Məsum din rəhbərlərimizin zühurdan öncə baş verən hadisələri bəyan etməsinə "zühur əlamətlləri" deyirlər. Bu əlamət və hadisələrin aşkar olması zühurun yaxınlaşmasına işarədir. Bu nişanələr möminlərə səadət, düşmənlərə əzab müjdəsidir. Nişanələrin azalmasıyla intizar dövrü də öz sonuna yaxınlaşır. Zühur əlamətlərinin sonuncusu aşkar olanda Həzrət Mehdi cənabları Allah-taalanın iznilə qeyb pərdəsini kənara çəkəcək, dünyanı mübarək vücuduyla nurlandıracaq. Bu, bəşəriyyətin həqiqi rəhbərini tapacağı gündür! Bu son intizardır! Bəşər tarix boyu bir çoxunu xilaskar sanmış, həqiqi xilaskarın qeyb pərdəsi arxasında qalmasına razı olmuşdur. Çox təəssüf!
Zühur nişanələri müxtəlifdir. Onlar hədislərdə küllü, cüz`ü, xas, icmal, kinayəli, qeydli, başqa hadisələrin baş verməsinə şərtlənmiş, münfəsil, müttəsil, adi və qeyri-aqi surətlərdə bəyan edilmişdir. Bəs, bu əlamətlər barəsində təhqiq və onların izahı asan məsələ deyildir.
Mötəbər kitablara əsaslanaraq zühur əlamətlərini iki qismə bölmək olar: Qəti və qeyri-qəti əlamətlər.
Qəti əlamətlər mütləq baş verəcək əlamətlərə deyilir. Bunlar baş vermədikcə fəda olduğumuz zühur etməyəcəkdir. Bu əlamətlərdən öncə "məhdilik" iddiası edənlərin yalanı aşkardır. Qeyri-qəti əlamətlər isə başqa hadisələrin baş verməsinə bağlıdır. Əgər həmin hadisələr həyata keçərsə, bəyan edilmiş əlamət də həyata keçəcəkdir. Buradan nəticə çıxarırıq ki, əlamətlərin bu qismi baş verə də bilər, baş verməyə də. Rəvayətlərimizdə bəyan edilən zühur əlamətlərinin çoxu bu qismə aiddir. Yəni onlar o zaman baş verə bilər ki, qarşıya bir maneə çıxmasın və ya onların baş verməsi üçün lazım olan şərtlər həyata keçsin. Zühura yaxın mütləq baş verəcək əlamətlərin sayı hədislərdə beş əlamət olduğu bildirilmişdir. O əlamətləri diqqətinizə çatdırırıq:
1) Süfyaninin zahir olması; 2) Beyda səhrasında böyük bir qoşunun yerə batması; 3) Yəmaninin zahir olması; 4) Göydən səs gəlməsi; 5) Nəfsi-Zəkiyyənin şəhid edilməsi.
Bu əlamətlərlə zühur arasındakı zaman fasiləsi çox az olacaq. Gəlin baxaq. Əzəmətli zühur günü Nəfsi-Zəkiyyənin şəhadətindən 15-gün, göydən səs gəlməsindən təxminən 3ay 17 gün, Süfyaninin zahir olmasından 15 ay sonra olacaq. Yəmani, Süfyani üzə çıxan vaxt zahir olacaq. Qoşunun yerə batması isə Süfyaninin cinayətinin sonuna yaxın olacaq. Bu əlamətlər barəsində bir az yaxından tanış olaq.
1) Süfyani. Bəzi rəvayətlərdə onun adının Osman, atasının adının isə Ənbəsə olduğu bildirilir. (Osman ibn Ənbəsə). O xəbis Suriyada (Şam məntəqəsində) ona müxalif olan iki qrupa qələbə çalaraq hakimiyyətə gələcək; özünü zahirdə dindar kimi göstərməsi ilə müsəlmanların böyük bir qismini ətrafına toplayacaq. Süfyani, İslam torpaqlarının çox böyük hissəsini- Şam, Həmas, Hələb İordaniya, Fələstin, İraq və bir çox yerləri öz əlinə keçirəcək. Onun üzə çıxmasıyla öldürülməsi on beş ay çəkəcək. O, rəcəb ayında zahir olacaq; Qaniçən, alçaq və ən xəbis bir şəxs olmasına baxmayaraq, daim "ya Rəbb ya Rəbb" zikrini deyəcək. O, İlahi hökmləri ayaqlamaqda, halalı haram, haramı halal etməkdə, cinayətkarlıqda heç nədən çəkinməyəcək. Bu şəxs, nəhayət Beytül-Müqəddəsdə yaxalanaraq məhv ediləcək.
2) Qoşunun yerə batması. Bu, Süfyaninin İmam Zamanla (ə.f.) döyüş üçün Məkkəyə göndərdiyi qoşundur. Onlar Məkkəylə Mədinə şəhəri arasında olan Beyda səhrasında (Mədinə şəhərinin dörd fərsəxliyində) istirahət edərkən Allah-taalanın əmri ilə yer yarılaraq onları öz ağuşuna çəkəcək.
3) Göydən gələn səs. Bu səs, mübarək Ramazan ayının 23-də, cümə axşamı günü eşidiləcək. Belə ki, bütün dünya onu eşidəcək və çox qorxuya düşəcək. Bu səs Əhil-beyt (ə) yolunun haqq olması məzmunuyla nida edəcək. Həmin səs İmamın zühur edəcəyi xəbərini dünyaya çatdırmaq müjdəsidir.
4) Nəfsi-Zəkiyyənin şəhid edilməsi. Bu şəxs, zil-həccə ayında, İmam Zamanın (əc.) əmri ilə Məkkəyə səfər edəcək ki, əhalini İmama tərəf dəvət etsin. Lakin, azğın camaat onu Məscidül-Həramda, “Rükn” və “Məqam” arasında qətlə yetirəcək. Nəfsi-Zəkiyyə Peyğəmbər (s) nəslindədir.
5) Yəmaninin zahir olması. O, böyük şəxsiyyətlərdən-dir. Onun üzə çıxmağı Süfyaninin üzə çıxmağı ilə bir gündə baş verəcək. Yəmani zahir olan zaman, ona itaətsizlik haramdır. Çünki, o, camaatı İmam Zamana (ə) tabe olmağa dəvət edəcək. Yəmani, Yəmənin Səna məntəqəsində zahir olacaq. Hədislərdə deyilənə əsasən heç kəs camaatı haqqa onu kimi dəvət edə bilməyəcək. Onun əsl adı Həsən ya da Hüseyndir.
Nəticə olaraq əlamətlərin aşkar olması ardıcıllığı belədir: Yəmani, Süfyani, nida, yer çökməsi və Nəfsi-Zəkiyyənin qətli. Bunlar bir-birinin ardınca baş verəcək.
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 220 Bölmə: Maraqlı melumatlar