Yağlı dəri sarı-boz və ya torpaq rəngində olur. Parlaq və yağlı görünüşə malik olan dərinin üzərində genişlənmiş məsamələr, iltihablaşmış sahələr (civzələr, sızanaqlar) də görünür. Bu dəriyə diqqətli qulluq tələb olunur. Yağlı dəriyə qulluq
edilməsi, istənilən digər dəri tipinə olan qulluq kimi, təmizlənmə, qidalandırma (yumşaltma), nəmləndirmə və qoruma kimi proseduralardan ibarətdir.
Yağlı dəriyə qulluq göstərilməsinin əsas şərti onun təmizlənməsidir.
Quru dəridən fərqli olaraq yağlı dərinin piy vəziləri çoxlu miqdarda piy ifraz edirlər ki, bu piy də bakteriyalara yaxşı qidalı mühit yaradır. Nəticədə yağlı dəri tez-tez iltihablaşır, onun üzərində sızanaqlar əmələ gəlir. Yağlı dərisi olan insanlara tez-tez çox isti su ilə üzünü yumaq və sabundan istifadə etmək olmaz.
Ona görə ki, bu zaman piy vəzilərinin fəaliyyəti daha da artmış olur. Üzü azca ilıq su ilə yumaq, bu zaman yağlı və problemli dərilər üçün nəzərdə tutulmuş (bu barədə satılan məhsulun qutusunun üzərində oxuya bilərsiniz) xüsusi yuyucu vasitələrdən (gel, emulsiya, krem, mussalar) istifadə etmək məsləhət görülür. Onların tərkibinə meyvə turşuları, mikrobları öldürən əlavələr, piy ifrazını normallaşdıran maddələr daxil edilir.
Dəridə sızanaqların, civzələrin əmələ gəlməsinə meyllilik olarsa, üzün yuyulmasında məsamələri yaxşı təmizləyən xüsusi fırçadan istifadə etmək məsləhət görülür. Həftədə 2 dəfə olmaqla üzün yuyulmasından sonra skrablardan, pilinqlərdən istifadə etmək lazımdır.
Səhər təmizlədikdən sonra yağlı dəriyə, tərkibində minimal miqdarda yağ komponentləri olan gündüz qidalandırıcı krem, axşam isə nazik qatla gecə kremi sürtmək məsləhət görülür. Cavan yaşlarda olanlara axşam vaxtı dəriyə gecə kreminin sürtülməsi vacib hesab edilmir.
Yağlı dərinin hər gün, mütləq əlavə olaraq nəmləndirilməsi, adətən, tələb olunmur. Ancaq bəzi hallarda xarici mühitin zərərli faktorlarının (külək, günəş şüaları və s.) təsiri altında yağlı dəri də, xüsusən onun boyun, dodaqlar və göz ətrafı kimi sahələrində də quruma prosesi başlaya bilər. Bu halda onun üzərinə nazik qatla nəmləndirici krem çəkilə bilər.
Yağlı dərinin müntəzəm şəkildə kosmetoloq tərəfindən təmizlənməsinə daha çox ehtiyac vardır.
Dərisi yağlı olan insanların yemək rasionu meyvə və tərəvəzlərlə, zülallarla zəngin olmalıdır. Onlar daha çox su içməli, yağlı, şirin, duzlu və hisə verilmiş məhsulların qəbul edilməsini isə maksimal şəkildə məhdudlaşdırmalıdırlar.
Yağlı dərinin bir şəksiz üstünlüyü də var – piyin çox olması onu qurumaqdan qoruyur. Yağlı dəridə qırışların əmələ gəlməsi və digər qocalma əlamətləri də digər dəri tiplərinə nisbətən daha gec baş verir. Yaşa dolduqca yağlı dəri də get-gedə qurumağa başlayır.
Həftədə 2-3 dəfə olmaqla müntəzəm olaraq yağlı dəri üçün nəzərdə tutulan maskalar etmək lazımdır.
Tarix: 24.12.2012 / 19:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 462 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri