Kişilərin müxtəlifliyinə və fərqliliyinə baxmayaraq bütün kişilərin yaddaşında həkk olunan və unuda bilmədikləri bir qadın surəti vardır – “Həyat və ömür yoldaşı”. Hər bir kişi hər hansı bir qadını həyatının yoldaşı kimi gördüsə, təsəvvür etdisə, düşündüsə artıq onu unuda bilmir.
O qadın ki, kişinin həyatının bütün anlarında iştirak edir, hər şeydə diqqətli olur, onun həyatının, sevincinin, kədərinin, fikirlərinin, istəklərinin və hər şeyin incəliklərini hiss edir, o qadın unudulmur. O qadın hadisələri sadəcə kənardan müşahidə etmir, o özünü, baş vermiş hər şeyin içində yaşamış kimi hiss edir. O qadın kişiyə hiss etdirə bilir ki, o məhz kişinin xüsusi aləminə, yalnız və yalnız o kişiyə aiddir, ona məxsusdur. O qadını kişi unuda bilmir, çünki o qadın bu kişinin həyatının bütün xatirələrinə bağlıdır.
Əziyyətlərə qatlanan, ağrılara səbr edən, baş verən hadisələrdə həmişə kişiylə yan-yana iştirak edən və hər cür təzyiqlərə təhəmmül edən qadını kişilər unuda bilmirlər. Hətta kişilər ağır anlarında və çətinliklərin ən yüksək təzyiqində o qadınlara yönəlməkdə rahatlıq tapırlar. Çünki o qadınla nə kədər, nə qəm, nə də qüssə qalır. O qadın nə vaxt, harda və necə olacağını bilir. Lazım olan kəlməni gərəkdirsə əzizləməklə, gərəkdirsə hövsələylə, gərəkdirsə məhəbbətlə və gərəkdirsə sərt söylər, amma hikmətli addım atar. Bu qadını kişi unuda bilərmi?!
Kişi xoş hisslərini, duyğularını və ləzzətli anlarını qadınla bir yerdə keçirmək istəyir və mütləq görmək istəyir ki, qadın məhz onunla nəşələnir, onunla xoşlanır. Ən xırda və dəqiq işlərdə, ən kiçik münasibətlərdə belə onlar ikisi də xoş duyğular keçirirlər. Onların həyatı sanki bitməyən ləzzətlər və xoş sürprizlər serialından ibarət olur. Kişi bundan məmnunluq duyur və razılıq hissi keçirir. Qadın, onsuz həyatının mənasını itirdiyini ona hiss etdirir. Bu cür qadın həyatın bütün anlarını gözəl və xoş xatirə kimi qeyd edir, kişi isə o qadını unutmaqda çətinlik çəkir.
Ağıllı qadın onunla yaşayan kişini yaxşı tanıyır, onunla necə rəftar edəcəyini əla bilir. Anlayır ki, hər bir kişinin özünəməxsus fərqli təbiəti, xasiyyəti, dərrakəsi və düşüncəsi var. Məhz bunlara əsasən o qadın həmin kişiylə necə danışacağını, o kişiyə necə yanaşacağını, nə istəyəcəyini, nə vaxt istəyəcəyini, nə vaxt susub, nə vaxt dinləyib və nəvaxt söz deyəcəyini yaxşı başa düşür. Hətta bundan əlavə o qadın, kişisinin necə önə getməyini, necə irəliləyib inkişaf etməyini də bacarır və ona yardım edir. Çünki o qadın kişisinin içində və qəlbində bir inam və arxayınlıq yarada bilir. Bu qadın həyatın yoldaşı, sirdaşı və ömrün bir parçasıdır. Bu qadın unudulmur.
Unudulmaz tanınan və yaddaşlarda qalan qadın öz qadınlığını düzgün biruzə verməyi bacarır. Kişisiylə olduqda öz qadınlığını hiss etdirməklə bərabər kişiyə də öz kişiliyini hiss etdirməyi bacarır. Qadınlıq işvəsini artırdıqca kişi də öz kişiliyini hiss edərək fərəhlənir, məmnun olur, amma qadın açıq-aydın qadınlıq nazı göstərdiyini bildirmir, cilvəsini biruzə vermir. Həqiqi qadınlıq obrazını kişi yalnız hiss edə bilir, onu açıq-aydın qadında görmür. Qadın öz danışığı, öz sözləri, öz səs tonu, öz hərəkəti və paltarları ilə öz kişisinin diqqətini həmişə və hər zaman özünə yönəltməyi bacarır. Bu qadını kişi sevir, qadınlığını sevir, incəliyini sevir və heç cür unuda bilmir.
Daxili gözəlliyi, istiqanlığı, mülayimliyi, güzəştə getmək bacarığı, sakitliyi və sabit şəxsiyyəti olan, bir sözlə bütün tikanlar arasında gül kimi qala və çiçək təravətini qoruya bilən qadın kişinin həyatının əsas hissəsi olur, unudulmayan, qəlbində və yaddaşında xüsusi yer tutaraq qalır. Çünki yola getməyi və güzəşt etməyi bacaran qadını kişi çox sevir. O qadın özünü başqa cür göstərməyə çalışmır, kişisinin xoşuna gedən halda olmağa çalışır, kişisini hər mövzuda sıxmır, narazılığını çox bildirmir. Həyat kitabını açıq buraxır, kişi isə o qadına bütün olanları deyir, heç bir şeyi gizli saxlamır. Bu xüsusiyyət qadında, gözəllikdən də üstün tutulur.
Eyni zamanda o unudulmaz qadın, öz hissləri və coşub-daşan duyğuları ilə də fərqlənir. O öz hissləri ilə kişisinə o qədər yaxın və o qədər əziz ola bilir ki, kişi qadınında istədiyi bütün qadın obrazlarını və hisslərini tapa bilir. O qadın sadəcə xanımı və sevgilisi deyil, ehtiyac duyulan zaman anası da ola bilir. Əslində kişi böyük uşaqdır, sadəcə bu böyük uşağın ehtiyacları və tələbləri balaca uşaqdakından fərqli və kəmiyyətcə çoxdur. Kişi qadınındakı bütün duyğuları hiss etmək istəyir. O qadın kişinin daxilində, həyatında elə bir iz, elə bir əsər buraxır ki, onun mövcudluğu daim həmin kişinin beynində, gözünün önündə və dilində qalır. Sanki o qadının həmişə, bacardığı hər şeyə hazır olduğunu və bacardığı hər şeyi verə biləcəyini hiss edir. Qadın isə verdiyi heç bir şeyin nə qarşılığını istəyir, nə də hesaba çəkir. Çünki kişinin təbiət və xasiyyətindəndir ki, daim haqlı olmaq, sözü keçərli və arzuladığını həmişə əldə etmək istəyir, özü də qarşılıqsız və şərtsiz. Öz etdiklərini sayan, xatırladan, hesaba çəkən, qarşılıq tələb edən qadına isə kişilər nifrət edir.
Əlbəttə, nə zaman qüvvətli və sərt olmağı və nə zaman özünü zəif və zərif göstərməyi bacaran qadını da kişi sevir. Çünki bəzən o kişi hətta qadından qüvvət və dəstək almaq istəyir. Qadın isə o zamanlar güclü və dəstək vermək iqtidarında olduğunu bildirməlidir. Daim zəif və zərif qadın obrazı da mənfidir.
Qadın gözəl varlıqdır, unudulmazdır, amma unudulmazlığını xoş xatirələrlə qoruyub saxlamalıdır. Mövzu yazdıqca uzana bilər, yuxarıda sadalanan xüsusiyyətlərin hamısı bir qadında cəm olmaya da bilər, olması da şərt deyil. Bəzən bir xüsusiyyətlə qadın kişisinin qəlbində və ruhunda elə bir cizgi çəkir ki, kişi hər zaman onu xatırlamaqdan zövq alır. Tarixdən bu cür qadınlara çox misallar gətirmək olar, amma sonunda sadəcə bir misalı gətirməklə kifayətlənirik;
Möminlərin anası Aişədən (r.a) rəvayət olunur ki, belə demişdir: “Rəsulullahın (s.a.s) xanımlarını heç qısqanmamışam, yalnız Xədicədən başqa. Mən onu heç görməmişdim. Rəsulullah hətta qurbanlıq quzu kəsərkən belə deyirdi ki; “Bunu da Xədicənin dostlarına aparın”. Bir gün Onu (s.a.s) qəzəbləndirdim və Xədicənin adını çəkdim O (s.a.s) da dedi ki; “Mənə onun sevgisi bəxş olunub”. Elə bil dünyada Xədicədən başqa qadın yoxdur!”
Yenə Aişədən (r.a) rəvayət olunur ki; “Rəsulullah (s.a.s) Xədicənin adını çəkərkən həmişə Onu (r.a) tərifləyərdi. Bir gün qısqanclığımdan – Onun adını nə çox çəkirsən?! – dedim. Dedi ki: “...Allah Ondan daha xeyirlisini verməyib mənə. Yalnız O iman gətirmişdi, hamı küfr edirdi mənə. Heç kim mənə inanmayan zaman O mənə inanmışdı. Hamı məni mal-dövlətindən məhrum edərkən, yalnız O mənə yardım etmişdi. Hamının övladlarından məhrum idim, Allah ondan mənə övladlar bəxş etmişdi."
Bir başqa hədisdə də Aişədən (r.a) rəvayət olunur ki; “Rəsulullahın (s.a.s) heç bir xanımını, Xədicəni qısqandığım kimi qısqanmamışam. Ona görə ki, Rəsulullah (s.a.s) Onu tez-tez yad edərdi, tərifləyəri. Allah təala hətta Rəsuluna (s.a.s) vəhy etmişdi ki, Onu (Xədicəni) cənnətdə bir evlə müjdələsin.”
Hamısını yaza bilməsək də, bu haqda rəvayətlər çoxdur. Sadəcə bu hədisləri və Allah rəsulunun (s.a.s) həyatını oxuyarkən təəccüblənirik ki, Peyğəmbərimizin (s.a.s) xanımlarının ən yaşlısı olmuş Xədicə necə də qısqandırıcı bir xanım olmuşdur. Rəsulullahın (s.a.s) həyatında necə iz buraxmışdır ki, daim Onu (r.a) xatırlayar yad edərdi. Rəsulullahın (s.a.s) bütün övladları Xədicədən (r.a) olmuşdu, yalnız İbrahimdən başqa. Xədicə (r.a) ilə evli olarkən Onun (r.a) üzərinə heç bir qadın almamışdı, evlənməmişdi.
Tarix: 29.12.2012 / 18:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1040 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri