Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əziz Əliyev Tibb İnstitunun rektoru kimi

1930-cu il iyun ayının 19-da Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradılır. Əziz Əliyev o illərdə ADTİ-nin yaradılmasında böyük rol oynayır. 1932-ci ildə o həmin institutun rektoru olur.

Əziz Əliyev 1934-cü il mart ayının 30-da paytaxtda səhiyyə işlərini yaxşılaşdırmaq məqsədi ilə Bakı şəhər səhiyyə şöbəsinin müdiri təyin edilir. Ancaq az keçməmiş, 1935-ci il yanvarın 14-də Azərbaycanda yüksək ixtisaslı milli tibb kadrlarının hazırlığını gücləndirmək məqsədilə o, yenidən ADTİ-nin rektoru vəzifəsinə qaytarılır. ADTİ-yə rektor təyin edildikdən az sonra onun rəhbərliyi altında həlli vacib sayılan bütün məsələlər üçün geniş tədbirlər planı hazırlanır. O, azərbaycanlı kadrları işə cəlb edərək onların fəaliyyət dairəsini genişləndirir və ana dilində dərsliklər, dərs vəsaitləri, monoqrafiya və tövsiyələr yazılmasına nail olur.

1932-1935-ci illər ərzində Əziz Əliyevin rəhbərliyi altında əməkdaşlar tərəfindən Azərbaycan dilində latın qrafikası ilə 45 adda dərslik və dərs vəsaiti tərtib edilərək tibb təhsili alan tələbələrin ixtiyarına verilir. Bu o dövrün texniki imkanları üçün çox böyük göstərici idi. Ə.Əliyevin təşəbbüsü ilə işıq üzü görən əsərlərdən onun özünün "Klinik analizlər" kitabı, K.Ə.Balakişiyevin "İnsanın normal anatomiyası", M.Qəniyevin "Mikrobiologiya kursu", C.Hüseynovun "Patoloji anatomiya", Y.Qazıyevin "Ağciyər vərəmi", Ü.Musabəyovanın "Göz xəstəlikləri", Ə.Talışinskinin "Travmatologiya", Q.Səfərov və Ə.Həsənovun "Bioloji kimya" və digər dərsliklər, eləcə də M.A.Mirqasımovun, M.A.Topçubaşovun, M.M.Mirsəlimovun, M.Ə.Əfəndiyevin, Z.M.Məmmədovun və başqalarının çap olunan əsərləri Azərbaycanın tibb tarixində ən qiymətli nəşrlərdəndir. Bu kitablar indi də öz dəyərini saxlayır və onların hər birinin işıq üzü görməsində Əziz Əliyevin müstəsna rolu vardır. Əziz Əliyev qısa müddətdə başqa dillərdə alternativi olmayan tibbi kitablardan ən vaciblərinin də Azərbaycan dilinə tərcüməsinə nail olur.

Onun təşəbbüsü ilə İ.Berberinin "Boğaz, burun, qulaq xəstəlikləri", A.Qaltıçinin "Uşaq xəstəlikləri", V.Skvortsovun "Farmakologiya kursu", E.Freyzeldin "Histologiya" adlı kitabları və digər müəlliflərin dərslikləri Azərbaycan dilinə tərcümə olunur. 1930-1945-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun əməkdaşları tərəfindən 80 adda dərslik və dərs vəsaiti nəşr olunur. Onun 55-i Əziz Əliyevin instituta rəhbərlik etdiyi beş il ərzindəki yaradıcı və məhsuldar dövrə təsadüf edir.

Bütün fəaliyyəti dövründə tibb nəşriyyatı yaratmağın, onu təkmilləşdirmək və inkişaf etdirməyin yolları haqqında düşünür. O, bu sahədəki ideyalarını tədricən həyata keçirməyə başlayır və institut kollektivinin köməyi ilə "Tibb nəşriyyatı" yaradır. Professorun təşəbbüsü ilə ilk dəfə "Praktiki və nəzəri tibb jurnalı"nın nəşri əsaslı surətdə təkmilləşdirilir. 1933-cü ildə o, jurnalın Baş redaktoru təyin edilir. 1933-cü ildə Əziz Əliyevin təşəbbüsü ilə Tibb İnstitutunda "Tibb kadrları uğrunda" adlı çoxtirajlı qəzetin çapı qaydaya salınır. Hazırda bu qəzet "Təbib" adı ilə Azərbaycan Tibb Universitetində çap olunmaqdadır.


Tarix: 06.02.2015 / 17:47 Müəllif: Feriska Baxılıb: 68 Bölmə: Qərbi Azərbaycan
loading...