Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hicrət haqqında ətraflı məlumat
Hicrət haqqında ətraflı məlumat

Kim Allah üçün hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və bolluq tapar.

(Quran, Nisa, 100)

İstər İslam tarixində, istərsə də İslam fiqhində əhəmiyyətli yer tutan anlayışlardan biri də hicrətdir. Lüğəti mənada bu söz tərk etməyi, ayrılmağı, istilahi mənada isə Allahın qadağan etdiyi şeylərdən qəlb, dil və əməllə qaçmağı ifadə edir.

Hicrət özündə olduqca geniş mənanı ehva edir, onu təkcə bir yerdən digər yerə köçmək formasında, feli bir əməl kimi qəbul etmək düzgün deyil. İbn Qeyyim (Allah ona rəhmət etsin) hicrəti bədən və qəlbin birgə mühacirəti şəklində izah etmişdir. Belə ki:

«Bədən bir torpaqdan o birisnə köçmüş, qəlb isə Allah və Onun Rəsuluna (səllallahu aleyhi və səlləm) can atmış olur. Bu qaçış Allahın qəzəbindən Allahın sevgisinə doğru qaçışdır və Yaradanın əmrinə müvafiqdir:

Allaha tərəf qaçın!

(Quran, Zəriyat, 50)

Belə mühacirət Tövhidin əsl mahiyyətidir: insan onun üçün nə qədər dəyərli olmasından asılı olmayaraq, Allahı qalan bütün hər şeydən üstün tutmuş olur. Tərk edən nifrət olunanı sevimliyə dəyişən kəsdir. Sevgi nə qədər güclü olarasa, hicrət də bir o qədər bütöv və təhlükəsiz olar.»

Ümumən hicrət qəlbdə doğulan, əməllə özünü biruzə verən bir ibadət növüdür. Bütün əməllər kimi onun da Allahın razı qalınan əməllərdən sayılması, ibadət formasına keçməsi üçün vacib şərt məhz niyyətdir. Belə ki, Ömər bin əl-Xəttabdan (Allah ondan razı olsun) rəvayət edilən hədisdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir:»Kim hicrəti əldə edəcəyi dünya (malından) və ya evlənəcəyi qadından ötrü etmişsə, onun hicrəti (Allah və Onun peyğəmbərinin (səllallahu aleyhi və səlləm) razı qalması üçün deyil), hicrət etdiyi şeyə aiddir.»

Təsnif edilmə formasından asılı olaraq, hicrətin müxtəlif növləri mövcuddur.

İbn Həcər (Allah ona rəhmət etsin) «Səhih Buxari»dəki «Həqiqi mühacir Allahın qadağan etdiyi şeyləri tərk edəndir.» (Buxari, Müslim) hədisini şərh edərkən bildirir:»Hicrət daxili və xarici olmaqla iki növə ayrılır. Daxili hicrət insanın nəfs və şeytanın səslədiyi pis əməlləri tərk etməsi, xarici hicrət isə öz dinini qoruması üçün fitnə və bəlalardan fiziki (feli) formada ayrıılmasına deyilir.»

Alimlərdən bəziləri bu 1) daxili və 2) xarici hicrət növünü məkan və əməllərdən hicrət şəklində də təsnifləndirmişlər.

Əməllərdən hicrət etmək dedikdə, nəzərdə tutulan müsəlmanın Allah rizası üçün haram və qadağan olunmuş bütün əməlləri tərk etməsi nəzərdə tutulur. İbn əl-Mulyəqqin (Allah ona rəhmət etsin) bu barədə bildirmişdir:»Maliki alimləri hicrətin bu tipini başqa bütün formaları da özündə birləşdirdiyindən ən üstün növ kimi qiymətləndirmişlər».

Bu növ hicrətin dəlili isə AbduLLah bin Amr bin əl-Asın (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdir: «Səhabələrdən biri:» Ya Rəsulullah, ən üstün hicrət hansıdır?» sualını verdikdə, o (səllallahu aleyhi və səlləm) belə dedi:»Rəbbinin ikrah etdiyi (sevmədiyi) bir şeyi tərk etmək».

Eləcə də Fudeyl (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir:»Mömin insanların ona özlərini və mallarını (rahatlıqla) əmanət etdikləri kəsə, mühacir isə haram və günahları tərk edənə deyilir».

Eləcə də hicrət 1) ümumi və 2) konkret olmaqla iki növlə sinifləndirilir:

Konkret hicrət dedikdə fəthədək olan dövrdə Məkkədən Mədinəyə, eləcə də Allah Rəsuluna (səllallahu aleyhi və səlləm) maddi, mənəvi, fiziki formada yardım etmək üçün hər yerdən müsəlmanların Mədinəyə hicr etməsi qəsd edilir. Bu növ hicrətə Uca Allah bir çox Quran ayələrində işarə etmişdir:

«İman gətirən, lakin hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyincə siz onları himayə etməyə borclu deyilsiniz.»

(Quran, Ənfal, 72)

Konkret hicət Məkkənin fəthindən sonra Allah Rəsulunun (səllallahu aleyhi və səlləm) Aişədən (Allah razı olsun) rəvayət etdiyi hədislə ləğv olunmuşdur:»Fəthdən sonra hicrət yoxdur».

Əta bin Əbi Rəba rəvayət edir:»Biz Ubeyd bin Umar əl-Leysi ilə birlikdə Aişənin (Allah ondan razı olsun) yanına gedərək, ondan hicrət barədə soruşduqda, belə dedi:» İndi hicrət yoxdur. Əvvəllər mömin imanına görə zülmə məruz qalmaqdan qorxaraq, Allah və Rəsuluna (səllallahu aleyhi və səlləm) tərəf qaçırdı. İndi isə Allah İslama qələbəni nəsib etdi və insan öz Rəbbinə hər yerdə ibadət edə bilir».

Həmçinin Mucaşinin (Allah ondan razı olsun) hədisidir:»Mən qardaşımla (İbn Məsud (Allah ondan razı olsun) nəzərdə tutulur) birlikdə Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanına gəlib dedim:»Hicrət edəcəyimizə beyət edirik». Allah Rəsulu (səllallahu aleyhi və səlləm) buyurdu:»Artıq hicrət bitmişdir.». Mən soruşdum:»Bəs biz nəyə beyət edək?» Rəsulullah (səllallahu aleyhi və səlləm) dedi:»(Ölənədək) İslamı yaşadacağınıza və cihad edəcəyinizə».


Tarix: 10.06.2015 / 17:39 Müəllif: Aziza Baxılıb: 219 Bölmə: Maraqlı melumatlar
loading...