Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəllik ondur, doqquzu... təmizlik

Gözəl, səliqəli, zövqlə geyinmək hər bir insanın arzusudur. Ancaq bütün bu məziyyətin önündə təmizlik gəlir. Məhz təmizlik zövqü də, gözəlliyi də rövnəqləndirir. Buna görə də bu gün xanımlarımıza məhz ən müxtəlif materialdan hazırlanan geyimləri, xüsusilə onlara düşən ləkələri təmizləməyin ən effektli variantlarından söhbət açacağıq.

Paltarların təmizlənməsi
Üst paltarlarında olan çirki, adətən, benzinlə təmizləyirlər. Üst paltarlarında ən çox yaxalıq, qollar və ciblərin kənarları çirklənir. Açıq rəngli paltarları kartof unu və benzinin qarışığı ilə təmizləyin. Bu qarışığı çirkli hissələrə yaxıb quruyana qədər gözləyin, sonra həmin yeri ovxalayın, parçanı isə təmiz əski ilə silin. Beləliklə, paltarın ləkəsi yox olur.

Kişi kostyumlarının təmizlənməsi
Kostyumu hər gün adi şotka ilə təmizləyin, həftədə bir dəfə pencəyin yaxalığını əvvəl çiy kartof, sonra yaş əski ilə silin və qurulayın.
Adətən, ən çox sürtülən yerlərdə - dirsəklərdə, qolçaqlarda və şalvarda parça parıldamağa başlayır. Parıldayan yerləri əvvəl təmiz benzinlə, sonra bir hissə naşatır spirti və beş hissə qaynanmış sudan hazırlanmış məhlulla silin. Bundan sonra üstünə quru parça qoyub ütüləyin. Parıltını üç hissə sirkə və bir hissə su məhlulu ilə də aparmaq olar.
Qara kostyumda ütüdən əmələ gəlmiş parıltını çayın dəmi ilə, ya da naşatır spirti ilə aparmaq mümkündür.

Trikotaj paltarların təmizlənməsi
Yun trikotaj paltarlar isti su və sabunu "xoşlamır". Belə paltarları paltaryuyan tozlardan biri ilə yuyun, bir neçə dəfə sirkə qatılmış ilıq su ilə yaxalayın. Trikotaj paltarları suda çox saxlamaq olmaz.
Toxunma papaqları qurudarkən içinə ya kağız, ya da əski salmaq lazımdır. Formasını itirməsin deyə, quruyandan sonra papağı bir neçə dəqiqə buxara verin.
Əgər trikotaj koftanın, sviterin dirsəkləri dartılmışsa, həmin yeri buxara verəndə yenə əvvəlki görkəmini alır.
Yığılıb daralmış yun trikotaj geyimləri aşağıdakı məhlula qoyduqda, o, qismən düzələcək: 10 litr sabunlu ilıq suya 3 qaşıq naşatır spirti və 1 qaşıq adi spirt tökün və paltarı həmin məhlulda 24 saat saxlayın. Sonra təmiz ilıq suda yaxalayıb sıxın və əskinin üstünə sərərək qurudun. Tam qurumamış paltarı əvvəlki formasını alana qədər ütüləyin.
Sintetik trikotaj paltarları gündə və hava axını olan yerdə qurutmaq olmaz, belə olduqda paltar kobudlaşır və formasını itirir.

Xəzlərin təmizlənməsi
Çox çirklənməmiş xəzləri ev şəraitində təmizləmək mümkündür. Papaq və yaxalıq kimi kiçik xəzlərdə yağ ləkəsini benzinə batırılmış təmiz əski ilə silirlər. Əskini xəzin xovu istiqamətində aparmaq lazımdır, çox yağlanmış nazik xəzləri isə xəzin xovuna əks istiqamətdə silmək lazımdır. Quruyandan sonra tükləri iri dişli daraqla darayın. Xəzin tüklü hissəsinə düşmüş yağ və tər ləkələrini naşatır spirti və xörək duzu məhlulunda (1 çay qaşığı naşatır spirti, 3 çay qaşığı xörək duzu və 0,5 litr su), ya da denaturat spirti və naşatır spirti məhlulunda (bərabər hissələrdə) təmizləmək olar. Əskini əvvəldə göstərdiyimiz məhlullardan birinə batırıb xəzi silin və qurumağa qoyun. Quruyandan sonra iri dişli daraqla darayın.
Ağ tüklü xəzləri kartof unu ilə təmizləyin, sonra çırpın və darayın.
Xəzin tükünün parıltısı artsın deyə, onu azacıq sirkə məhlulunda isladılmış əski ilə silmək məcləhətdir.

Ləkələrin aparılması
Çox vaxt ləkəni aparmaq üçün onun üstünə təmizləyicini tökmək kifayət edir, o ləkəni rəngsizləşdirir və təmizləmək lazım gəlmir.
Lakin bəzi köhnə ləkələri aparanda onun ətrafında təmizləyici məhluldan yeni ləkə əmələ gəlir. Bunun üçün təmizlənən parçanın altına suyu yaxşı çəkən əski qoymaq lazımdır. Sonra tamponu məhlulda isladıb ləkəni silin. Tamponu dairəvi hərəkətlərlə qıraqlardan ortaya doğru aparmaq lazımdır. Axırda təmizlənən hissəni əski ilə qurudun.
Ləkəni təmizləməzdən əvvəl onun nədən əmələ gəldiyini təyin etmək lazımdır. Bir çox ləkələr təzə ikən su ilə təmizlənir. Ləkəni əvvəl soyuq, sonra isə isti su ilə yumaq olar. Lakin yadda saxlamaq lazımdır ki, bəzi parçalarda sudan ləkə qalır. Ona görə də əvvəl suyun təsirini - parça rənglidirsə, onun rənginin çıxıb-çıxmamasını paltarın üstünə tikilmiş parça qırığında yoxlamaq olar.
Yağ ləkəsini açıq rəngli pambıq, kətan, yun və ipək parçalardan belə təmizləmək olar: təzə ləkənin üstünə hər iki tərəfdən tabaşir tozu səpin, hər iki tərəfdən kağız, onun üstündən ağır şey qoyub beləcə bir sutka saxlayın. Sonra tozu çırpın. Tünd rəngli parçalarda tozu astar tərəfə səpin və üstünə kağız qoyun. Sonra parçanı yuyun.
Yağlı boya və rəngsaz lakının ləkəsini benzinin skipidar, ya da asetonla qarışığı ilə (bərabər ölçüdə) təmizləmək olar. Ləkə olan yeri bu qarışıq ilə isladın və beləcə saxlayın, 20-30 dəqiqədən sonra həmin qarışıqda isladılmış əski ilə silin.
Süd, qəhvə, kakaodan düşmüş ləkələri pambıq, kətan, yun və ipək parçaları yuyarkən təmizləmək olar. Bunlar benzin və ya asetonla da təmizlənir. Ağ parçada qalan ləkəni hidrogen-peroksid məhlulunda (1 ctəkan suya 1 çay qaşığı hidrogen- peroksid əlavə edilir) isladılmış pambıq, ya da tənziflə silmək lazımdır.
Kif ləkəsini qaynadıla bilən parçaları yumaq, sonra isə hidrogen-peroksidlə (1 litr suya 1 xörək qaşığı), ya da naşatır spirti ilə (1 stəkan suya 1 çay qaşığı naşatır spirti) silmək yoluyla təmizləmək mümkündür. Yun və ipək parçalarda (əgər yuyulmursa) ləkəni skipidar ilə təmizləmək olar.
Qatranlı maddələrdən - döşəmə mastikası, ayaqqabı kremindən düşmüş ləkələri denaturat spirti, skipidar və ya asetonla təmizləyirlər.
Meyvə, giləmeyvə və qırmızı şərabın ləkəsini mümkün qədər tez təmizləmək lazımdır. Salfetlərdə və süfrələrdəki ləkəni qaynar su ilə yuyun: bunun üçün süfrənin ləkə olan yerini ləyənin üstündə tarım tutun və qaynar suyu ləkə gedənə kimi tökün. Əgər ləkəni təmizləmək üçün vaxt yoxdursa, onda ləkənin üstünə tez xörək duzu tökün və sonra aşağıdakı qaydada təmizləyin. Pambıq, kətan, ipək və yun parçalardan ləkəni təmizləmək üçün isti süddə, ya da qatıq zərdabında yuyun və bir neçə dəqiqə onun içində saxlayın, sonra adi qayda ilə yuyun.
Yumurta ləkəsini pambıq, kətan, yun parçalardan qliserinlə təmizləmək olar. Ləkəyə isidilmiş qliserin çəkin və 15-20 dəqiqə saxlayın ki, ləkə yumşalsın. Sonra qliserində isladılmış əski ilə silin və yuyun.
Süfrəyə düşmüş şam (mum, parafin, stearin) ləkəsinin üstünə salfet sərib isti ütü ilə ütüləyin. Ləkəni ütülədikcə salfeti yerindən tərpədin ki, ərimiş mum tamamilə kağıza hopsun.
Paltara düşümüş pas ləkəsini limon şirəsi ilə isladaraq üstünə isti ütü qoyun, tamam qurutmadan nəm halda su ilə yuyun.
Həddindən çox isidilmiş ütüdən düşən ləkələri çiy soğanla sürtüb təmizləmək olar. Bir baş soğanı soyub iki bölərək ləkəni möhkəm sürtdükdən sonra 1-2 saat müddətində soyuq suda islağa qoyun, sonra möhkəm ovxalayıb yuyun.
Paltara düşmüş tər ləkəsini təmizləmək üçün 1 litr suya bir ovuc duz tökün. Bir saat müddətində paltarı həmin suda saxlayın və yuyun.
Əgər bayır-bacaq paltarını, yaxud kostyumu çoxdan geyinməmişsinizsə, onda geyinməzdən əvvəl şkafdan çıxarıb naşatır spirtinin zəif məhlulunda (1 stəkan suya 1 çay qaşığı) isladılmış şotka ilə silib təmizləyin və ütüləyin. Beləliklə, tozu təmizlənmiş paltarın rəngi açılır, şux görkəm alır.
İsti ütü ilə ütüləmək mümkün olmayan paltarı qaynar suyun üzərində saxlayın. Buxardan nəmlənmiş paltarı paltarasandan asın. Azca quruyub suyu çəkiləndən sonra ilıq ütü ilə ütüləyin.


Tarix: 29.12.2012 / 17:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 583 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...