Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİN (S.Ə.V.) XANIMINA QARŞI MÜNASİBƏTİ

Kiçik ailə ocağında xanım atın bağlandığı yer, ağacın gövdəsi, rahatlıq, sakitlik və yaxınlıq deməkdir.

Rəsulullah (s.ə.v.) belə buyurur: "Bütün dünya bir xəzinədir. Bu xəzinənin ən xeyirlisi isə mömin bir xanımdır" ("Sahihul Camius-Sağir").

Peyğəmbərin (s.ə.v.) gözəl əxlaqının və xoş güzəranının bir əlaməti olaraq onun möminlərin anası Aişəni -radiyallahu anhə- adının son hərfini tələffüz etməyərək çağırıb sevincdən qəlblərin pərvazlanacağı bir halı bildirdiyini görürük.

Aişə -radiyallahu anhə- dedi ki: "Rəsulullah (s.ə.v.) bir gün mənə belə dedi: "Ey Aiş! Bax, burada Cəbrayıl sənə salam verir"" (Buxari və Müslim).

Budur bu ümmətin Peyğəmbəri -səllallahu aleyhi və səlləm! Əxlaq baxımından ümmətin ən idealı, mövqe etibarilə ən böyüyü olub gözəl güzəran, mülayimlik, həyat yoldaşı olaraq xanımının mənəvi və hissi arzularını bilməsinin ən parlaq nümunələrini verdiyini görürük. O, hər bir xanımı onun istədiyi hala gətirir və onu öz ərinin nəzərində lazım olan yeri tutmasını təmin edir.

Aişə -radiyallahu anhə- dedi ki: "Mən heyz (aybaşı) olduğum zaman qabdan su içir, onu Peyğəmbərə (s.ə.v.) verirdim. O, ağzını mənim ağzımı qoyduğum yerə qoyaraq qabdan su içirdi. Sümüyün üzərindəki əti sıyırırdım, o da sümüyü əlimdən alaraq ağzını mənim ağzımı qoyduğum yerə qoyur və mənim kimi əti sıyırırdı" (Müslim).

Münafiqlərin iddia və müşriklərin iftira etdiyi gülünc ittihamlardan bacardığı qədər uzaq olurdu... Əksinə, o, xanımları ilə dolanmağın ən gözəl və ən asan yollarını axtarırdı.

Aişənin -radiyallahu anhə- belə dediyi rəvayət edilir: "Peyğəmbər (s.ə.v.) xanımlarından birini öpdü, sonra da dəstəmaz almadan na­maz qılmağa getdi" (Əbu Davud və Tirmizi).

Rəsulullah (s.ə.v.) bir çox hallarda qadının öz-özlüyündə olduqca üstün bir yerə layiq olduğunu açıq bildirir, onların çox böyük bir yerə və ali bir mövqeyə sahib olduqlarını ifadə edir... Beləliklə, Peyğəmbər -səllallahu aleyhi və səlləm- Amr ibn Asın sualına cavab verir, həmçinin ona yetkin və doğru-düzgün bir insanın öz xanımını sevməsinin utanılacaq bir hal olmadığını da bildirir.

Amr ibn Asdan rəvayət edildiyinə görə, o, Rəsulullahdan (s.ə.v.) "Ən çox sevdiyin insan kimdir" deyə soruşmuş, Peyğəmbər (s.ə.v.) də "Aişədir" deyə cavab vermişdi (Buxari və Müslim).

Həyatında ailə xoşbəxtliyinə nail olmaq istəyən bir insan möminlərin anası Aişənin -radiyallahu anhə- rəvayət etdiyi hədis üzərində yaxşı düşünməli, Peyğəmbərin -səllallahu aleyhi və səlləm- onunla necə rəftar etməsinə nəzər yetirməlidir. Aişə -radiyallahu anhə- dedi: "Mən və Rəsulullah (s.ə.v.) bir qabdan yuyunurduq" (Buxari).

Bu ümmətin Peyğəmbəri (s.ə.v.) xanımını xoşbəxt etmək və mübah olan hər bir yolla onu sevindirmək üçün heç bir fürsəti əldən vermə­mişdir.

Aişə -radiyallahu anhə- deyir: "Səfərlərindən birində Rəsulullahla (s.ə.v.) birlikdə getdim. O vaxt mən hələ gənc idim. Bədənimə hələ o qədər də ət gəlməmiş, tam inkişaf etməmişdim. Yanımızdakı adamlara "Siz irəlidə gedin" dedi. Onlar da irəlidə getdilər. Sonra "Haydı, yarışaq" dedi. Mən də onunla yarışdım və onu keçdim. Çəkim bir az artana, bədənim ət alana və bir az kökələnə qədər mənə bir şey de­mədi. Bir dəfə də səfərində onunla birlikdə getdim, yenə də yanındakılara "İrəlidə gedin" deyə buyurdu, sonra "Haydı, yarışaq" dedi. Bu dəfə o, məni keçdi, gülməyə başladı və "Bu, ona əvəzdir" deyə buyurdu" (Əhməd).

Bu, həqiqətən də çox gözəl və yüksək əhəmiyyət veriləcək bir davranışdır. Yanındakılara xanımı ilə yarışmaq və onu sevindirmək üçün irəlidə getmələrini əmr edir... Sonra o, xanımına biri əvvəl, digəri isə ondan sonra baş vermiş gözəl bir davranışı xatırlayaraq "Bu, ona əvəzdir" deyir.

Bu gün Allahın geniş məkanı üzərində dolaşaraq irəlidə gedənlərin vəziyyəti haqqında düşünən bir insan şərəfli bir peyğəmbər, qalib sər­kərdə, Qüreyş və Haşim oğullarının ən üstünü olaraq Peyğəmbərin (s.ə.v.) etdiklərinə heyrətlənir... O, bütün bu etdiklərini qalib gəldiyi günlərdə, çox böyük bir orduya başçılıq edib qalib gələrək geri döndüyü bir gündə edirdi. Həmçinin o, möminlərin anası olan xanımlarına qarşı olduqca sevgi bəsləyən və mülayim rəftar edən bir insan idi. Orduya başçılıq, yolun uzunluğu, döyüşdə qalib gəlmək, bununla yana­şı yolun çətinliklərini, məşəqqətlərini aradan qaldıracaq şəfqətli bir toxunuşa, səmimi bir pıçıltıya möhtac olan zərif xanımları ilə birlikdə olmağı da ona unutdurmurdu.

Buxarinin rəvayət etdiyinə görə, Peyğəmbər (s.ə.v.) Xeybər döyüşündən qayıdıb Huyeyin qızı Səfiyyə -radiyallahu anhə- ilə evləndiyi za­man onun mindiyi dəvənin ətrafına bir örtük çəkdirib onu bu örtüyə bürüyürdü. Sonra özü dəvəsinin yanında oturur, dizini qoyur, Səfiyyə də dəvəyə minmək üçün ayağını Peyğəmbərin (s.ə.v.) dizinin üstünə qoyurdu... Bu səhnə onun sadəliyini və genişürəkli olmasını göstə­rən olduqca əhəmiyyətli mənzərədir... Peyğəmbər (s.ə.v.) qalib bir sərkərdə, Allah tərəfindən göndərilmiş bir Peyğəmbər kimi ümməti­nə bunu bildirir: "Xanımlarına qarşı sadə rəftar etməsi, təvazökarlıq edərək ona kömək göstərməsi, onu sevindirməsi bir kişinin qədir-qiymətini əsla azaltmaz".

Peyğəmbərin (s.ə.v.) öz ümmətinə tövsiyələrindən biri də budur: "Diqqətli olun, qadınlar haqqında bir-birinizə xeyirli tövsiyələr ve­rin..." (Müslim).

Rəsulullah (s.ə.v.) on bir xanımla evləndi... Bunlar "möminlərin anası" adını aldılar... Vəfat etdiyi zaman onun doqquz xanımı var idi... Bu şərəfli xanımların sahib olduğu çox böyük şərəf və çox yüksək mövqe nə qədər də ucadır! Rəsulullah (s.ə.v.) yaşlı, dul, boşanmış, gücsüz qadınlarla evləndi. Bu qadınların arasında yalnız Aişə -radiyallahu anhə- bakirə idi.

Rəsulullah (s.ə.v.) möminlərin anaları sayılan qadınlarla evləndi və onlarla eyni vaxtda eyni nikahda oldu. O, ədalətin tətbiq edilməsində və paylaşdırılmasında bir nümunə idi. Aişənin -radiyallahu anhə- belə dediyi rəvayət edilmişdir: "Rəsulullah (s.ə.v.) bir səfərə getdiyi za­man xanımları arasında püşk atırdı. Bu püşk hansı birinə düşərsə, onunla gedirdi. O, xanımlarının hər birinə xüsusi bir gün və bir gecə ayırırdı" (Tirmizi).

Rəsulullahın (s.ə.v.) tətbiq etdiyi ədalətli əməllərindən birini Ənəs ibn Malik -radiyallahu anh- belə rəvayət edir: "Peyğəmbərin (s.ə.v.) doqquz xanımı var idi. Onların arasında günləri bölüşdürdüyü zaman birinci xanıma yalnız doqquz gündən bir növbə çatırdı. Hər gecə Həzrəti Peyğəmbər hansı qadının evində qalırdısa, bütün xanımları ora toplaşırdılar. Bir dəfə Həzrəti Aişənin evində olduğu zaman Zey­nəb -radiyallahu anhə- gəldi, Rəsulullah ona əl uzatdı. Aişə "Bu, Zeynəbdir" dedikdə Peyğəmbər (s.ə.v.) əlini geri çəkdi..." (Müslim).

Peyğəmbərin (s.ə.v.) bu geniş evi, Rəbbinin öz Rəsuluna (s.ə.v.) verdiyi müvəffəqiyyət və ilham olmasaydı, qətiyyən bu vəziyyətdə ola bilməzdi... Onun həm sözləri, həm də əməlləri ilə Rəbbinə şükür etdiyinin şahidi oluruq... O, xanımlarını ibadətə sövq edir və bu cəhət­dən onlara kömək göstərirdi. Bunu etməklə o, Uca Allahın: "Əhlinə namaz qılmağı əmr et, özün də ona səbrlə davam et. Biz səndən ruzi istəmirik, sənə ruzi verən Bizik. Aqibət təqva sahiblərinin - müttəqilərindir!" ("Taha" surəsi, 132) əmrini yerinə yetirirdi.

Aişənin -radiyallahu anhə- belə dediyi rəvayət edilmişdir: "Mən Peyğəmbərin (s.ə.v.) önündə və yatağı üzərində uzandığım halda o, na­maz qılırdı. Vitir namazını qılmaq istədiyi zaman məni oyandırırdı" (Buxari və Müslim).

Peyğəmbər (s.ə.v.) gecə namazını qılmağı, bu vaxt xanımlarının da bir-birinə kömək etməsini çox təşviq etmişdir. Hətta elə olurdu ki, xa­nım ərinin və ya əri öz xanımının üzünə su səpərək onu mədəni tərzdə yuxudan oyadırdı... Əbu Hureyrə -radiyallahu anh- dedi: "Rəsulul­lah (s.ə.v.) belə buyurdu: "Gecə vaxtı durub namaz qılan, xanımını oyandıran və beləliklə də xanımını namaza sövq edən, çətin oyandığı zaman üzünə su səpən bir insana Allah rəhmət eləsin. Həmçinin gecə vaxtı durub namaz qılan, ərini oyandıran, ərini namaza sövq edən, çətin oyandığı zaman üzünə su səpən xanıma da Allah rəhmət etsin"" (Buxari və Müslim).

Bir müsəlmanın qəlbinin təmizliyini və doğruluğunu tamamlamaq məqsədilə xarici görünüşünə diqqət yetirməsi də müsəlmanın yetkinli­yindən və dininə bağlı olmasından irəli gəlir.

Peyğəmbər (s.ə.v.) qəlbi təmiz, bədəni təmiz, xoş ətirli bir insan idi. Misvaqdan istifadə etməyi sevir və istifadə edilməsini də əmr edir­di. Peyğəmbər -səllallahu aleyhi və səlləm- buyururdu: "Əgər ümmətimə çətinlik olmayacağını bilsəydim, hər namazdan əvvəl misvaq­dan istifadə etmələrini əmr edərdim" (Əhməd).

Hüzeyfənin -radiyallahu anh- belə dediyi rəvayət edilmişdir: "Rəsulullah (s.ə.v.) gecə vaxtı qalxdığı zaman dişlərini misvaqla təmizləyir­di" (Müslim).

Şureyh ibn Haninin belə dediyi rəvayət edilmişdir: "Mən Aişədən -radiyallahu anhə- soruşdum: "Peyğəmbər -səllallahu aleyhi və səlləm- evinə daxil olduğu zaman ilk etdiyi iş nə idi?" O, "Misvaqdan istifadə edirdi" dedi" (Müslim).

Bu, necə gözəl bir təmizlik, ailə üzvləri ilə qarşılaşmaq üçün necə mükəmməl bir hazırlıqdır!

Peyğəmbər (s.ə.v.) evə daxil olduğu zaman "Allahın adı ilə evə ayaq basdıq, Allahın adı ilə də çıxdıq. Rəbbimizə təvəkkül etdik" deyir və sonra da ailə üzvlərinə salam verirdi (Müslim).

Təmiz bir tərzdə evə daxil ol və evdəkiləri sevindir! Müsəlman qardaşım! Bunu etmək əvəzinə evə girərkən məzəmmət edən, qınayan və danlayan insanlardan olma!


Tarix: 27.04.2013 / 16:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 399 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...