Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

TÖVHİDİN ALƏMLƏRƏ OLAN TƏSİRİ

Tövhidin təsiri üç qismə bölünür.
1). Tövhidin fərdlərə, şəxslərə olan təsiri.
2). Tövhidin cəmiyyətə, ümmətə olan təsiri.
3) Tövhidin axirətdə olan təsiri.

(Tövhid yəni yalnız Uca Allaha ibadət etmək, ondan istəmək, və ona heç bir məxluqu şərik qoşmamaq)

Tövhidin Fərdlərə Olan Təsiri; Ən böyük təsiri qəlb rahatlığı, nəfsin salamatçılığıdır. Ruhun qidasıdır. İbn Qeyyim deyir ki, insanın həqiqəti, mahiyyəti onun qəlbi və ruhudur. Bunların da salamat olması, düzgün olması yalnız Rəbbinin tövhidi, Ona olan ibadəti, Ondan qorxması və bütün işlərdə Rəbbinə ümid etməsi ilədir. İnsanın ən böyük ləzzəti, ən böyük səadəti və neməti də elə bundadır. Kainatda elə bir şey yoxdur ki, insanın qəlbi onunla rahatlıq tapsın. Bu yalnız Allahla mümkün olur. Allaha iman gətirmək, Onu sevmək, Ona ibadət etmək, Allahı ucaltmaq, Onu zikr etmək bu kimi şeylər insanın qidasıdır, onun gücüdür. Bunların da hər birinə Quran, Sünnə və fitrət dəlalət etmiş və şahidlik göstərmişdir.

Amr ibn əl-As (r.a) rəvayət edir ki, Rəsulullah (s.a.v) buyurdu: "Sizin qəlbinizdə olan iman paltar köhnəldiyi kimi köhnəlir. Buna görə də Allahdan qəlbinizdə olan imanın təzələnməsini istəyin".
(əl-Albani)

İmanın zəifləməsi insanda qəlb sıxıntısı yaradır. İnsan bu qəlb sıxıntısından necə qurtara bilər? Yalnız Allaha bağlanmaqla.
İbn Abbas (r.a) rəvayət edir ki, Rəsulullah (s.a.v) buyurdu: "Allahı Rəbb, İslamı din və Muhəmmədi Rəsul olaraq qəbul edən kimsə imanın şirinliyini tapar".(Muslim 34.)

İmanın tamını, şirinliyini, dünyanın ləzzətləri və şəhvəti ilə tapmaq olarmı? Əlbəttə ki, yox! İnsan imanın ləzzətini yalnız bununla tapa bilər.
Ənəs (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: “Kimdə (bu) üç şey olsa, imanın şirinliyini dadmış olar: Allahı və Onun elçisini başqalarından daha çox sevmək; adamı yalnız Allah üçün sevmək; Cəhənnəmə atılmağı xoşlamadığı kimi, küfrə qayıtmağı da xoşlamamaq”.
(əl-Buxari 16.)

Bu işlərin üçü də sevgi və məhəbbətlə bağlıdır. Bu yalnız tövhid kəlməsini həqiqi surətdə həyata keçirməklə mümkün olur.
Sələflər görərdilər ki, dünya öz əhli və şəhvətləri içərisində dalğalanır. Kimisi öz vəzifəsinə, kimisi də öz şəhvətlərinə qapanıblar. Kimisi şərəf, şan-şöhrət axtarır. Hamı nə isə axtarır. Lakin möminin qəlbi, nəfsi tək olan Allah ilə bağlıdır. Allaha bağlanır və buna görə də qəlb rahatlığı tapır. Fudeyl ibn İyad (rahmatullahi aleyhi) deyir: “Günəş batdıqda mən Rəbbimlə tək qaldığıma görə bu zülmət, qaranlığa görə sevinirəm. Günəş doğduqda isə mən insanların yanıma daxil olduqlarına görə kədərlənirəm”. Çünki, onlar bu ləzzəti təklikdə tapırlar. Ləzzəti insanlarla yox, Uca Allah ilə danışmaqda, tək qalmaqda tapmaq olar.

Sələflər deyərdilər: "Gecə əhlinin - gecəni ibadətdə keçirənlərin - ləzzəti gecəni əyləncədə keçirənlərin hiss etdiklərindən daha üstündür. Əgər gecə olmasaydı biz bu dünyada qalmaq istəməzdik". Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Sübh namazının iki rükət (sünnəsi) dünya və onun içindəkilərdən xeyirlidir. Həqiqətən, mən onları bu dünyadan da çox sevirəm".
(Muslim)
Gecənin ortasında Allah üçün etdiyin bu ibadət sənin qəlbində imanı, ləzzəti, səadəti əkir. Bu elə bir ləzzət və səadətdir ki, var-dövlətlə əldə olunmaz. Nə mülk, nə şərəf bu sevinci əldə edə bilməz. Tövhid insanı Allahdan başqasına qulluqdan xilas edir. Həqiqi qulluq da elə budur. Həqiqi qulluq insanın Allaha qul olmasıdır.

Görürsən ki, bəzi insanlar Allahdan qeyrisinə bağlanırlar. Allahdan qeyrisinə qəlbən bağlandıqlarına görə o, bağlandıqları şeyin qulu olurlar. Nəyə görə? Çünki, o insanın qəlbi yoxdur. Hər gün onun bir ilahı vardır. Allahı buraxaraq o, ilahlara ibadət edir. Bu gün bir qəbirədn, səhəri isə başqa qəbirlərdən kömək istəyir. Bəziləri qəbirlərə, övliyalara, seyyidlərə, ağaclara, daşlara bəziləri də fal oxlarına, bürclərə inanıb bağlanırlar. Onların qəlbləri Allahdan qeyrisinə bağlandıqlarına görə onun qulu olurlar. Çünki, bağlandığı şeyə bütün işlərində və ehtiyaclarında arxalanırlar. Ondan qorxduqlarına görə onun qulu olurlar: “Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah əzəli elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız?” (əl-Casiyə 23). Onların qəlbləri Allahdan qeyrisinə bağlandığına görə, tövhidi həqiqi surətdə həyata keçirmədiklərinə görə onlarda qorxu yaranır. İnsanların halına baxırsan ki, zəiflədikdə nə günə düşürlər. Allahdan qeyrilərindən qorxurlar. Kahinlərdən, falçılardan, kiminsə cəddindən və s. Gecə və gündüz onu dərd basır. Həqiqi mömin isə heç kəsdən qorxmur. Çünki, o bilir ki, zərər və mənfəət, xəstəlik və şəfa yalnız Allahın əlindədir: “De: "Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?" De: "Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!" (əz-Zumər 38). "Əgər Allah sənə bir zərər yetirsə, səni ondan Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs onun nemətinə maneçilik edə bilməz". (Yunus 107). "De ki: "Bir deyin görək əgər Allah sizin qulaqlarnızı və gözlərinizi əllərinizdən alsa, ürəklərinizə də möhür vursa onları sizə Allahdan başqa kim qaytara bilər. Gör biz onlara ayələrimizi necə izah edirik ki, onlar da necə üz döndərirlər". (əl-Ənam 46). Qul hər şeyin Allahdan gəldiyini bildiyinə görə yalnız Allah hüzurunda qorxu və hörmət duymalı və yalnız Ona qarşı təqvalı davranmalıdır: "O, halda insanlardan qorxmayın Məndən qorxun". (əl-Maidə 44). "…Və yalnız Məndən qorxun". (əl-Bəqərə 40). "Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər məhz belələri uğura çatanlardır". (ən-Nur 52). "…Qorxub çəkinməyə də, (günahları) bağıışlamağa da layiq olan ancaq Odur". (əl-Muddəssir 56). “O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!” (Ali-İmran 175)

Hər bir məxluqun bir yaradılmışdan və ya Yaradandan qoxmasının qaçılmaz olduğu məlumdur. Yaradılmışdan qorxmanın zərəri bir çox baxımdan faydalarından daha ağırdır. Allahdan qorxmaq isə dünya və axirət səadətinin səbəbidir. Həqiqətən, Allah ondan qorxulmağa daha layiqdir. İbn Abbas (r.a) rəvayət edir ki, bir gün (minikdə) Peyğəmbərin (s.a.v) arxasında oturmuşdum. O, buyurdu: "Ey oğul! Mən sənə bir neçə kəlimə öyrədəcəyəm. Allahı qoru ki( yəni günahlardan çəkin,yalnız ona ibadət et), Allah da səni qorusun. Allahı qoru ki, Onu öz qarşında tapasan. Bir şey dilədikdə, Allahdan dilə. Kömək istədikdə yenə də Allahdan kömək istə. Bunu da bil ki, əğər bütün insanlar sənə xeyir vermək üçün bir yerə yığışsalar da belə Allahın yazdığından artıq sənə heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, əğər sənə zərər vermək üçün bir yerə yığışsalar da yenə də Allahın yazdığından artıq sənə zərər verə bilməzlər. (Artıq) qələmlər qaldırılmış, səhifələrin (mürəkkəbi) qurumuşdur".
(ət-Tirmizi 2516, əl-Albani səhih demişdir.)
İnsanlar tövhiddən uzaqlaşdıqlarına görə, tövhidi həqiqi surətdə həyata keçirmədiklərinə görə, Allahdan qeyrilərinə bağlandıqlarına görə insanlardan qorxurlar. Həqiqi müsəlmanlar isə şiddət anında da, çətinliklərdə də Allaha yönəlirlər.

Bəziləri isə dünya və onun şəhvətlərinə bağlanırlar. Onun arxasınca gecə və gündüz gedirlər. Onlar dünyanın şəhvəti üçün sevinir və onun üçün ağlayırlar. Bəzən də buna görə gecələri də yatmırlar. Dünyada bir şey əldə etdikdə sevinir, əldə etmədikdə isə kədərlənirlər: "Kim (axirətdən vaz keçib) dünya və onun bər-bəzəyini istəyirsə, biz onun əməllərinin əvəzini (sağlamlıq, sərvət, övlad, gözəl yaşayışı) elə dünyada ikən verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz. Belələrinin axirətdə atəşdən başqa heç bir payı yoxdur. Onların dünyada gördükləri işlər puç olar və bütün əməlləri boşa çıxar". (Hud 15-16). Peyğəmbər (s.a.v) buyurdu: "Dinarın qulu bədbəxt olsun, dirhəmin qulu bədbəxt olsun. Pal-paltarın, zinətin qulu bədbəxt olsun. Beləsinə istədiyi veriləndə razı qalar, verilməyəndə isə qəzəblənər. Bədbəxt olsun və başı aşağı çevrilsin. Onun ayağına batan tikan belə çıxmasın".
(əl-Buxari 6/ 61, İbn Məcə 11/ 216.)
İnsanın malı dünyanı sevməsi və bu işdə dəridən qabıqdan çıxması insanın bu şərəfli ömrünü zay etməsi¬dir. Onlar elə zənn edirlər ki, xoşbəxtlik yalnız pulun çox olmasındadır. Bölünmüş, yazılmış ruzini tələb etməkdə vaxtı zay etməkdir. Ruzi artıq bölünmüşdür. Həris, tamahkar insan isə məhrumdur.

Sələflər deyərdilər: "Qədər haqdırsa onda tamahkar¬lıq boş şeydir. Əgər xəyanət insanın təbiətində varsa onda hər kəsə bel bağlamaq acizlikdir. Əgər ölüm hər kəsi gözləyirsə onda dünyaya da arxalanmaq axmaqlıqdır".

İnsan bu ömründə uca dərəcələri və əbədi nemətləri qazana bilərdi. Lakin dünya malını toplayaraq bu dünyada qoyub gedir. Hesabı özünə qalır, kefi isə başqalarına. Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) ilə birlikdə Mədinənin Aliyə tərəfindən bazara daxil olduq. Ölmüş kiçik qulaqlı bir oğlaq gördü. Onun qulağından tutaraq buyurdu: "Sizdən kim bunu bir dirhəm qarşılığında almaq istəyər?" Səhabələr dedilər: "Allaha and olsun ki, o diri olsaydı da belə onu heç kəs almazdı. Çünki, qüsurlu oğlaqdır. Qulaqları kiçikdir". Peyğəmbər (s.a.v) buyurdu: "Allaha and olsun ki, bu sizin üçün nə qədər dəyərsizdirsə, du dünya da Allah üçün o, qədər dəyərsizdir".(Muslim, şərhi 5/ 814, Muslim "Zuhd" 2. )
Peyğəmbər (s.a.v) buyurdu: "Dünyanın axirətdəki durumu ancaq sizdən hər hansı bir kimsənin barmağını dənizə salıb çıxartdıqdan sonra nə çıxartdığına baxması kimidir"(əl-Albani "Səhihul-Cəmi" 5423. )
Peyğəmbər (s.a.v) buyurdu: "Şübhəsiz ki, dünyanın məhv olması Allah üçün müsəlman bir kimsənin öldürülməsindən daha yüngüldür". (ət-Tirmizi 5/ 82, əl-Albani "Səhihul-Cəmi" 453.)
Peyğəmbər (s.a.v) buyurdu: "Sizi sevindirəcək şeylərin müjdəsini sizə verirəm və bunları (gələcəkdə də) ümid edə bilərsiniz. Allaha and olsun ki, mən sizin üçün kasıblıqdan qorxmuram. Lakin mən sizin üçün əvvəlkilərə dünyanın geniş imkanları verildiyi kimi sizə də veriləcəyindən və onlar bu şeydə bir-birləri ilə necə yarışdıqları kimi sizin də yarışacağınızı və (dünya) onları necə həlak etdisə sizi də həlak edəcəyindən qorxuram".(əl-Buxari 4/ 63, Muslim, şərhi 5/ 816.)

Sələflər deyərdilər: "Sən fikirləşmə ki, kasıblıq varın olmamasıdır. Həqiqi kasıblıq dinin olmamasıdır. Ey qardaşım! Sən tamahkar insanın yığdığı mala görə ona qibtə etmə. Sizin ona yazığınız gəlsin. O, bu dünyada elə bir şeylə məşğul olub ki, sabah onu həlak edəcəkdir". Allahdan qeyrisinə (dünyaya, pula) bağlandıqlarına görə, Allahı unutduqlarına görə Allah da onları unudar və onları özlərinə həvalə edər: "Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin! Onlar fasiqlərdir". (əl-Həşr 19).

Ömər (r.a) rəvayət edir ki, bir gün Peyğəmbərin (s.a.v) yanına daxil oldum. O, həsirin üzərində uzanmışdı. Sonra o, qalxıb oturdu, onun əynində izardan başqa bir şey yox idi. Həsirin izi onun çiynində və böyründə qalmışdı. Mən onun eyvanına nəzər salıb gördüm ki, orada təqribən bir saa arpa, bir o, qədər akasiya ağacının qabığı və bir də aşılanmış dəridən başqa heç bir şey yoxdur. Bu halı gördükdə mənim gözlərim yaşla doldu. Peyğəmbər  buyurdu: "Ey Xəttabın oğlu, səni ağladan nədir?" Mən dedim: "Ey Allahın Rəsulu! Nə üçün də ağlamayım. Mən görürəm ki, həsir sənin bədənini bu hala salıb, eyvanda da gördüklərimdən başqa bir şey yoxdur. Qeysər (Rum imperatoru) və Xosrov (Fars imperatoru) cah-cəlal içərisində yaşayırlar. Sən isə Allahın Rəsulu və sevimlisi olduğun halda bu da sənin eyvanın!" Peyğəmbər (s.a.v) : "Ey Xəttabın oğlu! Məgər istəmirsən ki, onlar üçün dünya, bizim üçün isə axirət olsun? (Başqa rəvayətdə: Dünya ilə mənim işim nə! Mənim və dünyanın misalı ancaq bir ağacın kölgəsində bir müddət oturan, sonra da oradan durub gedən bir süvariyə bənzər )" deyə buyurdu.(Muslim10/82.)
Peyğəmbər (s.a.v) buyurdu: "Dünya möminin zindanı, kafirin isə Cənnətidir" (Muslim 2956.)

Həqiqi azad insan kimdir. Dünyanı əlində edən, dünyanı qəlbinə salmayan kimsədir. Onda nə qədər dünya malı olarsa onu əlində saxlayar. Dünya malını Allaha itaətdə xərcləyər.

İmam Əhməddən soruşuldu: “İnsanda min dinar olduğu halda zahid ola bilərmi?” O dedi: "Bəli, ola bilər". O adam soruşdu: "Ey imam, bu necə ola bilər?" O: "Artanda sevinmir, azalanda isə kədərlənmir".
Tək olan Allaha ibadət edən insan varlı da ola bilər, şərəfli də. Lakin bütün bunları əlində edər. Bunların heç birini qəlbinə salmaz. Çünkü bütün bunlar dünyanın keçici zövqüdür. Mömin kimsə qəlbini yalnız Allaha sevgi, Peyğəmbərinə itaətlə doldurur. Bu qəlb parçasını Allahdan qeyrisinə yönəltmir: “Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. Kimisini axirətdə şiddətli əzab, kimisini də Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir”. (əl-Hədid 20). "Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Lakin bütün bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır". (Ali-İmran 14). "Dünya həyatı isə aldadıcı həzzdən, əyləncədən başqa bir şey deyildir". (Ali İmran 185). "Dünyanın ləzzəti və faydası azdır, lakin müttəqi üçün axirət daha xeyirlidir". (ən-Nisa 77). "…Dünya malı axirət yanında yalnız cüzi bir şeydir". (ət-Tövbə 38).

Peyğəmbər (s.a.v) buyurur: "Ölünü qəbr evinə kimi üç şey təqib edər, lakin ikisi geri dönər. Biri isə onunla bərabər qalar. Ölünü ailəsi, malı və əməli təqib edər. Nəticədə ailəsi və malı geriyə dönər. Əməli isə onunla bərabər qalar".(Muslim 2960.)

Zeyd ibn Sabit (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) buyurmuşdur: “Kimin niyyəti dünya malı əldə etmək olarsa, Allah onun işlərini puç edər, yoxsulluğu onun gözləri arasına qoyar, dünya malından da ona yalnız qədərinə yazılmış şeylər nəsib olar. Kimin də niyyəti Axirəti qazanmaq olarsa, Allah onun işlərini yoluna qoyar, onun qəlbini zəngin edər, dünya malı isə ona ram edilmiş halda gələr”.(İbn Macə 4105, 4244. əl-Albani səhih olduğunu bildirmişdir.)
Sələflər axirət üçün yaşayardılar və axirət üçün çalışardılar. Allah da onlara dünyanı istəmədikləri halda verərdi.

Bütün bu qulluqlardan qurtarılan kimlərdir? Tək olan, şəriki olmayan Allaha ibadət edənlərdir. Bütün dərdləri toplaşaraq bir dərdi olandan gözəl yaşayışı olan ola bilərmi. Onun dərdi bir dənədir. O, da Uca və Böyük olan Uca Allahın razılığını qazanmaqdır. Həqiqi azadlıq da elə budur. Azadlıq başqa şeylə ola bilməz. Əgər bir kəs Allaha qul deyilsə o, kimsə heç vaxt azad ola bilməz. Ya şeytanın qulu olacaqdır, ya da kiminsə? Həqiqi qulluq, azadlıq isə tək olan, Qahhər olan Allaha qul olmaqdır.

Görürsən ki, bəzi insanlar da əcəldən, ruzinin azalmasından, çətinliklərdən, xəstəliklərdən qorxurlar. Qəlbi tək olan Allaha bağlı mömin isə bu kimi şeylərdən qorxmur. İmanı zəif olan isə elə zən edir ki, artıq maaşı kəsilərsə özü, övladları ac qalacaqlar: "Kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini biz verəcəyik". (əl-Ənam 152). Bəziləri elə zənn edir ki, filan ticarətdə uduzdusa gələcək həyatı dağılacaqdır. Bəziləri də İslamı qəbul etməkdən qorxurlar. Deyirlər ki, biz bu haqq olan kəlməni (Lə İləhə İlləllahı) desək bizə əzab-əziyyət veriləcəkdir. Bizə cürbəcür adlar veriləcəkdir. Allaha iman gətirən kimsə isə bilir ki, onun həyatı da, ruzisi də, əcəli də Allahın Əlindədir. Möminin əqidəsi güclü olduğuna görə Rəbbinə inanır. Çünki, bu əqidə möhkəm bir əsas üzərində qurulmuşdur: "Allahın risalətini təbliğ edənlər Ondan qorxar, Allahdan başqa heç kəsdən qorxmazlar. Allahın çəkdiyi haqq-hesab kifayyətdir". (əl-Əhzab 39).

Sən mömini dini ilə İzzət tapdığını görürsən. Sələflər – dualarında deyərdilər ki: “Allahım! Məni itaətimlə izzətləndir və günahlarla alçaltma!” "Hər kəs izzət, qüdrət, şərəf-şan istəsə bütün bunlar Allaha məxsusdur…". (Fatir 10). "Halbuki şərəf-şan, izzət, qüdrət yalnız Allaha, Peyğəmbərinə və möminlərə məxsusdur". (əl-Munafiqun 8). Bu mömin məğrur kafirə, onlarda olan imkana, var-dövlətə, səltənətə, elmə yuxarıdan baxır. Baxmayaraq ki, insanların çoxu bununla aldanırlar.Çünki, onlar kafirdilər. Onlar Cəhənnəmin odunudurlar. Onlar heyvan kimidirlər və bəlkə də ondan da aşağıdırlar: "Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır". (əl-Əraf 179). "(Ya Muhəmməd!) Qoy kafirlər hələ yeyib-içsinlər, (dünyadan) ləzzət alsınlar, arzuları-ümüdləri başlarını qatsın. (Düçar olacaqları müsibəti) sonra biləcəklər". (əl-Hicr 3).

Mömin qul haqq üzərində şücaətlə yeriyir. Bu sücaət də yalnız və yalnız Tövhiddən irəli gəlir. Onlardan biri kafirlərin qarşısında öz dini ilə izzətlənərək deyir ki, Uca Allah bizi gətirib ki, öz istəyi ilə insanları – insanların qulluğundan Allahın qulluğuna çıxaraq. Dünyanın sıxıntısından – dünya və axirətin genişliyinə çıxaraq. Bütün dinləri zülmətdən İslamın adilliyinə çıxardaq.


Tarix: 10.04.2013 / 21:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1013 Bölmə: Maraqlı melumatlar
loading...