Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan xanlıqları

Azərbaycanın cənubunda Təbriz, Urmiya, Xoy, Qaradağ, Ərdəbil, Sərab, Marağa, Maku, şimalında isə Qarabağ, Gəncə, Şamaxı, Bakı, Dərbənd, Quba, Şəki, Lənkəran, İrəvan və Naxçıvan xanlıqları, habelə İlisu, Qəbələ, Ərəş, Qazax və Şəmşəddil sultanlıqları, Car-Baləkən camaatlığı meydana gəldi.
Təbriz xanlığı XVIII əsrin ortalarında Əmiraslan xan tərəfindən yaradılmış, mərkəzi Təbriz şəhəri olmuşdur. Xanlıq inzibati cəhətdən Təbriz, Güney və Mərənd vilayətlərinə bölünürdü.
Urmiya xanlığının əsası XVIII əsrin ortalarında Fətəli xan Əfşar tərəfindən qoyulmuşdur. Xanlığın mərkəzi əvvəlcə Urmiya, Təbriz xanlığını ələ keçirdikdən sonra Təbriz şəhəri olmuşdur.
Azərbaycan xanlıqlarıXoy xanlığı.XVIII əsrin ortalarında yaranmışdır. Xanlıq Dünbülü Əhməd xan tərəfindən idarə olunurdu.
Qaradağ xanlığı.XVIII əsrin I rübündə Kazım xan tərəfindən yaradılmış, mərkəzi Əhər şəhəri olmuşdur. Mərkəzi hakimiyyətə tabe olmadığına görə Kazım xanın gözlərini Nadir şah çıxartdırmışdır. Nadir şahın ölümündən sonra Kazım xanın hakimiyyəti bərpa olunmuş, 1791-ci ildə xanlıq Ağaməhəmməd şah Qacara tabe olmuşdur.
Ərdəbil xanlığı. Xanlığın əsasını XVIII əsrin ortalarında Bəbir xan qoymuşdur. Mərkəzi Ərdəbil şəhəri idi. Nəzir xanın dövründə isə xanlıq qacarlardan asılı vəziyyətə düşmüşdür.
Şəki xanlığı.1743-cü ildə Hacı Çələbi xan tərəfindən əsası qoyulmuşdur. Mərkəzi Şəki şəhəri idi. Hacı Çələbi xan Qəbələ, Ərəş sultanlıqlarını, Qazax və Borçalını ələ keçirdi. Hacı Çələbi xandan sonra onun oğlu Ağakişi bəy (1755), sonra isə Qubalı Fətəli xanın müdaxiləsi ilə nəvəsi Hüseyn xan hakimiyyətə yiyələndilər. 1795-ci ildə hakimiyyətə Səlim xan gəldi.
Şamaxı xanlığı. Şamaxı xanlığında ikihakimiyyətlilik mövcud olmuşdur. Bir hissəsində Məhəmməd Həsən xan, digər hissəsində isə Məhəmməd Səid və Ağası qardaşlarının hakimiyyəti mövcud idi. 1763-cü ildə Məhəmməd Səid xan Şamaxı xanlığını birləşdirdi və xanlığın mərkəzi Şamaxı şəhəri oldu. 1767-ci ildə Quba və Şəki xanlıqları Şamaxıya hücum etdi və ərazisi onlar arasında bölüşdürüldü. 1790-cı ildə Şirvan xanları hakimiyyətləri bərpa etdilər.

Quba xanlığı. Quba xanlığının banisi Hüseynəli xan 1726-cı ildə bu vəzifəyə Rusiya tərəfindən təyin edilmişdir. Xanlığın iqamətgahı əvvəl Xudat qalası, 1735-ci ildən isə Quba şəhərinə köçürüldü.
1758-ci ildə Fətəli xan hakimiyyətə gəldi. Onun məqsədi Azərbaycan torpaqlarını vahid dövlət şəklində birləşdirmək idi. Fətəli xan bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmmədə ərə verməklə 1767-ci ildə Bakı xanlığını Quba xanlığına birləşdirdi. Sonra isə o, Şəki, Şamaxı, Muğan xanlıqlarını da Quba xanlığına birləşdirdi. Lakin 1789-cu ildə ölümündən sonra oğlanları xanlığın qüdrətini qoruyub saxlaya bilmədilər. Şəki, Şamaxı, Bakı xanlıqları, Ərdəbil və Meşkin şəhərləri Quba xanlığının tabeliyindən çıxdı.
Qarabağ xanlığı. XVIII əsrin ortalarında yaranmış, əsası Pənahəli xan tərəfindən qoyulmuşdur. Xanlıq əsasən Arazla Kür çayı ərazisində yerləşmiş, mərkəzi Şuşa şəhəri olmuşdur. Pənahəli xandan sonra hakimiyyət İbrahimxəlil xana məxsus olmuşdur.
İrəvan xanlığı Xanlığın əsasını XVIII əsrin ortalarında Mirmehdi xan qoymuşdur. Ərazisi Ağrı vadisi, Dərələyəz və Göyçə gölü arasındakı torpaqları təşkil edirdi. Xanlıq 15 mahala bölünmüşdür. Əhalinin hamısını Azərbaycan türkləri təşkil edirdi. Xanlığın mərkəzi İrəvan şəhəri idi. Mirmehdi xandan sonra hakimiyyətə Hüseyinəli xan gəlmişdir. 1795-ci ildə Ağaməhəmməd Xan Qacar İrəvan xanlığına hücum etmiş, həmin dövrdə İrəvan xanı Məhəmməd xanı hakimiyyətdən uzaqlaşdırmışdır. 1797-ci ildə Ağaməhəmməd şah Qacarın ölümündən sonra Məhəmməd xan hakimiyyətini bərpa etmişdir.
Naxçıvan xanlığı. XVIII əsrdə yaranmış xanlıqlardan biri də Naxçıvan xanlığı idi. Xanlığın əsasını Heydərqulu xan qoymuşdur. 1797-ci ildə Ağaməhəmməd şah Qacarın II yürüşü nəticəsində Naxçıvan xanı Kəlbəli xan həbs olundu.
Lənkəran xanlığı. XVIII əsrin ortalarında yaranmış, mərkəzi əvvəlcə Astara, sonra isə Lənkəran şəhəri olmuşdur. Lənkəran xanı Cəmaləddin Mirzə bəy (Qara xan ləqəbli) Lənkəranda iqtisadi və siyasi xarakterli bir sıra tədbirlər görmüşdür.
Mirmustafa xanın dövründə isə Lənkəran xanlığı Qacarın hücumuna məruz qaldı və əhalinin bir qismi Sarı adasına köçürüldü.
Bakı xanlığı. Bakı xanlığının əsası XVIII əsrin 40-cı illərində qoyulmuşdur. 39 kəndi olan xanlığın mərkəzi Bakı şəhəri idi. Xanlıq 1867-ci ildə Quba xanlığından asılı vəziyyətə düşmüş, Quba xanı Fətəli xan öldükdən sonra yenidən müstəqil olmuşdur.
Gəncə xanlığı. Gəncə xanlığının əsası XVIII əsrin ortalarında Qacar tayfasından olan II Şahverdi xan Ziyadoğlu tərəfindən qoyulmuşdur. 1786-ci ildə hakimiyyətə Cavad xan gəlmişdir.

Azərbaycanın şimal-qərb camaatlığı, sultanlıqlar və
məlikliklər.

Car-Baləkən camaatlığı.Bu camaatlıq Car, Baləkən, Katex, Tala, Muxak və Cəlik adlı azad cəmiyyətləri özündə birləşdirirdi. Cəmiyyətlərin əhalisinin xeyli hissəsi türk soylu avarlar idilər.
Qazax və Şəmşəddil sultanlıqları.Bu sultanlıqlar vaxtilə Səfəvilər dövlətinin Qarabağ bəylərbəyliyinə daxil idi. Sultanlıq Şəmşəddil tayfası tərəfindən idarə edilirdi.
Ərəş sultanlığı. Sultanlıq Səfəvilər dövründə təşkil edilmişdir. Ərazisi əvvəllər Şirvan bəylərbəyliyinin tabeliyində idi. 1795-ci ildə isə sultanlıq mahal kimi Şəki xanlığına qatılmışdır.
İlisu sultanlığı. İlisu sultanlığı XVI əsrin II yarısında Səfəvilərin İlisu hakimlərinə sultan titulu verməsi nəticəsində yaranmışdır. XVII-XVIII əsrlərdə sultanlıq öz müstəqilliyini qoruyub saxlaya bilmişdir.


Tarix: 26.11.2014 / 16:34 Müəllif: Aziza Baxılıb: 135 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...