Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmam Cəfər Sadiq (ə) Buyurub

“Hər kim mömini alçaltsa – istər o mömin möhtac və zəif olsun, istərsə olmasın – bu işdən əl çəkməyincə, Allah-təala da onu alçaldar”.



“Qiyamət günündə Allahdan nida gələr: “Mənim dostlarımdan üz çevirənlər haradadırlar?” Bu zaman bir dəstə qabağa gələr; onların sifətinin əti olmaz (yəni sifətlərinin əti çürüyüb tökülüb). Onların haqqında deyilər: “Bunlar o kəslərdir ki, möminləri incidiblər, onlarla düşmənçilik ediblər, inadkarlıq göstərib möminlərin dindarlığına kobudluqla tənə vurublar”. Sonra əmr verilər ki, o adamları cəhənnəmə aparsınlar”.

“(Küsülülükdə olan iki nəfərin ya iki dəstənin) münasibətlərini düzəldən adam yalançı deyil”. (Yəni küsülü olan tərəfləri barışdırmaq üçün həqiqətə uyğun olmayan söz danışmaq yalançılıq sayılmaz; çünki burada ali məqsəd nəzərdə tutulur).

“Peyğəmbər buyurub: “Məndən sonra şübhə və bidət əhli ilə rastlaşsanız, onlardan narazılığınızı və bizarlığınızı aşkar bildirin, onları möhkəm danlayın, ifşa edin, dəlil-sübutlarla onların nəfəsini kəsin ki, İslamın daxilinə fitnə-fəsad salmaq tamahından əl çəksinlər. Bunun sayəsində camaat onlardan uzaqlaşar, onların bidətlərinə əhəmiyyət verməz. Allah da bu işin əvəzində sizə savab yazar və axirətdəki məqamınızı ucaldar”.

“Müsəlmana yaraşmaz ki, facir (davamlı olaraq günah edən), axmaq və yalançı adamla dostluq etsin”.

“Allah böyük günah edəndən sonra Ona sarı yönələn (yəni tövbə edən) bəndəni sevər, amma kiçik günah edib bunu əhəmiyyətsiz sayan (və tövbə etməyən) bəndəyə qəzəblənər”.

“Mömin günah edəndən iyirmi il sonra bunu xatırlayıb Allahdan bağışlanmaq diləyər və Allah onu bağışlayar. Allah bu günahı onun yadına salar ki, (tövbədən sonra) onu bağışlasın. Amma kafir günah edən kimi dərhal unudar (və Allah onu bağışlamaz)”.

“Hər kim günah etsə, ona yeddi saat möhlət verilər. Əgər bu müddət ərzində üç dəfə “Əstəğfirullah-əlləzi la illa hüvəl-həyyul-qəyyum və ətubu ileyh” desə, həmin günah onun öhdəsinə yazılmaz”. (Tərcüməsi: “Diri və hər şeyin möhtac olduğu Allahdan bağışlanmaq diləyirəm və Onun qarşısında tövbə edirəm”).

“Bir nəfər Əbuzər Ğiffariyə məktub yazıb xahiş etdi ki, ona elmdən bir töhfə versin (yəni elm öyrətsin). Əbuzər cavabında yazdı: “Elm çoxdur (və onu qısaca izah etmək mümkün deyil). Amma əgər bacarırsansa, sevdiyinə pislik etmə”. Həmin adam cavabı başa düşməyib soruşdu: “Məgər indiyə kimi sevdiyinə pislik edən adam görmüsənmi?” Əbuzər cavab verdi: “Sən özünü hamıdan çox sevirsən (yəni insan öz salamatlığını və xeyrini hər şeydən çox istəyir). Allaha itaətsizlik etsən, özünə qarşı pislik etmiş olarsan (yəni özünü cəhənnəmə məhkum edərsən)”.

“Məktuba cavab vermək də salama cavab vermək kimi vacibdir. Salamı əvvəl verən adam Allaha və Peyğəmbərə daha yaxındır (yəni savabı daha çox, dərəcəsi daha yüksəkdir)”.

İmam Sadiq (ə) bir gün hüzuru camaatla dolu ikən buyurdu: “Bilin ki, qonşusu ilə xoş rəftar etməyən adam bizdən deyil”.

“Çox zarafat etməkdən çəkinin; abır-həyanı yox edər, böyüklük və əzəməti aradan aparar”.

“Üç nəfər birlikdə olanda bunlardan ikisi astadan bir-biriylə söhbət etməsin; çünki bu hərəkət üçüncü yoldaşı kədərləndirib qəlbini qırar”.

“Camaatın iç dünyasını həddən artıq təftiş edib öyrənməyə çalışma; yoxsa dostsuz qalarsan”.

“Dostluq bəzi şərtlərə tabe olmasa, həqiqi sayılmaz. Hər kimdə bu şərtlərin hamısı və ya bir neçəsi varsa, onu dostluğa layiq bil. Kimdə bu şərtlərin heç biri olmasa, onu əsl dost sayma. Birinci şərt budur ki, dostunun zahiri və batini eyni olsun (yəni sənə qarşı riyakarlıq etməsin). Ikinci şərt budur ki, sənin bəzəyini (yaxşı cəhətlərini) öz bəzəyi saysın, sənin eyiblərini də öz eybi kimi qəbul etsin. Üçüncü şərt budur ki, vəzifə və mal-dövlət onun sənə münasibətini dəyişdirməsin. Dördüncü şərt budur ki, malik olduğunu səndən əsirgəməsin. Beşinci şərt budur ki, köməksiz halında, bəlaya düçar olduğun vaxt səni buraxıb getməsin”.

(Hədislər “Üsuli-Kafi” kitabından tərcümə edilib).


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 102 Bölmə: Maraqlı melumatlar
loading...