“Müəllimə dedim ki, bu parta arxasında oturmaqla nə qazanacağam? Gedib bazarda göy-göyərti satıb 5-10 manat qazanım, ailəmizi birtəhər dolandırım, axı 8 başıq, ailədə təkcə atam işləyir, istəyirəm ailəni saxlamaqda ona kömək eləyim“. Bu, 10-cu sinif şagirdinin dilindən qopan sözlərdir. “Gənclərimizdən biri də savadsız oldu“ deyə acığım tutsa da, bir yandan yazığım da gəldi, hətta ürəyimdə bəraət də qazandırdım ona: “Yazıqdır, atası 8 nəfərin yükünü çəkə bilmədiyi üçün bu da işləməlidir, başqa neyləsin axı? Məcburdur, o heç istəyər ki, yaşıdlarından geri qalsın? Gedib ondan-bundan pul dilənməkdənsə, halal zəhmətlə çörəkpulu qazanmaq istəyir. Amma bir tərəfdən də savadsız, elmdən bixəbər olmaq… Bax, bunu həzm eləmək olmur“. Acımamaq olmur belə yeniyetmələrin halına. Bir yandan da bu bahalıq bizi yaman imtahana çəkir, getdikcə bu “imtahan“ın sualları lap qəlizləşir bizim üçün, ha baş sındırırsan bir cavab tapasan, bir çıxış yolu çözəsən, olmur ki, olmur, gözünü bir nöqtəyə zilləməkdən başqa əlacın qalmır…
Beləcə, bu məmləkətin şagirdi bu gün bazarda göy-göyərti satır, 8 baş külfəti dolandırmaq üçün atasına kömək edir, parta arxasında oturmağın da heç bir mənası olmadığını deyir. Hə, indi başlayacağıq o şagirdə nizam-intizamdan, dərsə davamiyyətdən, savad almaqdan, elmli olmaqdan bəhs etməyə. O da qulaq asa, ya asmaya… Eşidərsə, cavabı da, yəqin ki, belə olacaq: “Siz deyənlər ötən əsrdə qaldı, müəllim, indi hər şeyi pul həll edir, pul“.
Belə… qulağıma xırıltılı bir səs gəlir, başımı qaldıranda medallı-ordenli, ağsaqqal, ağsaçlı bir kişinin qarşımda əl açdığını görürəm: “Ay bala, 10 qəpik çörəkpulu ver“. İstədim deyəm ki, ay əmi, bəs xəbərin yoxdur, çörək də bahalaşıb axı, 10 qəpik deyil, 40 qəpikdir“. Amma fikrimdən vaz keçdim, dedim əşi, nə isə… Pul verib uzaqlaşanda ağsaqqalın necə dua etməsini eşitdim, tüklərim ürpəndi, geri qanrılanda onun gözlərimə zillənən lal baxışları qarşısında nə qədər aciz qaldığımı bir daha hiss etdim. Çünki o baxışlarda yalvarış qarışıq bir narahatlıq, nigarançılıq vardı, elə bil nəsə soruşmaq istəyirdi və bəlkə də, hiss eləmişdi ki, verəcəyi sual cavabsız qalacaq. Beləcə, bir xeyli sükutdan sonra yenidən yoluma davam etdim. Amma, nədənsə, o baxışları üzərimdə hiss edirdim, elə bilirdim bu dəqiqə qışqıraraq sual edəcək: hər şey bahalaşır və bahalaşmaqda davam edir. Bəs onda insan niyə bu qədər qiymətsizləşir, ucuzlaşır, dəyərini itirir, şərəfi, ləyaqəti ayaqlar altına atılır, tapdalanır? Niyə? İnsan oğlu dərdini deməyə gedir, üzünə meşin qapılar çırpılır, bir sənəd lazım olur, süründürməçiliyə rast gəlir, harasa bir işi düşür, rüşvət doğanağından keçə bilmir...
Ondan uzaqlaşıb metro stansiyasına çatana qədər o baxışları üstümdə hiss edirdim. Amma neyləyim, əlimdən nə gəlir ki, götürəndə mən də səlahiyyətsiz, sıravi bir “əsgərəm“. Lakin buna baxmayaraq, göyərti satmaq istəyən o şagirdin sabah elmdən bixəbər olacağına da, vətən uğrunda vuruşan, orden-medallı ağsaqqalın bu gün əl açmasına da dözmək olmur, vallah-billah, dözmək olmur. Bəs siz necə, dözə bilirsinizmi, cənablar?
Tarix: 01.12.2014 / 17:56 Müəllif: Aziza Baxılıb: 123 Bölmə: Maraqli Hekayeler