Qədər mövzusunda bu cür çaşqınlığa düşüb, batil etiqada yönələnlər Qədəriyyə firqəsidir və bəzi digər firqələr də “Qədər” mövzusunda onlara müvafiq olmuşdur. Qədəriyyə firqəsi Cibriyyə firqəsinin (İnsanın Qədərə tabe olub, əməlləri məcbur etdiyini iddia edənlər) tam əksidir.
Qədəri inkar edənlər səhabə dönəminin sonuna yaxın ortaya çıxmışdır. Bu firqənin yaradıcısı Məbəd ibn Xalid əl-Cuhəni olmuşdur. O qədəri ixtiyar ilə əvəz etmiş və Quranın məxluq olduğunu söyləmişdir. O, Əməvi xəlifələrindən olan AbdulMəlik İbn Mərvan dövründə, Həccac tərəfindən öldürülmüşdür. Cuhəniyə bu məsələdə Mötəzilə alimlərindən olan Amr ibn Ubeydin böyük təsiri olmuşdur.
Bu firqə mənsubları əsasən qədəri düşüncələrdən çox, siyasi fikirlərə meyl etmişdirlər. Necə ki, Cuhəninin öldürülməsinə səbəb qədər mövzusundakı çaşqınlığı deyil, məhz Əməvilərə qarşı başlanılan siyasi üsyana qatılması səbəb olmuşdur.Qədəriyyənin böyük alimlərindən sayılan Qazi Abdul-Cəbbar deyir:
- İnsanlar icma etmişdir ki, onlar öz əməllərində tam müstəqildir və öz əməllərini özləri xəlq edirlər. Bu əməlləri xəlq etməsi üçün Allah insana qüdrət vermişdir və əməlin xəlq edilməsində onlardan başqa heç kimin payı yoxdur. Kim Allahın burada payı olduğunu iddia edirsə, böyük xəta etmiş olur.
Həmçinin digər Qədəri imamlarından olan İbn Murtazi buyurur:
- Mötəzilələr icma edib ki, qulun əməlləri Allah tərəfindən xəlq edilməmişdir.
Qədəriyyəlilərə “Qədər” mövzusunda müvafiq olan bidət əhlindən biri də Mötəzilələrdir. Mötəzilələr Vasil ibn Atəyə nisbət edilənlərdir, hansı ki, onu böyük tabiin olan Həsənul Basri öz məclisindən qovmuşdur. Sonra Atəyə Amr ibn Ubeyd və başqaları qoşulur. Beləliklə, onlarda mötəzilə əqidəsi yarandı.
Onların beş üsul etiqadı vardır ki, bunların da birincisi Qədəri inkar etməkdir. Hansı ki, onlar özləri bunu “Ədalət” adlandırmışdır. Mötəzilələr həmçinin iddia etmişdir ki, qulun əməlləri lövhu məhfuzda yoxdur.
QƏDƏRİ İNKAR EDƏNLƏR-ə rəddiyyə
Əhli-Sünnəyə görə əməli və əməl etməyi insana izafə (xas) edən artıq küfr etmişdir. Çünki Əhli-Sünnəyə görə, insanın etdiyi əməllər istək və bacarığın nəticəsidir. Bu iki şey olmasa, əməl də olmaz. İstək və bacarıq isə Allahın yaratdıqlarındandır. Bir şeyi istəmək düşüncənin, onu həyata keçirmək isə bədənin məhsuludur. Əgər Allah insanın ağlını kütləşdirmək istəsə, onun bir şeyi istəmək hissi olmaz, eləcə də insanın bacarığını əlindən alsa, onun üçün bir işi həyata keçirmək qeyri-mümkün olar. Əgər bir insan hər hansısa bir işi həyata keçirməyə səy göstərirsə və onu bacarırsa, biz tam yəqinliklə bilməliyik ki, Allah (subhənəhu və təalə) bunu istəmiş və yazmışdır. Allah (subhənəhu və təalə) istəmədiyi halda isə onu öz niyyətindən döndərər və yaxud ona maneəçilik yaradaraq bu işi həyata keçirməsinə imkan verməz.
Bir bədəvi ərəbdən soruşdular:
- Allahı nə ilə tanıyırsan?
O belə cavab verdi:
- Bir işi etmək bacarığımı əlimdən alması və niyyətimi dəyişməsi ilə.
Tarix: 03.12.2014 / 15:46 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Maraqlı melumatlar