Onlar dost idilər, amma nədənsə, aralarında mübahisə düşmüşdü. Biri o birini sakit davranmağa çağırsa da, qarşı tərəf qəzəbini boğa bilmirdi.
Bəli, onlar dost idilər, bir süfrədə çörək kəsib, bir qaba əl uzatmışdılar. İndi isə hər şey dəyişmişdi. Bayaqdan bəri nisbətən sakit davranan qarşı tərəf artıq ünvanına söylənən təhqirlərə dözmədi və: “Bilsəydim ki, elədiyini bu gün başıma qaxacaqsan...” sözünün ardını deyə bilmədi və əlini yelləyərək çıxıb getdi. O, isə bir qədər sakit dayandıqdan sonra başını tutub diziüstə yerə çökdü. Deyəsən, bərk peşmançılıq hissi keçirirdi. Özü-özünə sanki hesabat verirmiş kimi pıçıldayırdı: “Yaxşı iş görmədim. Qəlbini qırdım onun”. Amma nə faydası, artıq peşmançılıqdan keçmişdi. Düzdür, ola bilsin, o səni tərk etməyəcək, yenə yanına qayıdacaq, amma sənə əvvəlki kimi dost gözü ilə baxa bilməyəcək. Çünki artıq aranızdakı dost divarı uçdu...
Ona görə elə et ki, sabah başını əllərin arasına alıb “mən nə etdim?” — deyə peşmançılıq hissi keçirməyəsən. Elədiyinin, dediyinin nə məna daşıdığını, sonradan hansı reaksiyalara səbəb olacağını düşün. Düşün ki, sonradan gec olmasın.
Tarix: 03.12.2014 / 13:25 Müəllif: Aziza Baxılıb: 79 Bölmə: Maraqli Hekayeler