Beynəlxalq münasibətlərin durumu. XVIII yüzilin sonu - XIX yüzilin başlangıcında beynəlxalq münasibətlərə Fransa inqilabı (1789-1794) həlledici təsir göstərdi. Bu inqi- labın məramı ilə bağlı Avropada fransızlara qarşı birlik meydana gəldi. 1794-cü il 9 termidor çevrilişindən sonra Fransa burjuaziyasının Avropada və Aralıq dənizi hövzəsində geniş işğalçılıq xəttinə keçməsi Mərkəzi və Şərqi Avropa dövlətlərinin Fransaya qarşı yönələn siyasətini gücləndirdi.
1798- ci ilin sonunda Rusiya, İngiltərə və Avstriyanın iştirakı ilə Fransaya qarşı yeni birlik yarandı.Bu çağa kimi ənənəvi müttəfıqlər sayılan Fransa ilə Türkiyə arasında savaş düşməsi sonuncunu Rusiyaya yaxın- laşdırdı. Tarixdə ilk dəfə olaraq Türkiyə ilə Rusiya arasında 1799-cu il yanvar ayının 3-də İstanbulda ittifaq müqaviləsi imzalandı. İngiltərə, Neapol krallığı bu ittifaqa qoşuldu. Fransanın Şərq siyasətinə qarşı da blok yarandı.
Rusiya, İngiltərə və Avstriyanın Fransaya qarşı 1798- 1799-cu illərdə apardığı savaş ara verdikdən sonra beynəlxalq münasibətlərdə yeni dəyişiklik baş verdi. I Pavelin 1801-ci ilin martında öldürülməsilə Rusiya-İngiltərə münasibətləri nizama salındı. İranda nüfuz uğrunda mübarizə genişləndi. İngiltərə ilə İran arasında 1800-cü ilin dekabr və 1801-ci ilin yanvarında müqavilələr imzalandı. Lakin Rusiya ilə İngiltərənin yaxınlaşması ingilislərin İrandakı siyasətinin zəifləməsinə səbəb oldu. Bundan istifadə edən Fransa İranda diplomatik üstünlüyü ələ keçirdi.XVIII yüzilin sonu - XIX yüzilin başlanğıcında belə bir mürəkkəb ziddiyyətli dəyişkən beynəlxalq münasibətlərdə Qafqaz, o sıradan Azərbaycan mühüm yer tuturdu.
Azərbaycan torpaqlarının bir dövlət içərisində birləşmiş olmaması vahid xarici siyasət yeridilməsinə imkan vermirdi. Buna görə, Azərbaycan xanlıqları özlərini qoruyub saxlamaq, xanlıqlar arasındakı münasibətləri tənzim etmək üçün ölkəyə göz dikmiş müxtəlif qüvvələr ilə hesablaşmalı olurdular. Bu qüvvələr bir yandan qonşu İran və Türkiyə, o biri yandan isə Avropa dövlətləri olan Rusiya, İngiltərə və Fransa ilə təmsil olunurdu.
XVIII yüzilin sonu - XIX yüzilin başlanğıcında qonşu iki dövlət (İran və Türkiyə) Azərbaycan xanlıqları üçün gerçək təhlükə törətmək iqtidarında deyildilər. Bu dövlətlərin bütün XIX yüzil boyunca heç bir özgə torpaqları ələ keçirməməsi təsadüf olmamışdı.
Avropa dövlətlərinə gəldikdə, bunu söyləmək mümkün deyil. Keçən yüzildə onlar müstəmləkələr ələ keçirmək uğrunda geniş, sürəkli və kəskin bir hərbi mübarizəyə girişmişdilər.
İngiltərə və Fransanın Transqafqaza, o sıradan Azərbaycana münasibətinə gəldikdə, bu onlann İranda öz mövqelərini möhkəmləndirmək uğrunda mübarizəsindən, Transqafqaz ölkələrinə olan hərbi-iqtisadi marağından irəli gəlirdi.
Azərbaycana qarşı başlıca təhlükə çar Rusiyası idi. Rusiyanın belə bir siyasəti İranın mənafeyinə toxunduğundan Rusiya-İran münasibətlərində Azərbaycan əslində başlıca yer tuturdu.
Rusiya-İran münasibətləri və Azərbaycan
Həm Rusiya, həm də İran hökmdarlarının ölümü bu dövlətlər arasındakı münasibətlərə, onların Azərbaycana qarşı siyasətinə müəyyən təsir göstərdi. Rusiyanın yeni çarı I Pavel və yeni İran hökmdarı Fətəli şah sələflərinin açdığı savaşlardan strateji məqsədlərinə siyasl yol ilə çatmaq siyasətinə keçdilər.
I Pavel öz siyasi xəttini Qafqaz qoşunları komandanı general Qudoviçə 1797-ci il 5 yanvar fərmanı ilə bildirdi. Orada Rusiyaya "xeyirxah olan" Azərbaycan və Dağıstan ha- kimlərinin bir federativ dövlət halında birləşməsi təklif edilirdi. Bildirilirdi ki, ali hakim və himayəçi olmaqla, bu hakimlərdən özümüzə sədaqətdən başqa bir şey ummuruq, onların idarə üsuluna qarışmaq, onlar üçün ağır ola biləcək bac və ya digər mükəlləfıyyətlər tələb etmək istəmirik.
Çarın bu yeni siyasi baxışı iki il sonra Kaxet çarlığında II İraklinin yerinə keçən XII Georgiyə göndərilən başqa bir fərmanda inkişaf etdirilmişdi.
I Pavelin Rusiyanın himayəsi altında federativ dövlət yaratmaq istəməsi təsadüfı deyildi. Bu zaman Rusiyanın iç durumu olduqca ağır idi, dövlətin maliyyə işləri büsbütün pozulmuşdu. Federasyon birləşmə yolu ilə bu ölkələrin İranın nüfuzu altına keçməsinə yol verməmək, yumşaq davranışla onları Rusiyaya daha sıx bağlamaq nəzərdə tutulurdu. Əslində belə bir siyasət onların Rusiyanın tərkibinə qatılması üçün özül hazırlamalı idi.
I Pavel öz təklifınin gerçəkləşməsi üçün addım atdı. O, Qafqaz ordusunun yeni komandanı E.F.Knorrinqə Azərbaycan xanlıqları və Dağıstan hakimlərinin nümayəndələrini istədikləri yerdə toplayıb danışıqlar aparmağı tapşırdı. Rus komandanı, öz hökuməti adından yerli hakimləri və yaxud onların nümayəndələrini dəvət edib rəqabət aparmağın zərərini və əmin-amanlıq şəraitində yaşamağın xeyrini başa salmalı, aralarında baş verən çəkişməni adət, qanun və ya münsiflər məhkəməsi vasitəsi ilə həll etməyə çağırmalı idi. Bu da mümkün olmasa, onlar Rusiya imperatoruna müraciət etməliydilər. Yerli hakimlər İran basqını və şahın niyyətinə qarşı birləşməli, bu ittifaqa Şamxalın, Üsminin və Tabasaran qazısının təbəələrini də cəlb etməli, öz təbəələrini qarət etməkdən əl çəkəcəklərinə and içməli idilər.
Fətəli şah 1797-ci ildə İranda taxta çıxdıqdan sonra onun başlıca qayğısı mərkəzdən qaçma qüwələri qırmaq, öz hakimiyyətini möhkəmləndirmək oldu. Buna görə Rusiya ilə münasibətləri də nizama salmağa çalışdı. 1797-ci ilin sonunda I Pavelin yanına elçi göndərdi. Lakin o, şah elçisi kimi deyil, sərdar Baba xanın elçisi kimi qəbul edildi. Elçiliyin ticarət haqqındakı təqdimatına Rusiya hökuməti müsbət yanaşdı. Ancaq bildirildi ki, Baba xan Gürcüstana, Tarku şamxalına, Dərbənd, Bakı xanlıqlarına, Xəzər dənizi ilə Gürcüstan arasında yerləşən torpaqlara iddialarından əl çəkməlidir.
Gerçək durum o zaman Fətəli şahı da Azərbaycan xanları ilə yumşaq davranmağa məcbur edirdi. Bu, Quzey Azərbaycan xanlıqlan ilə barışıq yaratmaq istənilməsində öz əksini tapmışdı. Əslində hər iki tərəf buna can atırdı. Mirzə Camal yazır: "Qarabağ vilayətinin vəziyyəti olduqca çətin olduğundan... İbrahim xan mülayimlik etməyi məsləhət bilərək, Ağa Məhəmməd şahın cənazəsini böyük ehtiramla Tehrana göndərdi. Fətəli şah İbrahim xanın belə hərəkətini özü üçün xoşbəxtlik sanıb onun, adamlarını xələt və ənamla geri qaytardı. Ona xələt, qılınc göndərib, Qarabağın hökumətini bütün mədaxili ilə İbrahim xana bağışladı... O tərəfdən şah böyük tədarük görüb, yüksək xanları (İbrahim xanın) yanına göndərdi. Böyük hörmət və izzətlə Ağabəyim ağanın (İbrahim xanın qızı - Red.) kəbinini kəsdirdi; onu qadınlarının möhtərəmi və hərəmbaşısı etdi. İbrahim xanın oğlu Əbülfət ağanı öz yanına apartdırıb yüksək xanlar sırasında, öz məclisində oturtdu... Bu vəziyyət (İran və Qarabağ xanlığı arasındakı "mülayimlik" - Red.) yüksək Rusiya dövlətinin böyük imperatorunun sərdan qoşunla Gürcüstan vilayətinə gələrək müstəqil halda Tiflis
şəhərinə yerləşdiyi günə qədər davam edirdi".
Gəncə, Şəki və Quba xanları da Fətəli şahı taxta çıxması ilə təbrik edib, onunla münasibətləri kəskinləş-dirmək istəmədilər. Yalnız şirvanlı Mustafa xan Fətəli şahın elçisini "Ağanıza deyin ki, mənim də əlimdə şah qələmi var", - deyə qovdu.
Şah hökuməti Azərbaycanın quzey xanlıqlarının tabeliyə gətirilməsinə çox güc verir, bununla yanaşı cənub xanlıqlarını da unutmurdu. Urmiya xanlığı tabe edildi. Ancaq bu işi iki yönümdə aparmaq üçün Fətəli sahın gücü yetmirdi.
I Pavel 1801-ci ilin yanvannda Gürcüstan çarlığının Ru- siyaya birləşdirilməsi haqqında manifest verdi. Ancaq o, sui-qəsd nəticəsində öldürüldü. Rusiyada I Aleksandr (1801-1825) çar oldu. Transqafqaz ölkələri böyük sarsıntı qarşısında idi.
Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi və Azərbaycan
Aleksandr hakimiyyətə gəldikdən sonra ikinci dəfə, 1801-cı il sentyabrın 12-də Gürcüstanın Rusiyaya birləşdiril- məsi haqqında manifest və Knorrinqin adına fərman verdi. Baqrationlar sülaləsi hakimiyyətdən uzaqlaşdırıldı, Kartli- Kaxet çarlığı ləğv edildi. Lakin devrilmiş sülalənin bir qolu bununla barışmayıb Rusiyaya qarşı mübarizəyə başladı. 1803- 1804-cü illərdə Meqrel, Quriya və İmereti də Rusiyanın himayəsinə qəbul edildi.
Şərqi Gürcüstanla birlikdə Azərbaycanın Qazax, Borçalı və Şəmşədil sultanlıqları da Rusiyaya qatıldı. Azərbaycan torpaqları barədə yeni Rusiya çarının siyasəti onun ayrıca bir göstərişində bu şəkildə bildirilməkdə idi: "Ətraf hökmdarlar və xalqlarla əlaqə saxlayaraq, Rusiya tərəfdarlarının sayını artırmağa çalışmalı, xüsusən hələ Baba xanın (Fətəli şahın) hakimiyyəti altına düşməmiş və buna görə də, belə bir şəraitdə əlbəttə, özlərinin təhlükəsizliyi naminə Rusiyaya daha çox meyl göstərəcək İrəvan, Gəncə, Şəki, Şirvan, Bakı və başqa xanlıqların xanlarını tərəfımizə cəlb etməli".
Şərqi Gürcüstanın ələ keçirilməsinə beynəlxalq səpgidə baxış eyni olmadı. 1799-cu il müqaviləsi üzrə Rusiya ilə ittifaqda olan Osmanlı dövləti buna açıq etirazını bildirmədi. Rusiya bunun qarşılığında Türkiyənin vassal asılılığında olan torpaqlarda ehtiyatla davranmağı üstün tuturdu. Transqafqaz vasitəsilə Rusiyanın Anadoluya yaxınlaşması Babıali (Osmanlı) hökuməti tərəfındən böyük əndişə ilə qarşılansa da, bunu durdurmaq yolunda Türkiyə ilə İran arasında heç bir iş birliyi yaranmadı.
İran isə bu siyasətlə razılaşmaq istəmədi. Avropa dövlətlərinin köməyinə arxalanaraq Gürcüstanı Rusiya hökmranlığından qoparmağa çalışır, Rusiyaya qarşı çıxışlara yardım göstərirdi. Azərbaycan xanlıqları ilə dil tapmağa, Rusiya təcavüzünə qarşı müvafıq strateji meydan hazırlamağa xüsusi diqqət verirdi. 1802-ci ildə Qarabağ və Bakı xanlıqlarına İrana tabe olmaq təklif edilmişdi.
Rusiya Şərqi Gürcüstanın birləşdirilməsi ilə Azərbaycan xanlıqlarına dair proqramını həyata keçirməyə çalışırdı. P.D.Sisianovun Qafqaza baş komandan göndərilməsi ilə bu iş sürətləndi.
1802-ci il Georgiyevsk müqaviləsi
Çar Aleksandr, atası I Pavel kimi, ilk illər Rusyanın himayəsi altında Quzey Qafqaz birliyi yaratmağa çalışırdı. Onun tapşırığı ilə Sisianov xanlarla danışıqlar aparmağa başladı. Görüş yeri üçün Georgiyevsk şəhəri seçildi. Burada Quba, Bakı, Talış xanları, Dağıstan hakimlərindən Tarku şamxalı, Qaraqaytaq usmisi, Tabasaran və b. yerlərin başçıları toplanmalı idi. 1802-ci il sentyabr ayının 2nə təyin edilmiş görüş baş tutmadı. Onu yalnız dekabr ayında keçirmək mümkün oldu. Bakı xanı görüşə gəlmədi. Dekabrın 26-da hakimlər arasında müqavilə imzalandı. Giriş və 12 maddədən ibarət olan bu sənəd üzrə onu imzalayan xanlar və hakimlər söz verirdilər ki, onların arasında olan düşmənçilik, narazılıq və çəkişmələri bir tərəfə qoyacaq, bir-birilə savaş aparmayacaq (maddə 1), mübahisələri dinc yolla həll edəcəklər (maddə 2). İranın hücum edəcəyi halda ona qarşı birgə çıxış etmək (maddə 3), ticarəti, dənizçilik işini yoluna qoymaq da (maddə 5-10) nəzərdə tutulurdu.
Çar hökuməti Bakı xanlığının bu birliyə qoşulmaması ilə razılaşa bilmirdi. Gürcüstanın Rusiyaya qatılması ilə bu xanlığa çox böyük diqqət verilməkdə idi. Çünki Dəryal dərəsindən keçən hərbi Gürcüstan yolu təlabatı ödəyə bilmirdi. I Aleksandrın 12 sentyabr 1801-ci il tarixli, baş komandan Knorrinqin adına göndərilən buyruğunda bu barədə yazılmışdı: "Ətraf hakimlər və xalqlarla əlaqə yaratmaqla Rusiyaya meyl edənlərin sayını çoxaltmaq gərəkdir... (Kür çayının) töküldüyü yerə və özəlliklə Xəzər dənizində ən yaxşı limana sahib olan Bakı xanı vasitəsilə.çalışmalı ki, Gürcüstandakı qoşunlarımız üçün Qafqazın çətin dağ yolu ilə deyil, Həştərxandan su yolu ilə yüklərin çatdırılması imkanı əldə edilsin". Buna görə 1803- cü ildə ayrıca Bakı xanlığı ilə də müqavilə bağlandı.
Georgiyevsk bağlaşması ilk günlərdən dəyərsiz bir kağıza çevrildi. "Birliyə" qoşulan tərəflər tezliklə İranın deyil, məhz Rusiyanın təcavüzünə məruz qaldılar. Çünki 1803-cü ildən yerli xanların nazı ilə oynayan "Pavel siyasəti"nin kortəbii davamına son qoyuldu. Onun yerini I Aleksandrın "öz" siyasəti, açıq təcavüzçü bir siyasət tutdu.
Tarix: 26.11.2014 / 17:06 Müəllif: Aziza Baxılıb: 149 Bölmə: Tariximiz ve rayonlarimiz