Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Naxçıvan (şəhər)

Naxçıvan — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının inzibati mərkəzi.Mündəricat
1 Tarixi
1.1 Adın Etimologiyası
1.2 Antik dövr
1.3 Orta əsrlər
1.4 Yeni dövr
1.5 Müasir dövr
2 Mədəniyyət
2.1 Memarlıq
2.2 Muzey və Qalereyalar
2.3 Mətbəx
3 İqlim
4 İnzibati idarəetmə
5 Əhalisi
6 Nəqliyyat
7 Elm və təhsil
8 İdman
9 Tanınmış şəxsləri
10 Qalereya
11 İstinadlar
12 Həmçinin bax
13 Xarici keçidlər


Tarixi
Əsas məqalə: Naxçıvan şəhərinin tarixi

Adın Etimologiyası

Ən qədim yer adlarından olan “Naxçıvan” toponiminin müxtəlif etimoloji yozumları mövcuddur. Qədim rəvayət və miflərə əsaslanan bir sıra antik və orta əsr tarixçi və coğrafiyaşünasları Naxçıvan şəhərinin e.ə. 1539 – cu ildə salındığını göstərmişlər.[3] Brokhauz və Efronun ensiklopedik lüğətində də Naxçıvan şəhərinin əsasının e.ə. 1539-cu ildə qoyulduğu qeyd edilir.[4] Müasir elmdə isə Naxçıvan şəhərinin əsasının e.ə. 1500-cü ildə qoyulması fikri qəbul edilməkdədir. [5]

Şəhər haqqında ən erkən məlumat tarixçi İosif Flaviyə (e.ə. I əsr) və yunan coğrafiyaşünası Klavdi Ptolomeyə (b.e. II əsri) məxsusdur.

Yəhudi tarixçisi İosif Flavi Nuhun gəmisinin dayandığı yer olaraq "Apobaterion" (yunan. Αποβατήριον[6]) toponimini qeyd edir ki, bu toponim də erməni dilinə hərfi - qramatik tərcümədə "Naxidjevan" (erm. Նախիջևան[6]) kimi səslənir və "dayanacaq" anlamını verir və adı çəkilən toponim də məhz müasir Naxçıvan şəhərinə aid edilir. [6]

Ptolomeyin “Coğrafiya” əsərində Naxçıvan şəhərinin adı ilk dəfə “Naksuana” (yunan. Ναξουὰνα, ing. Naxuana)[7] şəklində qeyd olunmuş və şəhərin çoğrafi mövqeyi göstərilmişdir.[8][9]

C. Cəfərov şəhərin adının türk mənşəli olub eramızdan əvvəl yarandığını və ilkin variantda dörd hissədən (ak + üç + eb + on) ibarət “Akçiban” (qədim türklərin, ağ asların – oğuzların adı) olması fərziyyəsini irəli sürmüşdür.[3]

Antik dövr

Naxçıvan ərazisində aparılan arxeoloji tədqiqatlar şəhərin çox qədim tarixə malik olduğuna şübhə yeri qoymamışdır. E.ə. IX – VI əsrlərdə Naxçıvan qədim Manna[10], İşquz[11] və Midiya[12] dövlətlərinin tərkibində olmuşdur. Madayların hakimiyyəti dövründə Naxçıvan artıq tanınmış şəhərlərdən biri idi. E.ə. 663 – cü ildə Naxçıvan skiflərin hücumuna məruz qalaraq xeyli zərər çəkmişdi.[13] E.ə. VI əsrin ortalarından (e.ə. 550 – ci ildə Midiya dövləti tənəzzülə uğradıqdan sonra) e.ə. IV əsrin 30 – cu illərinə kimi şəhər Əhəmənilər (Haxamanişilər) dövlətinin hakimiyyəti altında olmuşdur.[14]

Əhəmənilər imperiyası süquta uğradıqdan sonra Naxçıvan və onun daxil olduğu Bosporeda vilayəti e.ə. IV əsrdən e.ə. I əsrin I yarısınadək yeni yaranmış Kiçik Midiya - Atropatena dövlətinin tərkibində olmuşdur.[15] Bu dövrdə Naxçıvan Yaxın Şərqin bir sıra şəhərləriylə iqtisadi və mədəni əlaqələri xeyli genişləndirmiş, antik dövlətlər ilə sıx ticarət əlaqələri yaratmışdı. E.ə. I əsrdə Naxçıvan ərazisi Böyük Ermənistan çarları I Artaşes[16] və II Tiqran[17] tərəfindən işğal edilsə də, şəhər qısa müddət sonra azad edilmiş və artıq b. e. I əsrindən Naxçıvan şəhəri Qafqaz Albaniyasının[18] tərkibinə daxil olmuşdur.

Naxçıvan ərazisi əvvəlcə Qafqaz Albaniyasının Orxistena – Araksena (Arazın orta və aşağı boyunda yerlşən tarixi vilayət), daha sonra isə Sisakan – Sünik vilayətinin tərkibinə daxil olmuşdur. Sasani hökmdarı II Şapur (309 – 379) Qafqaz yürüşü zamanı (364 – 367) Naxçıvan şəhərini dağıtmış, 18 min ailəni isə əsir aparmışdı.[19] Qafqaz Albaniyasının bəzi vaxtlarda Sasanilərin nüfuz dairəsində olması Naxçıvanın da Sasani canişinləri – mərzbanlar tərəfindən idarə edilməsinə səbəb olmuşdu. Bu dövrdə Sasani mərzbanlarının iqamətgahı Dvindən Naxçıvana köçürülmüş[20], Naxçıvan Sasani hökmdarlarının hərbi – strateji mövqelərindən birinə çevirilmişdi. Şəhərdə böyük Sasani qoşun dəstələrinin saxlanılmasına başlanmışdı.

Orta əsrlər
Naxçıvan Antik dövrdə
(1/7) ▶

Manna dövlətinin tərkibində

Erkən orta əsrlərdə Naxçıvan inkişaf edir və böyüyürdü. Məhz bu dövrdə Naxçıvanda Sasani şahlarından III Yezdəgirdin hakimiyyəti zamanı (632 – 651) Naxçıvanda Yezidabad qalası inşa edilmişdir.[21]

VI əsrin I yarısından Naxçıvanda Sasanilərə məxsus zərbxana fəaliyyət göstərməyə başlamışdır. Bu, Azərbaycanda ən qədim zərbxanalardan biri hesab edilir.[22] Tarixçi – numizmat prof. Y. A. Poxomovun fikrincə, Sasani hökmdarlarının adından kəsilmiş “naxç” işarəli gümüş dirhəmlər Naxçıvan zərbxanasına məxsusdur.[23] 625 – ci ildə Bizans imperatoru İraklinin (619 – 641) yürüşü nəticəsində dağıdılan Atropatena – Adərbayqan şəhərlərindən biri də Naxçıvan olmuşdur.[24]

654 – cü ildə isə Naxçıvan xəlifə Osman ibn Affanın (644-656) hökmranlığı zamanında ərəblər tərəfindən tutulmuşdur. Ərəb əmiri Həbib ibn Məsləmə ilə Naxçıvan əhalisi arasında bağlanmış sülh müqaviləsinə görə Naxçıvan əhalisi Xilafətə hər il cizyə və xərac ödəməyi öhdəsinə almışdı. 656 – cı ildə Naxçıvan qalası yaxınlığında Xilafət və Bizans qoşunları arasında güclü döyüş baş vermişdi.[25] Bizansa qarşı əsas dayaq nöqtələrindən biri olan Naxçıvan Ərəb Xilafətinin Azərbaycanda inzibati və hərbi mərkəzi və ərəb əmirlərinin əsas iqamətgahlarından biri idi.

IX əsrdə Azərbaycanda Ərəb Xilafəti əlehinə qalxmış Xürrəmilər hərəkatının ən geniş yayıldığı və dəstəkləndiyi bölgələrdən biri də Naxçıvan idi. Naxçıvan inzibati baxımdan Ərəb Xilafətinin III əmirliyinin tərkibinə daxil idi. IX əsrdə Naxçıvan Basfurracan (Vaspurakan) vilayəti ilə birlikdə Ərəb Xilafətinin xəzinəsinə 100 min dirhəm xərac verirdi.[26]

IX əsrin sonlarından Naxçıvan Sacilər dövlətinin tərkibinə daxil edildi və X əsrin 30 – cu illərinədək onun hakimiyyətində qaldı.[27] Sacilər dövləti süquta uğradıqdan sonra Naxçıvan bir müddət hələ də onların əmirlərindən olan Deysəm ibn İbrahimin (932 – 937) ixtiyarında idi. Sonra isə Naxçıvan Salarilər dövlətinin tərkibinə daxil olmuşdur.[28] X əsrin sonlarından başlayaraq, Naxçıvan, təqribən bir əsr ərzində Azərbaycanın tarixində mühüm rol oynamış Rəvvadilər dövlətinin tərkibində idi.[29]

X əsrin sonundan XI əsrin 60 – cı illərinə kimi Naxçıvan Naxçıvanşahlıq adlı feodal dövlətinin paytaxtı olmuşdur. [30]Naxçıvanşahlıq mənbələrdə Əbudüləfilər və Düləfilər kimi bilinən ərəb mənşəli sülalə tərəfindən idarə olunmuşdur.

Səlcuq sultanı Alp Arslan (1063 – 1072) Azərbaycanın cənub vilayətlərində Rəvvadilər dövlətinin hakimiyyətinə son qoyduqdan sonra Naxçıvana da yiyələnmiş və burada özünə iqamətgah inşa etdirmişdi. Səlcuqluların Azərbaycan üzrə canişini Naxçıvanda əyləşirdi. [31]

Naxçıvan şəhəri XII əsrin 30 – cu illərindən 70 – ci illərin ortalarına kimi Azərbaycan Atabəylər dövlətinin paytaxtı olmuşdur.[32]

1221 – ci ildə Naxçıvan şəhəri monqollar tərəfindən dağıdıldı, əhalisi qarət və talan edildi. 1225 – ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Mənqburnı Naxçıvanı işğal etdi. Naxçıvanda onun əlehinə üsyan baş verdi. XIII əsrin 30 – cu illərində Naxçıvan Qızıl Ordanın tərkibinə daxil edildi. 1257 – ci ildə isə Hülakülər dövlətinin tərkibinə daxil oldu.[33]

XIII əsr mənbələrindən məlum olur ki, Elxanilər dövlətinin tərkibinə daxil olan Azərbaycan doqquz tümənə bölünmüşdü ki, onlardan da biri, Naxçıvan tüməni idi. Naxçıvan tüməni müasir Naxçıvan MR ərazisini, o cümlədən Naxçıvan şəhərini əhatə edirdi. Azərbaycanın 27 iri şəhərindən 5 – i – Naxçıvan, Ordubad, Azad, Əncan və Maku bu tüməndə yerləşirdi. [34]

1386 – cı ildə Naxçıvan Qızıl Orda hökmdarı Toxtamış tərəfindən tutulmuş və dağıntıya məruz qalmışdır.[35] 1387 – ci ildə isə Naxçıvanı Əmir Teymurun qoşunları ələ keçirmişdir. [36] Naxçıvan əhalisi Əlincə qalasında Teymur qoşunlarına 14 il (1387 – 1401) inadlı müqavimət göstərmişdir.[37]

Naxçıvan şəhəri 1412 – ci ildən Azərbaycanın türk mənşəli Qaraqoyunlu[38], 1468 – ci ildən isə Ağqoyunlu[39] dövlətlərinin tərkibində olmuşdur. XVI əsrdə isə Naxçıvan Səfəvilər dövlətinin tərkibində idi.[40] 1501 – ci ildə Naxçıvan ərazisində Səfəvilər və Ağqoyunlular arasında Şərur döyüşü baş vermişdi. Səfəvi qoşunları bu döyüşdə qalib gəldikdən sonra Naxçıvan şəhərini fəth etmişdilər.[41]

XVI – XVII əsrlərdə Səfəvi–Osmanlı müharibələri (1514, 1553, 1554, 1579, 1585, 1590, 1605, 1635) zamanı Naxçıvan şəhəri dəfələrlə əldən - ələ keçərək dağıdılmış, qarət edilmişdi. 1603 – cü ildə isə I Şah Abbas Naxçıvanı hakimiyyəti altına alıb hərbi düşərgəyə çevirmişdi. Şəhərin idarəsi Maqsud Sultan Kəngərliyə həvalə olundu.[42] 1605 – ci ildə Osmanlı qoşunları Naxçıvanı zəbt etdilər, Naxçıvan Osmanlı imperiyasının tərkibinə qatıldı. XVII əsrə aid bir salnaməyə görə Naxçıvanda bir bina da olsun salamat qalmamışdı.[43]

Yeni dövr

Naxçıvan XVII əsrin əvvəllərində Nadir şah Əfşarın qoşunları tərəfindən fəth edilmiş və Əfşarların hakimiyyəti altına keçmişdir. Nadir şah öldürüldükdən (1747) sonra kəngərli tayfa başçısı Heydərqulu xan Nadir şahın naibi Ağa Həsəni Naxçıvandan qovaraq özünü xan elan etdi və Naxçıvan xanlığının əsasını qoydu. Naxçıvan şəhəri xanlığın paytaxtı oldu.[44]

1828 – ci il Türkmənçay müqaviləsinə əsasən Naxçıvan Çar Rusiyasının tərkibinə qatılmışdı. [45] Naxçıvan Çar Rusiyasının tərkibinə qatıldıqdan sonra çar höküməti İrandan və Şərqi Anadoludan on minlərlə erməni ailəsini Naxçıvan xanlığı ərazisinə köçürmüş və Naxçıvanın demoqrafik quruluşu kəskin surətdə dəyişilmişdi.[46] Naxçıvan ərazisi də Azərbaycanda yaradılmış Erməni vilayətinin tərkibinə daxil oldu.[47]

1841 – ci ildə Naxçıvan qəza mərkəzinə çevirildi. Çarizmin 1870 – ci ildə həyata keçirilmiş şəhər islahatı Azərbaycanın digər şəhərləri kimi Naxçıvan şəhərinə də tətbiq olundu.[48]

1917 – ci ilin sonlarında ermənilərin Naxçıvana qarşı ərazi iddialarının daha da güclənməsi 1918 – ci ilin əvvəllərində real təhlükəyə çevirildi, nizami daşnak silahlı dəstələri türklərlə mübarizə adı altında Naxçıvanın bir çox kəndlərini dağıdaraq, dinc əhaliyə divan tutdu.[49]

Müasir dövr

Naxçıvan şəhərinin Çar Rusiyası dövründəki gerbi

1918 – ci il 26 – 28 may tarixlərində Gürcüstan, Azərbaycan və Ermənistan öz müstəqilliklərini elan etdikdən sonra Ermənistanın daşnak höküməti Naxçıvanı özünə ilhaq etmə siyasəti yeritməyə başladı. Yalnız türk əsgərlərinin bölgəyə göndərilməsi və yerli əhalinin fəal müqaviməti Naxçıvanın ermənilərin hakimiyyəti altına düşməsinin qarşısını aldı. Mudros barışığına (1918) əsasən, Türkiyə öz qoşunlarını Naxçıvandan çıxarmağa məcbur oldu.

1918 – ci ilin noyabrında bölgədə Araz-Türk Cümhuriyyəti yaradıldı. Lakin 1919 – cu ilin əvvəlində Naxçıvanı tutan ingilislər gənc respublikanı tanımadılar, xalqın rəyini soruşmadan Naxçıvan və Şərur bölgəsinin Ermənistan ərazisi olduğunu elan etdilər. Araz-Türk Respublikası süquta uğradı. 1919 – cu ilin iyulunda daşnaklar ingilislərin köməyi ilə Naxçıvanı tutdular. Çox keçmədən ingilislərin Naxçıvanı tərk etməsindən istifadə edən Naxçıvan Milli Komitəsinin hərbi dəstələri daşnakların nizami qoşununu Naxçıvandan qovdu.[50]

1920 – ci il aprelin 28 – də Bakıda, iyulun 28 – də Naxçıvanda sovet hakimiyyətinin elan edilməsi və Azərbaycan SSR – in yaradılması, Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana verilməsi və Naxçıvanın Azərbaycandan ayrı düşməsi, Naxçıvanın muxtariyyəti məsələsini gündəliyə gətirdi. 29 noyabr, 1920 – ci ildə Ermənistanda sovet hakimiyyəti elan edildikdən sonra Ermənistan SSR höküməti də Naxçıvanı özünə ilhaq etmək üçün dəfələrlə cəhdlər göstərdi. Lakin 1921 – ci ilin yanvarında Naxçıvan əhalisinin 90 faizi muxtariyyət statusunda Azərbaycan SSR - ə birləşməyə səs verdi.[51] Naxçıvan yeni yaradılan yeni yaradılan Naxçıvan SSR – in , Naxçıvanın muxtariyyət statusunu qəti müəyyənləşdirən Moskva və Qars müqavilələri imzalandıqdan (1921) sonra, 1924 – cü il 9 fevralda Naxçıvan MSSR təşkil edilərkən respublikanın paytaxtı oldu. [52]

Mədəniyyət

Memarlıq

Naxçıvan şəhəri antik və orta əsrlərdə istehkamlı müdafiə sisteminə və qiymətli memarlıq abidələrinə malik şəhər olmuşdur. Azərbaycan Atabəyləri dövlətinin paytaxtı olduqdan sonra Naxçıvan Azərbaycanın siyasi, iqtisadi, mədəni və sənətkarlq mərkəzinə çevirildi, möhtəşəm memarlıq abidələri və əzəmətli ansambllarla zənginləşən şəhərin ərazisi Araz çayına kimi genişləndi.[53]

Araz üzərindən salınmış körpü Naxçıvanın beynəlxalq ticarət yolları – Uzaq və Yaxın Şərq ölkələrini Avropa ilə birləşdirən Böyük İpək yolu ilə bağlayırdı. Memar Əcəmi Naxçıvaninin başçılığı ilə Mömünə Xatun türbəsinin yerləşdiyi ərazidə Atabəylər Memarlıq Kompleksi yaradılmışdı. Kompleksə Atabəylər sarayı, Cümə məscidi, mədrəsə, dövlətxana, Mömünə Xatun türbəsi, qoşa minarəli baştağ və sair abidələr daxil idi.[54]

Şəhərdə 3 – 4 mərtəbəli yaşayış evləri, əsilzadə sarayları, çoxlu məscid, dini ziyarətgahlar, zəngin tərtibatlı hamamlar və sair ictimai binalar olmuşdur ki, onların da bir qismi dövrümüzə çatmışdır. Naxçıvanın xatirə abidələrindən İmamzadə türbəsi, Yusif Küseyir oğlu türbəsi (1162), buzxana (XIV əsr) dövrümüzədək qalmışdır. Səfəvi–Osmanlı müharibələri dövründə dəfələrlə dağıdılmasına baxmayaraq, Naxçıvan XVIII əsrədək qiymətli memarlıq abidələri ilə zəngin idi. Türk tarixçi – səyyahı Övliya Çələbinin məlimatına görə, XVII əsrdə Naxçıvanda 10200 “örtülü böyük ev”, 40 məscid, 20 karvansara, 7 hamam və bazarlar olmuşdur.[55]

Son illər Naxçıvan şəhərindəki memarlıq abidələrinin bir qismi – Mömünə Xatun türbəsi, İmamzadə türbəsi, Zaviyyə məscidi, Cümə məscidi, İsmayıl xan hamamları (XVIII – XIX əsrlərə aid iki hamam), Naxçıvan xan sarayı və onlarla tarixi binalar bərpa edilərək əvvəlki görkəminə qaytarılmışdır. Naxçıvan şəhəri baş plana əsasən genişləndirilmiş, boş sahələrdə yeni yaşayış massivləri salınmış və yenidənqurma işləri aparılmışdır.

Muzey və Qalereyalar

Naxçıvan şəhəri Naxçıvan Muxtar Respublikasının siyasi mərkəzi olmaqla yanaşı, eyni zamanda həm də mədəni mərkəzidir. Ümumilikdə şəhərdə 21 muzey və muzeytipli müəssisə, 1 muzey filialı fəaliyyət göstərir. [56]

Şəhərdə yerləşən C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Ədəbiyyat Muzeyi, Naxçıvan Dövlət Tarix Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, Hüseyin Cavidin ev muzeyi, C. Məmmədquluzadənin ev muzeyi, C. Naxçıvanskinin ev muzeyi, Bəhruz Kəngərlinin ev muzeyi, H. Əliyevin ev muzeyi və son dövrlərdə yaradılmış Açıq Səma Altında Muzey maraqlı eksponatları ilə diqqət mərkəzindədir.

Naxçıvan şəhərində yerləşən üç tarixi memarlıq abidəsi də muzey kimi fəaliyyət göstərməkdədir. Bunlardan biri, XII əsrdə Əcəmi Naxçıvaninin inşa etdiyi Mömünə Xatun türbəsidir. Türbə Azərbaycan Atabəyləri dövlətinin hökmdarı, Məhəmməd Cahan Pəhləvanın sifarişi ilə inşa edilmişdir. Digəri isə eyni memar tərəfindən 1162 - ci ildə inşası tamamlanmış Yusif Küseyir oğlu türbəsidir. Üçüncü abidə isə Hüseyn Cavidin məzarı üstündə ucaldılmış Hüseyn Cavid türbəsidir.

Hüseyn Cavidin ev muzeyi

Naxçıvan Dövlət Xalça Muzeyi (Naxçıvan xan sarayının binasında)

Açıq Səma Altında Muzey

Mətbəx
Əsas məqalə: Azərbaycan mətbəxi

Naxçıvan mətbəxi, bir çox özünəməxsus xüsusiyyətlərə malikdir. Naxçıvan mətbəxində parça bozbaş, küftə bozbaş, çölmək pitisi, bozartma, çığırtma, dolma, kabab, xaş, əriştə, umac və s. geniş rast gəlinir. Burada yeməklərin şahı plov hesab edilir.[57]

İqlim

Köppen iqlim klassifikasiyasına görə, Naxçıvan şəhəri kontinental, yarımsəhra iqliminə malikdir. Burada qış qısa, soyuq və qarlı, yay uzun, quru və çox isti keçir.Naxçıvanın iqlimi
GöstəriciYanFevMarAprMayİynİylAvqSenOktNoyDek
Mütləq maksimum, °CC = 0,8C = 4,0C = 12,3C = 20,1C = 24,7C = 29,5C = 34,7C = 33,7C = 30,1C = 21,9C = 12,6C = 5,1
Orta temperatur, °CC = -4,0C = -0,5C = 5,4C = 12,4C = 17,5C = 22,4C = 26,9C = 26,2C = 21,9C = 14,1C = 6,5C = 0,9
Mütləq minimum, °CC = -6,8C = -4,3C = 1,0C = 7,4C = 11,5C = 15,9C = 20,0C = 18,7C = 14,7C = 8,2C = 2,3C = -2,5
Yağıntı norması, mmmm = 19mm = 18mm = 29mm = 38mm = 36mm = 30mm = 17mm = 8mm = 11mm = 26mm = 20mm = 15
Mənbə: Hong Kong Observatoriyası[58]


İnzibati idarəetmə

Respublika tabeli şəhər olan Naxçıvanda iki bələdiyyə fəaliyyət göstərir.#Bələdiyyələrin adıHər bələdiyyə üzrə əhalinin sayı
1Naxçıvan şəhər bələdiyyəsi66915
2Əliabad qəsəbə bələdiyyəsi2468
3Cəmi69383


Əhalisi
Naxçıvan çəhəri əhalisinin milli tərkibiEtnik qrup1829 sa.1897 sa.[59]1926 sa.[60]1939 sa.[61]
cəmi5 4708 79010 29615 694
azərbaycanlı3 6246 1617 56711 901
erməni1 8252 2631 0652 033
rus...2161 3761 420[62]
gürcü17242419
kürd...2632
digər4124258289


Nəqliyyat

Şəhərdə 2004-cü ildən Naxçıvan Beynəlxalq Hava Limanı fəaliyyət göstərir. Hava limanından Azərbaycanın Gəncə və Bakı şəhərlərinə, Türkiyənin İstanbul şəhərinə və eləcə də əksinə marşrutlar vardır. Həmçinin Avqust 2012-ci ildən etibarən Naxçıvan- Zaqatala marşrutu üzrə yeni reys həyata keçirilir.

Muxtar respublikada dəmir yolu nəqliyyatı mühüm əhəmiyyət kəsb edir. Araz çayı boyunca Bakı-İrəvan dəmir yolu xəttinin 190 kilometrə qədəri muxtar respublika ərazisindən keçir. Bu dəmir yolu xəttinin Culfadan keçən hissəsindən Təbriz şəhəri istiqamətində qol ayrılır. Hal-hazırda, Naxçıvan-Ordubad və Naxçıvan-Şərur istiqamətində daxili sərnişin daşıma xidməti göstərilir. Bundan başqa Naxçıvan-Təbriz və əks istiqamətdə sərnişin və yük qatarlarlarının hərəkəti üçün İran İslam Respublikası ilə müqavilə bağlanmışdır.[63]

Elm və təhsil

Orta əsrlərdə şərqin mühüm şəhərlərində olduğu kimi Naxçıvanda da məktəb və mədrəsələr mövcud idi. XIX əsrin I yarısında Naxçıvanda mədrəsə ilə yanaşı, ibtidau rus məktəbləri də açıldı. 15 mart, 1837 – ci ildə Naxçıvanda ilk qəza məktəbi fəaliyyətə başladı. Burada şəriət, rus dili, coğrafiya, tarix, rəsm, hesab və sair fənnlər tədris olunurdu. M. T. Sidqi Naxçıvanda “Tərbiyyə” (“Məktəbi-tərbiyyə”) məktəbini təsis etmişdi. Məktəbdə dövrün qabaqcıl ziyalıları dərs deyirdi.

Naxçıvan, MR – in paytaxtı kimi Azərbaycanın mühüm maarif, elm və mədəniyyət mərkəzlərindən birinə çevirilmişdir. Ümumtəhsil məktəbləri, uşaq bağçaları, məktəbdənkənar uşaq tərbiyyə müəsissələri, musiqi məktəbləri tikilib istifadəyə verilmişdir. Şəhərdə şahmat məktəbi, “Dinamo” cəmiyyətinin idman kompleksi və stadionu, Olimpiya idman kompleksi fəaliyyət göstərir. Ümumilikdə Naxçıvanda 14 daimi məktəbəqədər müəsissə, 15 ümumtəhsil məktəbi, 3 ali məktəb, 4 orta ixtisas məktəbi, eyni zamanda, C. Naxçıvanski adına Hərbi litseyin filialı, İncəsənət Kolleci var.

Şəhərdə, AMEA – nın elmi mərkəzi, Respublika Dövlət Elm və Texnika Komitəsinin Naxçıvan elm və texnika mərkəzi, klub və kitabxanalar, 3 teatr (C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Kukla teatrı və H. Cavid poeziya teatrı), Filarmoniya fəaliyyət göstərir.

Naxçıvan MR Ali Məclisinin və Nazirlər kabinetinin orqanı “Şərq Qapısı” (1921 – ci ildən), Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanı “Nuh Yurdu” (1996 – cı ildən) qəzetləri nəşr edilir, Naxçıvan Şəhər Poliqrafiya Müəsissəsi (1997 – ci ildən “Əcəmi” Nəşriyyat – Poliqrafiya Birliyi) var. Naxçıvanda radio verilişləri 1926 – cı ildən, yerli radio verilişləri isə 1930 – cu ildən başlamışdır, 1963 – cü ildən televiziya mərkəzi işə salınmışdır.

İdman

Futbol və Futzal Naxçıvanda ən məşhur idamn növləridir. şəhərin Araz futzal klubu, Avropanın ən güclü futzal klublarından biri olmaqla, dəfələrlə UEFA Futzal Kuboku uğrunda uğurlu mübarizə aparmışdır. [64][65][66]

Tanınmış şəxsləri
Həsən Abdullayev - Azərbaycanın görkəmli fiziki, Sovet hakimiyyəti dövründə yarımkeçiriciləri ilk tədqiq edənlərdən biri, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycan EA-nın həqiqi üzvü, 1970-1983-cü illərdə Azərbaycan EA-nın prezidenti.
Zaxariy Əylisli (Aqulisli) - XVII əsr erməni tarixçisi.
Əmiraslan Əliyev - Azərbaycanın Milli Qəhrəmanı.
Heydər Əliyev - Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının üçüncü Prezidenti.
Əcəmi Naxçıvani - XIII əsr Azərbaycan memarı.
Hinduşah Naxçıvani - XIII əsr Azərbaycan tarixçisi, dilçi alim, filosof, ədib, mütərcim, şair, katib, dövlət xadimi.
Məhəmməd Naxçıvani - XIII əsr Azərbaycan tarixçisi, dilçi alim, filosof, ədib, mütərcim, şair, katib, dövlət xadimi.
Əhməd Naxçıvani - Orta əsrlər Azərbaycan memarı.
Nəcməddin Naxçıvani - XIII əsr Azərbaycan filosofu.
Nemətullah Naxçıvani - XVI əsr Azərbaycan filosofu.
Bəhruz Kəngərli - Azərbaycan rəssamı.
Hüseyn Cavid - Azərbaycan şairi, yazıçı və dramaturq.
Akop Davtyan - erməni-sovet diplomatı.
Həmid Qasımbəyov- hərbçi, vitse-admiral.
Məmməd Araz - şair, tərcüməçi, publisist, 1957-ci ildən AYİ-nın üzvü, Əməkdar mədəniyyət işçisi (1978), Əməkdar incəsənət xadimi (1984), Azərbaycan Dövlət mükafatı laureatı (1988), Azərbaycanın xalq şairi (1991[67])
Cəlil Məmmədquluzadə - yazıçı, dramaturq, jurnalist, ictimai xadim.
Ruben Orbeli - erməni mənşəli sovet professoru, arxeoloq, SSRİ-də əsas sualtı arxeoloqlardan biri.


Tarix: 17.03.2013 / 13:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1269 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...