Qidalandırıcı maskalar
1 xörək qaşığı bal, 2 xörək qaşığı bitki yağı və 2 yumurta sarısını yaxşıca qarışdırın. Alınan maskanı azca qızdırdıqdan sonra hər 5 dəqiqədən bir olmaqla bir neçə dəfə üzünüzə çəkin. Sonra cökə ağacı çiçəyindən hazırlanmış dəmləmə və ya adi qaynanmış ilıq suda isladılmış tamponla silin.
1 xörək qaşığı yağlı kəsmik və 1 xörək qaşığı yağlı qaymağı yaxşı-yaxşı qarışdırdıqdan sonra dərinizə sürtüb 20 dəqiqə saxlayın.
Zeytun, çaytikanı, badam və ya ərik yağını azca qızdırın. Üzərində gözlər üçün dəliklər açılmış tənzif salfeti yağın içərisində yaxşıca islatdıqdan sonra onu 10 dəqiqə müddətinə üzünüzə qoyun. Bu maskadan sonra dəriyə krem çəkilmir.
Əriyin yumşaq ətli hissəsini qatı qarışıq alınana qədər yağlı xama ilə qarışdırın, üzünüzə çəkin və 15 dəqiqə saxlayın.
Suda bişirilmiş kartofu süd və yumurta sarısı ilə qarışdırın. Maskanı üzünüzə çəkib 15-20 dəqiqə saxlayın.
Kiçik bir dilim balqabaq kəsin, daxilindəki tumları xaric edərək qabığını da soyun. Sonra onu kub şəklində doğrayaraq 15 dəqiqə ərzində vam odda bişirin. Daha sonra üzərinə 1 xörək qaşığı nişasta və 2 çay qaşığı zeytun yağı əlavə edərək yaxşı-yaxşı qarışdırın və üzünüzə çəkin. 15-20 dəqiqə keçdikdən sonra üzünüzü yuyun.
Nəmləndirici maskalar
2 xörək qaşığı yulaf yarmasını (“herkules”) qatı tərkib alınana qədər süddə bişirin. Soyutduqdan sonra 1 çay qaşığı bal əlavə edərək qarışdırın. Maskanı üzün dərisinə ilıq şəkildə çəkin və 20 dəqiqə saxlayın.
Bir neçə moruq, çiyələk və 1 əriyi yaxşı-yaxşı əzdikdən sonra onun üzərinə 1 çay qaşığı sürtgəcdən keçirilmiş kələm və 1 çay qaşığı qaymaq əlavə edərək bir qədər qarışdırdıqdan sonra üzünüzə çəkin. 15 dəqiqə keçdikdən sonra üzünüzü yuyun.
1 çay qaşığı xamanı kiçik sürtgəcdən keçirilmiş 2 çay qaşığı çuğundur və kələm və bir qədər bal ilə birlikdə qarışdırın. Maskanı üzünüzə çəkin və 20 dəqiqə saxlayın.
2 çay qaşığı yağlı kəsmiyi 1 çay qaşığı bal və 1 xörək qaşığı təzə çəkilmiş kök şirəsi ilə qarışdırın. Maskanı üzünüzə çəkin və 15 dəqiqə saxlayın.
Tarix: 24.12.2012 / 19:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 384 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri