Artıq çox qocalmışdı. Səhhəti də yaman
pozulmuşdu.Qabırğası yaman ağradırdı. O
uzanmış, gözünü bir nöqtəyə zilləmişdi. Düşünür ,
ele hey düşünürdü. Bu yaşa gəlmiş , amma necə
gəlmiş, nə vaxt gəlmiş, bu zaman necə belə sürətlə
ötüb keçmiş, heç hiss etməmişdi. Artıq ona ölümünü
gözləmək qalmışdı. Əslində, o hələ də yaşamaq
istəyirdi, ölümə hazır deyildi. Ona elə gəlirdi ki, 75
il deyil 12 il yaşamış, geri dönüb arxaya baxanda
yadına çox az şeylər gəlirdi, onları toplayıb bir
araya gətirəndə , yadında olduğu günləri
toplayanda heç 5 il də eləmirdi. Yoxsa , mənasız bir
ömürmü sürmüşdü? Hər halda, bunları düşümək
heç bir şey vermirdi ona, növbəti faydasız saatlar
demək idi.İndi ona fərq etmirdi mənasızdı , ya
mənalı .yaşadıqları ona əziyyət verirdi. Dörd oğul,
üç qız övladı böyütmüşdü. Qızlarından biri 16 yaşı
olmamış vəfat etmişdi. Ceri- cehizini təzə toplamışdı.
Amma qısmət olmadı. O dövrdə olmazın acılarını
çəkmişdi. Digər iki qızı isə biri Rusiyada yaşamış
(ailə qurduqdan sonra oraya yoldaşı ilə getmiş və
daha Azərbaycana dönməmişdi), biri isə Zaqulbada
yaşayırdı. Arada gəlib ona baş çəkirdi. Aralarındakı
məsafə elə də uzaq deyildi. Oğlanları isə , böyük
oğlu İqbal , Namiq, Babək və Sadiq - hər biri ailə
sahibi idilər . Onu nəticə sahibi də etmişdilər. Amma
nə olsun, nəticə və nəvələri bir yana, nə oğlanları ,
nə qızları ona nəyinki baş çəkmir , heç telefonla da
əlaqə saxlamırdılar. Onu soruşan onunla
maraqlanan yox idi. O tək idi, yalnız idi. Özünü
günahlandırırdı. Yəqin düzgün tərbiyə edə
bilməmiş, valideyn haqqı , övlad haqqını onlara
aşıra bilməmişdi. Elə deyilsə, bəs necədi?
Kiçik övladı Sadiq ilə yaşayırdı. Oğlu
laqeyd idi .Belə baxanda da ki, övladlarının hamısı
laqeyd idilər. Qızı Məryəm Ruiyada artıq 30 ildir ki,
yaşayır . Bu 30 ildə bir dəfə telefon zəngi də
etməmişdi. Heç bilirmi ki, o , ölüb , ya qalıb?
Sadiqin yoldaşı ilə də münasibəti elə ürək
açan deyildi. Gəlini ona cavab qaytarar, bir stəkan
çay qoymazdı qarşısına. Hamı da onları
qınayardı :” Bir arvada baxa bilmirsiniz” –
deyirdilər. Ən çox dllənən də böyük oğlu idi. Axırda
da ki, oğlu bezib onu elə böyük oğlu İqbalın evinə
gətirmişdi. “ Mən baxa bilmirəm , sən bax, sənin də
anandı” – demişdi. Diğər oğlu Namiq gələrdi,
hamıya ağıl öyrədərdi, anasından da 10 man. 20
man alıb çıxıb gedərdi. Guya neytraldı, amma öz
xeyrini güdürdü ancaq. “Ay ana. Sənə baxardım,
amma bilirsən də evdə ailəm də böyükdü, oğlum,
gəlinim bizlə qalır,nəvələr səs – küy salır, sənə
yaramaz bizdə, hələ bir qızlarım da ara bir gəlir ,
qalırlar , evimiz olur dəlixana , sən dözə bilməzsən ,
yenə İqbalın oğlanları ayrı qalırlar , bir özüvüzsüz
də . nolacaq, mən oğul , o oğul fərqi nədir...? Maa
pensiyavı almamısan? Əlimdə pul yoxdur. Sən canı
borc eee... bir 10 manat , çox lazım deyil “ . Böyük
gəlin də fısıldaya – fısıldaya bu tərəfə keçir :” Buna
bax, üz var ee bunlarda, atıblar üstümə, hələ gəlib
bir soyurlar da. Qoyun pul özünə, dava –
dərmanına qismət olsun da. Gərək mənim cibimdən
çıxsın? İmkan vermirlər yaşayasan”.
Qarı bütün bunları görürdü , duyurdu ,
amma nə olsun, reallıq bu idi. O heç kimə lazım
deyildi. Gəlini ona daralırdı , onun varlığı onlara
yük idi. Əcəl də gəlmirdi ki, camaatın canı qurtara,
özünün də.
Axşam oğlu işdən gələn kimi, gəlin qaş-
qabaqla o tərəfə keçir bu tərəfə. “Ay arvad, bir
zəhər gətir zəhərlənək, sonra de dərdin nədi” – oğlu
əsəbiləşərdi, “ Yaxşı hambal tapdınız da özüvüzə,
canım çıxsa da , deyəssiniz ki, dur çay – çörək ver
sonra ölərsən”- deyə gəlini ərinə cavab qaytarardı.
Aman Allah, bütün bunlar onun gözü
qarşısında baş verirdi, onun qulaqları bunları
eşidirdi. Təzə -təzə özünə gəlirdi :” Yox, böyük
oğlum elə deyil, o , naxələf çıxmadı” – deyə, yeni –
yeni üzü gülürdü “O , mənə sahib durdu, İqbalım
başqadı “. Amma yox , gəlin narazı qalmışdı. Düzdü
paltarını yuyur, yeməyini verir, həkimə aparmış,
onu ayağa qaldırmışdılar. Artıq iki ay idi onlarla
yaşayırdı. Görünür , gəlinin səbri tükənirdi. Açıq –
açıq bildirirdi ki, daha dözə bilmir.
Babək isə nə ət, nə balıq idi. Bütün baş
verənlərin xaricində idi. Nə danışır , nə dinir . elə
bil bunlar qonşunun anasının başına gəlmişdi.
Bilmək olmurdu ki, nə fikirləşir.
Sadiq isə, bu iki ay ərzində anası ilə
maraqlanmırdı. Hər gün evə içkili gəlir, yatır ,
səhər də durub heç bilən yox idi hara gedir.
Bütün bunları xatırlayır. Elə bil ürəyini
deşirdilər. Böyük oğlu işlə əlaqədar Gəncəyə getməli
olur: Oğlanları da orada yaşayırdılar.” Ana, səni
aparım bacımgilə, uzaq yola çıxmaq olmaz sənə,
yoxsa aparardım. Gedim gəlim bir on günlük işim
var orda. Gəlib aparacam səni”. O gedən olmuşdu.
Artıq ay yarım idi gəlmirdi. Heç zəng də eləmirdi.
Arada gəlib evinə baş çəkir, yenə Gəncəyə qayıdırdı.
Evinə baş çəkəndə , ona dəymirdi.Qızı :” Ana ,
İqbala zəng eləmişdim, dedi gəlin xəstələnib, sistem
qoyurlar, bir az qalacaqlar oğlugildə, nə bilim elə
dedi” . Sonra səs – soraq gəlmədi. Məsələ aydın idi.
İqbal da Sadiqin etdiyini etmişdi. Sadəcə bir az
yumşaq formada. Sadiq İqbalın üstünə, İqbal da
qızının üstünə atmışdı onu. İndi də dalınca gələn
yox idi. Qarı özünə yazığı gəldi. Ağlamğa başladı .
Qəhər onu boğurdu. Heç əcəl də gəlmir, ona da
lazım deyil. Axı niyə hamı ondan bezib?
Səhər düşündü- daşındı qızına dedi:” Nə
qədər kürəkən qapısında yaşamaq olar? Mən
getməliyəm. Gedim Sadiqin yanına , necə olsa ər
evimdi- öz ayrı otağıma , heç onlarla üz –üzə
gəlmərəm. Heç biri ilə danışmayacam. Tək
yaşayacam. Öz otağım , öz televizorum, öz
yeməyim, öz içməyim. Heç birinizə əziyyətim
dəyməsin”.
Indi də dediyi kimi, tək idi, tək yaşayırdı.
O , təkliyə məhkum idi. Heç kim, heç bir övladı onu
dayandırmadı, o təkliyi seçəndə heç biri dillənmədi.
Bu taleyin hökmü idimi, onun səhvi idimi...
bilmirdi. Gözlərini boşluqdan çəkdi. Pəncərəyə
yaxınlaşdı. Artıq yaz gəlirdi. Novruz yaxınlaşırdı. O
soyuq , sərt fevral çıxmışdı. Amma onun taleyində
hələ də fevral ayı idi. Günəş onu isitmirdi. Bahar
onun qapısını döymürdü. əslində onu sıxan təkliyi
deyildi. Övladlarının onu atması idi. Atılmaq ,
unudulmaq, hər kəsə yük olmaq... bax bunlar
dəhşət idi. Bir vaxtlar cavan idi. Canı sulu idi. O .
hər kəsə lazım idi. O bişirməsə, yedirməsə ailəsi ac
qalırdı, o yumasa , yığışdırmasa aləm dəyirdi bir –
birinə, övladlarını oxşamasa, sevməsə kim öpərdi,
əzizlərdi onları ... heç kim... Bəs niyə indi o
lazımsız, köhnə mebel kimidir?
Övladlarını böyütdü, evləndirdi, qızlarını
köçürdü... necə xoşbəxt idi onda. Hələ onlar
doğulanda , ilk ana hisləri , necə də gözəl idi o
duyğular. Indi isə hər şey məhv olub. O günlərini
xatırlayanda sanki başqasını anırdı, başqa qadını.
Sonra da nəvələri doğulanda, həyatın dadını hiss
edirdi o anda. Nəvələri “Nənə” –deyib üstünə
cumanda , Ay Allah , necə də şirindi o günlər.
Amma indi hər şey bitdi. Nə bitdi? O günlərmi? O ,
yoxsa ömür? Yox ömür bitmədi, bitsəydi o , ölməli
idi. Bəs niyə ölmür? Bu günləri yaşamaq üçünmü
ölmür? O günləri yana –yana xatırlayıb sızlamaq
üçünmü ? Niyə? Yaşadığın hər gündə, hər anda bir
hikmət var... Bəs burda nə hikmət var? Lazımlıdan
lazımsıza çevrilməkdə nə hikmət ola bilər?
Gözlərini yumdu. Üzü bütün qırışmışdı.
Əllərində nəsə quruluq hiss etdi, onlara baxdı. Bu
əllərlə nəvələrini bələyirdi. Gəlin doğuşdan sonra
naxoşlamışdı, o da sevə -sevə gedib ona kömək
edərdi. Namiqin balalarını çox istəyirdi. Onları
yadına salanda üzünə təbəssüm qondu. Heç nə
olmaz. Təklik də pis deyil, darıxdırıcıdır, amma əsas
o, kimisə darıxdırmasın. Otağına göz gəzdirdi ,
köhnə mebellərinə baxdı. Bayaq o da özünü köhnə
mebelə bənzətmişdi. Onun cavanlığını xatırladan,
xoşbəxt günlərinin yadiğarı – köhnə mebellər. Yox
o, onları atmayacaq. Indi ona əziz olan, yaxın olan
məhz bu köhnə taxta parçalarıdır. Onu təkliyindən
xilas edən bu mebellərdir. Onlarla hələ çox
danışacaq, birgə xatırlayacaq, birgə dərdləşəcək...
söhbətləşəcəkdi...
Bunları düşünə -düşünə bayaqdan
qarşısında dayandığı pəncərəni açdı. Həyat davam
edirdi. Ağaclar tumurcuqlayırdı. Yaz nəfəsi
duyulurdu. Uşaqlar həyətdə oynayır... kimlərsə işə
tələsir...hər şey öz axarında idi.
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 212 Bölmə: Sevgi varmı?