Hər şeydən öncə onu deyim ki, Əli (Allah ondan razı olsun), barəsində ifrata varılmağa ehtiyacı olmayan bir kimsədir. Belə ki, o, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ən xeyirxah, cənnət qadınlarının ağası sayılan qızı, Fatimə ilə evlənən kürəkənidir. Həmçinin o, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əmisi oğlu, Raşidi xəlifələrin dördüncüsüdür. Xülasə, onun imtiyazları həddindən artıq çoxdur. Lakin bizim məqsədimiz Əlinin imtiyazlarını sadalamaq deyil. Onun imtiyazları artıq öz təsdiqini tapmışdır, indi onları xatırlamağa ehtiyac yoxdur. Bizim əsas məqsədimiz, həmin imtiyazların, Əlinin, özündən əvvəlki xəlifələrdən bu işə daha layiq olmasına dəlalət edib-etməməsini nəzərdən keçirməkdir.
Əli ibn Əbu Talibin xəlifəliyə, Əbu Bəkr, Ömər və Osmandan, daha layiqli olmasını deyənlərin dəlilləri:
1. Qədr-Xum hədisi:
Bu hədis, onların ən əhəmiyyətli dəlillərindən sayılır. Hətta onlar bu hədis barədə "Hədisul Ğədir" adlı, on bir cildlik kitab da yazmışlar. Bu hədisi İmam Mülsim öz Səhih əsərində rəvayət etmişdir. Rəvayətdə deyilir ki, Zeyd ibn Ərqəm deyir: Məkkə və Mədinə arasında Xum adlanan yerdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə vəz etdi. İlk olaraq Allaha həmd səna etdi, bizə (dinimizi) xatırlatdı, sonra isə dedi: "Ey insanlar, mən də bəşər övladıyam, Rəbbimin elçisinin gəlməsinə və mənim də onu qarşılamağıma çox az qalıb. Mən sizə iki ağır yükü tərk edib gedirəm. Birincisi, Allahın kitabıdır. Hidayət və nur ondadır. Allahın kitabını əsas götürün və ondan tutunun". Bir müddət, Allahın kitabı haqqında danışıb, insanları ona rəğbətləndirdi və sonra dedi: "(İkincisi) Əhli beytimdir. Allahın adı ilə əhli beytimi sizə xatırladıram. Allahın adı ilə əhli beytimi sizə xatırladıram. Allahın adı ilə əhli beytimi sizə xatırladıram".
Huseyn ona (yəni, hədisin rəvayətçisi Zeyd ibn Ərqama) deyir: Ey Zeyd, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əhli beyti kimlərdir? Onun yoldaşları onun əhli beytindən deyillər? Zeyd dedi: Bəli, onun əhli beyti, ondan sonra özlərinə sədəqə yemək haram olanlardır.
O dedi: Bəs onlar kimlərdir?
Zeyd dedi: Onlar, Əlinin, Əqilin, Cəfərin və Abbasın ailəsidir.
O dedi: Bunların hamısına sədəqə haram edilmişdir?
Zeyd dedi: Bəli.[1]
Başqalarının rəvayətində, məsələn, Tirmizinin[2], Əhmədin[3], Nəsainin əl-Xəsais əsərində[4], Hakim[5] və digərlərinin kitablarında hədisə belə bir əlavə vardır. Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır".
Bu haqda digər əlavələr də qeyd olunur. Məsələn, "Allahım, onu dost tutanı sən də dost tut, ona düşmən kəsilənə isə Sən də düşmən kəsil. Ona kömək olana, Sən də kömək ol. Onu alçaldanı, Sən də alçalt. O, harada olsa haqqı da onunla bərabər et". Bu kimi əlavələr çoxdur, lakin hal-hazırda onların qeyd edilməsinə ehtiyac yoxdur.
Xülasə, Səhihi Müslimin rəvayət etdiyi hədisdə, "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır", sözləri yoxdur. Bu əlavə, Tirmizinin, Əhmədin, Nəsainin əl-Xəsais əsərində, Hakim və digərlərinin kitablarında, Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhih sənədlərlə rəvayət olunmuşdur. Amma digər əlavələr, məsələn, "Allahım, onu dost tutanı, Sən də dost tut" bəzi elm adamları bu rəvayətin səhih olduğunu vurğulamışlar, lakin daha doğru rəyə əsasən bu əlavə səhih deyildir. Digər əlavə isə, "Ona kömək olana, Sən də kömək ol. Onu alçaldanı, Sən də alçalt. O, harada olsa haqqı da onunla bərabər et"- Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) adından uydurulmuş bir əlavədir.
Bidətçilər, "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" hədisini, Əlinin (Allah ondan razı olsun), Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonra xəlifə olmasına dəlil gətirirlər. "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" sözlərinin mənası, Əlinin xəlifə olması deməkdir. Burada mövla sözü, vali, yəni, itaəti vacib olan ağa, mənasını verir. Hədis, bu baxımdan Əlinin birinci xəlifə olmasına dəlalət edir.
Həmçinin bu hədis Əlidən də rəvayət olunmuşdur. Belə ki, bir gün o, Kufədə, Rəhbə adlı yerdə olanda demişdir: Kim, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Qədr Xum günü mənim haqqımda belə dediyini eşitmişdir: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır"[6]. Bu sözə on iki nəfər Bədr döyüşünün iştirakçısı şahidlik edir.
İlk olaraq Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), Əliyə bu sözləri deməsinin səbəblərini qeyd edək.
Onların iddiasına görə, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qızmar istidə, Cuhfə ərazisində yerləşən (həcilərin yol ayrıcı sayılan) Qədr Xumda, "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" - fikrini çatdırmaq üçün, yüz mindən çox insanı bu yerdə dayandırmışdı. Onlar bu hədisə, əvvəldə dediyimiz əlavələri də artırıraq məsələni belə qələmə verirlər.
Doğru rəyə görə bu hədisin iki səbəbi vardır:
Birinci: Bureydə ibn əl-Huseyyib (Allah ondan razı olsun) deyir: Xalid ibn əl-Valid, xüms payını[7] ayırmaq üçün bir nəfərin göndərilməsi haqqında Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəbər çatdırır. Əli gəlib xüms payını ayırır və sonra xüms payından özünə bir kəniz seçib ona yaxınlıq edir. Bureydə deyir: Mən buna görə Əliyə nifrət edirdim. O artıq (cənabətdən təmizlənmək üçün) qüsl də almışdı[8]. Mən Xalidə dedim: Sən bir buna bax?!
Biz Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəldikdə bu haqda ona xəbər verdim. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) isə mənə (Bureydəyə) dedi: "Ey Bureydə, sən Əliyə nifrət edirsən?" Mən dedim: Bəli. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Ona nifrət etmə, onun xümsdə ondan artıq payı vardır"[9]. Digər bir rəvayətdə[10] isə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Bureydəyə belə dediyi nəql olunur: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır".
İkinci: Beyhəqi, Əbu Səiddən rəvayət edir ki, Əli onları sədəqə malından olan dəvələrə minməyi qadağan edir və onların üzərinə bir nəfəri başçı təyin edib özü Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gedir. Əli onlarla yolda rastlaşdıqda təyin etdiyi başçının dəvələrin minilməsinə icazə verdiyini gördü. Əli dəvələrin minilməsini və dəvələrin üzərində minik əlamətlərinin görsənməsini gördükdə qəzəbləndi və təyin etdiyi müavinini tənqid etdi.
Əbu Səid deyir: Biz Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) gördükdə, Əlidən çəkdiklərimizi (ondan gördüyümüz kobud rəgtar və sıxıntı haqqında) ona xəbər verdik. Digər rəvayətdə isə deyilir ki, orada paltarlar var idi. Onlar həmin paltarlardan geyinmək istədikdə, Əli (Allah ondan razı olsun) onlara qadağa qoymuşdu. Bunları eşidən Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyir: Ey Səd ibn Malik (Əbu Səid), qardaşın Əli haqqında dediklərin barədə bir az tələsmə. Allaha and olsun ki, sən onun Allah yolunda yaxşı çalışdığını bilirsən. İbn Kəsir bu rəvayətin haqqında demişdir: Bu rəvayətin sənədi yaxşıdır və Nəsainin şərtinə uyğundur. Beyhəqi və başqa alimlər onu rəvayət etmişlər.
İbn Kəsir deyir: Əlinin başçılıq etdiyi qoşun, sədəqə dəvələrindən istifadənin qadağan edilməsini, Əlinin müavini tərəfindən qoşuna paylanan paltarların Əli tərəfindən geri götürülməsini əsas tutub, onun haqqında çox dedi-qodu edirdilər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həcc əməllərini bitirib Mədinəyə qayıdarkən Qədr Xum adlı yerdə dayanıb insanlara vəz etdi. Vəzin əsas mövzusu Əlinin məziyyətlərini qeyd etməkdən və onun haqqında müsbət fikirlər söyləməkdən ibarət idi. Əksər insanların qəlbində Əliyə qarşı yaranan kin-küdurəti aparmaq üçün onun fəzilətlərini qeyd edirdi[11].
Demək, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həmin hədisdə Əli haqqında o sözləri deməsinin səbəbi bu idi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu söhbəti Məkkədə, Minada və ya Ərafada olarkən etmədi, əksinə Mədinəyə qayıtmasını gözləyirdi. Görəsən bunun səbəbi nə idi? Çünki bu məsələ yalnız Mədinə camaatına aiddir. Çünki Əli (Allah ondan razı olsun) haqqında danışanlar onunla birlikdə qoşunda olan mədinəlilər idilər. Qədr Xum, Məkkədən iki yüz əlli kilometr uzaqlıqda, Cuhfə adlı yerdə yerləşir. Bu yer həcilərin yol ayrıcıdır, deyən kimsə yalançıdır. Çünki həcilərin toplanan və ayrılan yerləri Məkkədir. Heç vaxt həcilərin ayrıldığı yer Məkkədən iki yüz əlli kilometr uzaqlıqda ola bilməz. Məkkə camaatı Məkkədə qalır, Taif camaatı Taifə, Yəmən camaatı Yəmənə, İraqlılar da İraqa qayıdırlar. Həccini yekunlaşdıran hər bir insan öz ölkəsinə qayıdır. Ərəb qəbilələri də bu qaydada öz yurdlarına dönürdülər. Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yalnız Mədinəlilər və yolu Mədinədən keçən həcilər qalmışdı. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəzini onlara etmiş və demişdir: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır". Əhli sünnə ilə rafizilər arasında olan fikir ayrılığı, bu sözlərin doğru və ya yalan olmasında deyil, bu sözlərin məfhumundadır. Rafizilər deyirlər ki, "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" - sözlərinin mənası, "Mən kimin rəhbəriyəmsə, Əli də onun rəhbəridir". Əhli Sünnənin məfhumuna görə isə, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" - sözlərində deyilən mövla ifadəsinin mənası, düşmənçilik sözünün antonimi sayılan, kömək və sevgi mənasını daşıyır. Bu mənanı söyləməyə bir neçə əsas vardır:
1. Bəzi elm adamlarının səhih saydıqları bu əlavə, "Allahım, onu dost tutanı Sən də dost tut, ona düşmən kəsilənə isə Sən də düşmən kəsil" – sözlər, deyilən mənanı açıqlayır. Burada deyilən dost və düşmən sözləri: "Əli də onun mövlasıdır" – ifadəsini açıqlayır. Bu sözlər, Əli ibn Əbu Talibin insanlar tərəfindən sevilməsi üçün deyilən sözlərdir.
2. Əli buna və bundan da artığına layiqdir, amma Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu yerdə Əliyə (Allah ondan razı olsun) görə dayanmamışdı. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu yerdə dayanmasında məqsəd, istirahət idi. Məkkədən Mədinəyə getmək uzaq səfər sayılır. Bunun üçün beş və ya yeddi gün vaxt lazımdır. Ona görə də Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səfər əsnasında bir neçə dəfə istirahət etməli olurdu. Həmin yerdə də Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) insanlara Allahın kitabını və özünün Əhli beytini xatırlatdı. Onlara hörmətlə yanaşmağın, şənlərini uca tutmağın və eləcə də onlara itaət etməyin vacibliyini vurğuladı. Daha sonra Əli barəsində bəhs edilən məqamlara toxunaraq dedi: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır".
3. Ərəb dilində "Mövla" sözünün dəlalət etdiyi mənalar, bu sözün, kömək və sevgi mənasında olmasını göstərir. İbn əl-Əsir deyir: Mövla sözü Allah, mülk sahibi, nemət verən, kömək edən, sevilən, and bağlayan, əsarətdə olan və ya azad olunan kölə, əmi oğlu və kürəkən mənalarında işlədilir[12]. Demək ərəblər Mövla sözünü bütün bu mənalarda istifadə edirlər.
4. Hədisdə Əlinin rəhbərliyinə dəlalət edən heç bir məna yoxdur. Əgər Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu hədisdə Əlinin xəlifəliyini bəyan etmək istəyirdisə o zaman, İbn əl-Əsirin qeyd etdiyi kimi, özündə bir neçə mənanı daşıyan sözlə bunu ifadə etməzdi. Onun belə deməsi daha doğru olardı: Məndən sonra Əli mənim xəlifəmdir, yaxud Əli məndən sonra rəhbərdir və ya mən öləndən sonra Əli ibn Əbu Talibi eşidib, itaət edin. Amma Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), açıq aşkar məna daşıyan və fikir ayrılığına son nöqtə qoyan, bu ifadələrin heç birini işlətməmişdir. Əksinə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır"[13].
Allah təala buyurur: "(Ey münafiqlər!) Bu gün artıq nə sizdən, nə də kafirlərdən (günahlarınızın bağışlanması üçün) heç bir fidyə qəbul olunmaz. Məskəniniz Cəhənnəmdir. Sizin mövlanız (sizə yaraşan) odur. Ora necə də pis sığınacaqdır!"[14] Bu ayədə Allah təala, kafirlərlə daha yaxın və sıx ünsiyyətdə olan cəhənnəmi, mövla adlandırır. Allah bizi cəhənnəm odundan qorusun.
5. Mövla vəsfi, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfatından öncə də, sonra da Əlinin daimi simalarındandır. Hətta bu keyfiyyət Əlinin (Allah ondan razı olsun) vəfatından sonra da qalmaqdadır. Əli, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sağlığında möminlərin mövlası olduğu kimi, onunun ölümündən sonra da möminlərin mövlası olmuşdur. O hal-hazırda bizim mövlamızdır. Belə ki, Allah təala buyurur: "Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, tam mütiliklə (Allaha) namaz qılır və zəkat verirlər."[15] Əli də iman gətirənlərin ön sırasındadır.
6. Əgər Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəhbər mənasını qəsd edirdisə o zaman mövlam deyil, valimdir (xəlifəmdir), sözünü ifadə edərdi. Çünki mövla sözü ilə vali sözləri başqa-başqa məna daşıyırlar. Vali sözü vilayət sözündən olub hökm etmək mənasına gəlir. Mövla sözü isə vəlayət sözündən olub, sevgi və dayaq mənasını daşıyır. Uca və nöqsansız Allah buyurur: "Əgər ikiniz də (bu hərəkətinizə görə) Allaha tövbə etsəniz (çox yaxşı olar). Çünki (Peyğəmbərə əziyyət verməklə, ona xoş getməyən bir hərəkət etməklə) qəlbləriniz (onun barəsində bir qədər qeyri-səmimiliyə, günaha) meyl etdi. Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə kömək etsəniz, (bilin ki, sizə qələbə çalmaqda) onun mövlası (dostu, hamisi) Allah, yardım göstərənləri isə Cəbrail, əməlisaleh möminlər və bundan sonra da (bütün) mələklərdir. (Yaxud onun dostu və yardımçıları Allah, Cəbrail, əməlisaleh möminlərdir. Bunlardan sonra da mələklər onun yardımçısıdır)"[16].
Göründüyü kimi bu ayədə də mövla sözü sevgi, dayaq və dəstək mənalarında işlədilmişdir.
7. Allah təala İbrahim əleyhissəlamın tayfası haqqında deyir: "Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Muhəmməd) və ona iman gətirənlərdir. Allah möminlərin dostudur!"[17]
Ayədə adı çəkilənlərin İbrahimə yaxın olmaları, onun üzərində ağalıq etmələri mənasına gəlmir. Əksinə, İbrahim onların başçısı və rəhbəri sayılır.
8. İmam Şafii (Allah ona rəhmət etsin) Zeyd ibn Ərqəmin hədisi barədə deyir: Bu hədisdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) islam dostluğunu (vəlayətini) nəzərdə tutur. Oxşar bir məqamda Allah təala buyurur: "Ona görə ki, Allah iman gətirənlərin dostudur (himayədarıdır). Kafirlərin isə dostu (himayədarı) yoxdur! [18]"[19]
Hədis, Əlinin Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonra xəlifəliyinə dəlalət etmir. Əslində hədis, Əlinin Allahın dostlarından (övliyalarından) biri olduğunu göstərir. Buna görə də onu dost tutmaq, sevmək və ona dayaq olmaq vacibdir.
[1] Səhihi Müslim, Kitabu Fədailus Səhabə, 2408.
[2] Camiut Tirmizi. Kitabul Mənaqib. Bab, Mən qablə Əli. 2712.
[3] Müsnədi Əhməd, 5, 347.
[4] Xəsaisu Əli, səh, 96, 79.
[5] əl-Müstədrək, 3, 110.
[6] əs-Silsilətus Səhihə: 1750.
[7] Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Xalidi Yəmən vilayətinə döyüşə göndərmişdi. Xalid qələbə çaldıqdan sonra xüms payını bölmək üçün Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir nəfər göndərməyi ərz etdi.
[8] Demək, Əli xüms payını böldükdə əsirlərin arasından bir nəfər kənizi gütürüb ona yaxınlıq etdi və sonra çıxıb qüsl aldı.
[9] Səhih əl-Buxari: Kitabul Məğazi. Bab, Bəsu Əli və Xalid iləl Yəmən, 4250.
[10] Camit Tirmizi: Kitabul Mənaqib. Bab, Mənaqibu Əli, 3712.
[11] əl-Bidayə vən Nihayə: 5, 95.
[12] ən-Nihayə fi ğəribil hədis: 5, 228.
[13] Şiyə məzhəbinin böyük alimlərindən sayılan ən-Nuri ət-Təbərisi deyir: "Qədr Xum günü, Peyğəmbər özündən sonra Əlinin xəlifə olması haqqında açıq-aşkar bir söz qeyd etməmişdir. O, bunu ümumi məna daşıyan və bir neçə mənalarda müştərək olan bir ifadə ilə vurğulamışdır. Bu ifadənin hansı mənaya dəlalət etməsini araşdırıb təyin etmək lazımdır". Faslul Xitab, 205-206.
[14] əl-Hədid: 15.
[15] ən-Nihayə fi ğəribil hədis: 5, 228.
[16] ət-Təhrim: 4.
[17] Ali İmran: 68.
[18] Məhəmməd: 11.
[19] Məhəmməd: 11.
http://selef.my1.ru/news/qdr_x ... 8-236
Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 522 Bölmə: Maraqlı melumatlar