Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözlərin aladır, qaradır, yoxsa...

Yayda biz hara gediriksə gedək, heç vaxt vacib aksessuarımızı - gün eynəyini unutmuruq. Onlar təkcə bizim görünüşümüzü bəzəmir, həm də səhhətimizi qoruyur.
Bu yay mösümündə dəbi diqtə edənlər öz fantaziyalarını bütünlüklə işə salaraq, müxtəlif formalı və rəngli gün eynəkləri düzəldiblər. Əsas şərt eynəyin gözəl (təkcə funksional yox, daha zərif və sirli) və cəlbedici olmasıdır. Buna görə də onları bəzək daşları və metal applikasiyalarla bəzəyirlər.
Gün eynəklərini əsasən üç qrupa ayırırlar. Kosmetik, gündən qoruyan adi və çox yüksək müdafiəli eynəklər.
Kosmetik eynəklər kosmetik funksiyanı yerinə yetirərək, imici nəzərə çarpdıran aksessuar rolunu oynayır. Onlar sizi günəşdən qorumasa da, sizə ziyan da vurmayacaqlar. Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir.

Linzalar

Eynək modasından danışdıqda hər şeydən əvvəl linzaların forma və rəngi qeyd olunur. Ötən illə müqayisədə builki eynək formalarında xüsusi bir dəyişiklik yoxdur. Bir sıra kolleksiyalarda, məsələn, "Christian Dior", "Nugo Boss", "Ray Ban", "Durond" "maska"- eynək, "kəpənək"- eynək , "aviator" - eynək modellərinə üstünlük verilib. Linzalara gəlincə isə, məsələn, "Puma", "D&G", "Shanel" kolleksiyalarında öndə gedən rəng qaradır.
Ümumiyyətlə, bu mövsümün rəngi qəhvəyi və zəif tonlaşdırılmış şəffaf rəngdir. Qəhvəyi rəng qara rəng kimi, demək olar ki, hamıya yaraşır. Bundan başqa, belə çalarlı şüşə tutqun havada da görmə qabiliyyətinə mənfi təsir göstərmir. Şəffaf rəngli eynəklər isə daha çox dəb xarakteri daşıyır. Əlbəttə, müasir örtüklərin sayəsində hətta açıq rəngli linzalar da bizi ultrabənövşəyi şüalardan qoruyur. Amma gözlər üçün təkcə ultrabənövşəyi şüalar deyil, həm də həddən artıq parlaq işıq da zərərlidir. Bunun qarşısını isə ənənəvi tünd linzalar ala bilər. Ultradəbli eynəklərdə şəhərdə gəzmək olar, amma çimərliyə mütləq güzgü effektli eynək götürmək lazımdır. Yalnız onlar sizin gözlərinizi neqativ günəş şüalarından qoruyacaq.
Bu ilin dəb tendensiyasını qradiyentli (dərəcəli) eynəklər təşkil edir. Qradiyentli eynəklərin linzalarının yuxarı hissəsi aşağıdakına nəzərən daha çox kölgələnir. Bu modellər avtomobil sürücüləri, çimərlikdə mütaliə edənlər üçün çox əlverişlidir. Belə eynəyi hətta örtülü binada da taxmaq olar.
Gün eynəklərinin elə kateqoriyası var ki, xüsusi olaraq, sürücülər, idmanın su və qış növləri ilə məşğul olanlar üçün nəzərdə tutulub. Bu polyarlaşmış linzalı eynəklərdir. Onlar təkcə ultrabənövşəyi şüaları deyil, həm də islanmış yola, qar və suyun üzünə düşən işıq şəfəqlərini də neytrallaşdırırlar. Məhz belə eynəklərdən həm dənizdə, həm də qarlı dağlarda istirahət zamanı istifadə edə bilərsiniz.
Gün işığından müdafiə olunmaq üçün linzanın yalnız üst qatının tutqunlaşdırıldığı "maskalı" eynək də almaq olar.
"Xameleonlar" adlanan fotoxromlu şüşə isə çox zərifdir. Onlar göz üçün rahatlıq və optimal müdafiə yaradaraq, işıqlandırmadan asılı olaraq, rənglərini dəyişirlər.
Yüksək keyfiyyətli eynəklər qrupuna aid edilən "xameleonlar" müxtəlif cür - güclü və ya zəif dərəcədə tutqunlaşırlar. Keyfiyyətsiz məhsuldan qaçmaq üçün fotoxromlu linzaları nüfuzlu mağazadan seçin. Eynək seçimində daha bir vacib məqam linzaların ölçüsüdür. Məsələ bundadır ki, eynəklər təkcə göz bəbəklərini deyil, həm də gözün ətrafındakı dərini də qorumalıdırlar. Onda bu ətraflarda qırışlar da az olacaq.
Unutmayın ki, eynəklərin linzaları bərabər səviyyədə tutqunlaşmalıdır. Əks halda gözlər tam müdafiə olunmayacaq və tez yorulacaq.

Hansı rəngi seçməli?

Əgər siz rəngli linzalı eynək taxmısınızsa və ətraf mühit radikal şəkildə rəngini dəyişibsə, məlumunuz olsun ki, bu saxta eynəkdir. Firma linzaları yalnız çaları yüngülcə dəyişməklə rəngi saxlayır. Rəngli linzalı eynəklər şüanı dəqiq qəbul etməli olan peşə sahibləri, məsələn, avtomobil sürücüləri üçün problem yarada bilər. Adət halı almış rəng qammasının pozulması diqqəti yayındırır və gözləri tez yorur.

Şüşə və ya plastika?

Gün eynəklərinin linzalarını əsasən üç materialdan hazırlayırlar: şüşə, polikarbonat və akril plastikdən. Şüşədən hazırlanan gün eynəkləri təhlükəsizdir. Şüşə ultrabənöşəyi şüaları keçirmir. Son illər isə şüşə linzaları təkmilləşdirərək, onları plastiklərlə əvəz etməyə başlayıblar. Çünki onlar daha asan əldə edilir. Amma plastik ultrabənöşəyi şüalara qarşı müdafiəsizdir. Doğrudur, belə eynəkləri dəb və gözəllik naminə gəzdirmək olar. Amma belə eynəklərin yaratdığı tutqunluq bəbəyi "aldatdığı" üçün o, gərilir. Və belə gün eynəklərini taxan adamın gözlərinin yükü artır. Zaman keçdikcə bu, göz büllurunu bulandıra və görməni zəiflədə bilər. Bu isə artıq zarafat deyil. Gün eynəklərinin etiketini oxuduqda, linzanın ultrabənövşəyi şüaları ötürmə kəmiyyətinə diqqət edin. Göz üçün daha zərərli şüalar V tipli (UVB) ultrabənövşəyi şüalardır. Buna görə də yaxşı eynək gözünüzü həmin şüalardan bütünlüklə müdafiə etməlidir.

Eynəklərin mənşəyi

Eynəklərin mənşəyini yoxlamaq asandır. Etiketdə qeyd olunan ticarət markasının adı ilə eynəyin çərçivəsinin iç tərəfində (çox vaxt ad birbaşa linzanın üzərinə çap edilir) yazılanları müqayisə edin. Həm də diqqət yetirin ki, ektiketdə istehsalçı ölkənin, müəssisənin adı, onun ünvanı qeyd olunsun. Əgər gün eynəkləri sizə təkcə bəzək üçün deyil, sağlamlıq baxımından da lazımdırsa, onda onları nüfuzlu mağazadan alın.


Çərçivələr

Eynək çərçivəsi üçün ən praktik material neylon hesab edilir. O, asanlıqla əyilir və yenidən əvvəlki vəziyyətinə qayıdır. Plastik çərçivələr daha tez sınır. İçindən metal çubuq keçən plastik çərçivələr daha yaxşıdır.
Eynək aldıqda onu əlinizdə tutaraq, bir neçə dəfə sağanaqlarını açın və eynəyi əyin. Yadda saxlayın ki, yaxşı çərçivə bərk yox, elastik olur və deformasiyaya uğradıqdan sonra tezliklə əvvəlki formasını bərpa edir.
Sağanaqların bərkidildiyi vintlərin sona qədər bağlanıb-bağlanmadığına diqqət yetirin. Eynəyin nə dərəcədə rahat olduğunu yoxlayın. Baxın, eynəyin yastıqcaları burnunuzun üstünü, qulaqlarınızı əzmir ki? Siz başınızı əyəndə, eynəklər düşməməli və burnunuzun ucuna sürüşməməlidir. Yaxşı eynəklər yerindən tərpənməməlidir.

Eynəklərə necə qulluq etməli?

Seçdiyiniz eynəklərdən uzun müddət istifadə etmək istəyirsinizsə, yenidən eynək almaq əziyyətinə qatlaşmaq və əlavə pul xərcləmək həvəsində deyilsinizsə, onları qaydalara uyğun saxlayın. Eynək üçün yarıbərk üzlük alın. Daha yaxşı olar, ki, bərk futlyar alasınız və eynəyi onda gəzdirəsiniz. Eynəyi stol və ya tumbanın üzərinə qoyanda linzaların qabarıq tərəfini üzüaşağı qoymayın. Belə etsəniz, onları cızmazsınız. Linzaları xüsusi xovlu parça və ya nazik dəri parça ilə təmizləyin. Bu materiallar linzaların səthini təmiz və zərif şəkildə təmizləyir, onun cilasını pozmurlar. Eynəklərin şüşəsinin tündlüyündən asılı olmayaraq, günəşə birbaşa baxmaq məsləhət deyil. Əgər eynəyi taxdığınız vaxt gözlərin kənarındakı dəri yenə də yanırsa, onda onu dəyişin.
Eynəklər, məlum olduğu kimi, geyimə də uyğun olmalıdır.
Məsələn, tünd şüşəli və geniş çərçivəli eynəklər iş kostyumuna uyğun gəlir. Çərçivə geyimin deyil, çantanın və ayaqqabının rəngi ilə eyni olmalıdır. Güzgü şüşəli və intensiv tonlaşdırılmış modellər isə artıq dəbdən düşmək üzrədir.
Gənclərin istirahət və gəzinti geyiminə qəhvəyi və qara şüşəli eynəklər uyğun gəlir. Xatırladaq ki, ötən il parlaq və rəngbərəng linzalı eynəklər dəbdə idi.
Çərçivələrin forma və ölçüsünə gəlincə, bu ilin dəbi bir tərəfdən ötən əsrin 50-ci illərinin xanımlığını, digər tərəfdən isə 80-ci illərin "dəmir ritmləri"ni xatırladır. Dizaynerlər xırda düzbucaqlı eynəklərdən, demək olar ki, tamamilə imtina ediblər. Yeni dəb bizə göz çuxurunu bütünlüklə örtən hamar xətli eynəkləri diqtə edir.
Təəssüflər olsun ki, ekstravaqant effektli modellər hamının sifət quruluşuna uyğun gəlmir. Ona görə də, dəbə uyğun çimərlik aksessuarı seçdikdə sifətinizin formasını təkrarlamayan çərçivəli eynək seçin. Məsələn, əgər sizin sifətinizin cizgiləri qabarıq və girdədirsə, onda sizə iti künclü eynəklər lazımdır. Yaxşı olar ki, kvadrat və ya düzbucaqlı, enli, amma hündür olmayan eynək seçəsiniz. Onlar sizin sifətinizi "uzadır", düz xətlər isə sifətinizi o qədər də girdə göstərmir. Əgər sizin sifətiniz yığcam və sərt cizgilərlə zəngindirsə, onda sizə əyilən (daha yaxşısı "pişikgözü") çərçivəli eynək uyğun gələr. Belə eynəklərin qabarıq forması almacıq sümüyünün üstünü örtür (onu gizlədir) və diqqəti sivri çənədən yayındırır. Əgər alnınız enlidirsə, onda yuxarı xətti qabarıq nəzərə çarpan eynəklər seçin. Dairəvi forma küncləri yumşaldır, effektli görünüş isə diqqəti sifətin çatışmazlıqlarından yayındıraraq, sizi daha cəlbedici göstərir.
Amma əksinə sizin alnınız dar, sifətinizin aşağı hissəsi enlidirsə, o zaman indi dəbdə olan çərçivəsiz eynək seçin. Azca qabarıq forma sifətin yuxarı hissəsini enli, aşağı hissəsini isə ensiz göstərir. Bəzən eynəkləri xarakterə uyğun da seçirlər. Dəblə ayaqlaşırsınızsa, amma əksəriyyətin taxmadığı, əksinə, fərdi və qeyri-adi model istəyirsinizsə, onda ya dar formalı, ya da böyük şüşəli eynəklərə üstünlük verin. Onların rəngi əsasən qara və qəhvəyi olmalıdır.
Əgər təbiətən kolleksiyaçısınızsa, sizdə artıq bir çox müxtəlif modellər varsa və onlara pul ödədiyinizə görə peşman deyilsinizsə, onda bu mövsümdə çərçivəsiz, zərif tonlu şüşələri olan eynək seçməlisiniz.
Əgər siz daim klassikaya üstünlük verirsinizsə, amma bəzən nəsə yeni və orijinal bir şey sınaqdan keçirmək istəyirsinizsə, onda tünd rəngli böyük eynəklərə üz tutun.
Gördüyünüz kimi, eynək seçərkən ən əsas prinsip müxtəlif modellər arasından özünüzə ən rahatını tapmaqdır (burada ucuzluq dalınca qaçmaq lazım deyil). Razılaşaq ki, məhz gün eynəkləri özündə maraqlı ikili effekt birləşdirir: bir tərəfdən onlar sağlamlığımızı qoruyur, digər tərəfdən isə sirli görünüş verir.
Gün eynəkləri almazdan əvvəl göz həkiminə müraciət edin. Əgər sizin görmə qabiliyyətinizdə problemlər varsa o, sizə düzgün dioptriyalı gün eynəyi seçməkdə kömək edər.


Tarix: 29.12.2012 / 17:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 719 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...