Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İkinci məsələ: Kimin tarix kitabını oxumalıyıq?

Təəsüflər olsun ki, indiki zamanda çoxları müasir yazılmış tarix kitablarını oxumaqla məşğuldurlar. Müasir tarix kitabları hadisələrin gözəl qələmə verilməsi, yaxud tarixi təhrif etməklə doludur. Biz hələ müasir tarix kitablarının isnad baxımından səhih və ya zəifliyindən (etibarlı və ya etibarsızlığından) danışmırıq. Belə müasir tarix kitablarına Abbas əl-Əqqad("əl-Əbqəriyyət" adlı kitabın müəllifi.), Xalid Məhəmməd Xalid,("Ricalun Hövlər Rəsul" və "Xuləfə ər-Rəsul" adlı kitabların müəllifi.) Taha Hüseyn,("Mövqiətul Cəməl və Əliyyun və bənuhu vəl fitnətil kubra" adlı kitabın müəllifi.) xaçpərəst Corci Zeydan ("Tarix ət-Təməddun əl-İslami" adlı kitabın müəllifi.)və başqa müasir tarix yazarlarının kitablarını misal göstərmək olar. Onlar hamılıqla tarixdən danışarkən əsasən cümlələrin gözəlliyinə, hadisələrin zahiri xoşagəlmə prinsipinə dayanırlar. Onlar bu hadisələrin doğru və ya yalan olmasına elə də diqqət yetirmirlər. Onların əsas hədəfləri oxucuda xoş təəssürat yaradan bir tarix ortaya çıxartmaqdır.

Aşağıdakı tarix kitablarını oxumaqdan çəkinmək lazımdır:
1. Əbul Fərəc əl-İsfəhani, “əl-Əğani” kitabı. Bu kitab batil hekayələrlə “zəngindir”.
2. İbn Abdu Rabbihi, “əl-Əqdul Fərid”.
3. İbn Quteybəyə nisbət edilən “əl-İmamə vəs Siyasə” kitabı. Bu kitab onun adından uydurulmuşdur.
4. Əl-Məsudi “Muruc əz-Zəhəb”.
İbn Teymiyyə demişdir: “Məsudinin “Tarix”ində sayı Allaha məlum olan həddən ziyadə yalan mövcuddur. Yalan ilə dolu bir kitabda nəql olunan yarımçıq sənədli rəvayətə necə inanmaq olar?!”( “Minhacus Sünnə ən-Nəbəviyyə” 4/84.)
5. Əbdülhəmid ibn Əbi əl-Hədid əl-Mutəzilinin “Şərhu Nəhcul Bəlağə” adlı kitabı. Cərh-tədil ( Rəvayətçilərin və ya rəvayətlərin doğru və ya yalan olmasını müəyyən edən alimlər.) alimlərinə görə o, etibarsız sayılır. Əbu Hədidin kitabı hansı səbəbdən yazdığını bilən hər kəs onun kitabı və özü barədə şəkk etməyə məcbur olur. O, kitabını Bağdadda tatarların əli ilə milyonlarla müsəlmanın qətlinə səbəb olan əl-Vəzir ibn əl-Əlqami üçün yazmışdır.
Əl-Xəvansariyy bu kitab haqqında deyir: “Bu kitabı, əl-Vəzir Muəyyəddəddin Muhəmməd ibn əl-Əlqaminin kitabxanası üçün yazmıdır”. ( Əl-Xəvansariyy “Rovdat əl-Cənnət” kitabı, 5/20-21.)
Şiyə məzhəbinin bir çox alimləri bu kitabı və müəllifini məzəmmət ediblər. Mirzə Həbibullah əl-Xoi İbn Əbu əl-Hədidi belə vəsf edir: “O hədis əhlindən deyil... fikirləri fəsadlı, baxışları uğursuzdur... O, çoxlarını azdırmış, özü də doğru yoldan çıxmışdır.”
Onun kitabı haqqında isə demişdir: “Ruhsuz bədən kimidir, ...özəyi qoyub, qabıqdan tutunub, ...fadydasız kitabdır, ...”
6. Əl- Yəqubi, “Tarix” kitabı. Bu kitab mürsəl rəvayətlərdən ibarətdir. Orada heç bir tam sənədli rəvayət yoxdur. Müəllif isə ittiham olunub.
Bəs kimin tarix kitabını oxumalıyıq?
Cavab belədir ki, əgər isnadları araşdırmağı bacarırsansa, onda İmam Ət-Təbərinin "Tarix"ini oxu! O, tarixçilərin qaynaq¬lan¬dıqları bir mənbədir.
Əgər isnadları araşdırmağı bacarmırsansa, onda İbn Kəsirin "Əl-Bidayə vən Nihayə", Zəhəbinin "Tarixul İslam", Əbu Bəkr İbn əl-Ərabinin "əl-Əvasim minəl Qəvasim" adlı kita¬bı¬nı oxu!
Sonuncusu, haqqında danışdığımız dövrün (hicri 11-61-ci illərin) tarixindən bəhs edən ən gözəl kitablardan biridir.

Bu mövzudan bəhs edən faydalı tarix kitablarından aşağıdakıları qeyd etmək olar:
1. Yəhya İbrahim əl-Yəhya, “Mərviyyət Əbu Mixnəf Fi Tərix ət-Təbəri”.
2. Yəhya İbrahim əl-Yəhyanın “Fəthul Bari” əsərindən iqtibas etdiyi “əl-Xiləfətur Raşidə vəd Dovlət əl-Əməviyyə” adlı kitabı.
3. Məhəmməd Əmhəzunun “Təhqiq Movqifus Səhabə Minəl Fitən” kitabı.
4. Əkrəm Ziya əl-Ömərinin “Asrul Xilafət ər-Raşidə”.
5. Xalid əl-Ğeysin “Mərviyyət Xilafəti Muaviyə Fi Tərix ət-Tabəri”.
6. İbn Səəd “ət-Təbaqat əl-Kubra” kitabı. Bu çox əhəmiyyətli kitabdır. Çünki müəllif kitabdakı rəvayətləri sənəd ilə nəql edir.
7. “Tarix Xəlifə ibn Xəyyat”. Kitab müxtəsərdir, lakin sənədlərə çox önəm verir.
8. İbn Şəbətin “Tarixul Mədinə” kitabı. Bu kitab da rəvayətləri sənədlə qeyd edir.
9. Əbdüləziz Duxanın “Əhdas və Əhadis Fitnətul Hərəc” kitabı.
10. Prof. Camal Əbdülhadinin və Vəfa Cumənin “Əxtaun Yəcibu ən-Tusahhəh Minət Tarix” kitabı.

Tarix kitablarını oxuyarkən nədən ehtiyat etməliyik?

Tarix kitablarını oxuyarkən müəllifin fikirlərinin təsirinə düşməkdən çəkinmək lazımdır. Belə halda biz müəllifin rəyinə deyil, rəvayətin əsasına baxmalı, ümumiyyətlə oxuyarkən insaflı olmalıyıq.
Biz Peyğəmbərin (s.a.v) səhabələrinin tarixini oxuyarkən aşağıdakı iki əsasa etiqad etməliyik:
Birinci əsas: Peyğəmbərin (s.a.v) səhabələrinin peyğəmbərlərdən sonra ən xeyirli zümrə olduqlarına etiqad etməliyik. Çünki onları Allah təalə və Onun peyğəmbəri (s.a.v) tərifləmişdir. Hətta Peyğəmbər (s.a.v) bir neçə hədisdə buyurmuşdur ki, səhabələr peyğəmbərlərdən sonra ümmətin ən xeyirli insanlarıdır.
İkinci əsas: Bilmək lazımdır ki, Peyğəmbərin (s.a.v) səhabələri məsum (xətasız) deyillər.
Bəli, biz onların toplu şəkildə məsum (xətasız) olduqlarını etiqad edirik. Çünki Peyğəmbər (s.a.v) hədisdə buyurmuşdur: "Ümmətim zəlalətdə ittifaq etməzlər".
(Rəvayəti Əhməd "Müsnəd" kitabında (6/396, ? 26682) Əbu Bəsrə əl-Ğifaridən rəvayət etmişdir. İbn Macə Ənəs ibn Malikin hədisindən rəvayət etmişdir: Kitab əl-Fitən, Bab əs-Səvad əl-Əzam, 2/367, ? 3997. İbn Əbu Asim "Sünnə" kitabı, Bab mə zukirə min əmrin Nəbiyy (ona və ailəsinə Allahın salavatı və salamı olsun) biluzumil cəmaə, səh 39, ? 80.)

Onlar zəlalətdə ittifaq etməməkdə məsumdurlar. Yəni onlar toplu olaraq heç vaxt zəlalətə razı olmazlar. Amma fərdi şəkildə isə onlar məsum (xətasız) deyillər. Məsum olanlar Allahın peyğəmbərləri və mələkləridir. Bizim etiqada görə bunlardan başqa heç kəs məsum deyildir.
Deməli biz, səhabələrin ən xeyirli insan olmalarını və eyni zamanda məsum olmadıqlarına etiqad etməliyik.
Əgər səhabələrə tənə edən bir rəvayət eşitsən, sən onu araşdırmadan, doğruluğunu öyrənmədən dərhal rədd, yaxud qəbul etmə! Əgər sən o rəvayətin isnadına baxdıqdan sonra onun doğru olduğunu görsən, bil ki, bu onların məsum (xətasız) olmadıqları prinsipinə (II əsas) aiddir. Onlar da adi insanlar kimi səhv edirlər. Əgər həmin rəvayətin isnadı zəif olsa, onda sən səhabələrə olan etiqad üzərində, yəni onların peyğəmbərlərdən sonra ən xeyirli insanlar olması əsası (I əsas) üzərində dayan!
Allah təalənin Peyğəmbərin (s.a.v) səhabələrini təriflədiyinə gəlincə, Allah təalə buyurur: "Muhəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (səhabələr) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!" (əl-Fəth: 29)
Bu ayədə Allah təalə Peyğəmbərin (s.a.v) cəmi səhabələrini tərifləmişdir. Demək, onlar əslində tərifə layiqdirlər. Peyğəmbər r buyurmuşdur: "Mənim səhabələrimi söyməyin! Əgər sizlərdən biriniz Uhud dağı qədər qızıl sədəqə versə, bu onların (səhabələrin) sədəqə verdikləri bir ovuc və ya onun yarısına bərabər olmaz"
( Buxari: Kitab Fədailus Səhabə, Bab Ləv kuntu muttəxizən xəlilən, ? 3673, Müslim: Fədailus Səhabə ? 2540.)
Bu isə Peyğəmbərin r səhabələrinə bir tərifidir. Allah bütün səhabələrdən razı olsun...Amin!
Bu haqda kitabın "Səhabələrin ədaləti" adlı fəslində geniş danışılacaqdır.
Əbu Abdullah əl-Qəhtani özünün "Nuniyyə" adlı şeir əsərində belə bir söz deyir:

Tarixdə rəvayətçilər tərəfindən toplanan
və yazılan hər şeyi qəbul etmə!
Səhih hədisi öz əhlindən rəvayət et
Xüsusən müdrik və təcrübəlilərdən
Buna İbn əl-Museyyib, əl-Əla, Malik
əl-Leys, əz-Zuhri yaxud Sufyan nümunədir.

Yəni, əgər doğru tarixi bilmək istəyirsənsə, onu rəvayət edənlər şeirdə adlarını çəkdiklərim və onlar kimi etibarlı rəvayətçilərdir. Bir çoxlarının səhabələrin tarixini nəzərdə tutaraq "bizim tariximiz qaranlıq və anlaşılmazdır" – demələrinə aldanma! Əksinə, müsəlmanların tarixi alnıaçıq, parlaq və şərəfli bir tarixdir. İnsan bu tarixi oxuduqca ondan həzz alır.
Kim tarix haqda daha geniş məlumat almaq istəyirsə, tarix kitablarına müraciət etsin! Buna misal olaraq Təbərinin "Tarix ət-Təbəri" adı ilə məşhur olan "Millətlər və hökmdarlar tarixi", İbn Kəsirin "əl-Bidəyə vən Nihayə", Zəhəbinin "Tarixul İslam" və s. mötəbər kitabları göstərmək olar.
Təbərinin "Tarix" kitabı İslam tarixində ən mühüm kitab hesab olunur. O qədər insanlar var ki, Təbərinin "Tarix" kitabından sitatlar gətirir. Əhli sünnə ilə yanaşı, digər məzhəb nümayəndələri də bu məxəzə (elmi mənbəyə) müraciət edirlər.
Görəsən, nə üçün Təbərinin "Tarix"i digərlərindən daha üstün sayılır?
Təbərinin "Tarix"inin daha üstün olmasının bir neçə səbəbi vardır:
1. Təbəri (Allah ona rəhmət etsin!) həmin hadisələrə daha yaxın zamanda yaşamışdır;
2. Təbəri rəvayətləri isnadla rəvayət edir;
3. Təbərinin zəkası və elmi nailiyyətləri yüksəkdir;
4. Tarix kitablarının əksəriyyəti məlumatları ondan götürür.
Demək biz, tarixi öyrənmək istədikdə birbaşa Təbərinin tarixindən götürməliyik. Amma dediyimiz kimi hər kəs, hətta haqq yolunu azmışlar da Təbərinin tarixindən sitat gətirirlər. Bəs biz bunu necə səhmana sala bilərik?
Dediyimiz kimi Təbəri tarix kitabında yalnız isnadla rəvayət edir. Əhli Sünnə Təbərinin "Tarix"indən yalnız səhih isnadlı rəvayətləri qəbul edir. Haqq yoldan uzaqlaşanlar isə ağına-bozuna baxmadan hər nə olsa, ondan nəql edirlər. Onların əsası odur ki, rəvayət onların istəklərinə uyğun olsun. Belə olan təqdirdə biz İmam Təbərinin "Tarix" kitabının üslubu, metodu ilə tanış olmalıyıq.


İmam Təbərinin Tarix kitabının metodu.

Bu məsələdə İmam Təbəri kitabının əvvəlində yazdığı ön sözlə işimizi yüngülləşdirmişdir. Onun bu kitabını oxuyanlar yaxşı olar ki, həmin ön sözü nəzərdən qaçırmasınlar. Ümumiyyətlə, hər hansı bir kitabı oxuyarkən onun müəllifinin metodunu anlamaq üçün "ön söz" bölümünü də oxumaq lazımdır.
İmam Təbəri (Allah ona rəhmət etsin!) kitabının ön sözündə buyurur:
"Bizim bu kitabımızı oxuyan adam bilməlidir ki, mənim bu kitabda topladığım məlumatlar mənim eşitdiyim və rəvayətlərdə tapdığım məlumatlardır. Bu kitabımda olan hansısa xoşagəlməz və ya qeyri-məqbul rəvayəti kimsə isnad baxımından etibarsız saydığı və ya həqiqətə uyğun olmadığı üçün qəbul etməyə bilər. Belə halda bilmək lazımdır ki, bunu biz özümüzdən yazmamışıq, bu sadəcə olaraq rəvayətçilərin bizə çatdırdığı məlumatlardır. Biz sadəcə olaraq bizə çatanı olduğu şəkildə çatdırmışıq".( Təbərinin "Tarix" kitabının ön sözü: səh 5.)
Mənə elə gəlir ki, İmam Təbəri kitabına yazdığı bu ön sözü ilə tarixi oxucunun öhdəsinə buraxmışdır. Sanki o, oxucuya deyir: "Əgər sən bu kitabımda hər hansı bir xoşagəlməz və ya qeyri-məqbul məlumata rastlasan, onda bax gör biz onu kimdən rəvayət etmişik. Bu artıq mənim (Təbərinin) deyil, o rəvayətçinin məsuliyyətidir. Mənim boynuma düşən sadəcə olaraq məlumatı eşitdiyim rəvayətçinin adını çəkməkdir. Bax əgər o rəvayətçi etibarlıdırsa, onun məlumatını qəbul et, yox əgər etibarsızdırsa onda həmin məlumatları qəbul etmə!"
Bu qaydaya əksər hədis alimləri riayət etmişdir. Əgər Buxari və Muslimdən başqa hədis kitablarına, məsələn, Tirmizinin, Əbu Davudun, Daraqutninin, Dariminin, Əhmədin və ya başqalarının kitablarına baxsan, görərsən ki, onlar səhih hədisi də isnadla rəvayət edirlər. Onlar Buxari və Muslim kimi yalnız səhih hədisləri rəvayət edəcəklərinə dair söz vermədikləri üçün yalnız hədisi isnadla rəvayət etməklə kifayətlənirlər. Qalanı isə sənin öz boynuna düşür. Yəni oxucu özü hədisi araşdırır və onun məqbul yaxud qeyri-məqbul olmasını təyin edir. Təbəri də öz tarixində yalnız doğru məlumatları yazmağa söz verməmiş, o sadəcə olaraq rəvayəti eşitdiyi adamın adını yazmağa söz vermişdir. Belə olan halda İmam Təbəriyə (Allah ona rəhmət etsin!) heç kəs irad tuta bilməz.

Təbəri öz tarixində Əbu Mixnəf ləqəbli Lut ibn Yəhya adlı rəvayətçidən çoxlu rəvayətlər nəql etmişdir.
Təbəri bu rəvayətçidən beş yüz səksən yeddi (587) rəvayət nəql etmişdir. Həmin rəvayətlər Peyğəmbərin (s.a.v) vəfatından başlayıb Yezidin xilafətində bitir. Biz də bu kitabda həmin tarixi zamandan danışacayıq.
Mövzuda aşağıdakı məsələlər müzakirə olunacaq:
1. Səqifə ibn Saidə;
2. Şura məsələsi;
3. Xəvariclərin Osmana t qarşı üsyanlarına səbəb;
4. Onun qətli;
5. Əlinin xilafəti;
6. Cəməl (Dəvə deməkdir. Aişənin (Allah ondan razı olsun ) dəvəsinə görə döyüşə bu ad verilmişdir.) döyüşü;
7. Siffin döyüşü; (Siffin Şamda yer adıdır.
8. Təhkim (münsiflərin) hadisəsi;
9. Nəhrəvan döyüşü;
10. Müaviyənin xilafəti;
11. Hüseynin qətli.
Bütün bu hadisələrdə Əbu Mixnəfin rəvayətləri mövcuddur. Haqq yoldan uzaqlaşanlar da bu rəvayətlərə əsaslanırlar.
Əbu Mixnəfə gəlincə, İbn Məin adlı alim onun etibarsız rəvayətçi olduğunu söyləmişdir.
Əbu Hatim isə demişdir: "Onun rəvayətləri tərk edilmişdir!". Bir dəfə ondan Əbu Mixnəf haqda soruşduqda əlini yelləyərək belə demişdir: "Bu haqda kimsə nəsə soruşur?!"
Daraqutnu onun "zəif" (etibarsız) olduğunu söyləmişdir.
Zəhəbi demişdir: "O tələf olmuş xəbərçidir, ona inanmaq olmaz!". (Mizanul İtidal: 3/419. əl-Cərhu vət Tədil: 7/182. Lisanul Mizan: 4/492.)
Sən də Təbərinin "Tarix" kitabını açıb orada səhabələr haqda məzəmmət olunan rəvayət tapsan və həmin rəvayəti Təbərinin Əbu Mixnəfdən nəql etdiyini görsən, onu bir kənara at!
Sual olunur: Nə üçün?!
Çünki bunlar Əbu Mixnəfin rəvayətlərindəndir.
Həmin bu Əbu Mixnəf bidət, yalan və çox mənfi xüsusiyyətləri özündə cəm etmişdir. O, bidətçi, yalançı və rəvayət uydurandır. Bu məsələdə təkcə Əbu Mixnəfin adı çəkilmir, sadəcə o, adı çəkilənlərin ən məşhurudur. Bu dövrün hadisələrini işıqlandırmağa çalışan digər yalançı rəvayətçilər də olmuşdur. Məsələn, Əl-Vaqidi(Məhəmməd ibn Ömər ibn Vaqid: Onun həyatı haqqında Təhzibut Təhzib adlı kitaba, 9/363-ə bax. Mizanul İtidal: 3/662.) həmin rəvayətçilərdən biridir. O, yalançılıqda ittiham olunmuş və bu səbəbdən də onun rəvayətləri tərk edilmişdir. Onun böyük tarixçi alim olmasına heç şübhə yoxdur, ancaq rəvayət etmə baxımından o, etibarsız sayılır. Üçüncü rəvayətçi isə Seyf İbn Ömər ət-Təmimidir. (Onun həyatı haqqında Təhzibut Təhzib adlı kitaba, 4, 295, Mizanul İtidal: 2/255-ə bax. )
O da tanınmış tarixçidir, amma buna baxmayaraq o da yalançılıqda ittiham olunduğuna görə rəvayətləri tərk edilmişdir. Həmçinin Kəlbi (Məhəmməd ibn əs-Saib əl-Kəlbi: Mizanul İtidal: 3/556.)adlı rəvayətçini qeyd etmək olar. O, məşhur yalançıdır. Ona görə də bunların və bunlara oxşar rəvayətçilərin rəvayətlərini dəqiqləşdirmək lazımdır.

--------------
Tarixi Hadisələrin Təhlili Kitabı
Şəriət Elmləri Doktoru
Osman Xəmis
Tərcümə etdi
Abdurrəhim Muradlı

Tarixi Hadisələrin Təhlili Kitabı, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin DK -235/B saylı məktubu əsasında nəşr edilmişdir.


Tarix: 04.05.2013 / 12:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 325 Bölmə: Maraqlı melumatlar
loading...