Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oxçuoğlu

Tarixi
Oxçuoğlu - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 18 km cənubda, Qərbi Arpaçayın sağ sahilində, Gümrü şəhərindən 10 km şimal-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndin sakinlərinin qarapapaqlar olduğu göstərilir və qarapapaqlar müstəqil xalq kimi qeyd edilir. Əslində qarapapaqlar müstəqil xalq yox, azərbaycanlıların etnoqrafik qrapu, türk tayfalarından biridir.

Kənddə 1886-cı ildə 551 nəfər, 1897-ci ildə 747 nəfər, 1908-ci ildə 935 nəfər, 1914-cü ildə 980 nəfər azərbaycanlı yaşamışdır. 1916-cı ildə azərbaycanlılar öz doğma kəndlərindən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlıların sağ qalanları doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə kənddə 453 nəfər, 1926-cı ildə 704 nəfər, 1931-ci ildə 893 nəfər, 1970-ci ildə 1412 nəfər, 1987-ci ildə 1670 nəfər azərbaycanlı yaşamışdır. 1989-cu ilin qışında azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar. İndi ermənilər yaşayır.

Toponim «Kitabi-Dədə Qorqud» dastanlarında (XII boy) adı çəkilən Ənsə Qoca oğlu Oxçu adının əsasında formalaşan oxçuoğlu etnonimindən əmələ gəlmişdir. Eyni zamanda qeyd edək ki, Oxçu şəxs adı sonralar etnoniminə çevrilmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vaxçi qoyulmuşdur.

Toponimləri
Napzar, Qoluqısa, Dostabaxan, Qaraçayır, Dəyir¬manüstü, I Keş dərəsi, II Keş dərəsi, Qaraqoyunlu bulağı, Zaza.

Ordu yeri, Ocaqqulu tapı, Güllübulaq dərəsi, Bacoğlu dərəsi, Şoraxlar, Xamlar, Aran dərəsi, İncə dərə, Dəvəölən, Alaxançaloğlu yeri, Bostanüstü, Qoca Əhmədin yeri, Qula dərəsi, Qulaüstü, Qərəmməd dərəsi, Ağbulaq, Quyulu Qala, Çamırrı. Şəhərin qaşı, Qımılı yolu, Dələver yolu.

Görkəmli şəxsiyyətləri
Məmmədtağı Cəfərov — Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor.


Tarix: 06.02.2015 / 18:43 Müəllif: Feriska Baxılıb: 121 Bölmə: Qərbi Azərbaycan
loading...