"Necə?" sualı məsələnin üsulunu anlamağımız üçün verilməli olan əsas sualdır. Bir öncəki məqalədə "Rəsulullahı nə üçün sevməliyik?" (http://www.azerislam.com/index ... =1972) sualına yeddi maddə ilə cavab verdiyimiz üçün "necə sevməliyik?" sualını da sadəcə yeddi maddə ilə cavablayacağıq.
Rəsulullahı sevmək, heç bir şeyi onun qədər sevməməklə mümkündür.
Bu maddə çox önəmli olduğu üçün biz də bu maddəni birinci sıraya yerləşdirdik. Çünki Rəsulullahı sadəcə sevmək kifayət deyil, Allahdan başqa heç bir şeyi onun qədər sevməmək, bir sözlə sevgidə onu rəqibsiz etmək əsas şərtdir.
Qurani Kərim bir neçə ayəsində Rəsulullaha aid olan sevginin ölçüsünə dair açıqlamalar gətirir. Bu ayələrdən biri Əhzab surəsinin 6-cı ayəsidir. Ayədə Rəbbimiz belə buyurur: "Peyğəmbər, möminlərə öz canlarından daha yaxındır, daha əzizdir və onun zövcələri isə möminlərin analarıdır..." Quranın bu açıq bəyanı peyğəmbər ilə inanan insanın arasındakı sevginin dərəcəsinin hansı səviyədə olmasının vacibliyi haqqında çox açıq bir məlumat verir.
Bu mövzu haqqında Rəsulullahın bəyanlarına gəlincə o, Qurani Kərimdəki ayələri bir növ təsvir və təbyin edərək deyir ki: "Mən sizdən birinizə atasından, övladlarından və bütün insanlardan daha sevimli/əziz olmadığım müddətcə tam iman etmiş olmazsınız" (Buxari, İman, 2)
Məhz bu ayə və hədisin bəyanından anlayırıq ki, sadəcə Rəsulullahı sevmək kifayət deyil, bu sevginin bütün sevgilərdən daha çox olması lazımdır.
Rəsulullahı sevmək, həyatın hər anında və hər sahəsində Onun rəhbər hesab etməklə mümkündür.
Həqiqi sevginin necə olacağına dair söylənəcək ikinci maddə budur. Sevən sevdiyinin yolunda olar; sevən sevdiyinin istədiyi şəkildə olar; sevən sevdiyinin xoşladığı şeyləri edər; sevən sevdiyinin sevmədiklərini tərk edər... Başqa sözlə desək həm sevdiyini söyləmək, həm də sevdiyinin qəbul edə bilməyəcəyi işləri etmək o sevgini sadəcə dildə qalan bir hala düşürür.
Rəbbimiz göndərdiyi elçisini bizə tanıdarkən, Onunla aramızdakı münasibətin necə olacağını da bizə öyrədir: "And olsun ki, Allahın Rəsulunda, Allaha və axirət gününə qovuşmağı diləyənlər və Allahı tez-tez zikr edənlər üçün gözəl örnəklər vardır" (Əhzab, 21)
Ayədə keçən أُسْوَةٌ حَسَنَةٌ "usvə-i hasənə" ifadəsinə; gözəl örnək, kamil misal, ideal əxlaq, nümunə, mükəmməl örnək" və s. mənalar verilmişdir. Lakin biz, Quranın bu ifadəsinə "həyatın hər anının və hər sahəsinin mübahisəsiz rəhbəri" şəklində bir məna veririk. Bu cür məna vermənin insanlara verdiyi mesaj budur: Rəsulullahın rəhbərliyi bir məkan və bir zaman üçün deyil, zamanlar və məkanlar üstüdür. Həyatın hansı sahəsində olursa olsun və zaman etibarı ilə hansı zaman dilimində olursa olsun Rəsulullah bütün zaman və məkanlarda mütləq söz sahibi olandır. Onu sevdiyini söyləyən hər iddia sahibi də bu iddiasını Rəsulullahı həyatında nə qədər rəhbər hesab etdiyini göstərərək isbat etmiş olar. Həqiqi sevgi yalnız belə bir rəhbərə qeyri-şərtsiz tabe olmaqla mümkündür.
Rəsulullahı sevmək onun verdiyi hökmlərə tamamilə tabe və təslim olmaqla mümkündür.
Rəsulullah şari/hökm qoyandır. O, Allahın qoyduğu hökmləri təbliğ və təbyin edərək, Allahın ona verdiyi izin və sərhəd daxilində bəzi hökmlər vermişdir. Möminlərin vəzifəsi heç bir etiraza yol vermədən, şübhə və tərəddüdlərə düşmədən, "əcaba...?" kimi suallar vermədən o hökmlərə təslim olmaqdır. Belə bir təslimiyyət həqiqi sevginin ən önəmli xüsusiyyətidir. Bu haqda Rəbbimiz belə buyurmuşdur: "Allah və Rəsulu bir işə hökm verdiyi zaman, mömin kişi və qadının artıq o işi öz istəklərinə uyğun etmək haqları yoxdur. Hər kim Allah və Rəsuluna qarşı gələrsə, açıq-aydın azğınlığa düşmüş olar" (Əhzab, 36) Nur surəsinin 51-ci ayəsində isə Rəbbimiz belə buyurur: "Aralarında hökm etmək üçün Allaha və Rəsuluna dəvət olunduqlarında möminlərin sözləri yalnız: "Eşitdik və itaət etdik" deməkdir. Qurtuluşa çatanlar da məhz onlardır"
Rəbbimizin bu açıq mesajlarını da Allah Rəsulu belə bəyan edir: "Mənim söylədiklərimə nəfsi istəklərini tabe etməyən, bütün arzuları ilə təslim olmayan tam mənada iman etmiş sayılmaz"
Bu ilahi və nəbəvi bəyanlardan öyrənirik ki; Rəsulullahı həqiqi mənada sevmək onun verdiyi hökmlərə tam mənası ilə təslim olmaqla mümkündür.
Rəsulullahı sevmək, sadəcə ağılla mümkün deyil; həm ağıl, həm də qəlb ilə (xüsusi ilə də qəlblə) mümkündür
Sevgi ağıl işi deyil, qəlb işidir. Hər sevgi belədir; çünki sevginin əsas qaynağı ağıl deyil, qəlbdir. Modern dünyanın müsəlmanları olaraq bizlər təəsüflər olsun ki, bəzən bunu unuduruq. Hər şeyi qəlbimiz ilə sevərkən iş Allaha və Rəsuluna gəlincə ən böyük "ağıl sahibi" oluruq, bu məsələni ağlımıza həvalə etmək istəyirik. Unutmamalıyıq ki, insan ağlı ilə anlayar, tanıyar; lakin ürəyi ilə sevər.
Bu həqiqətə görədir ki, Rəbbimiz Rəsulullahla möminlər arasında hüququn necə işlədilməsinə haqqında belə buyurur: "Xeyir; Rəbbinə and olsun ki, aralarında çıxan ixtilaf barəsində səni hakim edib, sonra da verdiyin hökmə içlərində heç bir şübhə, sıxıntı duymadan bu hökmü tam mənada qəbul etmədikcə iman etmiş olmazlar. (Nisa, 65)
Bu ilahi bəyanda Rəbbimiz belə bir həqiqətə vurğu vurur: İnsanın nəfsani arzularına sərhəd qoya bilməsi yalnız qəlbində böyük bir sevgi və məhəbbətin olması ilə mümkündür. Əks halda bir insan eyni anda həm ağlını inandırıb, həm də qəlbini tam mənada rahat etdirməsi mümkün deyil. İnsan dilinə sahib çıxa bilər, lakin qəlbinə əsla. Qəlbə söz yalnız məhəbbətlə keçər. Məhz bunun üçün deyirik ki, Rəsulullahı sevmək sadəcə ağıl ilə deyil; həm ağıl, həm də qəlb ilə, xüsusi ilə qəlb ilə mümkündür.
Rəsulullahı sevmək, Onun addımının önünə keçməmək, səsinin üzərinə səs qaldırmamaqla mümkündür.
Quran bir tərəfi ilə əxlaq surəsi, digər tərəfi ilə peyğəmbər ilə qurulacaq insani münasibətlərin ilahi ölçülərinin nələr olduğuna dair ən əsas bilgilərin verildiyi Hucurat surəsində belə buyurur: "Ey iman edənlər! Allahın və Rəsulunun önünə keçməyin. Allahdan qorxun. Şübhəsiz ki, Allah eşidən və biləndir. Ey iman edənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizlə yüksək səslə danışdığınız kimi onunla da uca səslə danışmayın; yoxsa, özünüz də hiss etmədən əməlləriniz hədər gedər. Allahın elçisinin hüzurunda səslərini qısanlar, şübhəsiz ki, Allahın qəlblərini təqva ilə imtahan etdikləridir. Onlara böyük bir bağışlanma və böyük bir mükafat vardır. (Hucurat, 1-3)
Bu ayələrin Rəsulullahla birlikdə yaşamaq səadətinə nəsib olan nəslin yaşadığı zaman söylədiyi mesajlar bəllidir. Xüsusi ilə ayələrin nüzul səbəblərinə baxdığımızda, ya da ayələrin səhabələrdə oyandırdığı təsiri görmək üçün qaynaqlara müraciət etmək yetərlidir: Buxari, Təfsir 4; Tirmizi, 3266; Nəsai, Kada 6, və s.
Məsələnin bizim zamanımıza bizə söyədiklərinə gəlincə Rəsulullahın önünə keçməmək, səsinin üzərinə səs yüksəltməmək, bir-birimizlə danışdığımız kimi Onunla danışmamaq; Rəsullahın sünnətinə qarşı göstərəcəyimiz davranış ilə əlaqəlidir. Onun mübarək bədəni aramızda yoxdur, lakin onun mirası, missiyası, bizə qoyub getdiyi dəyərlər bu gün də varlığını davam etdirir. Sevginin ən böyük əlaməti Onun yürüdüyü bir yolda önə keçməmək, Onun haqqında danışdığı bir məsələdə o söz üzərinə söz söyləməmək, işin içinə şəxsi şərhlər qatmamaq, belə də olar, elə də olar deyib nəbəvi yanaşmanı tərk etməməkdir. Yəni, Rəsulullahı haqqı ilə sevə bilmək Onun insanlığa miras olaraq buraxdığı dəyişməz dəyərlər olan Quran və Sünnətə sahib çıxıb, onların hökmlərini yaşamaqla mümkündür.
Rəsulullah da belə söyləmirdimi? "Sizə sarıldığınız müddətcə əsla dəlalətə düşməyəcəyiniz iki əmanət buraxıram. biri Allahın kitabı, digəri mənim sünnətimdir" (İmam Malik, Muvatta, Qədər, 3)
Ondan önə keçməmək, səsinin üzərinə səs yüksəltməmək bu iki əmanətə sahib çıxmaqla mümkündür.
Rəsulullahı sevmək, onu sadəcə dadlı bir xatirəyə çevirmədən, Onunla canlı bir bağ qurmaqla mümkündür.
Miladi 6-cı yüz ildə yaşayıb, hər bəşər kimi haqq olan ölümü dadıb gedən Rəsulullah ilə bu günün dünyasında canlı bir bağ qurmaq mümkündürmü? Əlbəttə, mümkündür. Çünki əziz kitabımız olan Quran belə deyir:
"وَاعْلَمُوا أَنَّ فِيكُمْ رَسُولَ اللَّهِ Va'ləmu ənnə fi kum Rəsulullah... /Yaxşı bilin ki, Rəsulullah aranızdadır... (Hucurat, 7)
Bu ilahi bəyanın səhabə nəsli üçün nə demək olduğu məlumdur. Bizlər üçün nə mənaya gəldiyini isə; Quranın burda söyləmək istədiyi həqiqət Rəsulullahın mirasının mühafizə edilməsidir. Onun mübarək bədəni aramızda yoxdur, lakin mirası, mesajları, əmanət etdiyi həqiqətlər dipdiri olaraq bizimlə bərabərdir. Onunla eyni zamanı və eyni məkanı paylaşmalarına rəğmən o həqiqətlərə qulaqlarını bağlayıb, gözlərini yumub, peyğəmbər yoxmuş kimi davrananlar da vardır. Bu gün də Rəsulullah ilə eyni zamanı və eyni məkanı paylaşmamalarına rəğmən o varmış kimi davrananlar da olmalıdır. Çünki Rəsulullah, inanan bir insan üçün tarixdə yaşamış və getmiş, dadlı bir xülyaya çevrilmiş, əfsanəvi bir şəxsiyyət olaraq həyatdan uzaqlaşdırılmış biri deyil və olmamalıdır...
O, cahanşümül mesajların sahibi olaraq nəbəvi dəvəti ilə canlı olan və canlı bir münasibət istəyən biridir.
Onunla eyni zamanı və eyni məkanı paylaşmasına rəğmən sadəcə Onu adı və mövqeyi ilə tanıyıb, ondan nəsibini almayan bədbəxtlər o gün də var idi. Bu gün də onunla eyni zamanı və məkanı paylaşmamasına rəğmən Onu haqqı ilə tanıyan, mesajlarını haqqı ilə anlayan, həqiqətlərini haqqı ilə idrak edən və aradakı məkan və zaman fərqini düşünmədən Onunla bərabər yaşayan; "peyğəmbəri görmədən səhabə olmaq" şərəfinə nail olanlar olmalıdır.
Rəsulullahı sevmək, hər şeyi ilə Onu razı və məmnun etməklə mümkündür.
Rəbbimiz aləmlərə rəhmət olaraq göndərdiyi son elçisi ilə möminlər arasında hüququ dəqiqləşdirmək üçün çox bilinən, lakin hər zaman əskik anladılan bir ayəsində belə buyurmuşdur: Allah və Mələkləri Peyğəmbərə salat edərlər. Ey iman edənlər! Siz də salat edin və tam bir təslimiyyətlə Onun gətirdiklərinə təslim olun!" (Əhzab, 56)
Ayədə keçən salat kəlməsi təəssüf ki, sadəcə bir mənaya reduksiya edilmiş və işin sadəcə kal/söz tərəfi ilə gündəmdə tutulmuşdur. Sanki bu ayədə Rəbbimizin bizdən istədiyi Rəsulullahın adı anıldığında ona yaraşacaq ehtiram cümlələrinin qurulması olaraq anlaşılmışdır. Bu doğru deyildir; ayədə bəyan edilən salavat çox böyük bir mənanı ehtiva edir. Başqa sözlə desək bu ayədə keçən mesaj sadəcə kal/söz ilə məhdudlaşmamalı; dilin, ağlın, qəlbin, bədənin, ailənin, cəmiyyətin salavatı olaraq anlaşılmalıdır. Necə?
Dilin salavatı: Rəsulullahın adının ehtiram və ədəblə anılması, Onun şərəfinə yaraşacaq ifadələrin söylənilməsidir.
Ağlın salavatı: Ağlı Onun hökmünə tabe edib, səhabəyə məxsus bir zehin formalaşdırmaq, şübhə və tərəddüdlərə qapıları bağlayaraq, tam bir təslimiyyət göstərilməsidir.
Qəlbin salavatı: Ürəyə Ondan başqasını müsafir etməmək, könül taxtının mübahisəsiz sultanı olaraq Onu bilmək, mirasına qarşı ürəkdə kiçib bir narazılığa yer verməməkdir.
Bədənin salavatı: Həyatı Onun göstərdiyi kimi yaşamaq, həyatın hə anında və hər sahəsində Onun rəhbərliyinə müraciət edərək yürüməkdir.
Ailənin salavatı: Evdə Onu hakim təyin etmək, ailəni Onun cahana buraxdığı mesajlar çərçivəsində diri tutmağa çalışmaqdır.
Cəmiyyətin salavatı: Rəsulullahın mirasına sahib çıxmaq, Onun risalət davasına dəstək olmaq, hər bir yerdə Onun əmanətlərini, miraslarını qorumağa çalışmaq və haqqını yerinə yetirməkdir.
Bizdən istənilən salavat məhz budur; yalnız belə bir salavat Rəsulu həqiqi mənada razı və məmnun edəcək.
Tarix: 02.04.2013 / 20:22 Müəllif: *Beyaz_Gul* Baxılıb: 575 Bölmə: Maraqlı melumatlar