Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kəngərli (rayon)

Kəngərli – Azərbaycanda, Naxçıvan Muxtar Respublikasının tərkibində rayon.

Babək və Şərur rayonlarının arasında yerləşir. Rayonun cənub hissəsi İranla, şimalı Ermənistanla həmsərhəddir. Rayon dağlıq relyefə malik olmaqla, Dərələyəz dağlarında yerləşir. Muxtar Respublikanın hər yerində olduğu kimi, iqlimi kəskin kontinentaldır – yayda çox isti, qışda soyuq olur. Rayonun ərazisindən, Azərbaycanla İranın dövlət sərhəddi boyunca Araz çayı axır. Dağlıq relyef, iqlimin xüsusiyyətləri və kiçik çayların olmaması yerli bitki örtüyünü şərtləndirir. Onlar əsasən, yarımsəhra və dağ növləri ilə (kolluqlar, otlar, nadir ağaclar) təmsil olunur.

Bu kənd təsərrüfatı rayonunda tütün, üzüm, dənli bitkilər, tərəvəz və bostan məhsulları yetişdirilir.

Naxçıvan Muxtar Respublikasının hər yerində olduğu kimi burada da böyük sayda qədim abidələr qalır ki, bu da diyarın arxaik zamanlardan əhali ilə məskun olduğundan xəbər verir: Çalxan-Qala kurqanları, Qazma mağarası, eləcə də Qalacıq, Govurqala, Damlama, Qulamlıtəpə, Balatəpə yaşayış məskənləri. Sonrakı dövrlərin salamat qalmış abidələri: Xok kəndində Cümə Məscidi (XVIII əsr) və Şahtaxtı kəndində hamam (XIX əsr).

Qıvraq qəsəbəsi – 2004-cü ildə yaradılmış bu yeni rayonun inzibati mərkəzidir. Qıvraq Naxçıvan-Şərur şossesi üzərində, diyarın paytaxtı Naxçıvan şəhərindən 30 km aralıda yerləşir. Qəsəbədən Araz çayınadək 6 km-dir. Rayonun inzibati mərkəzi statusunu təzəlikcə alması ilə bağlı olaraq Qıvraq qəsəbəsində hələlik turistlərin qəbulu üçün infrastruktur yoxdur. Lakin, burada yerli sakinlərin evlərində qonaq qalmaq olar.

#Bələdiyyələrin adıHər bələdiyyə üzrə əhalinin sayı
1Qarabağlar kənd bələdiyyəsi5833
2Xok kənd bələdiyyəsi4887
3Qıvraq qəsəbə bələdiyyəsi4182
4Şahtaxtı kənd bələdiyyəsi3092
5Çalxanqala kənd bələdiyyəsi2140
6Böyükdüz kənd bələdiyyəsi1435
7Yurdçu kənd bələdiyyəsi1068
8Qabıllı kənd bələdiyyəsi1025
9Xıncab kənd bələdiyyəsi604
10Təzəkənd kənd bələdiyyəsi505
11Yeni Kərki kənd bələdiyyəsi368
12Cəmi25139


Kəngərli rayonu 2004-cü il martın 19-da təşkil olunmuşdur. Naxçıvan Muxtar Respublikasının Babək və Şərur rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək yaradılmışdır. Ərazisi şimal-şərqdə Ermənistan Respublikası, cənub və cənub-qərbdə İranla həmsərhəddir. Ərazisi 681,94 km2-dir. Rayonda 1 qəsəbə, 10 kənd vardır. Mərkəzi Qıvraq qəsəbəsidir.

Rayona Qıvraq qəsəbəsi və Qarabağlar, Qabıllı, Şahtaxtı, Yurdçu, Xok, Çalxanqala, Yeni Kərki, Xıncab, Təzəkənd, Böyükdüz kəndləri daxildir. Təbiət. Rayon şimal və şimal-şərqdən Dərələyəz silsiləsinin qolları ilə əhatələnərək cənubdan Araz çayına doğru istiqamətlənir. Ərazidə Keçəltəpə (2744 m), Qaraquş (2600 m), Anabadgədik (2081 m), Qabıllı (1125 m), Xok (1063 m), Tənənəmdağ (1007 m), Tazıuçan (935 m), Binadüzü (885 m) dağları Dərələyəz silsiləsinin rayon ərazisində ən yüksək zirvələridir. Rayonda öz başlanğıcını Keçəltəpə, Qaraquş və Anabadgədik dağlarından götürən Lizbirtçay çox da geniş ərazi tutmayaraq Naxçıvançayın qolu olan Cəhriçaya tökülür. Çayların demək olar ki, əksəriyyəti yay aylarında axmazlara çevrilir. Suvarma işi kəhrizlər, Şərqi Arpaçay kanalı və Araz çayı üzərində qurulan nasoslar vasitəsilə həyata keçirilir. Boz, çəmənboz, qəhvəyi dağ-meşə torpaqları, Arazboyu maili düzənlik ərazilərdə (Böyükdüz) isə şoran, şorakətli-boz, boz-qonur torpaqlar vardır. Salaxan meşə-kolluq ərazisi təbii abidə və yay otlaqları, Böyükdüzün mərkəz və cənub hissələri isə qış otlaqları kimi qiymətləndirilir. Burada və ona yaxın ərazilərdə bezoar keçisi, muflon, qonur ayı, gözəl kəklik, berkut, Xəzər uları, ilancıl qartal və s. heyvanlar yaşayır. Böyükdüz ərazisində isə doydaq və bala doydaq köçmə zamanı müşahidə olunur. Vaxtilə Keçəltəpə dağında bəbirə də rast gəlinirdi, lakin son onilliklərdə müşahidə edilmir. Bu zonada zəhərli ilanlar (Cənubi Qafqaz və çöl gürzəsi) da digər rayonlara nisbətən çoxsaylıdır. Bitki örtüyü əsasən az miqdarda meşə-kol, dağ kserofit, yarımsəhra və səhra bitkiliyindən ibarətdir. Ərazidə Qaraquş zəngçiçəyi, darləçək qlobulariya, Turnefor felipeyası, Yuliya və Florenski tülpanları, qozbel burunçiçəyi, Atropaten dazısı, ağıriyli ardıc, yumurtavari və Soviç ilankölgəsi və s. nadir, endemik və relikt bitkilər yayılmışdır.

Əhali. Rayonun əhalisi 26,7 min nəfərdir (01.07.2008) Orta sıxlıq 1 km2-ə 37 nəfər düşür. Rayonun iri yaşayış məntəqələri Qıvraq qəsəbəsi, Qarabağlar, Xok və Şahtaxtı kəndləridir.

Təsərrüfat. Kəngərli rayonu əsasən kənd təsərrüfatı rayonudur. Muxtar respublikada istehsal edilmiş kənd təsərrüfatı məhsullarının 9,1%-i taxıl, 8,1%-i kartof, 4,8%-i tərəvəz, 6,6%-i bostan, 4,4%-i şəkər çuğunduru, 5,9%-i üzüm, 10,7%-i ət, 11,1%-i süd, 13,5%-i yumurta, 15,5% yun Kəngərli rayonunun payına düşür. Muxtar respublikadakı qaramalın 7,9%-i, inək və camışların 10%-i, xırdabuynuzlu heyvanların 14,7%-i Kəngərli rayonunun payına düşür.

Tarixi-arxeoloji abidələr və memarlıq. Kəngərli rayonu ərazisində qədim insanların əmək fəaliyyətini və həyat tərzini əks etdirən maddi mədəniyyət qalıqları ilə zəngin xeyli arxeoloji abidə var. Bu abidələr qədim yaşayış yerləri, qalalar, qəbiristanlıqlar, kurqanlar və tarixi-memarlıq abidələrindən ibarətdir. Son Tunc və ilk Dəmir dövrlərinə aid Qalacıq yaşayış yeri, şimalında orta və son Tunc dövrünə aid I Qarabağlar qəbiristanı, Qarabağlar Govurqalası, cənubda Son Tunc və ilk Dəmir dövrlərinə aid II Qarabağlar qəbiristanı, Çalxanqalada Tunc dövrünə aid qala və son Tunc dövrünə aid yaşayış yeri, indiki Şahtaxtı kəndindən şimal-qərbdə Tunc, ilk dəmir dövrlərinə aid şəhər yeri, son Tunc, ilk Dəmir dövrlərinə aid Şahtaxtı Govurqalası, I və II Şahtaxtı nekropolları bu ərazinin insanların ən qədim yaşayış yerləri olduğunu sübut edir. 80-ci illərdə indiki Yurdçu kəndinin cənub-qərbində ilk Dəmir dövrünə aid yaşayış yeri, qərbində antik dövr kurqanları, Tunc və ilk Dəmir dövrlərinə aid Yurdçu nekropolu, kəndin şimal-qərbində Dəmir dövrünə aid sərdabə aşkar edilmişdir. Yurdçu kəndinin ərazisində müxtəlif dövrlərə aid gümüş və mis sikkə dəfinəsi tapılmışdır. Bu sikkələr Bizans imperatoru I Yuanın (969-976), Səlcuq sultanlarından II Toğrulun, Məsudun, Arslan şahın, Atabəylər hökmdarlarının adlarına aiddir.

Orta əsrlərə aid Qarabağlar memarlıq kompleksi Azərbaycan memarlıq abidələri içərisində mühüm yer tutur. Memarlıq kompleksi 2 qoşa minarədən, 16 m hündürlükdə olan kərpic türbədən ibarətdir. Qoşa minarənin arasında dini bina qalıqları da vardır. Qoşa minarənin 12 əsrin sonu və 13 əsrin əvvəllərində tikildiyi ehtimal olunur. Minarələri bir-birinə bağlayan baştağ isə 14 əsrə aiddir. baş tağın üzərində Elxani hökmdarı Hülaku xanın arvadı Quti xatunun adı yazıldığından, onun Quti xatunun şərəfinə tikildiyi güman edilir. Qarabağlar türbə kompleksi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tövsiyəsi ilə ümumdünya bankının ayırdığı vəsait hesabına təmir edilmişdir (2004).

Mədəni-quruculuq və səhiyyə. Rayonda 13 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar tərbiyə müəssisəsi, 12 kitabxana, 13 klub müəssisəsi, 1 muzey, 2 uşaq musiqi məktəbi, mərkəzi xəstəxana, sahə xəstəxanası, 4 həkim ambulatoriyası, 5 feldşer-mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. fəaliyyət göstərir.


Tarix: 17.03.2013 / 13:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 660 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...