E.ə. I minilliyin əvvəllərində Urmiya gölündən-cənub şərqdə hövzəsində mərkəzləşdirilmişmiş Manna dövləti yaranmişdı. Manna dağlıq ölkə idi.
Manna adına ilk dəfə e.ə. 843-cü ildə Assuriya hökmdarı III Salmanasarın mixi yazılı kitabəsində rast gəlinir. Mannada sənətkarlıq mühüm yer tutmuşdur. Mannanın ərazisində zəngin dəmir filizi, o cümlədən qiymətli daş yataqları var idi.
Mannada peşəkar sənətkarlar qızıl, gümüş, tunc və misdən bəzək şeyləri, qab-qacaq və s. hazırlayırdılar. İndiki Cənubi Azərbaycan ərazisində, qədim Həsənli məskənində qazıntılar zamanı müxtəlif daş qəliblər tapılmışdır. Əridilmiş metalı həmin qəliblərə tökərək oraq, toxa, balta, xəncər, ox ucları, dəbilqə, bəzək əşyaları və s. hazırlayırdılar.
Həsənli qızıl camı Azərbaycanın nadir qədim sənət əsəridir. E.ə. VIII-VII əsrlərə aid Ziviyə Manna qalasından zəngin sənətkarlıq nümunələri tapılmışdır. Azərbaycanın cənubunda Sakkız şəhəri yaxınlığında yerləşən bu abidədə qızıl və gümüşdən hazırlanmış döşlük, qılınc qınının və dəstəyinin hissələri, at qoşqu ləvazimatı, gümüş sini, buynuzvarı qədəhlər, kəmər, dəmir qılınclar və s. aşkar edilmişdir.
Həsənli və Ziviyə tapıntıları Mannada metalişləmə sənətinin yüksək inkişaf etdiyini göstərir. Toxuculuq mühüm sənət sahəsi olmuşdur. Həsənli qazıntılarından tapılan müxtəlif parça qalıqları toxuculuqda qoyun yunundan və keçi dərisindən istifadə edildiyini göstərir.
Mannada boyaqçılıq sənəti də olmuşdur. Mannalıların geyimi müxtəlif olmuşdur. Üst paltarları uzun, lakin qısaqol idi. Döyüşçülər uzun və dizə çatan libas da geymişlər. Mannalılar qonşu ölkələrlə ticarət əlaqələri yaratmışlar. Mannadan müxtəlif məhsullar və xammal ixrac edilirdi. Mannada memarlıq sənəti inkişaf etmişdi. Mannaya hücumların qarşısını almaq üçün qalalar və qala-şəhərlər tikilmişdi.
Mannanın paytaxtı İzirtu və başqa şəhərlər əzəmətli qala divarları ilə əhatə olunmuşdu. Həsənli qala-şəhərində iki-üç mərtəbəli binalar, məbədlər tikilmişdi. Arxeoloji qazıntılar zamanı tapılmış əşyalar üzərindəki şəkil və naxışlar Manna təsviri sənətinin gözəl nümunələridir. Həsənli qızıl camının üzərində çox maraqlı əfsanəvi səhnə təsvir olunmuşdur.
Ziyiyənin qızıl və gümüş qədəhləri dağkeçisi, yaxud ceyran başı formasında hazırlanmışdır. Müxtəlif əşyaların üzərində şiri yaralayan hökmdar, dizi bükülmüş maral, dağqoçu, həyat ağacı ətrafında keçi və qanadlı öküz təsvir edilmişdir.
Mannalılar allahlara sitayiş etmişlər. İbadət üçün tikilən xüsusi binalarda-məbədlərdə allahların heykəli qoyulurdu. Müxtəlif əşyalar üzərində Manna əfsanələri ilə bağlı səhnələr təsvir olunmuşdur. Manna əsatirlərində müxtəlif əfsanəvi varlıqlar (qrifon, buynuzvarı yay kimi əyilmiş qanadlı qoç, insan sifətli öküz, qanadlı sfinks və s.) mühüm yer tuturdu.
Həsənlidən tapılmış qızıl camın üzərindəki təsvirlər mannalıların dini görüşləri ilə bağlı idi. Camın yuxarı hissəsində döyüş arabası üstündə üç allah təsvir olunmuşdur. Mannalılar dini təsəvvürlərinə uyğun olaraq allahları qanadlı çəkmişlər. Təsvirlərdə günəş, ay və külək-yağış allahlarını ayırd etmək mümkün olur.
E.ə. III minillikdə Azərbaycanın cənubunda əhali mixi yazı ilə tanış idi. Mannada yerli yazı növü də olmuşdur. Ziviyədən tapılmış gümüş sini üzərində bir çox işarələr həkk edilmişdir. Bu işarələr heroqlif yazı növünə aiddir. İşarələrin çoxluğu və müxtəlifliyi göstərir ki, bunların müəyyən oxunuşu olmuşdur.
Mannada türk, hürri, İran və s. dillər işlənmişdir. Mannada əhalinin əsas dili ən qədim türk dili olmuşdur.
E.ə. II minillikdə Azərbaycanın ərazisində yerli türkdilli etnoslar yaşamışlar. Bu etnoslar milli mədəniyyətin inkişafına güclü təsir göstərmişlər.
Tarix: 26.11.2014 / 16:50 Müəllif: Aziza Baxılıb: 111 Bölmə: Tariximiz ve rayonlarimiz