Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İki qardaş (nağıl)

Bir şəhərdə iki qonşu var imiş, biri tacir imiş, o biri əkinçi. Bunların hərəsinin iki oğlu var imiş. Tacirin oğlanları həm fərasətsiz, həm də yaman dəcəl imişlər. Elə işləri, peşələri ona, buna sataşmaq imiş. Amma əkinçinin oğlanları ağıllı, zəhmətkeş, başı aşağı imiş. Bu kişinin bütün var-dövləti bircə cüt öküzü var imiş. Kişinin böyük oğlu evli imiş, kiçiyi subay.

Ay dolanır, il keçir, kişi canını oğlanlarına tapşırıb ölür. Ataları öləndən sonra iki qardaş bir müddət bir yerdə dolanırlar. Amma böyük qardaşın arvadı hey ərinin baş-beynini aparıb, giley eləyir:

– Qardaşın böyüyüb yekə oğlan olub. Nə vaxtatan biznən bir yerdə qalacaq. Ona de ki, çıxıb getsin. Özünə ayrı yerdə ev-eşik düzəltsin.

Arvad nə qədər deyirdisə, əri qardaşından ayrılmaq istəmirdi. Amma arvad əl çəkmirdi ki, çəkmirdi. Axırda əri əlacsız qalıb, kiçik qardaşına dedi:

– Qardaş, görürəm bu arvad səni yola verməyəcək, məndə öhdəsindən gələ bilmirəm. Yaxşısı budu gəl səni ayırım, sənin də canın rahat olsun. Mən də onun dannağından qurtarım. Arxayın ol, səni ayırsam da gözüm üstündə olacaq.

Kiçik qardaş razı oldu. Var-yox atalarından qalan iki öküzləri var idi. Onu da bölüşdülər, hərəsinə biri düşdü. Qardaşlar bir neçə ay ayrı yaşadılar.

Ay dolandı, gün keçdi, əkin əkmək vaxtı gəlib çatdı. Böyük qardaş baxıb gördü bir öküznən heç bir iş görə bilməyəcək. Əlacı kəsilib, gəldi kiçik qardaşının yanına, dedi:

– Qardaş, indi əkin vaxtı gəlib, bir öküznən nə sən iş görə biləcəksən, nə mən, gəl birlikdə əkib, becərək, nə götürsək tən yarı bölərik. Kiçik qardaş razı oldu. Həmin gündən iki qardaş arpanı, buğdanı əkib, biçib döydülər. Hərəsi öz payını taya kimi bir yerdə yığdılar. İstədilər evə daşısınlar, gördülər qaranlıq düşüb. Hərə öz taxılının yanında uzanıb yatdı ki, səhər açılanda işıq gözü durub, daşıyarıq. Böyük qardaş yuxuya gedənnən bir az sonra kiçik qardaş durub, öz-özünə bərkdən dedi:

– Bu heç insafdan deyil, böyük qardaşımın arvadı-uşağı var. Külfəti böyükdü, amma mən təkcəyəm. Taxılı da tən yarı bölmüşük. Gərək mən çox hissəsini böyük qardaşıma verəydim.

Oğlan sözünü qurtarıb, kürəyi aldı əlinə, öz arpa-buğdasının yarısını tökdü qardaşının payının üstünə. Sonra yenə yıxılıb yatdı. İndi də böyük qardaş yuxudan ayıldı. O da ucadan öz-özünə dedi:

– Heç insaf deyil. Mən taxılı kiçik qardaşımnan tən yarı bölmüşəm. Əvvəla, mən haqsızlıq eləyib, onu ayırdım. Sonra da öküzünü verməsəydi, mənə kömək eləməsəydi, bu qədər taxılı hardan ala bilərdim. Bu qardaş da kürəyi əlinə alıb öz arpa-buğdasının tən yarısını kiçik qardaşının payının üstünə tökdü. Sonra da yıxılıb yatdı. Qardaşlar burda yatmaqda olsun, sizə kimnən xəbər verim, qırx quldurdan. Qırx quldur demə həmin gün padşahın xəzinəsini yarıb, qırx dəvə yükü qızıl gətirirlərmiş. Gəlib yoldan keçəndə burda arpabuğda tayalarını görüb, gəlirlər ki, atlarına bir az arpa aparsınlar. Buğda tayasının dalısında durub, pusurlarmış. Quldurlar burda pusan zaman bu iki qardaşın danışığını eşidirlər. Qardaşların biri-birinə belə can yandırmaları quldurbaşının xoşuna gəlir. Bir-iki çuval arpa götürürlər. Quldurbaşı əmr eləyir ki, apardığımız arpanın əvəzində bunların hərəsinin taxılının üstünə bir dəvə yükü qızıl səpin. Quldurlar o saat quldurbaşının sözün yerinə yetirib, iki dəvə yükü qızılı taxılın üstünə töküb gedirlər.

Qardaşlar səhər yuxudan ayılıb görürlər ki, taxıllarının üstü qızılnan doludu. Onlar bu işə məəttəl qalırlar. Öz aralarında götür-qoy eləyirlər ki, bəlkə, bizi şərə salmaq üçün qızılları bura töküblər. İstəyirlər ki, qızılları götürməsinlər. Baxıb görürlər ki, taxıl tayasının üstündə bir kağız var. Kağızı açıb oxuyurlar: “Ey Allahın təmiz ürəkli bəndələri, mən bilirəm ki, siz bu qızılları aparmaq istəməyəcəksiniz, qorxmayın, aparın. Öz malınız kimi halaldı. Gecə sizin hər ikinizin söhbətini, elə- diyiniz işi gözümnən gördüm. Bu iş mənə çox xoş gəldiyinə görə bu qızılları sizə bağışlayıram. Aparın, halal xoşunuz olsun”. Kağızı oxuyandan sonra qardaşlar taxıl və qızılları yığışdırıb apardılar evlərinə. Özlərinə gözəl imarət tikdilər.

Qonşu tacirin oğlanları bunların bu cahi-cəlalını görüb, paxıllıqları tutdu. Tacirin böyük oğlu atasının nə qədər var-dövləti var idisə, hamısını qumara, keyfə, damağa verib, xərcləyib qurtarmışdı. O, bir gün atasının yanına gəlib, deyir:

– Ata, daha sən qocalıbsan. Ticarətə getməyə halın yoxdu. Gəl mənə pul ver, gedim alver eləyim, çoxlu pul qazanım, yenə əvvəlki dövlətini qaytarım özünə.

Atası dedi:

– Ay oğul, mənim o qədər pulum nə gəzir ki, sənə verəm, olanqalanımın hamısını sən dağıtdın. Bir də fərasətinə bələdəm. Sənnən pul qazanan olmaz. Oğlan dedi:

– Ata, məgər mən qonşumuzdakı əkinçinin oğlanlarından fərasətsizəm. Görmürsən nə cah-cəlal düzəldiblər. Tacir dedi:

– Əlbəttə, fərasətsizsən. Mənim dövlətim onların indiki varından çox idi, hamısını dağıtdın.

Oğlan yarı dil, yarı güc atasının olan-qalan pulunu alıb, yol başladı uzaq şəhərlərə ticarətə getməyə. Az getdi, çox dayandı, dağlar aşdı, dəryalar keçdi. Gedib çıxdı Firəngistana. Burda bir arvad tapıb, başladı keyf çəkməyə. Atasına da bir məktub yazıb, yolladı ki, ata, daha mənim yolumu gözləmə. Mən burda qalası oldum. Atası məktubu alandan sonra, cavab göndərdi ki, oğul, səbəb nədi ki, öz evinə qayıtmaq istəmirsən?

Oğlan təzədən yazdı ki, ata, sən qocalıb əldən düşübsən. Sən nə bilirsən ki, al yanaqlar, qoşa xallar, ala gözlər, bal dodaqlar, incə bellər, sərvi boylar nə deməkdi. Mən burda evlənmişəm. Arvadımı qoyub, oralara gələsi deyiləm.

Tacir məktubu açıb oxuyan kimi, cin vurdu beyninə. Götürüb oğluna yazdı ki, oğul, düz deyirsən. Sən də evinə qonaq gələndə, onun üçün yatmağa bir dəst yorğan-döşək tapmamağı, arvad-uşaq evdə acınnan ağlaşanda gedib ona, buna əl açmağı, boş süfrəni görməyibsən. Borclular başının üstünü kəsib, ver borcumu deyəndə tər tökməyi görməyibsən. Səndəki fərasətə ki mən bələdəm, bu şeyləri görəcəksən, onda özün qayıdıb gələcəksən.

Tacir məktubu yola saldı, oğlan atasından məktubu alanda, doğrudan da əlində olan pulu, var-dövləti tamam qurtarmışdı. Borc boğazına qədər yığılmışdı. Arvad da ağına-bozuna baxmayıb, gündə bir şey istəyirdi. Oğlan baxıb gördü ki, işlər şuluqdu. Əlacı kəsilib, kor-peşman qayıtdı atasının yanına. Atası oğlunu görüb dedi:

– Hə, oğul, indi necəsən, bəs qədrini bildiyin o qönçə dodaqlar harda qaldı?

Oğlan başını aşağı salıb dinmədi. Tacirə hər şey əyan idi deyə o da heç nə demədi. Hə, sizə indi kimdən deyək, tacirin o biri oğlundan. Bu oğlan da ağıldan kəm, qoldan qüvvətli idi. On adam onun bir qolunu qatlaya bilməzdi. İşi belə görəndə kiçik qardaş cuşa gəlib dedi:

– Ata, indi də mənə icazə ver gedim, bir yerdə iş-gücdən tapım, bəlkə bir az puldan-paradan qazandım.

Tacir dedi:

– Oğul, səndən böyük qardaşın getdi neynədi ki, sən də neynəyəsən. Oğlan dedi:

– Ata, sən ki, məndəki gücə, qüvvətə bələdsən. Bu qədər gücü olan adam nə desən eləyər.

Tacir dedi:

– Oğul, səhv eləyirsən, təkcə gücnən heç nə eləmək olmaz.

Adamda ağıl, bacarıq da olmalıdır. Oğlan hirslənib dedi:

– Ata, indi ki, belə oldu, mən getdim. Görərsən bu güclə, bu qüvvətlə nə qazanaram.

Oğlan evdən çıxıb o qədər getdi ki, bir böyük çayın qırağına çatdı. İstədi soyunub çaydan keçsin. Gördü yox, bu o deyən çaylardan deyil. Bu çaydan keçmək mümkün deyil. Amma baxıb gördü ki, iki nəfər adam camaatı bərəyə mindirib, sudan keçirir. Gedib onlara dedi ki, məni də keçirin. Bərəçilər dedilər:

– Adamın birini bir manata keçiririk. Pulun varsa ver keçirək, yoxdursa keçirmirik.

Oğlan gördü bunlar pulsuz keçirməyəcək, qolunun zoruna salıb, hərəsini bir tərəfə itələyib, keçib oturdu bərədə. Özlərinə də qışqırdı ki, keçirin məni o taya.

Bərəçilər sözü bir yerə qoydular ki, oğlanı itələyib, suya yıxsınlar. Dinməz-söyləməz bərəni sürdülər. Bir xeyli gəlib, suyun lap gur yerində bərəni ləngərlətdilər. Firsət tapıb, oğlanı itələdilər duz suyun içinə. Su o saat oğlanı axıtdı. Oğlan suyun içində o qədər əlləşdi ki, axşam qaranlıq düşəndə bir təhər gücnən qırağa çıxa bildi. Səhər tezdən təzədən başladı yol getməyə. Gedib bir yerə çıxdı, gördü burda adamlar bir quyunun başına yığılıb, pulnan su alıb içirlər. Oğlan irəli keçib, bir az su istədi. Pulu yox idi deyə su vermədilər. Oğlan qolunun gücünə güvənib, su satanı itələdi ki, alıb su içsin, su satan o saat haray saldı ki, ay camaat, nə durubsunuz, bu adam bizim suyumuza sahib olmaq istəyir. Oğlanı o ki var döyüb, baş-gözünü yarıb, yola saldılar. Oğlan kor-peşman başladı yol getməyə. Gedib, bir dəvə karvanına rast oldu. Karvanbaşıdan xəbər aldı:

– Bu səhralıqda niyə düşüb qalıbsınız?

Karvanbaşı dedi:

– Qardaş, qabaxda qırx quldur mağarası var, gecə vaxtı ordan keçsək, bizi soyarlar. Elə buranın özündə də qorxuludur, birdən gəlib, quldurlar bizi tapa bilərlər.

Oğlan dedi:

– Siz qorxmayın, təkcə mən iyirmi-otuz quldura cavab verərəm.

Karvanbaşı oğlanın sözündən bir az ürəkləndi, ona çörəkdən-zaddan verdilər yedi, yatdı. Gecənin bir vaxtı karvançılardan biri dedi:

– Ay qardaşlar, mən bu adamdan şübhələnirəm, birdən o quldurların yoldaşlarınnan olar, bizi arxayın salıb, yuxuya verəndən sonra yoldaşlarını çağırar. Var-yoxumuzu əlimizdən alarlar. Gəlin elə bunu yata-yata qoyaq, xəlvətcə yol başlayaq gedək. Yoldaşları bu fikrə razı oldular. Sakitcə yığışıb getdilər. Oğlan neçə gün idi ac-susuz, yorğun idi deyə elə yatmışdı ki, heç nədən xəbəri yox idi. Oğlan bir də gözün açıb, gördü ki, lələ köçüb, yurdu qalıb. Bilmədi nə eləsin, hara getsin. Gəlib bir meşəyə çatdı, yenə otdan-ələfdən yeyib aclığını söndürdü. Demə bu vaxt padşah öz qoşunuynan ova çıxıbmış. Birdən oğlanı gördü, yanına çağırıb dedi:

– Oğlan, kimsən, nəçisən, buralarda tək-tənha nə eləyirsən?

Oğlan ağlaya-ağlaya başına gələn əhvalatları bir-bir danışdı. Padşahın yazığı gəldi, oğlana pal-paltar, bir xeyli pul verdi. Oğlan cığırı tutub düz gəldi evlərinə.

Atası oğlunun qayıtdığını görüb sevindi. Bir xeyli söhbətdən sonra oğlan başına gələn əhvalatların hamısını atasına da söylədi, dedi:

– Ata, bəs sən deyirdin ki, təkcə güc ilə heç nə qazanmaq olmaz. Bəs mən bu pulu necə qazandım?

Atası dedi:

– Oğul, əvvəla, sənin bu pulun bir həftədən artıq qalmaz. Axı bir də sən o pulu heç bir zəhmət çəkib qazanmayıbsan. Bu bir təsadüf nəticəsində olub. Əgər yolda padşaha rast olmasaydın bu pulu da ala bilməzdin. Təsadüfə bel bağlamaq olmaz. Pul qazanmaq üçün zəhmət çəkmək, ağıl işlətmək lazımdır. İndi mən sənə bir əhvalat söyləyəcəyəm, görəcəksən ki, səndən balaca bir uşaq təsadüfə nə cür cavab veribmiş. Günlərin birində bir padşahın bir qiymətli üzüyü var imiş. Padşah düzgün ox atmağı çox sevərmiş. Odur ki, üzüyü bir məscidin minarəsinin lap təpəsində, görünən bir yerdən asdırıb, hər yerə car çəkdirir ki, kim bu üzüyün içindən ox keçirə bilsə, üzük onun olacaq. Ölkədə nə qədər ox atan vardısa, hamısı tökülüb gəlir, heç kim üzüyün içindən ox keçirə bilmir. Bir uşaq da qarğıdan özünə ox düzəldibmiş. Uşaq gözünü yumub, oxu hara gəldi atıb hey gülürmüş. Birdən uşağın oxu düz üzüyün içindən keçir. O saat hamı hay-küy salıb uşağı alqışlayır. Gətirib üzüyü uşağa verirlər. Uşaq üzüyü geri qaytarır. Ondan xəbər alırlar ki, bəs sən niyə belə eləyirsən? Uşaq deyir:

– Mən gözlərimi yumub oxu atdım, təsadüfdən o üzüyün içindən keçdi. Bu mənim zəhmətimlə yox, təsadüf nəticəsində olmuşdur. Mən belə mükafatı özümə əskiklik bilirəm.

Kişi əhvalatı söyləyib qurtarandan sonra üzünü oğluna tutub dedi:

– Oğul, indi çox da öyünmə, sənin qazandığın qəpik-quruş da belə təsadüf nəticəsində olubdu. Əsil qazanc zəhmət, bacarıq, ağıl nəticəsində əldə edilir.


Tarix: 21.04.2013 / 19:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1182 Bölmə: Nağıllar
loading...