Bismilləhir Rahmənir Rəhim
Əziz müsəlmanlar! Bu xırda yazını hazır etməkdə məqsəd İslamın araşdırılmasında müsəlmanlar üçün Allah kəlamı olan Qurani-Kərimdən sonra ikinci böyük əhəmiyyət kəsb edən hədislərin oxunmasında diqqət tələb edən bir məsələdir. İlk öncə vurğulamaq lazımdır ki, hədislərə müriacət İslamda çox vacibdir və demək olar ki, bunsuz keçinmək mümkün deyildir. Dövrümüzdə “Quran kifayətdir, Allah kəlamıdır!”, “Hədisləri qeyd edənlər də bizim kimi adamlardır, çox səhvliklər ola bilər, odur ki, Allah kəlamı olan Quranla kifayətlənmək gərəkdir”, “Hədislər məzhəblərarası mübahisələrə səbəb olur, odur ki, Quranla kifayətlənmək yaxşıdır” kimi fikirləri də eşitməyən müsəlman demək olar ki, çox azdır. Ən azından söhbət İslamı olduğu kimi qəbul etmək istəyən və bu səbəbdən də dinini araşdıran müsəlmanlardan gedir. Yuxarıda deyilən fikirlər heç də doğru deyildir və ta İslam yaranandan bəri mübarək İslam Peyğəmbəri (s.ə.a.s.), o Həzrətin pak ailəsi, yəni ki, Əhli-Beyti (ə.) və bir çox seçilmiş səhabələrin yolunu davam etdirmək üçün mütləq hədislərə baxmaq lazımdır. Və bir nyuansı da unutmaq olmaz ki, yalnız Quranla kifayətlənməklə İslamı araşdırmaq mümkünsüz bir işdir. Əgər diqqət etsək, görərik ki, Qurani-Kərimi araşdıran, təfsir edən dünya alimlərinin bu barədə fikirləri təbii ki, müəyyən mənada fərqlidir və Allah kəlamında göstərilən ayələri dəqiq araşdırmaq və təfsir etmək üçün istənilən halda hədislərə müraciət edilməli olur. Hətta Quranın elə ayələri vardır ki, indinin özünə kimi o ayələrin açıqlamasını alimlər verə bilməmişlər. Qısası, hədislərə müraciətin vacibliyi özünü bu məsələdə qabarıq şəkildə büruzə verir. Yazının mövzusu hədislərə olan müraciət deyil, bu müraciətdə ehtiyat edilməli olan bir məsələdir ki, mətləbə keçirik.
Hədisləri öyrənən elmin adı Rical elmidir. Bu elm hədislərin yaranmasını, onların hansı ravilərlərlə (yəni kimlər vasitəsilə) deyilməsini, ravilər zəncirində kimlərin olmasını (məsələn, deyilə bilər ki, filanks filankəsdən, o filankəs də digərindən və o da qeyri birindən nəql edir ki...) araşdırır. Bu hədislər zəncirində adları çəkilən ravilərin tarixdə tanınmasından, nə qədər hədis nəql etməsindən, nəql etdiyi hədislərdə nə qədər ədalətli və düzgün, eləcə də dəqiq olmasından asılı olaraq zəif, səhih və s. növlərdə olur. Odur ki, hər müsəlman bu hədisləri oxuyanda bu kimi xırdalıqlara diqqət etməli, hər oxuduğu hədisə eyni münasibət bəsləməməlidir. Bu məsələyə diqqət etmək həm də hədisləri oxuyan müsəlman üçün daha dəqiq məlumat əldə etməyə şübhəsiz ki, böyük köməkdir.
Hədislərin deyilməsində adı çox çəkilən ravilərdən birinin adını sizlərin diqqətinə çatdırmaq və onun haqqında bəzi məlumatları sizinlə bölüşmək istəyirəm. Bu ravinin adı Əbu-Hüreyrədir (bu sözün mənası “pişiklər atası” deməkdir, pişiklərlə çox oynadığı üçün Peyğəmbər (s.ə.a.s.) ona bu ləqəbi vermişdir). Tarixdə bu şəxs Peyğəmbər (s.ə.a.s.) adından ən çox yalan deyən şəxs hesab olunur. Necə də təəssüf ki, səhih hədislər kitabları hesab edilən Səhihi Buxari, Səhihi Müslim mənbələrində bu adamın adından bir çox hədislər yer almışdır.
Əbu Hüreyrə əsil nəsəbi müəmmalı və naməlum olan şəxslərdəndir. Tarixçilər və başqa alimlər arasında onun atasının adı barədə çoxlu ixtilaflar vardır. Belə ki, cahiliyyət və sonrakı dövrlərdə onun adından heç bir əsər-əlamət yoxdur. O ki, qaldı onun Peyğəmbər (s.ə.a.s.) ilə birlikdə olmasına, Əbu Cürəyr özü “Səhihi Buxari”-də nəql olunan hədisə əsasən, deyir ki, Əbu Hüreyrə, Peyğəmbərlə (s.ə.a.s.) üç ildən artıq bir əsrdə olmamışdır (“Səhihi-Buxari”, 2-ci cild, səh. 182; həmçinin “Əl-isabə, “Ət-təbəqat”). Bununla belə, bu şəxsin Peyğəmbərdən (s.ə.a.s.) çox hədis deməsi (hətta ondan çox Peyğəmbərdən (s.ə.a.s.) hədis deyən ravi yoxdur!) bir çoxlarını düşündürmür. Nəzərinizə o şəxsin dilindən olan sadəcə 2 yalan hədis çatdırmaq istəyirəm. Link ardında isə sizə bu şəxs barədə maraqlı bir kitab linki də verəcəyəm. Bu kitabdan onun hansı yalan hədislər uydurduğunun şahidi olacaqsınız. Hədis oxumaqda maraqlı olan şəxslərin bu kitabı bəyənəcəyindən əminəm. Nə etməli ki, qısa adlandırdığım yazı bir az uzun alındı, çünki, bu həyasız insan barədə deyiləcək o qədər mətləb vardır ki... Xülasə, 2 yalan hədis qeyd etməklə kifayətlənirəm Allahın izni ilə...
Buxari və Müslüm Əbdürrəzzaqdan, o da Müəmmərdən, o da Həmran ibni Münəbbəhdən, o da Əbu Hüreyrədən və o da Peyğəmbərdən (s.ə.a.s.) nəql etdiyi hədisdə deyir: “Allah insanı, özü kimi, altmış zira uzunluğunda yaratdı.” (“Səhihi-Buxari”, 4-cü cild, səh. 57; “Səhihi-Müslüm”, 2-ci cild, səh. 481; “Kitabul-Cənnəti və Nəimuha” “Behiştə o kəslər daxil olacaq ki, qəlbləri quş qəlbi kimi olsun”-fəsli; Həmçinin Əhməd ibni Hənbəl, “Əl-Müsnəd”, 2-ci cild, səh. 315). Bu hədisə şərh verməklə vaxt itirmək istəmirəm, amma bir şeyə diqqət edək!!! Hər müsəlman ki, Allaha iman gətirmişdir, yəqin bilir ki, Allah cismə malik deyildir və O hər yerdədir. O zamana və məkana sığmır!
Daha bir hədisə baxaq: Müslüm və Buxari Əbu Hüreyrədən və o da Peyğəmbərdən (s.ə.a.s.) nəql etmişdir ki, “Bəni İsraildən olan bir kəniz günlərin biri gözlənilmədən yox oldu. Onun necə olduğu və nə etdiyi kimsəyə məlum deyildi. Amma mən onu bir siçan surətində görürəm. Onun qarşısına dəvə südü qoyulduğu zaman içər, qoyun südü içməkdən isə imtina edərdi.” (“Səhihi-Buxari”, 2-ci cild, səh. 149, Məxluqatın yaradılışı fəsli, “Səhihi-Müslüm”, 2-ci cild, səh. 536, Siçana çevrilmiş kəniz fəsli.) Müslüm və Buxari bir müsəlman kimi islamın qarşılaşdığı böyük bəlalardan biri olan xurafatın qarşısını almalı və həqiqəti öz kitablarında sonrakı nəsillərə çatdırmalı idilər. Amma təəssüflər olsun ki, belə yanlış və xurafi hədisləri digər mötəbər hədislər sırasında nəql etmiş və ələ gətirdikləri sənədlərin (hədislərin) doğru və ya yalan olduğuna diqqət yetirməmişlər.
Əziz müsəlmanlar! Gətirdiyim hədislər xəbərin ardından linki verilmiş kitabdandır. O kitabı oxumaqla neçə belə yalanların üzə çıxdığına şahid olacaqsınız. O kitabı oxumasanız belə, hədis oxuyarkən, bu ravinin adının olmasından ehtiyat edin. Allah hər birimizə kömək olsun!
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 225 Bölmə: Maraqlı melumatlar