İnanan bir insan üçün imandan sonra ən gözəl sifət, doğruluqdur. Doğruluq (sidq) peyğəmbərlərdə mütləq olmalı xüsusiyyətlərdən biridir.
Doğruluq əxlaqın təməli və bütün fəzilətlərin ən üstünüdür. Doğruluq nə qədər fəzilətlidirsə, bunun əksi olan yalançılıq bir o qədər pis xüsusiyyətdir. Buna görə də, dinimiz yalan danışmağı qadağan etmişdir. Yalan danışanların halının çətin olacağını Allah sübhənəhu təala belə bildirir: “Yalana dadanmış, günaha düşkün hər kəsin vay halına!”(Quran: Əl-Casiyə, 7).
Yalan, insan üçün ən pis sifət olan münafiqliyin əlamətidir. Cəhənnəmdə ən şiddətli əzaba münafiqlər məruz qalacaqlar. Münafiqlərin əlamətlərini peyğəmbər belə müəyyən etmişdir: ”Əbu Hureyrə (Allah ondan razı olsun!) peyğəmbərin belə buyurduğunu rəvayət edir: ”Münafiqin əlaməti 3-dür: danışanda yalan danışar, verdiyi vədə əməl etməz, əmanətə xəyanət edər” (əl-Buxari, “Kitabul iman”).
Yalançının həm bu dünyada, həm də axirətdə üzü qaradır. Peyğəmbərimiz, hətta uşaqları müxtəlif üsullarla aldatmağın, onlara yalan deməyin günah olduğunu bildirmişdir: “Abdullah bin Amr (Allah ondan razı olsun!) rəvayət edir: “Bir dəfə peyğəmbər evimizdə olarkən, anam: “gəl bura sənə bir şey verəcəyəm” deyə məni çağırdı. Peyğəmbər anama: “Uşağa nə vermək istədin?” deyə soruşdu. Anam: “Xurma vermək istədim” dedi. Peyğəmbər: “Əgər bir şey verməsəydin (uşağı bu cür aldatsaydın) sənə bir yalan günahı yazılardı” buyurdu” (Əbu Davud, “Kitabul ədəb”)
Peyğəmbər hətta zarafatla da olsa yalan deməyi qadağan etmişdir.
Yalanın hər növü günah olmaqla bərabər, ən ağırı yalançı şahidlikdir. Xatir-hörmət üçün, yaxud bir mənfəət üçün edilmiş şahidlik və ya onu gizlətmək böyük bir günahdır: “Şahidliyi gizlətməyin! Onu gizlədən şəxsin qəlbi günahkardır” (Quran: əl-Bəqərə, 283).
Yalançı şahid özünün və başqasının bu dünyasını yaxşılaşdıracağını, könülləri xoş edəcəyini fikirləşərək əslində öz axirətini pisləşdirir. Bu həm də haqqın, ədalətin öz yerini tutmamasına və günahsız insanların iztirab çəkməsinə səbəb olur. Qurani kərimdə Allah sübhənəhu təala yalançı şahidliyin günah olduğunu belə buyurur: “Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!” (Quran: ən-Nisa, 135).
Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) yalançı şahidliyi ən böyük günahlar sırasına daxil etmişdir: “Əbdurrahman ibni Əbu Bəkrəh atasından (Allah ondan razı olsun!) peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) belə buyurduğunu rəvayət etmişdir: ”Günahların ən böyüyünü sizə deyimmi?” Səhabələr: “Bəli, ya rəsulullah!” dedilər. Rəsulullah: “Allaha şərik qoşmaq, valideynlərə asi olmaq” buyurdu. Sonra oturdu və: “Yaxşı eşidin! Bir də yalan yerə şahidlik etməkdir” dedi.
Rəvayətçi deyir ki, rəsulullah bu son sözü o qədər təkrar etdi ki, hətta üzülürdü deyə, biz fikirləşdik ki, kaş ki susaydı” (əl-Buxari “Kitabul şəhadət”). Yalandan şahidlik edən günahın üç növünü etmiş olur: yalan danışmaq, haqsıza kömək etmək və haqlıya əziyyət vermək.
Yalançılığın əksi olan düzgün şəhadət verənlərə ehtiram olu¬nacağına, belələrinin əzizlənəcəyinə Allah vəd verir: “O kəslər ki, əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər, O kəslər ki, düzgün şəhadət və o kəslər ki, namazlarını (layiqincə) hifz edərlər, Məhz onlar cənnətlərdə ehtiram olunacaq (əzizlənəcək) kimsələrdir!” (Quran: əl-Məaric, 32-35). “O kəslər ki, yalan yerə şahidlik etməz, ... Məhz belələri səbr etdiklərinə görə cənnət guşəsi ilə mükafatlandırılacaq, orada (mələklər tərəfindən) ehtiramla, salamla qarşılanacaqlar” (Quran: əl-Furqan, 72-75).
Yalandan çəkinməliyik.Çünki yalan ilə iman bir yerdə ola bilməz.
Tarix: 08.05.2013 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 241 Bölmə: Maraqlı melumatlar