Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QORXU NEDIR VE NECE OLUR INSAN

İnsanlar ilk dövrlərdən başlayaraq, həmişə həyatlarını təhdid edən, qorxu və iztirab yaradan bir çox amillərlə qarşılaşmışlar. Sel, zəlzələ, tufan, vulkan, ildırım, şimşək və bu kimi digər təhlükələr daimi olaraq insana qorxu və nigarançılıq gətirmişdir. Buna görə də o, özünə bu kimi təhlükə və bəlalardan nicat verə biləcək bir sığınacaq axtarmışdır. Alimlərdən bir qrupu bu fərziyyəyə əsaslanaraq belə təsəvvür etmişlər ki, ibtidai insanlar yırtıcı heyvanların təhlükəsindən qorunmaq üçün mağaralara sığındıqları kimi zəlzələ, sel və bu kimi digər təbii fəlakətlərdən xilas olmaq üçün də təbiətin fövqündə dayanan yenilməz və qüdrətli
"Haşiyələr:
Məsələn, dində deyilmir ki, Allah-Təala göydən su tökür və nəticədə yağış yağır; qeyd olunur ki, günəşin hərarəti və istiliyi nəticəsində dənizlərin və okeanların suyu buxarlanır, səmada bulud şəklinə düşür, küləklər buludları müxtəlif istiqamətlərə aparır və nəhayət bütün proseslər başa çatdıqdan sonra yağış yağır. Amma bütün bu ünsürlərə və mərhələlərə təsir qüvvəsi Allahdandır. (Tərcüməçi)"
bir qüvvə axtarmağa başlamışlar. Dinə inanan şəxslərin e`tiqadına görə təbiətin fövqündə olan bir qüvvəyə malik Allah, yaxud sair mə’budlar insanların məhz kömək və sığınacaq məqsədilə üz tutaraq sitayiş etdikləri inanc mənbələridir; mə`lum olur ki, din və Allaha e`tiqad insanın bir çox təbii hadisələr qarşısındakı acizliyi və dəhşətli hadisələrdən yaranan qorxusunun nəticəsidir.
Vil Dorant bu barədə deyir: “Romalı filosof Lukeryetus demişdir: “ - Bizim ilk qorxumuz allahlardandır; qorxunun növləri arasında ölümdən yaranan qorxu daha çox tə’sirə malikdir. İbtidai insanların həyatı hər addımda təhlükə ilə qarşılaşırdı və çox az hallarda bir şəxs təbii ölümlə dünyadan köçürdü... Məhz buna görə də ibtidai insanlar ölümün bir təbii hadisə olmasına inana bilmir, həmişə onun üçün qeyri-adi səbəblər təsəvvür edirdilər.”
Bertrand Rassel də bu barədə deyir: “ - Zənnimcə dinlərin mənşəyi hər şeydən əvvəl qorxu və vəhşət hissidir. İnsan özünü son dərəcə gücsüz hesab edir. Onun qorxusunun əsas səbəbi üç amildən ibarətdir:
1. Təbii fəlakətlər; Məsələn, insan ildırım vasitəsilə öləcəyindən, yaxud zəlzələ nəticəsində yerin altına batacağından qorxur.
2. İnsanlar arasında baş verən hadisələr; müharibədə öldürülmək, yaralanıb əlil olmaq və bu kimi digər səbəblər.
3. İnsanda olan güclü şəhvət hissi; Düzdür bu hiss insana zərər yetirir, amma ola bilsin ki, insan həyatının hansısa bir anında itirdikləri üçün peşiman olsun. Din onun bu qorxu və şəhvət hissini azaldır və bir növ müvazinət və mö`tədillik yaradır.”
Eynşteyn bu barədə deyir: “ - İbtidai insanlar ölümün, aclığın, vəhşi heyvanların, qocalığın qorxusu dinin meydana gəlməsinə zəmin yaratmışdır.”
Bu nəzəriyyəni araşdırıb təhlil edərkən bir neçə məsələni qeyd etməliyik:
1. Bu nəzəriyyədə dinə və xüsusi ilə də Allaha olan e`tiqad qorxu və vəhşət hissindən doğan bir nəticə kimi qeyd olunmuşdur. Deməli, hər yerdə qorxu olarsa, Allaha e`tiqad da olmalı və qorxu olmayan hallarda bu əqidələr mövcud olmamalıdır. Başqa sözlə desək heç bir şeydən qorxmayan şücaətli insanlar arasında Allaha inanan insan tapmaq olmaz. Halbuki heç də belə deyildir. Bu nəzəriyyəyə görə, insanın elm və mə’lumatı nə qədər çoxalsa və insanın təbii hadisələrin səbəbi haqqında mə`lumatsızlığı nə qədər az olsa - Allaha olan e`tiqad və dini meylliliyi də bir o qədər az olmalıdır. Çünki, həmin fərziyyəyə əsasən, təbii hadisələrdən yaranan qorxu hissi onların səbəbini bilməməkdən irəli gəlir. Misal üçün, insan hər hansı bir xəstəlikdən qorxa bilər, lakin onu doğuran səbəbləri və müalicə yolunu tapa bilsə, qorxusu aradan gedər. Yaxud, təbii hadisələrə qalib gəlsə, artıq bu barədə təhlükə hiss etməz. Deməli, yuxarıdakı nəzəriyyəyə əsasən, insanın qorxu yaradan amillər barədə mə’lumatı nə qədər artsa, imanı da bir o qədər azalmalıdır. Halbuki bu mətləb real gerçəkliyin əksinədir.
2. Başqa əsaslı bir irad budur ki, bu nəzəriyyəni irəli sürənlər öz tədqiqatlarının bünövrəsini ibtidai dinlər üzərində qurmuşlar. Xatırladırıq ki, əvvəla bu dinlər barəsində tam aydın bir təsəvvür və dəqiq mə`lumat mövcud deyildir; bu barədə söylənilənlərin əksəriyyəti sırf fərziyyə və güman əsasındadır. İkincisi, bu kimi dinlər əsas e`tibarilə mütərəqqi və yetkin dinlərdən hesab olunmurlar; cəhalət, mövhumat və xurafatla qarışmış inanclar silsiləsindədir. Bu sahədə tədqiqat aparan alimlər öz elmi araşdırmalarını İslam dini kimi ağıl və məntiq əsasında olan kamil bir din üzərində qursalar, alınan nəticələr tamamilə fərqli olacaqdır.
3. İkinci bənddə qeyd olunanlara diqqət yetirsək mə`lum olar ki, qorxu nəzəriyyəsini irəli sürən sosioloqlar, tarixçilər və din tədqiqatçıları onu yalnız bir nəzəriyyə olaraq qəbul etmişlər. Buna görə də hansısa bir müddəanın isbatında ondan elmi bir mətləb kimi istifadə etmək olmaz.
Samuel Kinq bu barədə deyir: “ - Dinlərin mənbə və mənşəyi müəmmalarla örtülmüşdür. Bu barədə alimlər saysız-hesabsız nəzəriyyələr irəli sürmüşlər ki, onlardan yalnız bə’ziləri ağıl və məntiqlə uyğundur; hətta ən yaxşı nəzəriyyələr belə, elmi cəhətdən isbat olunmamışdır; fərziyyə olaraq söylənən bu fikirlər məntiqi təsəvvür dairəsindən bir addım belə önə keçə bilməmişdir. Buna görə də sosioloqlar arasında dinlərin mənbəyi ilə əlaqədar kəskin fikir ayrılığı mövcuddur.”


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 356 Bölmə: Maraqlı melumatlar
loading...