndi. 1470-ci ildə Uzun Həsən Təbrizdən Ərdəbilə gəlib, Şeyx Heydəri Səfəvi təriqətinin başçısı təyin etdi. 1488-ci ildə Şeyx Heydər öldürüldü və Uzun Həsənin oğlu Sultan Yaqub Şeyx Heydərin oğlanları Sultanəlini, İbrahimi və İsmayılı anaları ilə birlikdə Şiraz yaxınlığında qalada dustaq etdi. 1492-ci ildə Baysunqura qarşı mübarizədə Qızılbaşlardan istifadə etmək üçün Ağqoyunlu Rüstəm onları azad etdi. 1493-cü ildə Sultanəlinin başçılıq etdiyi Qızılbaşlılar və Rüstəm Mirzənin qoşunları Bayzunquru məğlub etdilər. Səfəvilərin güclənməsindən qorxan Rüstəm Mirzə 1494-cü ildə Ərdəbil yaxınlığında Sultanəlini məğlub etdi və onu öldürdü. Lakin bu döyüşdən əvvəl Sultanəli qardaşı İsmayılı Səfəvi Ordeninin başçısı təyin etmişdi.
Şeyx İsmayıl (Şeyx Heydərin III oğlu) 1499-cu ildə Azərbaycan torpaqlarını birləşdirmək məqsədi ilə əvvəlcə Ərdəbilə, sonra isə Ərzincana gəlib çıxmışdır. 1500-cü ildə Şamaxını, 1501-ci ildə Bakını ələ keçirən İsmayıl 1501-ci ilin payızında Təbrizə gələrək özünü şah elan edir və Səfəvilər dövlətinin əsasını qoyur. Təbriz şəhəri dövlətin paytaxtı olur. Dövlətin əsas əraziləri Azərbaycan torpaqları, əhalisinin çoxunu isə Azərbaycan türkləri əhatə edir.
Ağqoyunlu dövlətinin digər qolunun başçısı Sultan Murad Səfəvilər dövləti üçün təhlükəli olaraq qalırdı. 1503-cü ildə Sultan Muradı məğlub edən Şah İsmayıl Şiraz şəhərini tutdu. Bundan sonra Şah İsmayıl Qumu, Kaşanı, İsfahanı, Yəzdi və Kirmanı ələ keçirdi. 1508-1510-cu ildə isə (Xorasan istisna olmaqla) bütün İranı tutdu. Daha sonra Bağdad şəhəri daxil olmaqla Ərəb İraqını da dövlətin tərkibinə qatdı. Səfəvi dövləti şərqdə Özbək dövləti, qərbdə isə Osmanlı imperiyası ilə həmsərhəd oldu. 1510-cu ilin sonunda Herat, Mərv, Bəlx və Xorasan şəhərləri də Səfəvilərin əlinə keçdi. Beləliklə, Fərat çayından Amudərya çayınadək Şah İsmayılın hakimiyyəti bərqərar oldu və Səfəvi dövləti imperiyaya çevrildi.
Şah İsmayıla qarşı vuruşmağa cəsarət etməyən Osmanlı sultanı II Bəyazid 1504-cü ildə Səfəvilər dövlətini tanıdı.


OSMANLI IMPERATORLUĞU

Böyük Səlcuq imperatorluğu dağıldıqdan sonra Kiçik Asiyada qüdrətli türk dövləti-Osmanlı imperatorluğu yarandı. 1299-cu ildə Osman bəy (Səlcuqların qayı boyundan olmuşdur) Konya sultanlığına son qoymuş və Osmanlı dövləti yaranmışdır. 1329-cu ildə dövlətin paytaxtı Bursa şəhəri olmuşdur. 1359-cu ildə hakimiyyətə gələn I Murad özünə Sultan titulunu qəbul etdi. 1361-ci ildə o, Ədirnəni tutub paytaxt etdi. 1370-ci ildə Bizans və Bolqarıstanı özündən asılı etdi. 1371-ci ildə serbləri ağır məğlubiyyətə uğratdı. Sultan I İldırım Bəyazid isə Dunay çayı sahillərinə qədər olan əraziləri ələ keçirdi. 1402-ci ildə Ankara düzənliyində Osmanlılar Teymur tərəfindən məğlub edildi və I İldırım Bəyazid əsir alındı. Bununla əlaqədar olaraq Roma Papası sevincindən 3 gün kilsə zənglərinin sədası altında şükranlıq duası oxutdurdu.
Bundan sonra II Murad Osmanlı dövlətinin qüdrətini bərpa etdi. Osmanlılar 1444-cü ildə macarları, çexləri, 1453-cü ildə Bizans imperiyasını məğlub etdilər. Bizansın paytaxtı Konstantinopol İstanbul adlandırıldı və dövlətin paytaxtına çevrildi. II Mehmet Konstantinopolu fəth etdiyi üçün Fateh adı aldı. Daha sonra Krım xanlığı, Albaniya, Moldova, Afina hersoqluğu və bəzi Yunan knyazlıqları da Osmanlı imperiyasından asılı vəziyyətə salındı
XVII əsrin əvvəllərində Osmanlı imperiyası Yaxın Şərqdə xeyli əraziləri tutaraq dövrünün ən böyük dövlətinə çevrildi. I Sultan Səlim 1516-cı ildə Hələbi, Dəməşqi, Fələstini, 1518-ci ildə Misiri, sonra Əlcəzairi tutdu. I Sultan Səlimin dövründə dövlətin ərazisi 2,5 dəfə artdı. I Sultan Süleyman Qanuni 1521-ci ildə Belqradı ələ keçirdi. 1526-cı ildə Macarıstanın paytaxtı Buda şəhərini tutdu. Sonra isə Şimali Afrikanı ələ keçirdi və dövlətin ərazisi Avropa, Asiya və Afrikanı əhatə etdi.
1512-ci ildə Sultan I Səlim Şah İsmayıla qarşı müharibəyə başladı. Roma papası, Şah İsmayılı Osmanlılara qarşı “Allahın xristian dünyası üçün yaratdığı fürsət” hesab edirdi. 1514-cü ilin yazında I Sultan Səlim Səfəvilərin sərhəddini keçərək Ərzincana daxil oldu. Həmin ildə Maku yaxınlığında Çaldıran döyüşü baş verdi. Bu döyüşdə Şah İsmayıl məğlub oldu və bir sıra ərazilər itirildi.
1516-cı ildə Osmanlılar Təbrizə daxil oldu və Şərqi Anadolunu, Şimali Mesopatomiyanı tutdular.
Şah İsmayılın ölümündən sonra 1524-cü ildə I Təhmasib (1524-1576) taxta çıxdı. Onun dövründə Osmanlı sultanı I Süleyman Qanuni 1534-1535-ci illərdə Azərbaycana yürüş edərək Təbrizi tutsa da, burada möhkəmlənə bilmədi. Mövqeyini getdikcə gücləndirən I Təhmasib ölkənin vahid dövlətdə birləşdirilməsi prosesini davam etdirdi. 1538-ci ildə I Təhmasib Şirvanşahlar dövlətinin varlığına son qoydu və Şirvan bəylərbəyi kimi Səfəvi dövlətinə qatıldı.
1548-ci ildə Sultan Süleyman Azərbaycana II dəfə hücum etdi. Bu yürüşdə də uğur qazanmayan Osmanlılar Azərbaycanı tərk etdilər. 1551-ci ildə Şəki hakimliyi Səfəvilər dövlətinə birləşdirildi və beləliklə, bütün Azərbaycanın dövlətdə birləşdirilməsi başa çatdı.
1554-cü ildə Sultan Süleyman IV dəfə Azərbaycana yürüş etdi. O, Azərbaycanı tutmaq cəhdinin boşa çıxdığını görüb, 1555-ci il mayın 29-u Amasiya sülh müqaviləsini bağlamağa məcbur oldu.
1576-cı ildə I Təhmasibin ölümündən sonra II Şah İsmayıl taxta çıxsa da, 1577-ci ildə sui-qəsd nəticəsində öldürüldü. Bundan sonra Məhəmməd Xudabəndə (1578-1587) hakimiyyətə gəldi. Bu dövrdə Səfəvi dövləti zəiflədi. Çünki qızılbaşlar artıq hakimiyyətlə hesablaşmırdılar. Bundan istifadə edən Osmanlı sultanı III Murad Səfəvilərə qarşı müharibəyə (1578-1590) başladı. Səfəvilərin daxilindəki çəkişmələrdən istifadə edərək, Osmanlılar demək olar ki, bütün Azərbaycanı ələ keçirdilər. 1590-cı ildə bağlanmış İstanbul sülh müqaviləsinə görə Xalxa, Ərdəbil, Qaracadağ və Talışı çıxmaqla qalan Azərbaycan ərazisi Osmanlı imperiyasına daxil oldu.
1587-ci ildə Məhəmməd Xudabəndənin 16 yaşlı oğlu (Qəzvin şəhərində) Abbas şah elan edildi. I Şah Abbas paytaxtı Qəzvindən İsfahana köçürdü. Bu, farsların güclənməsinə böyük kömək oldu. Səfəvilərin tərkibində qalan Azərbaycan torpaqlarında 1599-cu ildə Ərdəbil mərkəz olmaqla Azərbaycan bəylərbəyliyi yaradıldı. 1599-cu ildə Şah Abbas Xorasanı geri qaytardı. 1603-cü ildə o, Təbrizi də geri aldı və Osmanlıların qüvvəsini darmadağın etdi. Həmin il Şah Abbas Cənubi Azərbaycanı azad edərək Ordubadı, Culfanı, Naxçıvanı da geri qaytardı. 1604-cü ildə İrəvanı, 1605-ci ildə isə Şirvanın çox hissəsini ələ keçirdi. Bundan sonra Şah Abbas Gəncəni (1606), Şamaxını (1607), Bakını və Dərbəndi (1607) geri aldı. 1603-1607-ci illərdə bütün Azərbaycan torpaqları Osmanlılardan alındı. Lakin müharibə hələ davam edirdi. 1612-ci ildə Sərab sülhü bağlandı. Bununla da 1555-ci ildəki Amasiya sülhünün şərtləri bərpa edildi. Osmanlılar Səfəvi-Rusiya ittifaqına mane olmaq istəyirdilər. 1613-cü ildə onlar Sərab sülhünü, 1618-ci ildə Amasiya sülhünü pozdular. 1618-ci ildə isə Amasiya sülhünün şərtləri yenidən bərpa edildi. 1622-1623-cü illərdə Bağdad, Kərbəla, Nəcəf, Kərkük və başqa şəhərlər də Azərbaycana qatıldı.
Şah Abbasdan sonra I Şah Səfi hakimiyyətə gəldi. O, Bağdadı itirdikdən sonra 1639-cu ildə Qəsri-Şirin sülhünü bağladı və Amasiya sülhünün şərtləri yenə də bərpa edildi. Qəsri-Şirin sülhü Səfəvi-Osmanlı münasibətlərini nizama saldı.

XVII əsrin II yarısında Don kazaklarının Xəzərsahili ərazilərə hücumları gücləndi. 1666-1667-ci illərdə Stepan Razinin kazak dəstələri Dərbənd, Marağa, Gilan və başqa yaşayış məntəqələrini talan etdilər. S.Razin hərəkatının yatırılmasında həm Səfəvilər, həm də Rusiya eyni dərəcədə maraqlı idi. 1712-ci ildə Stepan Razin rus çarı tərəfindən edam edildi. Lakin həmin dövrdə Dağıstanın hansı dövlətə mənsub olması məsələsi Səfəvi-Rusiya münasibətlərində gərginlik yaradırdı.
Rus çarı I Pyotr Xəzəryanı ölkələri ələ keçirməyi qərara aldı. 1722-ci ildə əfqanlar İsfahanı tutub Şah Hüseyni taxtadan saldılar. Bundan istifadə edən I Pyotr Azərbaycana yürüşə başladı. Həmin il Dərbənd şəhərinin naibi İmamqulu bəy qala açarlarını I Pyotra təqdim etdi. 1723-cü ildə ruslar Bakını və Salyanı da işğal etdilər. 1723-cü ildə II Təhmasibin elçisi İsmayıl bəy Dərbənddən Gilana qədər Xəzəryanı bölgələri Rusiyaya verərək Peterburq müqaviləsini imzaladı. 1724-cü ildə Rusiya-Osmanlı müqaviləsi imzalandı. Bunun nəticəsində Dərbənd, Bakı, Salyan, Lənkəran, Rəşt və Ənzəlinin Rusiyaya keçməsini Osmanlı imperiyası təsdiq etdi. İstanbul müqaviləsini reallaşdırmağa başlayan Osmanlılar 1725-ci ildə Təbrizi, Gəncəni, Ərdəbili tutdular. Ruslar isə tutduğu ərazidə komendant idarə üsulu yaradırdılar.
Əfqan tayfalarını İsfahandan qovan Nadir şah Əfşar 1730-cu ildə Osmanlılara qarşı hərbi əməliyyata başladı və Marağa, Ərdəbil və Təbrizi azad etdi. Bunu görən ruslar Səfəvilərlə münasibətləri gərginləşdirməmək üçün 1732-ci ildə Rəşt şəhərində onlarla müqavilə imzaladı və Kürdən cənubdakı Xəzəryanı bölgələri Səfəvilərə qaytardı.
1732-ci ildə Nadir xan Səfəvi şahı II Təhmasibi taxtdan salaraq onun oğlu III Abbası şah elan etdi və onun qəyyumu kimi hakimiyyəti demək olar ki, ələ keçirdi. 1734-cü ildə Şirvanı, 1735-ci ildə Gəncəni azad edərək Osmanlıları bütün Cənubi Qafqazdan çıxartdı. 1736-cı ilin martında Nadir xan şah elan edildi və Səfəvilər sülaləsinin hakimiyyətinə son qoyuldu. O, Şirvan, Qarabağ, Çuxursənd və Təbriz bəylərbəyliklərini birləşdirərək ilk dəfə “Azərbaycan” adında vahid inzibati bölgə yaratdı. Azərbaycanın mərkəzi Təbriz, hakimi isə Nadir şahın qardaşı İbrahim oldu. Nadir şahın səhv idarə üsulundan boğaza yığılan əhali tez-tez üsyanlar qaldırmağa başladılar. 1743-cü ildə Hacı Çələbi Məlik Nəcəfi öldürərək Şəkini müstəqil xanlıq elan etdi. Bununla da Aəzrbaycanda xanlıqların yaranmasının əsası qoyuldu. 1747-ci ildə Nadir şah sui-qəsd nəticəsində öldürüldü.


Tarix: 26.11.2014 / 16:35 Müəllif: Aziza Baxılıb: 223 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...