Bismillahir-rəhmanir-rəhim
Allah-Təalanın İslam ümməti üçün vacib buyurduğu orucluq ibadətinin - mübarək Ramazan ayının ilk günü bu il miladi təqvimi ilə iyulun 21-nə təsadüf edir. İyul ayının 20-si orucluğun niyyət gecəsidir. Hilalın görünməsindən asılı olaraq, Ramazan – Fitrə bayramı, inşaallah, şəvval ayının birinə (miladi təqvimi ilə avqustun 19 və ya 20) düşür. Əzəməti və mərhəməti hədsiz olan Allah-Təala mübarək Ramazan ayında oruc tutan möminlərə sonsuz fərəh və iman sevgisi, yüksək mənəvi dəyərlər, ali bəşəri hisslər bəxş edir. Uca Allah bu mübarək ayda insanlara günahlarının bağışlanmasına, daha çox savab qazanmasına imkan yaradır, qəlblərində xeyrli əməllərə meyli artırır, nəfsə və şərə qalib gəlməyin yollarını göstərir. Heç şübhəsiz ki, Allah yolunda oruc tutanların əcri böyükdür. Allah-Təala Qurani-Kərimdə buyurur:
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi...” (əl-Bəqərə, 183).
Həzrət Muhəmməd (s) mübarək hədisi-qüdsidə buyurmuşdur:
“Allah-Təala buyurur: “Oruc Mənim üçündür, mükafatını da Özüm verəcəyəm”.
Cənnət qapılarının ibadət əhli üçün açıldığı bu ayda möminlər daha çox Quran oxumalı, ibadət etməli və zikrlə məşğul olmalıdırlar. İnsanın kamilliyinə, cəmiyyətin birliyinə nail olmaq üçün gözəl məqam olan oruc ibadəti günlərində camaat namazlarında iştirak etmək, Ramazan gecələrini, xüsusilə, min aya bərabər tutulan Qədr (əhya) gecələrini Allah evində-məscidlərdə ibadətlə keçirmək, alimlərin söhbətlərindən, müqəddəs dinimizin fəzilətlərindən daha artıq faydalanmaq məsləhətdir. Mübarək Ramazan ayında hamınızı səbirli olmağa və Allah yolunda xeyirxah işlər görməyə dəvət edirik. Qurani-Kərimdə buyurulduğu kimi:
“Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qohum-qonşuya, yaxın dosta ... müsafirə yaxşılıq edin!...” (ən-Nisa, 36) .
Müqəddəs dinimiz orucun vacib əməli olan fitrə zəkatını şəriət qanununa müvafiq olaraq vaxtında ödəməyi və bununla da imkansızlara dayaq olmağı, onlara da bayram sevinci yaşatmağı vacib buyurur. Onu da nəzərinizə çatdırmaq istərdik ki, bədənin zəkatı oruc olduğu kimi, onun da qəbul olunması üçün fitrə zəkatı əsas şərtdir. Hər bir imkanlı müsəlman Ramazan bayramı gecəsi 3-kq buğda, arpa, düyü, qarğıdalı və ya xurma, kişmiş, ya da onun dəyərini pulla imkansızlara verməlidir.
Bu müqəddəs ayda ifrata və israfçılığa yol vermədən ehtiyacı olanlar üçün ehsan olaraq iftar süfrələrinin açılması da orucumuzun Allah dərgahında qəbul olması üçün bir vəsilədir.
Müqəddəs Ramazan ayında Uca Allahdan işğal olunmuş torpaqlarımızın azad olunması üçün dualar edir və Vətən torpağı uğrunda şəhid olan övladlarımıza Allahdan rəhmət diləyirik! Xalqımızın xoş gələcəyi, müstəqilliyimizin daha da möhkəmlənməsi uğrunda səy göstərən dövlət rəhbərimiz İlham Əliyev başda olmaqla hər birimizin ülvi niyyətlərinin yerinə yetməsini Allah-Təala bizlərə nəsib etsin. Qoy Uca Allah doğma Azərbaycanımızın qüdrətli və firavan gələcəyini, ölkəmizdə və bütün dünyada sülhü və əmin-amanlığı bərqərar etsin! Amin!
Möhtərəm mömin qardaş və bacılarımız! Allaha məhəbbət və itaət, bəşərə mərhəmət dolu mübarək Ramazan ayı münasibətilə sizləri təbrik edir, Allah rizası üçün oruca, ibadətə dəvət edirik. Uca Yaradandan Vətənimizi xəta-bəlalardan hifz etməsini, mənəvi birliyimizi daha da möhkəmləndirməsini diləyirik. Allah məğfirət, ülfət ayı olan Ramazanın fəzilət və bərəkətlərini hər birimizə nəsib etsin, orucumuzu, ibadətlərimizi və dualarımızı qəbul etsin! Amin!
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuh!
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 139 Bölmə: Maraqlı melumatlar