Hörmətli müsəlmanlar, əminəm ki, Allaha təslim olub, iman edənlər məni təsdiq edərlər ki, biz çox hallarda bəzi məclislərdə oturanda bizə sıxıntı gəlir. Bu məclislər içki məclisləri, siqaret çəkilən yerlər, Allahın zikr olunmadığı yerlər, nərd, damino, şahmat və s. kimi boş vaxt keçirilən yerlərdir ki, bu yerlərdə olduğumuz zaman bizə böyük sıxıntı və darıxma gəlir.
Əslində bu cür yerlərin xoşa gəlməyən yerlər olmasını bilməyimiz uca Allahın bizə olan ən böyük nemətlərindən biridir. Çünki çoxlu insanlar ömürlərini bu cür yerlərdə zay edirlər. Ancaq onlar ya bilərəkdən, ya da bilməyərəkdən bu cür yerlərdə olmaqla özlərinin vaxtlarını səmərəli hesab edirlər. İnanın bu cür yerlərdə ancaq və ancaq qəlbində imanı olanlar sıxıntı çəkirlər. Allaha həmd olsun ki, bu cür yerlərdə oturmağı möminlərə qadağan edir, uca Allahdan bizim də bu cür batil və faydasız yerlərdən uzaq qalmağımızda bizə kömək etməsini istəyirik.
Xatırladırıq ki, artıq Ramazan ayı yaxınlaşır. Bu cür yerlərə adət edənlər artıq qəflət yuxusundan ayılmalı və vaxtlarını Ramazana hazırlaşmaqla keçirməlidirlər. Bunun üçün ilk əvvəl çətin gələ bilər. Amma tədricən özünü mülaicə etmək üçün faydalı səsli dərsləri, səsli Quranı və tərcüməsini dinləməklə və bu cür yerlərdə çox oturansansa bundan sonra Ramazan ayına doğru bu cür yerləri tərk etməyə çalışmaq lazımdır. Çünki artıq bu ay böyük bir fürsət ayıdır ki, sənə verilir, bu ayın qədrini bil. Bu aya səninlə yaşayanların çoxu çata bilmədi.
Bu vaxtlar həmdə Ramazan ayına yaxınlaşdığımız üçün islamdan, şəriətədən, dindən həm bilənlərin, həm də bilməyənlərin danışmağa başladığı vaxtlardan biridir. Allah təala buyurur:
“(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qular, göz və ürək–bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır” (əl-İsra (gecə vaxtı seyr) və ya Bəni–İsrail (İsrail oğulları) surəsi, 36).
Allah təala bu ayədə hər bir insana bilmədiyini danışmamağı qadağan edir. Yəni Allah təala bu ayədə hər bir eşidən insana bilmədiyi məsələlərdən danışmamağı əmr edir. Əgər bilmirsənsə danışma. Əgər hər hansısa bir məsələdə elmin, məlumatın yoxdursa o məsələ barəsində danışma.
Bu ayədə deyilən qulaqdan ona görə sorğu-sual olunacaq ki, qulağın eşitdiyi hər bir sözü dərhal danışmamalısan. Mən filan şeyi gördüm, filan şeyi eşitdim, filan şeyi hiss etdim deyərək dəqiq bilmədiyin həmin məsələləri danışma. Əgər sən nəsə görmüsənsə hələ o gördüyün məsələ barəsində araşdırma aparmamış, dəqiq məlumat əldə etməmiş, açıq aşkar məsələdən xəbərdar olmamış həmin məsələ barəsində dərhal danışma. Çünki heç də sən gördüyün və hiss etdiyin həmin məsələ doğru olmaya bilər. Sonra sən doğru olmayan bir məsələni danışdığına görə həm gözün sorğu-suala çəkilər, həm qulağın, həm də dilin. Məsələn bu hadisə hamımızın başına gəlir. Birdən görə bilərik ki, kimsə tanıdığımız bir müsəlman kişi naməhrəm qadının yanından tək halda çıxdı. Hələ bunu görən kimi dərhal qəlbimizlə pis zənnə qapılmamalıyıq. Çünki biz hələ bilmirik ki, hansı böyük zərurətdən məhz gördüyümüz müsəlman bir kişi naməhrəmin yanından çıxır. Buna aid çox misallar vermək olar. Məsələn sən özünə hörmət bəslədiyin bir şəxsə zəng edirsən. Həmin şəxs telefona cavab verə bilmir. Dərhal sən heç bir elmin və məlumatın olmadığı halda onun haqqında pis zənnə qapılmağa başlayırsan. Nəticədə elmin və məlumatın olmayan bir məsələyə girirsən və bununla da sorğu-sual olunacaqsan. O qədər belə xətalar edirik ki, sayı-hesabı yoxdur. Allah bizə rəhm etsin. Amin!
Allaha inanmaqda, etiqad etməkdə də belə ol. Açıq aşkar bilmədiyin, dəqiq məlumatın olmadığı halda etiqad etmə. Buna görə də Allaha aid elmini artır ki, inancın dəqiq olsun. Allaha şəkk-şübhə ilə inanmaq və şəkk-şübhə ilə ibadət etmək olmaz. Əgər belə etsən onda gözün, qulağın, qəlbin hamısı sorğu-sual olunacaq.
Artıq gözünü aç, qəlbini aç, qulağını aç. Dərk et ki, səni yaradan var. Bunu dəqiqləşdir. Bunun üçün özün haqqında düşün, göyün-yerin yaranması haqqında düşün. Aləmlərin Rəbbinə iman edib, xeyir əməllərə müvəffəq ol! Allaha tərəf addım at.
Tarix: 04.05.2013 / 18:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 273 Bölmə: Ramazan