İmam Əli ibn Hüseyn - İmam Səccad (ə), üçüncü İmam Hüseyn ibn Əlinin (ə) oğludur. Həzrətin anası Şəhrəbanu1 xanım idi. İmam Əli ibn Hüseynin (ə) ən məşhur ləqəbi Zeynül-abidin və Səccaddır. İmam Səccad (ə) hicrətin otuz səkkizinci ilində2 dünyaya gəlmişdir. Uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. Təxminən iki il babası Həzrət Əlinin (ə) xilafət illərini görmüş, ondan sonra isə on il əmisi Həzrət Həsənin (ə) imamət dövründə daşamışdır. İmam Həsən (ə) bu on ilin yalnız altı ayını zahiri xilafət başında durmuşdur. Hicrətin əllinci ili imam Həsənin (ə) şəhadətindən sonra lənətlik Müaviyənin hakimiyyətinin möhkəmləndiyi bir dövrdə onunla mübarizə aparan İmam Hüseyn (ə) ilə on il çiyin-çiyinə durmuşdur. Hicrətin altımış birinci ilinin Məhərrəm ayında inqilab və atasının şəhadəti zamanı Kərbəlada olmuşdur. Kərbəla faciəsindən sonra digər Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o, müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O, bu səfər zamanı öz mətin çıxışları ilə lənətlik Yezid istibdadının əsaslarını sarsıtmışdır. Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamağa başladı. Nəhayət hicrətin doxsan dörd, ya da doxsan beşinci ili xilafəti qəsb etmiş Vəlid ibn Əbdülməlikin əmrilə zəhərləndirilərək, şəhadətə qovuşmuşdur. Bəqi qəbiristanlığında əmisi İmam Həsənin (ə) məzarının kənarında dəfn olunmuşdur.
İmam Səccad (ə) ilə müasir olmuş xəlifələr
İmam Səccad (ə) öz imamət dövründə aşağıdakı xəlifələrlə müasir olmuşdur:
1-lənətlik Yezid ibn Müaviyə (61-64 hicri qəməri) 3
2-Abdullah ibn Zübeyr (61-73 h.q) 4
3-Müaviyə ibn Yezid (altımış dördüncü ilin bir neçə ayı)
4-Mərvan ibn Həkəm (altımış beşinci ilin doqquz ayı)
5-Əbdülməlik ibn Mərvan (65-86 h.q)
6-Vəlid ibn Əbdülməlik (86-96 h.q)
İMAM SƏCCADIN KƏRBƏLADA XƏSTƏLİYİ - İLAHİ BİR MƏSLƏHƏT İDİ
Təəssüflə qeyd etməliyik ki, xəbərsiz camaatın əksəriyyəti dördüncü imamı həmişə xəstə kimi yad edir və bununla da camaatın fikrində o Həzrət çox zəif, əldən düşmüş bir şəxs kimi canlanır. Halbuki əslində heç də belə olmamışdır. Çünki dördüncü imam ancaq Kərbəlada, özü də çox qısa müddətdə xəstə olmuşdur. Kərbəla hadisəsindən sonra isə sağalmış və təxminən otuz beş il sağlam durumda fəaliyyət göstərmişdir. Şübhəsiz ki, o Həzrətin Kərbəla hadisəsindəki müvəqqəti xəstəliyi Allahın bir məsləhəti olmuşdur. Belə ki, İmam (ə) bu vasitə ilə cihad vəzifəsindən azad olmuş, (5) müqəddəs vücudu Yezidin mənfur nökərləri tərəfindən qətlə yetirilmək təhlükəsindən amanda qalaraq, imamət xətti davam etmişdir. Əgər İmam Səccad (ə) Allahın məsləhəti ilə Kərbəla vaqeəsi zamanı xəstələnib çox zəifləmiş duruma düşməsəydi, cihadda iştirak edəcəkdi. Bu təqdirdə də atasının başqa oğul və dostları kimi şəhid olar və beləliklə də imamət nuru birdəfəlik sönmüş olardı. Səbt ibn əl-Cuzi yazır: “Əli ibn Hüseyn(ə) (imam Səccad) xəstə olduğu üçün öldürülmədi.”6
Məhəmməd ibn Səd yazır: “Əli ibn Hüseynin (ə) o gün (Aşura günü) atası ilə olan zaman iyirmi üç, ya iyirmi dörd yaşı var idi. Onun o vaxt azyaşlı uşaq olduğunu söyləyənlər tamamilə əsassızdırlar. O, həmən gün xəstə olmuş, buna görə də döyüşdə iştirak edə bilməmişdir.”7 Məhəmməd ibn Səd həmçinin qeyd edir ki, lənətlik Şimr İmam Hüseyni (ə) qətlə yetirdikdən sonra imam Səccadın (ə) üstünə gəldi. O, xəstələnib yataqda yatmış idi. Şimr dedi: “Bunu öldürün.” Onun yanındakılardan biri dedi: “Subhanəllah! Xəstə olan və heç döyüşdə də iştirak etməyən bir gənci öldürək?” Bu zaman Ömər ibn Səd gəlib dedi: “Bu xəstədir, onunla işiniz olmasın.”8
Şeyx Müfid Yezidin ordusunda iştirak etmiş Həmid ibn Müslimin dilindən rəvayət edib deyir: “(Aşura günü) Əli ibn Hüseynin çadırına yetişdik. O, bərk xəstə idi və yataqda yatmışdı. Şimr bir neçə nəfərlə onun yanına gəldi. Yanındakılar Şimrə dedilər: “Bu xəstəni öldürmürsən?” Mən dedim: “Subhanəllah! Uşaqları da öldürürsünüz? Bu ki, bir gəncdir, özü də xəstəlik onu əldən salıb.” O qədər bu cür sözlərdən dedim ki, axır onları onu öldürmək fikrindən yayındırdım. Bu vaxt Ömər ibn Səd gəldi. Qadınlar onun üstünə qışqırdılar. O, öz adamlarına dedi: “Heç biriniz bu qadınların evlərinə (çadırlarına) girməyin və bu cavanla işiniz olmasın.”9
Qeyd olunduğu kimi dördüncü imamın sağ qalmasına səbəb olan xəstəlik İlahi bir məsləhət olmuşdur. Təbii ki, Həzrətin düşmən qarşısında heç bir ruhiyyə zəifliyi və gücsüzlüyündən söhbət belə gedə bilməz.
İmam Səccad (ə) o çətin və acınacaqlı əsirlik müddətində əsirlərin ümid və pənah yeri olmaqla yanaşı, həm də düşmənə qarşı şücaət və vüqarla hərəkət edirdi. İmamın (ə) Kufə və Şam şəhərlərindəki mətin və kəskin çıxışları bu məsələni bir daha təsdiq edir. Belə ki, əsirləri Kufəyə gətirdikdən sonra lənətlik Übeydullah ibn Ziyadın məclisində onunla imam Səccad (ə) arasında gedən kəskin söz-söhbətdən Übeydullah ibn Ziyad bərk qəzəblənib İmamın qətlinə əmr verərkən imam Səccad (ə) ona buyurdu: “Məni öldürməklə hədələyirsən? Bilmirsən ki, ölmək bizim üçün adi bir iş, şəhadət bizim üçün şərəf və fəzilətdir?”10
KƏRBƏLA İNQİLABININ CARÇISI
Qeyd etdiyimiz kimi İmam Səccad (ə) Kərbəla faciəsində iştirak etmiş, atasının şəhadətindən sonra Əhli-beyt əsirlərinin başında olmaqla inqilabın və İmam Hüseynin (ə) qanlı şəhadətinin carçısı olmuş, öz söhbət və çıxışları ilə lənətlik Əməvi hakimiyyətinin çirkin üzünü tanıtdırmaq və ümmətin fikrini oyatmaqla məşğul olmuşdur.
Əməvi istibdadının Müaviyyənin dövründən etibarən Peyğəmbər (s) ailəsinin əleyhinə uzun-uzadı təbliğatlarını (xüsusən Şamda) nəzərə almaqla şübhəsiz ki, əgər Əhli-beyt əsirləri Əməvi hakimiyyətinin iç üzünü açaraq camaatın fikrini oyatmasaydılar, İslam düşmənləri və hökumət nümayəndələri İmam Hüseynin (ə) böyük və həmişəyaşar inqilabını tarix səhifəsindən pozar və onun simasını dəyişdirərdilər. Ancaq İmam Səccadın (ə) və eləcə də digər əsirlərin əsir olduqları müddətdə apardıqları təbliğat İmam Hüseynin (ə), Peyğəmbər (s) və Əhli-beytin (ə) düşmənlərinə bu fürsəti vermədi və Yezidi hər yerdə rüsvay etdi.
DİKTATURA MÜHİTİ
İslam Peyğəmbərinin (s) vəfatından sonra İmamət silsiləsinin dörd dövrə bölünməsinə əsasən, İmam Səccadın(ə) həyatı dördüncü dövrə təsadüf edir. Yəni, silahlı mübarizə yolu ilə qələbənin mümkünsüzlüyünü nəzərə almaqla, Peyğəmbər ailəsinin vasitəsilə misilsiz fəaliyyətlər - İslamı yaşatmaq üçün mədəniyyət və münasib insani qüvvələr tərbiyə etmək yolu ilə zəmin yaratmaq, əsl İslami fikirləri bəyan etmək, mövhumat və bidətləri üzə çıxarmaq, hər an ölüm təhlükəsi ilə üz-üzə gələrək haqqı bəyan etməkdən ibarət fədakar bir fəaliyyətdən söhbət gedir
Bu məsələ haqqında qısa məlumat verək.
Faciəli Aşura hadisəsi (tez bir zamanda) müsəlman ümmətinə ağır zərbə vurdu. Bu hadisənin xəbərinin yayılması ilə İslam dövlətinin hər tərəfində, xüsusən İraq və Hicazda həqiqi müsəlman çevrələrində ümumi bir xof ab-havası hökm sürürdü. Çünki məlum oldu ki, (İslam aləmində hamı tərəfindən əzəmətlə, etibarla və müqəddəs bir şəxs kimi tanınan) Peyğəmbər balasını öldürüb Əhli-beyt qız-gəlinini və arvad-uşaqlarını əsir almaqla öz hakimiyyətini qoruyub saxlayan lənətlik Yezid, hakimiyyət dayaqlarını möhkəmlətmək üçün heç bir cinayətdən çəkinməz. Kufə və Mədinədə artıq öz əsərlərini büruzə verən qorxu və vəhşət (hicrətin altımış üçüncü ilində Zil-həccə ayında baş vermiş) “Hirrə faciəsi” və Mədinə camaatının Yezidin ordusu tərəfindən amansızcasına qırılması ilə daha da şiddətləndi, Peyğəmbər ailəsinin nüfuz etdiyi yerlərdə, xüsusilə Hicazda Mədinəyə, İraqda isə Kufəyə möhkəm repressiya dalğası hakim kəsildi. Bəni-Üməyyənin düşmənləri olan İmamların dostları zəifləyib süstləşdilər, öz təşəkküllərini itirdilər. İmam Səccad (ə) bu acınacaqlı vəziyyətə işarə edərək buyurur: “Bütün Məkkə və Mədinədə bizi sevən iyirmi nəfər yoxdur”11 Görkəmli tarixçi Məsudi yazır: “Əli ibn Hüseyn (ə) (İmam Səccad) imaməti gizli və təqiyyə şəklində və çox çətin bir vaxtda öhdəsinə götürmüşdü.”12 İmam Sadiq (ə) bu dəhşətli və acınacaqlı vəziyyəti təsvir edərək buyurur: “Camaatın üç nəfər istisna olmaqla: Əbu Xalid Kabili, Yəhya ibn Ummut-təvil və Cübeyr ibn Mutim, hamısı Hüseyn ibn Əlidən (ə) sonra (onun şəhadətindən sonra) döndü (Peyğəmbər ailəsinin ətrafından uzaqlaşdılar)”(13) Sonra bir neçə nəfər onlara qoşuldu və sayları artdı. Yəhya ibn Ummut-təvil Mədinədə Peyğəmbər məscidinə gedib camaata xitab edərək deyərdi: “Biz sizinlə (yolunuzla) müxalifik, bizimlə sizin aranızda aşkar və əbədi düşmənçilik və kin-küdurət var...”14
Deyilməsə də məlumdur ki, o cür şəraitdə belə bir açıq-aşkar mövqedə durmaq yalnız acınacaqlı nəticələrə sinə gərən Yəhya ibn Ummut-təvil kimi şəxslərdən mümkündür. Məhz buna görə də lənətlik Həccac ibn Yusif, Həzrət Əlinin(ə)-ın dostu olmasına görə Yəhyanın əl-ayağını kəsdirmiş, sonra da onu şəhadətə yetirmişdir.15
Onuncu əsrin ortalarının görkəmli və qabaqcıl hədisçi alimlərindən, həm də İmam Cavad (ə), İmam Hadi (ə) və İmam Həsən Əskərinin (ə) şagirdlərindən olan Fəzl ibn Şazan deyir: “İmam Səccadın (ə) imamət dövrünün əvvəllərində yalnız beş nəfər ona itaət edirdi: Səid ibn Cübeyr, Səid ibn Müsəyyib, Məhəmməd ibn Cübeyr ibn Mutim, Yəhya ibn Ummut-təvil və Əbu Xalid Kabili.”(16)
ƏBDÜLMƏLİKİN ÇİRKİN HAKİMİYYƏTİ
İmam Səccadın (ə) imamət dövrü İslam tarixində hakimiyyət dövrlərinin ən çirkinlərindən biri olan bir dövrlə həmzaman olmuşdur. Düzdür, o Həzrətdən qabaq da İslam dövləti zalım və azğın hakimlərin oyuncağına çevrilmişdi, ancaq dördüncü İmamın (ə) dövrü ötən dövrlərlə bununla fərqlənirdi ki, o dövrün hakimləri İslam qayda-qanunlarından açıq-aşkar boyun qaçırır, onları ayaq altına alır və heç kim də bir zərrə olsun belə etiraz edə bilmirdi.
İmam Səccadın (ə) imamət dövrünün ən çoxu Əbdülməlik ibn Mərvanın hakimiyyəti dövrünə təsadüf edirdi. Əbdülməlik iyirmi bir il hakimiyyətdə olmuşdur. Tarixçilər Əbdülməliki zirək, ehtiyatlı, qabaqgörən, ədib (ədəbiyyatla məşğul olan), istedadlı şəxs kimi qələmə vermişlər.17 «Əl-Fəxri» kitabının müəllifi deyir: “Əbdülməlik ağıllı, düşüncəli, alim, fəzilətli, ədib, istedadlı, çox zülmkar, çox heybətli, dahi siyasətçi və tədbirli bir şəxs olmuşdur.”18
Əbdülməlik hakimiyyət başına gəlməzdən qabaq Mədinə şəhərinin fəqihlərindən (şəriət elminin alimlərindən) biri sayılırdı.19 O, zahidlik, ibadət və dindarlıqla məşhur olmağa çalışırdı. Öz vaxtını məsciddə keçirməyə səy edirdi. Belə ki, bu münafiq camaatın gözündən elə pərdə asmışdı ki, ona “məscidin göyərçini” ləqəbini vermişdilər.20 Deyirlər ki, Əbdülməlik atası Mərvan öldükdən sonra hakimiyyətə yetişərkən Quran oxuyurdu. Bu xəbəri eşitcək Quranı bağlayıb, (Qurana xitabən) dedi: “Daha mənimlə sənin aranda ayrılıq düşdü. Artıq mənim səninlə işim yoxdur.”21 Əbdülməlik doğurdan da Qurandan ayrıldı. Qüdrətə qürrələnməsi nəticəsində öz şəxsiyyətini elə dəyişdirdi ki, tarixçilər onun çirkin hökumətini acı xatirələr tək yad edirlər.
Süyuti və ibn Əsir yazırlar: “İslam tarixində Əbdülməlik əhdini danan və xəyanət edən (Əmr ibn Səid ibn Ası aman verdikdən sonra öldürdü), camaatı xəlifənin hüzurunda söz deməkdən məhrum edən və əmr be-mərufun qarşısını alan ilk şəxs olmuşdur».22
Əbdülməlik Məkkədə Abdullah ibn Zübeyri məğlub etdikdən iki il sonra (hicrətin yetmiş beşinci ilində) həcc səfəri zamanı Mədinəyə gəlmiş və camaata xitab edərək demişdi: “Mən nə rüsvay olmuş (Osman), nə də səhlənkar xəlifə (Yezid) deyiləm. Mən bu camaatla qılıncdan başqa heç bir şeylə rəftar etmərəm. Siz bizdən Allah adamlarının, təqvalı şəxslərin işini istədiyiniz halda özünüz heç də onlar kimi rəftar etmirsiniz (bizi təqvalı olmağa çağırırsınız, ancaq özünüz ona əməl etmirsiniz). And olsun Allaha bundan belə kim məni təqvalı olmağa çağırsa, boynunu vuracağam.”23
Sonuncu cümləni deməsinin səbəbi o idi ki, vaiz və imam cümələr (cümə namazını qılan şəxslər) öz söhbətlərini “təqvalı olun” ifadəsi ilə başlayırdılar.24
Özünü Peyğəmbərin canişi elan edib Peyğəmbər şəhərində, özü də Peyğəmbərin (s) müqəddəs məzarı kənarında bu cür sözlər deməklə onun sünnəsinə hücum edən xəlifənin ucqar şəhərlərdəki valiləri gör nə oyunlardan çıxırdılar?
Əbdülməlik özünün uzunmüddətli hakimiyyəti dövründə o qədər zülm və haqsızlıq etdi ki, onun qəlbində iman nuru tamamilə söndü. O, bir gün özü bu məsələyə toxunaraq Səid ibn Müsəyyibə dedi: “Elə olmuşam ki, yaxşı iş görəndə sevinmirəm, pis iş görəndə də narahat olmuram.” Səid ibn Müsəyyib dedi: “Sənin qəlbin tamamilə ölmüşdür.”25
Əbdülməlik çox vaxt Ummud-dərda adlı bir qadınla söhbət edərdi. Bir gün Ummud-dərda ona dedi: “Ey möminlərin əmiri! Eşitmişəm ibadət və razi-niyazdan sonra şərab içmisən?” Əbdülməlik cavab verdi: “Təkcə şərab yox, hətta camaatın qanını da içmişəm.26
Bir günlər Yezidin (Abdullah ibn Zübeyri təslim etmək üçün) Məkkəyə ordu göndərməsinə nifrət edən və bu işdən Allaha pənah aparan Əbdülməlik hakimiyyət başına gəldikdən sonra nəinki təkcə özü bu işi davam etdirdi, hətta Həccac kimi qaniçən bir şəxsi bu işi yerinə yetirmək üçün təyin etdi və o da Məscidül-həram və Kəbəni (Abdullah ibn Zübeyr qaçıb orada gizlənmişdi) mancanaq ilə daşa basdı.27
Mehdi Pişvayi, «Məsum imamların həyatı»
Tərcümə edən: Mais Ağaverdiyev
1 Üsuli-kafi c.1, səh.467; Əl-İrşad səh.253
2 Əl-İrşad səh.253; Dəlailül-imamət səh.80
3 Mötərizənin içərisində olan rəqəmlər xilafəti qəsb etmiş zalımların hakimiyyətdə olduğu illəri göstərir.
4 Abdullah ibn Zübeyr Yezidə beyət etməyən şəxslərdən idi. Buna görə də Müaviyənin ölümündən sonra İmam Hüseynin (ə) Məkkəyə doğru hərəkətindən bir az qabaq bu şəhərə qaçıb öz siyasi fəaliyyətləri ilə məşğul oldu. İmam Hüseynin (ə) şəhadətindən sonra özünü xəlifə elan etdi. Yezid ömrünün axırına qədər onu məğlub edə bilmədi. O, 73-cü ilə qədər hökumət bayrağını Məkkədə əlində saxladı. Nəhayət Əbdülməlikin qüvvələri tərəfindən (73-cü hicri ilində) qətlə yetirildi. Bundan sonra hakimiyyət Mərvanlıların əlinə düşdü, Şam şəhəri yenidən mərkəz oldu.
5 Təzkirətül-xəvvas səh.324
6 Təzkirətül-xəvvas səh.324
7 Ət-Təbəqatül-kubra c.5, səh.221
8 Ət-Təbəqatül-kubra c.5, səh.212
9 Əl-İrşad səh.242
10 Əl-İrşad səh.242
11 Biharül-ənvar c.46,səh.143
12 İsbatül-vəsiyyə səh.167
13 Qamusür-rical c.9,səh.399
14 Əl-İxtisas səh.64
15 İxtiyaru mərifətir-rical səh.123
16 İxtiyaru mərifətir-rical səh.115
17 Əl-Kamilu fit-tarix c.4,səh.520
18 İbn Təqtəqa, Əl-Fəxri səh.122-124
19 İbn Təqtəqa, Əl-Fəxri səh.122
20 Təcaribüs-sələf səh.76
21 Tarixül-xüləfa c.4,səh.100
22 Tarixül xüləfa səh.218, Əl-Kamilu fit-tarix c.4,səh252
23 Tarixül-xüləfa səh.218
24 İmam Səccad(ə)-ın həyatı səh.98
25 Əl-Fəxri səh.122 İbn Əsir, Əl-Kamilu fit-tarix c.4, səh521
26 Tarixül-xüləfa səh.216
27 Tarixül-xüləfa səh.216
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 358 Bölmə: Maraqlı melumatlar