Adı - İblis.
Başqa adları - Haris, Əzazil və s.
Ləqəbi - şeytan.
Künyəsi - Əbu Mürrə.
Yaşı - Həzrət Adəmdən (ə) min illər (bəlkə də on min illər) böyükdür.
Atası - yoxdur, Allah tərəfindən alovdan yaradılmışdır.
Övladları - çoxdur. Hamısına ümumilikdə "şeytanlar" deyilir.
Qiyafəsi - hər şəklə düşə bilir. Amma peyğəmbərlərin, imamlarn və mələklərin cildinə düşməsi qadağandır.
Məqsədi - insanları aldatmaq və Allahın yolundan uzaqlaşdırıb cəhənnəmə aparmaq.
Ömrü - qiyamət gününə kimi davam edəcək.
Keçmiş məkanı - Allahın dərgahı.
Hazırki məkanı - kafirlərin və münafiqlərin qəlbi.
Axirətdəki məkanı - cəhənnəm.
Dostları - xəbis insanlar və cinlər.
Düşmənləri - peyğəmbərlər, imamlar, övliyalar və mömin bəndələr.
Silahları - insanların tamahı, vəsvəsə, yalan.
Qorxduğu silahlar - iman, təqva, ibadət, dua.
Adına bax, özünü gör
İblisin əsl adının Əzazil və ya Haris olduğunu yazırlar (Ona görə də bəzi hədislərdə uşağa Haris adı qoyulması məsləhət görülmür). Adəmə (ə) təzim etməkdən boyun qaçırdığına və ilahi lənətə düçar olduğuna görə həmin vaxtdan ona Iblis deməyə başladılar. "İblis" sözünün ərəb dilindən tərcüməsi "ümidsizliyə qapılmış, əli hər yerdən üzülmüş" deməkdir. Qurani-kərimdə də eyni kökdən olan kəlmələr bu mənada işlədilib (bax: Ənam, 44; Rum, 12).
"Şeytan" sözünün ərəb dilində hansı mənanı ifadə etdiyi barədə iki əsas nəzəriyyə mövcuddur. Mənaların birinə görə bu söz "ş-t-n" kökündəndir və uzaq olmaq mənasını verir. Yəni şeytan xeyir və bərəkətdən uzaq olduğuna, ya da Allahın mərhəmətindən kənar qaldığına görə ona bu ad verilib. İkinci nəzəriyyəyə görə bu söz "şatə" felindəndir və həlak olmaq mənasını ifadə edir. Çünki həm ən böyük şeytan olan İblis, həm də onun əlaltıları qiyamət günündə cəhənnəm alovunda həlak olacaqlar.
"Şeytan" sözü Iblisdən daha geniş anlama malikdir. İslam düşüncəsinə görə, həm İblis, həm ona tabe olan xəbis insanlar və xəbis cinlər, həm də Allahın qanunlarına zidd olan bütün mənfi hərəkətlər, niyyətlər, xəyallar, günahlar şeytan adını daşıyır. Yəni "şeytan" sözü pisliyin, mənfiliyin ümumiləşdirilmiş ifadəsidir. Həzrət Mühəmməd Peyğəmbərin (s) bu kəlamı da deyilənlərə sübutdur: "Həsəd şeytandır, qəzəb şeytandır". Elə biz də çox vaxt mənfi xasiyyətləri və pis hərəkətləri "şeytanlıq", "şeytançılıq", "şeytənət" adlandırırıq.
Mələk yoxsa cin?
Allah Quranda İblisin mənşəyi və mahiyyəti barədə buyurur: “O, cinlərdən idi” (Kəhf, 50). Həmçinin, Quranda İblisin öz dilindən deyilir: "Mən ondan (Adəmdən) daha yaxşıyam. Çünki sən məni oddan, onu isə palçıqdan yaratdın!" (Əraf, 12). Məlumdur ki, cinlər də alovdan yaranmışlar: "Cinlərin əcdadını daha öncə tüstüsüz oddan xəlq etmişdik" (Hicr, 27).
Lakin Quranda Adəmə təzim etmək məsələsində İblisin adı mələklərlə bir sırada çəkilir (Bəqərə, 34; Kəhf, 50). Deməli, o da Adəmlə və mələklərlə birlikdə cənnətdə imiş. Bəs, mahiyyəti cin olan bir varlıq bu məqama necə yüksəlmişdi?
Bu barədə bəzi mənbələrdə yazırlar ki, Həzrət Adəmdən (ə) də əvvəl yer üzündə şüurlu və iradəli məxluqlar yaşamışlar. Lakin onlar axırda Allaha asi olduqları üçün məhv olmuş və öz yerlərini başqa canlılara vermişlər. Vaxtilə yer üzü cinlərlə məskunlaşmışdı. Onlar əvvəlcə Allaha ibadət edib saleh şəkildə yaşadılar. Amma sonra haqq yoldan azdılar və Yaradana qarşı üsyan etdilər. Bu zaman Allah onların üzərinə mələklərdən ibarət qoşun göndərdi. Mələklər cinlərlə döyüşüb onları məğlub etdilər. Cinlərin əksəriyyəti öldürüldü, az bir qismi tövbə etdi və əsir alındı. İblis də tövbə edəndən sonra mələklər tərəfindən əsir tutulub səmaya aparıldı. Amma o özünü elə nümunəvi şəkildə göstərdi ki, mələklərin arasında qalmasına icazə verildi. Həzrət Əli (ə) "Nəhcül-bəlağə"nin Qasiə xütbəsində buyurub ki, İblis səmada Allaha altı min il ibadət etmişdi. Özü də bilinmir ki, bu illər yer ili idi, yoxsa (bundan qat-qat uzun olan) göy ili. Rəvayətə görə, İblis üçün səmada nurdan minbər qoyulmuşdu; o həmin minbərə qalxıb mələklərə tövhiddən dərs deyirdi. Buna görə Quranın yuxarıdakı ayəsində İblis zahirən mələklərdən biri kimi təqdim edilir, əslində isə o mələk deyildi (bax: Əyyaşi təfsiri, I, 33-34; Nurüs-səqəleyn təfsiri, I, 56).
İblisin ordusu
Qurani-kərimdə şeytanların həm bəşər, həm də cin növündən olduqları açıq-aşkar göstərilir: "Beləcə, biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmən yaratdıq" (Ənam, 112).
İnsan İblisin və onun əlaltılarının fitnəsi ilə Allahın yolundan dönsə, küfrə, nifaqa sürüklənsə, tamahına uysa - o da şeytanlardan biri olar və şeytan ordusuna qarışar. Batil yolda nə qədər çox tənəzzül etsə, küfrün girdabına nə qədər artıq yuvarlansa, şeytanların sırasında bir o qədər böyük məqama və hörmətə sahib olar. Necə ki, Quranda müşriklərin başçıları (böyükləri) onların şeytanları adlandırılıb: "Onlar (yəni münafiqlər) möminlərlə qarşılaşdıqları zaman: "Biz də iman gətirdik" - deyirlər. Halbuki öz şeytanları ilə təkbətək qalanda: "Biz də sizinləyik, biz ancaq (möminlərə) istehza edirik" - deyirlər" (Bəqərə, 14).
Həzrət Mühəmməd Peyğəmbər (s) bir dəfə Əbuzərdən soruşdu: "Məgər insan və cin növündən olan şeytandan Allaha sığınmırsanmı?". Əbuzər heyrətlə soruşdu: "Məgər Bəni-Adəmdən də şeytan olur?". Peyğəmbər cavab verdi: "Bəli. Bəşər növündən olan şeytanlar cin növündən olan şeytanlardan daha pisdirlər (zərərlidirlər)".
Allah və Onun dostları Quranda ümumiləşdirilmiş şəkildə "hizbullah" (Allahın firqəsi) adlandırıldığı kimi (Maidə, 56), İblis və onun əlaltıları da ümumiləşdirilmiş şəkildə "hizbuş-şeytan" (şeytanın firqəsi) adlandırılıblar. "Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutudurmuşdur. Onlar şeytanın firqəsidirlər. Bilin ki, şeytanın firqəsi - məhz onlar ziyana uğrayanlardır!" (Mücadələ, 19).
İlk təkəbbürün və ilk qiyasın müəllifi
Hər kəsin düz və ya səhv yolda olmasını üç şeydən ayırd etmək olar: əqidəsindən, əxlaqından (xasiyyətindən) və əməlindən. İslam dininin hökmləri də bu üç qismə bölünür. Çünki İslam insanı bu üç istiqamətdə azğınlıqlardan qurtarmaq üçün göndərilib. İblis Adəmin qarşısında səcdə etməyib ilahi əmrdən çıxdı, bununla da bu üç istiqamətin hər birində günaha düşdü. Əvvəla, küfr etməklə əqidəsini itirdi. Daha sonra lovğalanmaqla öz mənfi əxlaqını nümayiş etdirdi: "O, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu" (Bəqərə, 34). Nəhayət, Allahın əmrindən boyun qaçırmaqla fisqə (günah aludəliyinə) düçar oldu: "O, öz Rəbbinin əmrindən çıxdı" (Kəhf, 50).
Allahın yaratdıqları içində ilk dəfə təkəbbür edib lovğalanan İblis oldu. O, gildən yaranmış İnsanın üstünlüyünü qəbul etməkdən boyun qaçırdı, "mən alovdan yaranmışam, o isə torpaqdan; alov torpaqdan üstündür" deyə, ona təzim etmədi. Halbuki, xilqət baxımından İblisdən daha şərəfli olanlar, yəni nurdan yaradılmış mələklər Allahın əmrinə boyun əyib, Adəmin qarşısında baş əydilər. İblis bununla həm də ilk fitnənin əsasını qoydu, haqla batili müqayisə etdi və üstünlüyü batilə verdi. Həzrət Mühəmməd Peyğəmbər (s) bu barədə buyurub: "Dində qiyas (müqayisə) etməyin. Dində qiyas olmaz. Şübhəsiz, ilk qiyas edən İblis olub" (Müttəqi Hindi. Kənzül-ümmal, I, 209, 1049-cu hədis; Deyləmi. Firdövsül-əxbar, V, 204, 7612-ci hədis; Zəhəbi. Mizanül-etidal, I, 133; Əllamə Məclisi. Biharül-ənvar, II, 286 və 288).
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 192 Bölmə: Maraqlı melumatlar