Müsafirlik və oruc.
1,Sual: Səfərdə olan adamın orucunu açması üçün, həmin səfərin çətin olub olmaması şərtdirmi? Müsafirin oruc tutması yaxşıdır yoxsa iftar etməsi?
Cavab: Səfərin çətin və ya rahat olmasından asılı olmayaraq müsafir orucunu aça bilər. Səfərin maşın, təyyarə və ya piyada olmasının heç bir təsiri də yoxdur. Çünki şəriət müsafirə səfərdə olarkən orucunu açmağa icazə vermiş və onun üçün heç bir şərt kəsməmişdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) və onun səhabələri səfərdə olarkən bəziləri oruc tutar digərləri isə iftar edərdilər. Lakin heç kəs buna görə bir-birinə irad tutmazdı. Onlar səfər zamanı çətinliyə düşəndə isə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) oruclarını açmağı tövsiyə edərdi.
(Daimi elmi araşdırmalar mərkəzi).
Iftarın səbəbi bitdikdə nə etmək.
2.Sual: Mən müsafir idim və bu müddətdə oruc tutmurdum. Səfərimin sonuncu günü evimə gəldikdə artıq əsr namazının vaxtı idi. Belə halda mən yemək içməkdən imtina etməliyəm, yoxsa yeyib içə bilərəm?
Cavab: Bəli, iftar etmək səbəbi bitdikdə, artıq yemək içməkdən imtina etmək lazımdır. Əgər səfər gündüz vaxtı qurtarıbsa, günün qalan hissəsində iftara qədər yemək içməkdən imtina etmək lazımdır. Çünki Allah təalə səfərdə olan müddətdə yeməyə icazə vermişdir. Amma artıq səfər bitmişdir. Həmçinin xəstə adam da belədir. Əgər onun xəstəliyi gündüz bitərsə onda günün qalan hissəsini yemək içməkdən imtina etməlidir. Təbii ki, sonra həmin bu günün qəzasını etmək lazımdır.
Orucun qəza edilməsi.
3.Sual: Xəstəlik sağaldıqdan sonra orucu qəza etmək lazımdırmı?
Cavab: Əgər xəstəlik sağalmışdırsa onda bütün qalan orucları qəza etmək lazımdır. Yox əgər xəstəlik daimidirsə və həkimlərin dediyinə əsasən bu xəstəliyin sağalma ümidi yoxdursa, yaxud adam həddindən artıq qocadırsa və oruc tutmaqda çətinlik çəkirsə onda iftar etdiyi hər günün əvəzinə bir nəfər kasıbı yedizdirməlidir və belə halda orucunun qəzası yoxdur.
(Daimi elmi araşdırmalar mərkəzi).
Ramazan orucunu qəsdən tərk etmək.
4.Sual: Islamın bütün əsaslarını yerinə yetirən lakin illər boyu səbəbsiz yerə oruc tutmayan müsəlmanın hökmü nədir?
Cavab: Ramazan ayını oruc tutmaq islamın əsaslarından biridir. Həddi buluğa çatmış insanın orucu bilərəkdən tərk etməsi ən böyük günahlardandır. Ona görə də o tövbə etməli və çoxlu yaxşı əməllər, nafilələr etməlidir. Həmçinin dinin digər əsaslarına: namaz, zəkat, həcc və s. - xüsusi diqqət yetirməlidir. Amma həmin adam keçən oruclarını qəza etmir. Çünki belə günahı qəza etmək əvəz edə bilməz. Günahı qəzadan çox yuxarıdadır.
(Daimi elmi araşdırmalar mərkəzi).
Təravih və ya gecə namazları.
5.sual:Təravih və küsuf namazlarında Quranı əzbər deyil, kitaba baxaraq oxumaq olarmı?
Cavab: Ramazan ayında qılınan təravih və gecə namazlarında Qurana baxıb oxumaq olar. Çünki belə etməklə bütün Quranı möminlərə eşitdirmək mümkündür. Şəriət dəlillərində namaz vaxtı Quranın oxunması təkidlə qeyd edilir. Lakin bu dəlillər kitabdan deyil əzbərdən oxumağa aiddir. Amma rəvayətlərin birində deyilir ki, Aişə (Allah ondan razı olsun) öz köləsi Zəkvana Ramazan ayında gecə namazlarında onun üçün imam dayanmasını əmr etdi. Zəkvan isə əzbər deyil kitabdan oxuyurdu. Bu rəvayəti Buxari müəlləq olaraq rəvayət etmişdir.
Gecə namazları iki-iki qılınır.
6.Sual: Bəzi məscid imamları təravih namazlarını bir salamla dörd-dörd və ya daha çox qılırlar. Həmçinin ikinci rükətdən sonra da təşəhhüdə oturmurlar. Bununla belə bu əməlin sünnəyə uyğun olmasını iddia edirlər. Bu nə dərəcədə doğrudur?
Cavab: Bu əməl düzgün deyildir. Bir çox alimlər belə etməyin məkruh və ya haram olmasını deyirlər. Çünki Ibn Ömərin (Allah ondan razı olsun) Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) rəvayət etdiyi hədisdə buyurulur ki: "Gecə namazları iki-iki qılınır" (Buxari və Müslimin rəvayətidir). Aişə (Allah ondan razı olsun) isə deyir ki, "Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) gecə vaxtı on bir rükət namaz qılardı. Hər iki rükətdən sonra salam verər və sonda bir rükət vitr qılardı" (Buxari və Müslimin rəvayətidir). Bu mənada olan hədislər həddindən artıq çoxdur. Aişənin (Allah ondan razı olsun) digər rəvayətində deyilir: "Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) gecə dörd rükət namaz qılardı. Qıldığı namazların uzunluğu və gözəlliyi haqda soruşmağına dəyməz! Sonra yenə dörd rükət qılardı. Qıldığı namazların uzunluğu və gözəlliyi haqda soruşmağına dəyməz!..." (Buxari və Müslimin rəvayətidir). Hədisdə məqsəd ardıcıl bir salamla dörd rükət qılmaq deyil, iki qılıb salam verdikdən sonra iki qılmaqdır. Çünki əvvəldə dediyimiz hədisində bunu açıqlamışdır. Həmçinin, "Gecə namazları iki iki qılınır" sözü də bunu təsdiqləyir və açıqlayır. Ona görə də bütün hədisləri qəbul etmək və ümumi hədisləri təfsilatlı hədislərlə açıqlamaq lazımdır.
Təravih namazı.
7.Sual: Təravih namazı sadəcə sünnətdir yoxsa təkid edilmiş sünnətdir? Bu namaz necə qılınır?
Cavab: Təravih namazı təkid edilmiş sünnətlərdəndir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bu namazı qılmağa təşviq edərək buyurmuşdur: "Kim, Ramazan ayını iman və ihtisabla (savab qazanmaq üçün) ibadət edərsə onun keçmiş günahları bağışlanar...". Səhih hədislərdə deyilir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bir neçə gün ardıcıl olaraq səhabələri ilə təravih namazını qılmışdır. Sonra onun fərz olunmasından ehtiyat edərək təravih namazını hər kəsin ayrıca qılmasını tövsiyə etmişdir. Səhabələr də Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) buyurduğuna əsasən bəziləri tək, bəziləri iki və ya üç nəfər birlikdə qılardılar. Sonra Ömər (Allah ondan razı olsun) öz xilafəti dövründə təravih namazının bir imamın arxasında qılınmasını əmr etdi. Çünki bu namazda camaat toplanır və Quranı dinləyirlər. Elə o gündən bu günə qədər müsəlmanlar bu əməli davam etdirməkdədirlər.
O zamanlar təravih namazlarını iyirmi üç rükət qılardılar. Namazın daxilində Quranı çox oxuyardılar. Məsələn, Bəqərə surəsini on iki və ya səkkiz rükətdə oxuyardılar. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) təravih namazı üçün müəyyən say təyin etmədiyi üçün məsələ genişdir. Istəsə rükətləri azaldar Quran oxunuşunu çox edər, yaxud rükətləri çox edər Quran oxumağı isə azaldar.
Tarix: 05.05.2013 / 14:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 398 Bölmə: Ramazan