Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vitr namazı və onunla əlaqədər mövzular...

Hökmü və fəziləti:
Vitr namazı təkidlə buyurulmuş sünnədir. Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu namaza rəğbətləndirmiş və təşviq etmişdir.
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Həqiqətən Allah vitrdir (təkdir) və vitri sevər»[1].

Əli deyir: Vitr namazı zəruri deyil. Nə də fərz namazlarınız kimi deyil. Amma Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vitr namazını qılmış və sonra demişdir: «Ey Quran əhli, vitr namazını qılın. Həqiqətən Allah vitrdir (təkdir) və vitri sevir»[2].

Vitr namazının qılınan vaxtı:
Vitr namazını İşadan Sübhə qədər olan vaxtda qılmaq olar. Bu namazı gecənin son üçdəbirində qılmaq daha yaxşıdır. Aişə deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vitr namazını, gecənin ilk, orta və axır vaxtlarında qılardı. Amma həyatının sonunda vitri səhərəyaxın qılardı»[3].
Gecənin sonunda oyanacağına əmin olmayan kimsənin, vitri gecənin ilk vaxtında qılması daha yaxşıdır. Eləcə də gecənin sonunda oyanacağına əmin olan kimsənin, vitri gecənin son vaxtında qılması daha yaxşıdır.
Əbu Qatadə deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əbu Bəkrə belə dedi: «Vitri nə vaxt qılırsan?» Əbu Bəkr dedi: «Yatmadan öncə». Sonra Ömərə dedi: «Vitri nə vaxt qılırsan?» Ömər dedi: «Yatıram sonra durub qılıram». Rəvayətçi deyir ki, sonra Peyğəmbər Əbu Bəkrə dedi: «Sən işinə ehtiyatla yanaşmısan». Sonra Ömərə dedi: «Sən isə işinə əzmkarlıqla yanaşmısan»[4].
Aişə deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaz qılanda mən də öz yatağımda onun qarşısında yatırdım. O vitri qılmaq istədikdə məni oyadar və beləliklə vitri qılardım»[5].

Vitri qılmağın qaydası və rükətlərinin sayı:
Vitr ən az bir rükət qılınır. Belə ki, İbn Ömər Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Gecə namazı iki-iki qılınır. Əgər Sübh vaxtının başlamasından ehtiyat etsəniz onda vitri bir rükət qılın. Beləliklə qıldığınız namazları vitrlə bitirmiş olarsınız»[6].
Vitr namazını həmçinin üç, beş, yeddi və doqquz rükət də qılmaq olar.
Aişə deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) nə Ramazanda, nə də başqa vaxtlarda on bir rükətdən çox qılmazdı. O dörd rükət qılardı. Bu dörd rükətin gözəlliyindən və uzunluğundan soruşmağına dəyməz. Sonra dörd rükət qılardı. Bu dörd rükətin gözəlliyindən və uzunluğundan soruşmağına dəyməz (çünki o namazları uzadar və gözəl şəkildə qılardı). Sonra üç rükət qılardı»[7].
Aişənin digər rəvayətində deyilir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) gecə on üç rükət namaz qılardı. Onun beş rükətini vitr qılar və heç birində oturmazdı. Yalnız axırıncı rükətdə oturardı»[8].
Həmçinin Aişə deyir ki, «Biz Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) üçün misvak və dəstəmaz suyu hazırlayırdıq. Allah, gecə istədiyi vaxt onu oyatdırar, o da qalxıb misvaklanar və dəstəmaz alardı. Sonra doqquz rükət namaz qılardı. Rükətlərin heç birində əyləşməzdi. Yalnız səkkizinci rükətdə oturar və Allahı zikr, həmd-səna edər və Rəbbinə dua edərdi. Sonra salam vermədən ayağa qalxardı. Sonra doqquzuncu rükəti qılar və oturardı. Sonra Allahı zikr, həmd-səna edər və Rəbbinə dua edib salam verərdi. Biz də onun salamını eşidərdik. Salamdan sonra oturan halda iki rükət qılardı». (Aişə deyir:) Ey oğlum, bax bu on bir rükət edir. «Allahın Peyğəmbəri yaşlaşdıqdan sonra isə yeddi rükət vitr qılardı. Son iki rükəti də deyilən kimi qılardı». (Aişə deyir:) Ey oğlum, bu isə doqquz rükət edir[9].

Əgər vitr üç rükət qılınırsa aşağıdakı hədisdə deyilən surələri oxuyur:
İbn Abbas deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vitr namazının rükətlərində “səbbih ismə rabbikəl alə”, “qul yə əyyuhəl kəfirun” və “qul huvəllahu əhəd” surələrini oxuyardı»[10].

Vitr namazında qunut tutmaq:
Həsən ibn Əli deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənə vitrdə demək üçün sözlər öyrətmişdir:
« اللَّهُمَّ اهْدِنِى فِيمَنْ هَدَيْتَ وَعَافِنِى فِيمَنْ عَافَيْتَ وَتَوَلَّنِى فِيمَنْ تَوَلَّيْتَ وَبَارِكْ لِى فِيمَا أَعْطَيْتَ وَقِنِى شَرَّ مَا قَضَيْتَ إِنَّكَ تَقْضِى وَلاَ يُقْضَى عَلَيْكَ وَإِنَّهُ لاَ يَذِلُّ مَنْ وَالَيْتَ وَلاَ يَعِزُّ مَنْ عَادَيْتَ تَبَارَكْتَ رَبَّنَا وَتَعَالَيْتَ ».
«Allahumməhdini fimən hədəyt, və afini fimən afəyt, və təvalləni fimən təvalləyt, və barik li fimə atəyt, və qini şərrə mə qadəyt, innəkə təqdi vələ yuqda aleyk, və innəhu lə yəzillu mən valeyt, vələ yəizzu mən adəyt, təbarəktə rabbənə və təaləyt».
«Allahım! Mənə də hidayət ver, necə ki başqalarına hidayət vermisən, bütün pisliklərdən xilas et, necə ki başqalarını xilas etmisən, mənə qayğıkeşlik et, necə ki başqalarına Qayğıkeşsən. Verdiyini mənim üçün bərəkətli et. Sənin qərarının şərindən Sənə sığınıram. Şübhəsiz, yalnız Sən hökm verənsən və hökm edilməzsən. Həqiqətən Sən kimi dost etsən, o hörmətdən düşməz. Kimi düşmən etsən, o əsla bəyənilməz. Ey Rəbbimiz Sən Mübarək və Ucasan[11]».
Sünnəyə görə qunut duası rükudan öncə olmalıdır. Demək Ubeyy ibn Kəəbin hədisində deyilir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vitr namazında qunut rükudan öncə etdi»[12].
Adi halda fərz namazlarda qunut duası etmək olmaz. Bunu yalnız bəla üz verdikdə etmək olar. Bunun üçün hansısa fərz namazı xüsusiləşdirmək olmaz (istənilən fərz namazda qunut etmək olar). Və bu halda qunut rükudan sonra edilir. Demək Əbu Hureyrə deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) kiməsə qarşı xeyirli və ya bəd dua etmək istədikdə qunutu rükudan sonra edərdi»[13].
Daimi olaraq Sübh namazında qunut duası etmək bidətdir. Bunu Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələri açıq-aşkar şəkildə demişlər. Əbu Malik əl-Əşcai, Səd ibn Tariq deyir ki, «mən atama dedim: Ey ata, sən Peyğəmbərin, Əbu Bəkrin, Ömərin, Osmanın və beş ildir ki, burada, Kufədə Əlinin arxasında namaz qılmısan. Məgər onlar Sübh namazında qunut duası edərdilərmi? O dedi: Ey oğlum, bu əməl dinə əlavə olunmuş bidətdir»[14].
«Heç vaxt ola bilməz ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hər səhər rükudan qalxanda, “Allahumməhdini fimən hədəyt, və afini fimən afəyt, və təvalləni fimən təvalləyt...” – sözlərini deyib, uca səslə qunut duası etsin və səhabələri də buna “amin” deməklə səs versinlər, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfat edənə qədər bunu etsin, sonra İslam ümməti bundan bixəbər olsun. Əksinə, ümmətin çox hissəsi, əksər səhabələr - onlardan heç kəs belə etmir, bu əməlin bidət olduğunu deyirlər. Necə ki, Səəd ibn Tariq əl-Əşcai bunu demişdi»[15].


------------------------------------------------------------------------
[1] Buxari: 11/ 214/ ? 6410. Müslim: 4/ 2062/ ? 2677.
[2] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 959. İbn Macə: 1/ 370/ ? 1169. Tirmizi: 1/ 282/ ? 452. Nəsai: 3/ 228-229. O, bu rəvayəti iki ayrı hədisdə rəvayət etmişdir. Əbu Davud: 4/ 291/ ? 1403. O rəvayətini Peyğəmbərə nisbət etmişdir.
[3] Müslim: 1/ 512/ ? 745. Bu onun rəvayətidir. Buxari: 2/ 486/ ? 996. Müxtəsər rəvayət etmişdir. Nəsai: 3/ 230. Əbu Davud: 4/ 312/ ? 1422. Tirmizi: 1/ 284/ ? 456. Onun və Əbu Davudun rəvayətinin sonunda əlavə vardır.
[4] Həsənun Səhih. Səhih Sünən İbn Macə: ? 988. İbn Xuzeymə: 2/ 145/ ? 1084. Əbu Davud: 4/ 311/ ? 1421. İbn Macə: 1/ 379/ ? 1202.
[5] Buxari: 2/ 487/ ? 997. Müslim: 1/ 511/ ? 744.
[6] Buxari: 2/ 477/ ? 990. Müslim: 1/ 516/ ? 749. Nəsai: 3/ 227. Tirmizi: 1/ 273/ ? 435. Oxşar şəkildə rəvayət etmişdir. Onun rəvayətində əlavə də mövcuddur.
[7] Buxari: 3/ 33/ ? 1147. Müslim: 1/ 509/ ? 738. Əbu Davud: 4/ 218/ ? 1327. Tirmizi:1/ 274/ ? 437.
[8] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 382. Müslim: 1/ 508/ ? 737. Əbu Davud: 4/ 216/ ? 1324. Tirmizi: 1/ 285/ ? 457. Rəvayətinin sonunda əlavə mövcuddur.
[9] Hədis səhihdir. Səhih Sünən Nəsai: ? 1510. Müslim: 1/ 512/ ? 746. Əbu Davud: 4/ 219/ ? 1328. Nəsai: 3/ 199.
[10] Hədis səhihdir. Səhih Sünən Nəsai: ? 1607. Tirmizi: 1/ 288/ ? 461. Nəsai: 3/ 236. Rəvayətinin əvvəlində əlavə mövcuddur.
[11] Hədis səhihdir. Səhih Sünən Nəsai: ? 1647. Əbu Davud: 4/ 300/ ? 1412. Tirmizi: 1/ 289/ ? 463. İbn Macə: 1/ 372/ ? 1178. Nəsai: 3/ 248.
[12] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 1266. Əbu Davud: 4/ 352/ ? 1414.
[13] Səhih əl-Cami əs-Səğir: ? 4655. Buxari: 8/ 226/ ? 4560.
[14] Səhihdir. əl-İrva: ? 435. Əhməd: 6/ 394. 3/ 472. İbn Macə: 1/ 393/ ? 1241.
[15] Zadul Məad: 1/ 271.


Tarix: 01.05.2013 / 18:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 244 Bölmə: Maraqlı melumatlar
loading...