Günlərin bir günündə əyyami sabiqdə bir danə Məhəmməd var idi. Günlərin bir günündə Məhəmməd çöldə yer şumlayırdı. Məhəmməd qan-tər içində evə döndü və anasına dedi:
– Ana! Doğrusun di. Mənim atam nə sənət sahibi idi?
Anası dedi:
– Oğul, vallah, atan avçı idi. Hər gün ava çığanda yorğun gəlib üzü üstə düşüb, torba barıt çeşmədən savayı heç bir iş görmürdü.
Məhəmməd deyir:
– Atamnan qalma şeyləri getir görüm.
Məhəmmədin anası köhnə bir sandıq açdı, onın içinnən bir tüfəng, bir torba barıt çıxartdı. Oğluna uzatdı. Məhəmməd gün çıxmamışdan tüfəngi götürüb yola düşdü.
Məhəmməd az gedib çox girləndi, bir mənzil başına düşdü. Gecəni orada eliyib səhər yola çıxdı. Ərzuman dağların aşdı, bir də nə gördü, qabağına bir ceyran çıxdı. Məhəmməd bir xeylaq ceyrana baxdı dedi:
– Mən bu ceyranı diri dutacağam.
Atın çapdı, ceyran toz elədi, bir qalaçadan içəri girdi. Məhəmməd də bunun ardınca.
Məhəmməd bir də gördü ki, burada saçınnan bir qız bağlanıb ki, nə bilim, dünya gözəli. Ceyran düz onun yanına qaçdı. Qız ceyranı tumarladı. Birdən Məhəmmədi gördü, dedi:
– Ey oğlan, sən hara, bura hara? Ağ div gəlib səni bu saat ətin aşıxcaq, qanıvı qaşıxcan eliyər.
Məhəmmədin gözi qıza düşdü, dedi:
– Axtardığımı tapdım! Mən sənin üçün gəlmişəm.
Qız dedi:
– Sən ta ağ divi öldürməsəm, məni apara bilmiyəcəksən.
Məhəmməd dedi:
– Sən mənə de divin canı haradadır?
Qız əliylə göstərdi:
– Bax orada, şişə içindədir.
Məhəmməd şişəni əlinə alıb devin canın yerə vırdı. Bu vaxt ağ div bir nərə çəkib göydən yerə düşdi. Məhəmməd ceyranı, qızı, xeyli ləlcəvahirət götürüb evlərinə gəldi.
Anası oğlunu qucaqladı. Məhəmməd dedi:
– Bax, ana, qızı sənə tapşırıram.
Qız Məhəmmədə dedi:
– Bu ceyranı apar padişaha hədiyyə.
Məhəmməd ceyranı padişah üçün apardı. Padişah ceyranı görüb vəziri çağırdı.
– Vəzir, apar bu oğlana min tümən xəzinədən ənam ver.
Vəzirin gözləri kəlləsinə çıxdı, min tümən Məhəmmədə verib dedi:
– Oğlan, bu min tümənnən bizə bir şey ver.
Məhəmməd dedi:
– Heç qara quruş da desən olmaz.
Məhəmməd pulları yığıb, qızın yanına gəldi. Qız sual etdi:
– Məhəmməd, ceyran üçün nə qədər pul verdilər.
– Min tümən.
Qız dedi:
– Nə səfih padişahdır. Onın qiyməti min tüməndir?
Bir gün padişah vəzirə dedi:
– Vəzir, mən padişah, sən vəzir, o imarət, bu da ceyran.
Vəzir Məhəmmədi tora salmaq istəyirdi.
– Qibleyi-aləm sağ olsun, doğrudur. Əmma...
Padişah dedi:
– Kişi açıq danış. Nə, əmma? Vəzir, bu ceyranın, bu bağın qızıl gümüş ördəgi də olmalıdır. Kim onu gətirə bilər?
Vəzir dedi:
– Qibleyi-aləm sağ olsun, ceyranı gətirən, ördəgini də gətirər.
Padişah əmr verdi ki, bu saat avcını bura gətirsinlər. Adam yolladılar, Məhəmmədi tapdılar. Məhəmməd gəldi, baş əydi. Padişah dedi:
– Ey oğlan, get bu saat haradan olursa olsun, bu ceyranın qızılgümüş ördəgini də tapmalısan. Yoxsa, başuvı daldan vurduraram.
Məhəmməd evə döndü. Qız xəbər aldı:
– Məhəmməd, nə var?
Məhəmməd dedi:
– Zalım oğlu vəzir, yıxıb evimi.
Qız dedi:
– Nə olıb?
Məhəmməd dedi:
– Padişah qızıl-gümüş ördəgləri istiyir.
Qız dedi:
– Heç fikir etmə. Sən get padişaha deginən ki, mən gedirəm, əmma sənə vəzirin atdarından birin, vəzirin pulundan bir tuluq yağ, bir tuluq da bal versin.
Məhəmməd padişahın yanına getdi, dedi:
– Qibleyi-aləm sağ olsun, mən gedirəm. Gərək mənə vəzirin bir yaxşı atından, bir də xüsusi vəzirin öz pulundan alınmış bir tuluq yağ, bir tuluq bal verəsən.
Padişah vəziri çağırtdırdı.
– Vəzir, durma, Səmənd atınla bir tuluq yağ, bir tuluq bal verginən avçıya.
Vəzir baş əgdi getdi. Vəzir Məhəmmədi yola saldı. Məhəmməd birbaş qızın yanına getdi.
Qız dedi:
– Hə gəldin?!
Məhəmməd dedi:
– Bəli, gəldim.
Qız dedi:
– Məhəmməd buradan gedərsən, düz bir gün yolun var. Bir günü vurarsan başa, sora qabağuva bir böyük dağ gələcək, dağı aşarsan. Bir xeylaq düzəngah gedəcəksən, sora qabağuva güllük gələcək. Həmən güllüklərdə atını bağlayıb bir az piyada gedərsən. Qabağıva bir çeşmə çıxacaq. O çeşmənin suyunu qurudarsan. həmən bal ilə yağı o çeşməyə tökərsən. Özin də bir tərəfə çəkilib gizlənərsən. Ordakılar onı su bilib gəlib çiməcəklər. Elə ki, gəldilər çimməgə, onların qanatları şirəyə batacaq. Onda sən onları tutarsan.
Məhəmməd ata minib yola düşdü. Qızın dedigi yerə çatdı, çeşmənin suyunu qurudub balı ora tökdü, özü bir tərəfdə daldalandı. Ördəklər çiməndə Məhəmməd tez ördəkləri tutdu. Atına minib geri qayıtdı. Ördəkləri padişah üçün apardı. Padişah ördəkləri qəbul eliyib vəziri çağırdı. Vəzir gəldi. Padişah dedi:
– Vəzir, apar bu avçıya üç min tümən ver.
Vəzir pul gətirib Məhəmmədə verdi.
Vəzir dedi:
– Bizə bir şey ver.
Məhəmməd dedi:
– Bir qara quruş belə verməyəcəyəm.
Vəzir dedi:
– Yaxşı, gör sənə neyniyəcəyəm?
– Əlindən gələni elə.
Məhəmməd evlərinə döndü. Qız Məhəmmədi qucaqladı:
– Məhəmməd, gəlibsən?
Məhəmməd dedi:
– Bəli, gəlmişəm.
Aradan bir neçə gün keçmişdi, padişah vəzirə dedi:
– Vəzir, bu bağ, bu ceyran, bu ördək, bu da mən.
Vəzir dedi:
– Əmma...
Padişah:
– Necə əmma?
– Bu bağın bir şeyi əskikdi, o da Hindistan padişahının qızı gərək bu Gülü firəngidə ola. Ta ki, sora sənin adın tarixlərdə söylənmiş ola.
Padişah dedi:
– Bunu kim gətirə bilər?
Vəzir:
– Əlbətdə, ördəgi, ceyranı gətirən oğlan.
Padişah əmr elədi:
– Bu saat oğlanı çağırın.
Məhəmmədi çağırdılar. Gedəndə qız Məhəmmədə dedi:
– Padişah sənə nə desə sən razı ol. Qorxma.
Padişah Məhəmmədə dedi:
– Oğlan, durma bu saat get Hindistan padişahının barigahında yaşayan dünya gözəli qızı gətir. Yoxsa, başuvu daldan vurduraram.
Məhəmməd evə gəldi, qız üçün danışdı. Qız dedi:
– Eh! O mənim bacımdır. Sən get bu saat padişaha de, vəzirin pulundan bir gəmi qayıtdırsın, bir taxtası qızıl, bir taxtası gümüş. Sora mən özüm gedib bacımı gətirərəm.
Məhəmməd padişahın yanına gedib dedi:
– Bu saat gərək bir gəmi qayıtdırasan, bir taxtası qızıl, bir taxtası gümüş, əmma vəzirin pulundan ola.
Padişah vəziri çağırtdırıb dedi:
– Vəzir, gərək bu saat öz pulundan bir gəmi qayıtdırasan. Bir taxtası qızıl, bir taxtası gümüş olsun.
Vəzirin boğazının yolu qurudu. Üzünü avçıya tutub dedi:
– Yaxçı, gör sənə nə elərəm?
Məhəmməd dedi:
– Nə bilirsən elə.
Vəzir getdi, həsirinə kimin satdı, gəmini düzəltdi. Gəminin bir taxtası qızıl, biri gümüş suya saldılar. Məhəmmədi çağırdılar:
– Gəmi hazırdı.
Qız ilə Məhəmməd gəmiyə minib cəzirəyə çatdılar. Gəmini bir qıraqda saxladılar. Qız Məhəmmədə dedi:
– Biz gəmidən düşmiyəcəyıx. Əvvəlcə camahat bu gəminin tamaşasına gələr. Sora xəbər padişaha çatar. Mənim bacım padişaha diyəcəkdi qoy mən gedim gəminin tamaşasına.
Şəhər əhalisi gəminin tamaşasına gəldilər. Sabahısı gün padişah əmr elədi ki, bütün şəhər əhli evə girməlidir; Nuri Cahan xanım gəminin tamaşasına gedəcək. Nuri Cahan xanım gəmiyə gəldi. Qız Məhəmmədə dedi:
– Sən hazır ol.
Hər iki bacı gəmidə görüşdülər. Bütün pərilər gəmidən çıxdı. Nuri Cahanın başı bacısı ilə söhbətə qarışdı. Bir başa gəmi gözdən itdi. Nuri Cahan xanımı padişahın barigahinə apardılar. Padişah vəziri çağırtdı, dedi:
– Vəzir, bu qız kimə çatar.
Vəzir dedi:
– Əlbətdə, sizə çatar.
Padişah əmr etdi ki, vəzirin boynun vursunlar. Məhəmmədə də vəzirligi verdilər.
Tarix: 21.04.2013 / 18:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 501 Bölmə: Nağıllar