Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İki yoldaş (nağıl)

Biri varıymış, biri yoxuymuş, bir qarının İlyas adında bir nəvəsi varıymış. İlyas həm gözəl, həm də ağıllı imiş. Nənə-bala çox əzab-əziyyətlə, kasıblıqla dolanırmış. Qarı yun əyirib corab toxuyarmış, İlyas da aparıb bazarda satarmış. İlyasla nənəsi nə qədər çalışırlarmış ki, güzaranları bir az yaxşılaşsın, amma heç bir şey çıxmırmış. Axırda İlyas təngə gəlib, nənəsinə dedi:

– Nənə, görürsən ki, corab toxuyub satmaqla heç nə qazana bilmirik, indi mən istəyirəm kəndimizdən baş götürüb gedəm özgə şəhərlərə, kəndlərə, bəlkə oralarda bir işdən-gücdən tapıb işləyəm, bir az puldan-paradan qazanam.

Qarı əvvəlcə istədi nəvəsini buraxmasın. Dedi:

– Oğul, sən hələ uşaqsan, ağzınnan süd iyi gəlir, haranı tanıyırsan ki, ora gedəsən. Gedərsən yolda-izdə nanəcibə rast olarsan. Gəl sən heç yerə getmə, mən də qocalmışam, bir əlimnən tutanım yoxdur. Məni qoyub hara gedirsən?

İlyas dedi:

– Nənə, qorxma, hara getsəm tez qayıdıb gələcəm, sən mənə xeyir-dua ver, dalısıycan işin olmasın.

Qarı gördü nəvəsinin tərs damarına düşüb, dediyinnən dönməyəcək, dedi:

– Oğul, indi ki, sözümə baxmırsan, get, Allah köməyin olsun. Amma sənə üç söz öyrədəcəm. Yolda bir adamla yoldaşlıq eləsən bu sözləri yadına salıb o adamı sınayarsan.

Qarı gətirib İlyasın heybəsinə dörd fətir, bir az da soğannan, şordan qoydu, özünə də tapşırdı:

– Yolda sənə yoldaşlıq eləmək istəyən bir adama rast olsan bir az gedəndən sonra bu fətirin birini çıxardıb verərsən həmin adama, özünə də deyərsən ki, kəs yeyək. Əgər həmin adam fətirin çox hissəsini kəsib özü götürsə, az hissəsini sənə versə, bil ki, o adam tamahkardı, sənə zərər verər, bir bəhanə tapıb ondan ayrılarsan. Yox, əgər fətiri ya tən bölsə, ya da çox hissəsini sənə verib, az hissəsini özü götürsə, onda onunla yol yoldaşı olarsan. Bir az gedənnən sonra bəhanə eləyib deyərsən ki, məni burda bir saat gözlə dəyəsi yerim var, ora dəyib gəlirəm, gedib kənardan baxarsan, əgər həmin adam səni gözləsə, onunla ürəkdən dost olarsan. Yox, çıxıb getsə, ondan uzaq olarsan. Üçüncü sözüm də odur ki, əgər qabarınıza çay çıxsa, sən yoldaşına deyərsən ki, gəl min dalıma, sudan keçirdim. Əgər o dalına minsə, ondan da uzaq olarsan, yox, işdi, o səni dalına alıb çaydan keçirsə, onnan əl çəkməzsən. Qarı nəsihətini eləyib, xeyir-duvasını verənnən sonra İlyas başladı yol getməyin binasın qoymağa. Az getdi, çox getdi, yolda bir adama rast oldu. Bu adam ədəb-ərkanla İlyasa salam verib dedi:

– Qardaş, xeyir ola, hara belə gedirsən?

İlyas dedi:

– Uzağa səfərim var.

Həmin adam dedi:

– Elə mən də səfərə çıxmışam, təkcə getmək çətindi, sənnən yol yoldaşı olaram, söhbət eləyə-eləyə gedərik.

İlyas dedi:

– Yaxşı olar, mən də özümə bir belə yol yoldaşı axtarırdım.

İlyasla həmin adam bir xeyli yol getdilər. Bir bulağın başına çatanda İlyas dedi:

– Qardaş, mən yaman acmışam, bir az oturaq çörək yeyək.

Hər ikisi oturdular bulağın başında, göy otluğun üstündə. İlyas heybəsindən bir dənə fətir çıxardıb verdi həmin adama, dedi:

– Al, bu fətiri yarı böl, yeyək.

Həmin adam fətiri kəsib çox payını özünə götürdü, az hissəsini İlyasa verdi. İlyas bir altdan yuxarı baxıb, gördü ki, həmin adamın gözündən elə bil cin çıxır, ürəyində dedi:

– Hə, sənnən mənə yoldaş olmadı.

Bir az çörək yeyəndən sonra dinclərini alıb, təzədən başladılar yol getməyə. Bir xeyli yol gedəndən sonra birdən İlyas dedi:

– Qardaş, sən məni burda bir saat gözlə, bu yaxın kənddə bir balaca işim var, ora dəyim, sonra qayıdıb gedərik.

Kişi razı oldu. İlyas bir təpənin dalında gizləndi. Bir də gördü ki, kişi heç beş dəqiqə də gözləmədi. Elə İlyas bu tərəfə gələn kimi, o da başladı o biri tərəfə getməyə.

Kişi uzaxlaşıb gedəndən sonra İlyas ayrı yolnan başladı getməyə. Bir xeyli gedəndən sonra indi də qabağına bir cavan oğlan çıxdı. İlyas bu oğlanla başladı söhbətə. Bu oğlan da İlyasdan xəbər aldı:

– Qardaş, xeyir ola, səfərin haradı?

İlyas dedi:

– Heç, gedirəm bir iş tapıb işləyəm, bir az puldan-paradan qazanam.

Oğlan dedi:

– Elə mən də özümə bir sənin kimi yoldaş axtarırdım, yaxşı oldu səni tapdım.

İlyasnan oğlan şirin söhbət eləyə-eləyə başladılar yol getməyə. Bir az gedənnən sonra İlyas dedi:

– Qardaş, mən yaman acmışam, bir az oturaq çərək yeyək.

Oğlan razı oldu. Oturdular yolun kənarında, bir göy otluğun üstündə. İlyas heybəsindən bir fətir çıxardıb verdi oğlana, dedi:

– Al, bu fətiri bol, yeyək.

Oğlan fətiri yarı bölüb, çoxunu İlyasa verdi. İlyasın bu iş çox xoşuna gəldi, ürəyində dedi: “Deyəsən elə mən axtardığım adamı tapmışam”. Hər ikisi çörəklərini yeyib durdular ayağa, başladılar yol getməyə. İlyas oğlanı sınamaq üçün nənəsinin ikinci sözünü də yadına saldı, dedi:

– Qardaş, gəlsənə məni burda bir saat gözləyəsən, bu yaxın kənddə mənim bir balaca işim var, onu düzəldim, sonra gəlim bir yerdə gedək. Oğlan dedi:

– Get, arxayın ol, lap sabaha qədər də gəlməsən səni burda gözləyəcəyəm. İlyas oğlannan ayrılıb bir xeyli getdi. Bir ağacın dalında gizlənib başladı baxmağa. Gördü ki, yox, bu oğlan heç yerinnən də tərpənmir. Oturub onu gözləyir. İlyas bir az ora-bura gedib axırda gördü oğlan sədaqətli adama oxşayır, odur ki, gəldi yanına, dedi:

– Qardaş, çox sağ ol, məni çox gözləmiyəsən deyə tez qayıtdım, di dur gedək.

Oğlanla İlyas təzədən başladılar yol getməyə. O qədər getdilər ki, axırda gəlib çatdılar bir çayın qırağına. İlyas öz-özünə dedi ki, atalar üçə qədər deyiblər, gəl elə bu dəfə də oğlanı sına. Dedi:

– Qardaş, indi bu çaydan keçmək lazımdı, ikimiz də qılçalarımızı çırmayınca elə mən soyunum səni alım dalıma, keçək o tərəfə. Oğlan dedi:

– Qardaş, elə iş yoxdur, mən dura-dura qoymaram ki, sən soyunub məni dalına alasan. Gəl min dalıma, mən səni keçirəcəm. Oğlan tez qılçalarını çırmayıb İlyası aldı dalına, çaydan keçirib qoydu o tərəfdə yerə. İlyas tamam arxayın oldu ki, nənəsinin dediyi adam elə budur.

İlyasnan oğlan o qədər biri-birinə isnişmişdilər ki, yolun uzaxlığı heç yadlarına da düşmürdü. Bir də başlarını qaldırıb gördülər ki, hər yan düzənlik, çəmənlikdi. Qabaxlarında isə ucu-bucağı görünməyən bir dərya var. Dəryanın lap kənarında qəşəng bir hündür bina var. Amma uzaxda bir çoban qoyun otarır. Gedib çobandan xəbər aldılar:

– Çoban qardaş, de görək bu ev kimindi, niyə buralarda başqa eveşik görünmür?

Çoban dedi:

– Qardaş, bura şəhər deyil, kənd deyil. Qaldı o böyük bina, orda bu torpaxlar padşahının qızı olur. Qız analığının zülmünnən cana doyub, gəlib burda insan ayağı dəyməyən bir yerdə bu binanı tikdirib, təkcə ömür, gün keçirir. Onun yanında kişi tayfası yoxdur, amma çoxlu qulluqçuları, qarabaşları var.

İlyas bu əhvalatı eşidəndən sonra başını aşağı salıb başladı fikir eləməyə. Oğlan gördü İlyas qəm dəryasına batıb, soruşdu:

– Qardaş, düzünü de görüm sənə nə oldu belə fikrə getdin? İlyas dedi:

– Hal-qəziyə, Allahdan gizli deyil, bəndədən nə gizlin, çoban bu əhvalatı söyləyəndə ürəyimnən keçdi ki, nə olaydı, o qızı bircə dəfə görə biləydim.

Oğlan dedi:

– Qardaş, bu mənim əlimdə bir su içimi kimidir. İndi ki, belə oldu, sən çobandan bir keçi al, dalısıynan işin olmasın.

İlyas o saat çobana pul verib ondan bir yaxşı keçi aldı, keçini qabaxlarına alıb gəldilər düz qızın küləfirəngisinin qabağına. Oğlan dedi:

– İlyas, – mən nə eləsəm, sən mənnən heç nə soruşma. Sonra özün görəcəksən ki, mən niyə belə eləyirəm.

Bəli, oğlan keçini yerə uzadıb başladı qulağını qatlayıb əzməyə. Keçi qulağının əzildiyinə dözə bilməyib bərkdən bəyirdi. Oğlan gah keçinin quyruğunu qatladı, gah tükünu yoldu, gah da qulağını əzdi. Keçi ağrıya dözə bilməyib hey bəyirirdi. Keçinin səsinə şahzadə qız yuxudan ayılıb qulluqçusuna dedi:

– A qız, get gör bu nə səs-küydü.

Qız küləfirəngiyə çıxıb gördü iki adam keçini gah o tərəfə çevirir, gah bu tərəfə, quyruğunu qatlayır, qulağını əzirlər. Qız dedi:

– Ay qardaşlar, siz neyləyirsiniz?

Oğlan dedi:

– Bu keçini kəsmək istəyirik, amma təhərini bilmirik.

Qulluqçu qız bərkdən gülüb dedi:

– Qəribə kişidilər, bir keçini kəsə bilmirlər.

Qız gedib xanımına dedi:

– Xanım, iki bığıburma cavan oğlan bir keçini kəcə bilmirlər. Xanım bu işə bir az gülüb, qulluqçusuna dedi:

– Ay qız, bir bıçaq götür get, onlara öyrət ki, keçini necə kəsərlər. Qulluqçu qız əlində bıçaq İlyasgilə sarı getməkdə olsun, görək İlyas neylədi. Bu vaxt idi ki, şahzadə qız küləfirəngidən baxırdı. Oğlan dedi:

– Qardaş, gördün fəndim baş tutdu, şahzadə qız küləfirəngiyə çıxdı, indi nə qədər keyfindi bax.

İlyas baxıb gördü ilahi pərvərdigarə, bu elə bir gözəl qızdı adam baxanda ağzının suyu tökülür. Qız bir az baxandan sonra getdi evə. Oğlan dedi:

– Qardaş, de görüm şahzadə xoşuna gəlir, ya yox?

İlyas dedi:

– Vallah qız o qədər xoşuma gəldi ki, onu bircə dəfə də görsəm, ölsəm də ürəyimdə dərdim qalmaz.

Oğlan dedi:

– Yaxşı, bu dəfə də onu sənə göstərərəm.

İndi də oğlan başladı ki, guya keçini soya bilmir. Bir ağac özü götürüb, birini də verdi İlyasa. Özünə də öyrətdi ki, qışqır-bağır sala-sala

keçinin cəmdəyini başla döyəcləməyə. Oğlanla İlyas keçinin cəmdəyinə bir hərəkət gəldilər ki, şappıltı az qalırdı yeddi ağaclıq yol getsin. Bu hay-küyü eşidib şahzadə qız yenə çıxdı küləfirəngiyə, gördü bu iki oğlan elə hey keçinin cəmdəyinə ağac vururlar. Şahzadə yenə qulluqçusuna dedi:

– Soruş gör, indi nə eləmək istəyirlər.

Qulluqçu səslədi:

– Ay çobanlar, nə eləmək istəyirsiniz?

Dedilər:

– Keçinin dərisini soymaq istəyirik, amma bilmirik necə soyaq. Şahzadə qız dedi:

– Qız, bunlar yazıq, avam adama oxşayırlar, get onları çağır həyətə, özlərinə də öyrət ki, keçini necə soyarlar.

Qulluqçu gedib xanımının tapşırığını bunlara yetirdi. Elə bunlar da onu istəyirdi ki, bir təhər həyətə girsinlər. Tələsik keçini də götürüb getdilər həyətə. Qulluqçu bunlara keçini soymaq qaydasını öyrətdi. İlyasnan oğlan yalannan hıqqana-hıqqana o qədər əlləşdilər ki, axşam şər qarışdı. Oğlan qulluqçuya dedi:

– Qəşəng qız, get xanımına de ki, bunlar qərib adamlardı, qalmağa heç bir yerləri yoxdu, bu gecəliyə bizə yatmağa bir yer versin, səhər durub gedərik.

Qulluqçu gedib xanımına dedi. Xanım razılıq verib, tapşırdı ki, onlara bir otaqda yer versin. Qız gəlib İlyasla yoldaşını apardı bir evə. Tapşırdı ki, burda gecələyin, amma səhər durub gedərsiniz. Qız getdi ki, bunlara yorğan-döşək gətirsin. İlyas dedi.

– Qardaş, xanımı görmək istəyirəm, nə eləyək ki, onu bir də görüm.

Oğlan dedi: – Bu dəfə qorxuram gəlməyə.

İlyas əl çəkmədi ki, gör bir təhər eləyə bilərsənmi. Oğlan dedi:

– İndi ki, elə oldu, onda sən başını qoy yerə, ayaxlarını qaldır yuxarı, qulluqçu gəlib səni belə görsün, sonra dalısıynan işin olmasın. İlyas ayaxlarını göyə qaldırıb təpəsi üstə dayandı. Bu halətdə qulluqçu əlində yorğan-döşək içəri girdi. Xəbər aldı:

– Bu niyə təpəsi üstə durub?

Oğlan dedi:

– Bizim yerlərdə adamlar belə yatırlar.

Qız gəlib əhvalatı xanımına danışdı. Xanım gəlib özü bu əhvalatı gördü, başladı bunları ordan-burdan danışdırıb ürəklərini öyrənməyə. Xanım başa düşdü ki, bunların kələyi var, əmr elədi, o saat ikisini də qapıdan eşiyə atdılar.

İlyasla oğlan qaldılar gecənin qaranlığında düzün üzündə. Bir xeyli gedənnən sonra qabaxlarına bir qəbiristanlıq çıxdı. Bərk yağış yağıb, yel əsirdi. Eşikdə qalmaq mümkün deyildi. Oranı-buranı axtarıb bir də gördülər ki, qəbirlərin arasından yerin altına bir lağım gedir. Lağımnan bir az gedib çıxdılar bir yekə sərdabənin içinə. Gördülər sərdabənin küncündə beş-altı meyit də var. İlyasla oğlanı vahimə bürüdü, amma neyləsinlər, eşikdə qalıb qurt-quş dağıdınca elə burda qalmağı məsləhət bildilər.

İlyasla oğlan yenicə yanlarını yerə qoyub dincəlmək istəyəndə, gördülər lağımın içindən adam səsi gəlir, elə bil ağır bir şey gətirirlər. İlyası vahimə basdı. Oğlan dedi:

– Qardaş, deyəsən bu gələn quldurlara oxşayır, özü də bura onların gizlənmək yerləridir. İndi bizim bircə yolumuz var, o yolnan qurtara bildik qurtardıq, yox, qurtara bilməsək, hökmən bizi öldürəcəklər. İndi gəl hərəmiz o ölülərin kəfənini üstümüzə örtək, uzanaq meyitlərin arasında, əgər bizi ölü bilib dəymədilər, səhər durub qaçarıq, yox, işi başa düşsələr, onda mən tez kəfəni üstümnən atıb deyəcəm: – Ey ölülər, nə durubsunuz, qalxın ayağa, bu insanları qıraq, canımız onların əlindən qurtarsın. O saat mənim sözüm ağzımdan çıxan kimi sən də kəfəni onların üstünə atıb de ki, gəlin bunları qıraq. Onda quldurlar qorxub qaçarlar. Onlar qaçandan sonra biz də çıxıb gedərik. Oğlan sözünü deyib işıqları keçirdi, kəfəni çəkdi üstünə, amma gözünün ucuyla kəfənin altınnan baxırdı ki, görsün bu gələnlər kimdi, budu, qırx quldur dalbadal doldular sərdabənin içinə. Quldurbaşı əmr elədi, işıqları yandırdılar, ortalığa o qədər qızıl, gümüş, daş-qaş tökdülər ki, gəl görəsən. Başladılar bölüşdürməyə. Gətirdikləri şeylərin hamısını tən yarı böldülər, amma bu şeylərin içində bir qəşəng qılınc var idi. Qılıncın qəbzəsi, qını tamam başdan-ayağa ləl-cavahiratla bəzədilmişdi. Hamının qılıncda gözü var idi. Quldurbaşı dedi:

– Hər kim bu qılıncla yerdəki meyitləri bircə dəfə vurmaqla tən yarı bölə bilsə, qılınc onun olacaq.

Quldurbaşı qılıncı əlinə götürüb getdi ki, əvvəlcə meyiti özü iki bölsün. Qılıncı qaldırdı ki, oğlanı iki bölsün. Tez oğlan yerdən sıçrayıb kəfəni atdı onun üstünə, bərkdən qışqırıb dedi:

– Ey bədbəxt ölülər, nə durmusunuz, görmürsünüzmü bu insanlar bizi qəbirdə rahat yatmağa da qoymurlar, tez qalxın bunların hamısın qıraq, canımız dincəlsin.

Söz oğlanın ağzınnan qurtarmamış, İlyas ondan da bərk qışqırıb qalxdı ayağa:

– Qardaş, gəl buları qıraq.

Quldurları vahimə bürüdü. Qızıl-gümüşü də burda qoyub başladılar qaçmağa. Quldurlar qaçandan sonra İlyasla oğlan qızılları böldülər. Qılıncı da oğlan götürdü. Quldurlar gedib bir xeyli fikirləşdilər ki, bu nə olan işdir, bəlkə bizi qara basır. Odur ki, quldurbaşı qoçaq, ürəkli oğlanlardan iki nəfərini göndərir ki, gedib görsünlər ölülər ordadı, ya qaçıblar. Quldurlardan iki nəfəri yaraqlanıb-yasaqlanıb qayıtdılar qəbiristanlığa. Sinə-sinə, yavaşca, ayaxlarının ucu ilə yeriyib sərdabənin qapısından baxdılar. İlyasla oğlan gördülər ki, hənir gəlir. Oğlan başa düşdü ki, gələn quldurlardandı, onları yoxlamağa gəliblər. İlyasın qulağına pıçıldadı ki, sən dava salıb de ki, heç olmasa mənə bir quruş verin. Bəli, İlyas o saat başladı qışqırmağa ki, di mənim də bir quruşumu verin. Oğlan dedi:

– Ay ölülər, gördünüz pulları payladım, hərənizə bir quruş düşdü, indi daha qızıl qalmadı ki, hamınıza verəm. Gözləyin, bəlkə buralara bir adam gəlsə, onu öldürüb sizin quruşunuzu da verərik. Oğlan tez əlin atıb qapıdan busan adamın papağını götürüb atdı İlyasın üstünə, özünə də dedi:

– Al, Allahın yetirdi, quldurlar qaçanda birinin papağı qapının küncünə ilişib qalıb, bu da sənin bir quruşunun əvəzi.

Qapıdakı iki nəfər bu əhvalatı görən kimi başladılar əkilməyə. Düz gəlib başçılarına söylədilər ki, sərdabədə o qədər meyit var ki, qızılların hamısını bölüşüblər. Hələ üstəlik mənim papağımı da alıb birinə verdilər.

Quldurlar qaçıb gizlənməkdə olsun. İlyasla oğlan qızılları yığışdırıb gecəynən yol başladılar getməyə. Gethaget, gethaget, gəlib çatdılar İlyasın evinə. Başladılar yeyib-içib keyf çəkməyə. Bir neçə gündən sonra İlyas qızıllardan bir az da xırdalayıb özünə toy tədarükü görməyə başladı.

Bunlar burda qalsınlar, görək qırx quldur neçə oldu. Həmin gecəni səhərə qədər quldurlar yatmadılar, fikirləşdilər ki, burda deyəsən kələk var, heç ölü də dirilib pul bölüşərmi. Yəqin görəsən hansı lotu imiş bizə gələk gəlib, biz də qorxub qaçmışıq. Səhər sübh tezdən qırx quldurun hamısı yaraqlı-yasaqlı gəldilər qəbiristanlığa. Girdilər sərdabəyə, gördülər ölü nədi, zad nədi, lələ köçüb yurdu qalıb. Lap yəqin elədilər ki, axşam bunları qorxudan ölü yox, diri adamlar imiş. Düşdülər hər yeri axtarmağa. Bir-iki gündən sonra soraq aldılar ki, bəs İlyas hardansa çoxlu qızıl tapıb, toy eləyib evlənmək istəyir. Quldurlar yəqin elədilər ki, yeməyə çörək tapmayan İlyas bu qədər qızılı hardan ala bilər, elə bizim qızıllarımızı aparıb. Quldurlar gecənin bir vaxtı doluşdular İlyasın evinə, qılınclarını çəkib dedilər:

– De görək bizim qızılları hara qoyubsan? Deməsən səni tikə-tikə doğrayacayıq!

İlyas dedi:

– Qardaşlar, bir az səbirli olun, qılıncları taxın yerinə. Qızıllarınızın hamısı durur. Nə vaxt istəyirsiniz götürüb apara bilərsiniz. Quldurlar İlyasın sözündən sonra bir az sakit olub oturdular. Oğlan dedi:

– Ey quldur qardaşlar, siz gördünüzmü biz qəbiristanlıqda sizə nə kələk gəldik. Özümüz də əhli-keyf adamıq, gəlin dostlaşaq, gecənin bu vaxtı harda gedib qalacaqsınız, bu gecə bizə qonaq olun, yatın burda, səhər tezdən qızıllarınızı da götürüb gedərsiniz.

Quldurlar fikirləşdilər ki, gecədən xeyli keçib, doğrudan da gedib qalmağa başqa yerləri yoxdur. Bir də iki-üç adam qırx quldura nə eləyə bilər. Razı oldular gecələməyə. Quldurlar hərəsi evin bir tərəfinə döşənib yatmaqda olsun, sizə xəbər verim İlyasın dostundan. Oğlan eşiyə çıxıb tez quldurların birinin atını minib özünü yetirdi padşahın yanına, əhvalatı danışdı:

– Sənin xəzinəni yaran qırx quldur bu saat bizdədir, tez qoşun göndər tutsunlar.

Padşah əmr elədi, qoşun İlyasın evin üzük qaşı kimi mühasirəyə aldı. Quldurların hamısını tutdular, İlyasla oğlan qızıllardan bir xeyli gizlədib özlərinə saxladılar, qalanını padşahın adamları apardı. İlyas həmin pulnan bir yaxşı imarət tikdirdi. Özünə ev-eşik düzəltdi. İlyas ha istəyirdi ki, yolda gördüyü qızı yadından çıxartsın, çıxarda bilmirdi. Dərdini yoldaşına danışdı. Oğlan dedi:

– İlyas, bilirəm sən o qızı almaq istəyirsən. Amma onu elə-belə asanlıqla ala bilməzsən. Burda bir tədbir işlətmək lazımdır. Əgər biz elə-belə bu paltarda bir də ora getsək, qız o saat tanıyacaq. Gedib hərəmizə bir yaxşı köhlən at, bir dəst gözəl şahanə paltar alarsan.

İlyas gedib oğlanın dediklərini elə həmin gün tapdı. İlyas nənəsini evdə qoydu, ata suvar olub, yoldaşıynan getdilər. Gəlib çıxdılar həmin qızın imarətinin qabağına. O qədər gözlədilər ki, axşam qaranlığı düşdü. Oğlan gəlib darvazanı bərkdən döydü. O saat qulluqçulardan biri gəlib qapını açıb dedi:

– Ay qardaş, kimsiniz, nəçisiniz? Gecənin bu vaxtı kimi istəyirsiniz? Oğlan dedi:

– Bacı, uzaq yerdən gəlirik, qərib adamıq, qalmağa yerimiz yoxdu. Bu gecəliyə bir yer verin, yataq, səhər durub gedərik.

Qulluqçu dedi:

– Ay qardaşlar, burda durun, gedim xanıma deyim, icazə versə gələrsiniz. Qız gedib xanımına əhvalatı söylədi. Xanım dedi:

– Yoxsa o keçini kəsə bilməyən adamlardı?

Qulluqçu dedi:

– Xanım, yox, bunlar əməlli-başlı adamdılar. Şahzadəyə oxşayırlar. Xanım razılıq verdi. Qulluqçu gedib onları içəri buraxdı. Xanımın qulluqçuya ürəyi qızmadı, özü çıxıb onları yoxlamaq istədi. Qulluqçuya dedi:

– Tövlədən bir qoç gətir qonaqlar kəssinlər.

Oğlan bu sözü eşidən kimi İlyasın qulağına pıçıldadı ki, nə durmusan, qız bizi yoxlamaq istəyir. Qoçu elə kəsib soyarsan ki, elə bil bir sərçə başı kəsirsən. Qız qoçu gətirən kimi İlyasnan oğlan bir göz qırpımında qoçun başını kəsib, soyub şaqqaladılar. Xanım baxıb gördü yox, bunlar igid adamdılar. Onlara əməlli-başlı yer verdirib getdi. Oğlanlar çörəkdən-xörəkdən yeyib yatdılar. Səhər açıldı. Qız onların yanına gəlib dedi:

– Axı mən heç sizdən soruşmadım ki, kimsiniz, hardan gəlib hara gedirsiniz?

İlyas bir ah çəkdi, dedi:

– Xanım, vallah düzünü deməyə utanıram, səni də aldatmaq istəmirəm.

Qız dedi:

– Nədən utanırsan, de. Bəlkə dərdinə əlac elədik.

İlyas dedi:

– Vallah Allahdan gizlin deyil, bəndədən nə gizlin, bir analığım var idi. Mənə o qədər divan elədi, o qədər şər-böhtan atdı ki, axırda onun əlindən cana doyub baş götürüb çıxdım. İndi hara gedəcəyimi özüm də bilmirəm.

Qız dedi:

– Elə bunu deməyə utanırdın.

İlyas dedi:

– Xanım, bəli, bunu deməyə utanırdım. Qorxurdum deyəsən ki, sən necə kişisən ki, bir arvadın əlindən baş götürüb qaçırsan. Mən şahlarla, şahzadələrnən vuruşmuşam. Nər kimi pəhlivanların arxasını yerə vurmuşam. Şirlər, pələnglərlə üz-üzə gəlmişəm. Amma arvada əl qaldırıb, qılınc vurmağı özümə ar bilirəm. Odu ki, baş götürüb, bu diyardan uzaqlaşmışam. İndi xanım, mənim bu fikirlərim sənə bir təhər gələr. Çünki belə işlər sənin başına gəlməyib. Bir də yaxşı deyiblər, kotan nə bilir qayış nə çəkir.

Xanım dedi:

– Oğlan, mən görürəm ki, sən yaxşı adama oxşayırsan. Mən də öz dərdimi sənə deyim, qulaq as. Mən də səndən dərdli adamam. Analığımın zülmündən, şərindən, xatasından baş götürüb bu diyara gəlmişəm. Xanımın ürəyi yumşalmışdı. Bütün başına gələn qəzavü-qədərin hamısını birbəbir İlyasa nağıl elədi. Qız dedi:

– Oğlan, bəs indi nə eləmək fikrindəsən?

İlyas dedi:

– Xanım, vallah mən burda qərib, yersiz, kimsəsiz adamam. İndi hara gedəcəyimi özüm də bilmirəm. Biz də səndən bir gecəliyə yer istəmişdik. İndi çıxıb getməliyik.

Xanım dedi:

– Ey oğlan, əgər yerə görə getmək istəyirsinizsə, getməyin. Nə qədər istəyirsiniz qalın.

İlyas xanımnan çox razılıq eləyib dedi:

– Xanım, sizə zəhmət versək də keçib, onda bir neçə gün qalıb fikirləşək. Bəli, aradan beş gün, on gün keçdi. Qız İlyasa tamam alışdı. Elə oldu ki, İlyas bir-iki saat evdən çıxanda qız onnan ötəri darıxası oldu.

İlyasın yoldaşı gördü qız tamam məhəbbətini salıb oğlana. İlyası bir tərəfə çəkib dedi:

– İndi sən qıza de ki, daha biz yığışıb, getmək istəyirik, nə deyirsən?

İlyas elə də elədi. Xanımın yanına gedib dedi:

– Xanım, sən bizə o qədər hörmət elədin ki, biz bilmirik bu hörmətin əvəzini necə çıxacayıq. İndi çıxıb getmək istəyirik. Sən nə məsləhət görürsən?

Xanım bu sözləri eşidən kimi, gözləri doluxsundu, bir ah çəkib, başını aşağı saldı. İlyas gördü firsətdi, dedi:

– Xanım, niyə ah çəkdin?

Qız əvvəlcə səbəbini demək istəmədi. İlyas çox yalvar-yapış eliyənnən sonra qız utana-utana dedi:

– Vallah sənə o qədər isnişmişdim ki, indi getməyini istəmirəm. İlyas dedi:

– Xanım, onu bil ki, mən getmək istəsəm də ürəyim burda qalır. Mən sənin məhəbbətini çoxdan ürəyimə salmışdım. Gəl göturüm səni gedək mənim vətənimə, orda bir yaxşı toy eləyib evlənək.

Qız bir xeyli fikirləşəndən sonra, başını aşağı salıb, razılıq işarəsi verdi. Elə həmin günü atları, dəvələri yükləyib, qızın qul-qarabaşını da götürüb, yola düşdülər. Yola düşməmişdən əvvəl qız dedi:

– Bu evi-eşiyi burda qoyub gedirik. Mən bir neçə söz yazım, apar vur qapının başına. Qız qələmi əlinə alıb bir kağıza yazdı: “Ey bu yoldan keçən qərib adamlar, bu evi sizə halal eləyirəm. Ölənə kimi qalıb gününüzü keçirə bilərsiniz”.

İlyas həmin kağızı aparıb, darvaza qapısına yapışdırdı. Sonra yol başlayıb gəldilər İlyasın evinə üç gün üç gecə toy eləyib evləndilər. İlyasın yoldaşı da kimsəsiz adam idi deyə o da qaldı bunların yanında. İlyas nənəsini də yanına gətirib, keyf-damağnan. ömür sürüb, gün keçirdilər. Siz də xoş günlər görüb, uzun ömür sürəsiniz.


Tarix: 21.04.2013 / 19:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1135 Bölmə: Nağıllar
loading...