Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QURAN AYƏLƏRİNDƏ TƏLƏSKƏNLİK BARƏDƏ

(İslami saytlara istinadən)

Hər bir işi görməmişdən əvvəl bəzi müqəddimələr vardır ki, onlar olmasa, iş nəticəsiz qalacaqdır. Əgər həmin müqəddimələr olarsa, ancaq işi görməsən, yenə də nəticəsiz qalacaqdır və fürsəti əldən vermiş olacaqsan. Ağıllı insanlar o kəslərdir ki, səbrlə həmin müqəddimənin hazır olmasını gözələyərlər. Müqəddimələr hazır olandan sonra isə həmin işi görər ki, məqsədinə çata bilsin.

Beləliklə, tələskənliyin mənası - müqəddimələr hazır olmadan həmin işi görməkdir ki, bu da nəticəsiz qalacaqdır. Tələskənlik əxlaqi rəzilət sayılır. Səbir etmək isə onun antonimidir. Səbir - əxlaqi fəzilət sayılır. İnsanlar tələsdiyinə görə onlara çox sayda xəsarət dəyir. Ona görə də Qurani-Kərim insanları səbir etməyə, hövsələli olmağa və tələsməkdən qaçmağa dəvət edir. Quranda peyğəmbərlərin dastanlarını eşitməklə tələsməyin ziyanını və səbir etməyin şirin səmərəsini görmək olar. Quran-Kərimin sorağına gedib, bir neçə ayəyə nəzər salaq:
1. “Musa ona dedi: “Öyrədildiyin elmdən mənə öyrətmək şərti ilə sənə tabe olummu?”. Dedi: “Sən mənimlə bərabər səbir edib qatlaşa bilməzsən. Ətraflı bilmədiyin bir şeyə necə dözə bilərsən?”. Dedi: “İnşəallah məni dözümlü görəcəksən və sənin əmrindən çıxmayacağam”. (“Kəhf”, 66-69).
2. “(Ya Muhəmməd!) sənə o savaşların (və ya düşmənlərin) xəbəri gəlib çatdımı? O zaman onlar mehriban divardan aşıb gəldilər. Onlar Davudun yanına gələndə Davud qorxdu. Onlar dedilər: “Qorxma! Biz birimiz o birisinə haqsızlıq edən iki savaşanıq. Bizim aramızda ədalətlə hökm et! Və haqdan keçmə və bizi düz yola hidayət et! Bu, mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bircə qoyunum vardır. O: “Onu mənə ver!” - deyir. Danışıqda da mənə qalib gəlir. (Davud) dedi: “O sənin bircə qoyununu öz qoyunlarına qatmaq istədiyi üzündən sənə zülm etmişdir, əslində şəriklərin çoxu bir-birinə zülm edər. Təkcə iman gətirib saleh əməllər edənlərdən savayı. Bunlar isə olduqca azdırlar”. Davud bildi ki, Biz onu imtahana çəkmişik. Dərhal Rəbbinə istiğfar etdi və üzü üstə düşüb tövbə etdi.” (“Sad”, 21-24).
3. “(Ya Muhəmməd!) Rəbbinin hökmünə dözümlü ol və balıq yoldaşı (Yunis) kimi olma! O zaman ki, o, acığını udaraq yalvarıb-yaxardı; Əgər Rəbbi tərəfindən ona bir nemət yetişməsəydi, qınanmış bir halda quru bir yerə atılacaq idi. Nəhayət, Rəbbi onu seçdi və salehlərdən etdi”. (“Qələm”, 48-50).

4. “Həqiqətən, hökmdar olan Allah (hər şeydən) ucadır. Vəhy sənə tamam olmaqdan əvvəl Quranı oxumağa qarıxma! Və de: “Pərvərdigara! Mənim elmimii artır!”. (“Taha”, 114).
5. “İnsan (sanki) tələsmək (cövhərindən) yaradılmışdır. Tezliklə ayətlərimi (dünya və axirət əzablarını) sizə göstərəcəyəm. Buna görə məni qarıxdırmayın!”. (“Ənbiya”, 37).
6. “İnsan xeyrə dua etdiyi kimi, şərə də dua edər. İnsan zatən qarıxandır”. (“İsra”, 11).
7. “Və səni yaxşılıqdan (rəhmətdən) qabaq pisliyə (əzaba) qarıxdırırlar. Halbuki özlərindən qabaq bu kimi cəzalar gəlib-keçmişdir. Doğrudan da Rəbbin insanlara (özlərinə) zülmkar olduqları halda məğfirət (mərhəmət) sahibidir və həqiqətən, Rəbbinin cəzası çox şiddətlidir”. (“Rəd”, 6).

8. “Və əgər Allah insanlara, onların xeyrə tələsdikləri kimi, şər (bəla) yetirməkdə tələssəydi, onların əcəlləri (indi çoxdan) qurtarmışdı. Onda Bizə qovuşmağa ümidvar olmayanları üsyanları içində heyrətdə qaldıqları halda buraxarıq”. (“Yunis”, 11).

9. “Və soruşurlar ki: “Əgər doğru danışansınızsa, (deyin görək) bu zəfər nə zaman olacaqdır? De: “Zəfər günündə kafirlərin iman gətirmələri daha fayda verməyəcək və onlara möhlət belə verilməyəcəkdir. İndi isə onlardan üz döndər və gözlə! Onlar da gözləməkdədirlər”. (“Səcdə”, 28-30).

10. “Bu, ona görədir ki, Allahın ayələrini lağa qoydunuz. Dünya həyatı sizi aldatdı. Bu gün oradan nə çıxararlar, nə də ki, Allahdan razılıq (üzr) istəyə bilərlər”. (“Əhqaf”, 35).

Birinci ayədə Həzrət Xızır (ə) ilə Həzrət Musanın (ə) hekayəsi nəql edilir. Bu hekayəni oxucular az və ya çox eşidiblər. Bizim üçün əhəmiyyətli olan şey odur ki, Həzrət Musa (ə) xüsusi tapşırıq alaraq elm öyrənmək üçün Həzrət Xızırın (ə) yanına gəlir. Elm, o günə qədər vəhy yolu ilə ona gələnlərdən fərqlənirdi. Sirr elminə və dünya həqiqətlərinə aid olan bu elmi Musa (ə) öyrənməli idi ki, ictimai məsələlərdəki baxışı şəfaf olsun.

Həzrət Xızr (ə) Həzrət Musanın (ə) istəyi qarşısında dedi: “Sənin mənim işlərim qarşılığında səbrin yoxdur. Çünki məsələnin dərinliyindən xəbərdar deyilsən”. Ancaq Həzrət Musa (ə) söz verir ki, səbir edəcək və tələsməyəcəkdir. Həzrət Xızır (ə) şərt qoyur ki, əgər mənim ardımca gələcəksənsə, gördüyün şeylərə sükut edəcəksən. Bu söz bir qədər incidici olsa da, hikməti vardır. Yəni mən vaxtı gələndə səni agah edəcəyəm.
Bu yola Həzrət Xızır (ə) müxtəlif məsələlər qarşısında Musanın (ə) ruhunu səbirli və hövsələli yetişdirərək, onu tələsməkdən uzaqlaşdırdı.

Onlar yola çıxdılar və yollarını naçar olaraq gəmi ilə keçməli oldular. Dənizin ortasında Həzrət Musa (ə) görür ki, Həzrət Xızır (ə) gizlicə gəminin ortasında deşik açır. Musa (ə) buna etiraz edir və dinlənir. Həzrət Xızır (ə) onunla bağladıqları müqaviləni yada salanda, o, üzr istəyir.

Yenidən yollarına davam edirlər . Qəflətən Həzrət Xızır (ə) yolunun üstündə dayanmış yeniyetməni öldürür. Bu zaman Həzrət Musa (ə) daha ucadan fəryad çəkir: “Niyə günahsız insanı öldürdün və belə bir çirkin işi gördün?”.

Həzrət Xızır yenidən müqaviləni yada salır. Həzrət Musa (ə) dilini saxlamağa məcbur olur. Yenidən üzr istəyib deyir: “Əgər üçüncü dəfə etiraz etsəm, məndən ayrılmağa haqqın var”.

Yollarını davam etdilər. Elə bir şəhərə gəlib çatdılar ki, insanları paxıl idi. Qonaqları qəbul etmədilər. Həzrət Xızır (ə) sökülmüş divarı təmir etməyə başlayır. Həzrət Musa (ə) bu işə yenə də etiraz etdi.

Bu zaman Həzrət Xızır gördüyü bu üç işin sirrini ona açır və onu bu sirli dünyaya daxil edir. Həzrət Xızır (ə) ondan ayrılacağını söyləyir və Həzrət Musa (ə) da onunla xudahafizləşir.

Həzrət Xızr (ə) ona deyir: “Gəmini ona görə deşdim ki, zahirən onu işə yaramaz hala gətirmək istəyirdim. Çünki orada zülmkar hakim vardı ki, sağlam gəmiləri müsadirə edirdi. Mən isə istəyirdim ki, gəmi çarəsiz sahibinə qalsın.

O yeniyetməni ona görə öldürdüm ki, o, imansız və təhlükəli bir cavan idi və valideynlərini də küfrə tərəf sürükləyirdi. Allah istəyirdi ki, bu imansız cavanı onlardan alıb, yerinə imanlı bir övlad versin.

Ancaq sökülmüş o divarı ona görə təmir edirdim ki, orada iki yetimə aid xəzinə vardı ki, imanlı ataları onlar üçün saxlamışdı. Allah istəyirdi ki, onlar həddi-büluğa çatsınlar və sonra xəzinələrinə sahib olsunlar. Mən bu işləri özüm etməmişəm, Haqqın əmri ilə etmişəm”.

Əgər Həzrət Musa (ə) öz qərarında tələsməsəydi, Həzrət Xızrın (ə) elmindən daha çox bəhrələnə bilərdi. Ancaq tələsməyinə görə üç mövzudan çoxunu öyrənə bilmədi.

İkinci ayə isə başqa bir İlahi peyğəmbər haqqındadır ki, o da tələsdiyinə görə Allah tərəfindən məzəmmət edilmişdir.

Hekayə belədir ki, bir gün iki nəfər Həzrət Davudun (ə) yanına gəlir və onlardan biri o birisindən şikayət edirdi. Şikayət edən deyir: “Mənim bu qardaşımın 99 qoyunu var. Mənim isə bir qoyunum var. O, istəyir ki, bu qoyunu da məndən alsın”.

Həzərt Davud (ə) daha çox tədqiq etmədən deyir: “Yəqin ki, o, sənin bir qoyununu alaraq, sənə zülm edir”.

Bu zaman Həzrət Davud (ə) müqəddiməni tərk etmişdir. O, başa düşür ki, imtahan olunmuşdur, ona görə də tövbə edir.

Bu hekayə də onu göstərir ki, tələsmək, xüsusilə də hökm çıxaranda tələsmək fərdi və ictimai problemlər yaradır.

Üçüncü ayədə başqa bir İlahi peyğəmbərdən bəhs edilir ki, öz məsuliyyətində bir anlıq səhlənkarlıq etmişdi.

Hekayə belədir ki, Həzrət Yunis (ə) atası kimi insanları hidayət edir və təbliğ edirdi. Ancaq məntiqi qarşısında düşməndən ancaq səfsəfə eşidirdi. İki nəfər insan ona iman gətirirlər. Nəhayət məyus olur və imanlı bir abidin təklifi ilə onlara qarğış edir. Onun qarğaşı həyata keçir və ona vəhy gəlir ki, filan gün İlahi əzab həyata keçəcəkdir. Əzab vaxtı yaxınlşanda Həzrəti Yunis (ə) axırıncı dəfə onları dinə dəvət etmək yerinə həmin abidlə bir yerdə çıxıb gedir. Ancaq alim insan qalır və təbliği davam etdirir.

Bu təbliğ insanların ruhunda dəyişiklik yaradır və onlar bu alim ilə bir yerdə Allaha doğru üz döndərirlər. Onlar tövbə edirlər. İman gətirir və tövhidi qəbul edirlər. Allah da onları bağışlayır və ancaq Həzrət Yunisi (ə) tələsdiyinə görə cəzalandırır.

Ona görə də Quranda Allah İslam Peyğəmbərinə (s) xitab edərək, buyurur: “(Ya Muhəmməd!) Rəbbinin hökmünə dözümlü ol və balıq yoldaşı (Yunis) kimi olma! O zaman ki, o acığını udaraq yalvarıb-yaxardı; Əgər rəbbi tərəfindən ona bir nemət yetişməsəydi, qınanmış bir halda quru bir yerə atılacaq idi. Nəhayət, Rəbbi onu seçdi və salehlərdən etdi”.

Yəni Allah onu müqəddimələri tərk etdiyi üçün cəzalandırmışdı və buna baxmayaraq, Həzrət Yunisin (ə) tövbəsini qəbul edir. Balığın qarnından çıxanda hər bir günahdan pak olur. Baxmayaraq ki, Həzrət Yunis (ə) lazımi qədər hüccətini yerinə yetirmişdi, ancaq Allah ondan daha çox səbir tələb edir. Ona görə də bu tələsməyini bağışlamır.

Dördüncü ayədə İslam Peyğəmbərini (s) tələsməməyə çağırır və buyurur: “Həqiqətən, hökmdar olan Allah (hər şeydən) ucadır. Vəhy sənə tamam olmadan əvvəl Quranı oxumağa qarıxma! Və de: “Pərvərdigara! Mənim elmimii artır!””.

Quranın bəzi ayələrindən görmək olur ki, Peyğəmbər (s) vəhy nazil olanda xüsusi həyəcan keçirirdi və bu da səbəb olur ki, o, tələssin. Allah da onu bu işdən çəkindirir.

Baxmayaraq ki, bu ayənin təfsirində təfsirçilər müxtəlif şərhlər vermişdilər. Ancaq onların hamısı bunu göstərir ki, Peyğəmbər (s) gərək işində tələsməsin. İstər İlahi məsələ olsun, istərsə də insanların hidayəti məsələsində olsun.

Peyğəmbərin (s) tələsməsi baxmayaraq ki, vəhyi alıb, səhabələrə çatdırmaq və insanları hidayət etmək üçün olsa da, ancaq bu işdə də səbirli olmaq lazımdır.

Beşinci ayədə bütün insanların təbiəti haqqında buyurulur: “İnsan (sanki) tələsmək (cövhərindən) yaradılmışdır. Tezliklə ayətlərimi (dünya və axirət əzablarını) sizə göstərəcəyəm. Buna görə Məni qarıxdırmayın!”.

Bu ona işarə edir ki, ilk gündən insan təbiətinə tələsmək qoyulmuşdur. Ancaq onu elə yerdə işlətmək lazımdır ki, müqəddimələri hazır olsun və ondan əvvəl tələsmək yaxşı deyildir.

Bu ayə o insanlara işarə edir ki, İlahi tərbiyə almayıblar. Başqa sözlə desək onların fəlsəfəsi istək və ehtiyaclarına doğru hərəkət etməkdir. İnsanın bu xüsusiyyəti həvayi-nəfsinin və daxili meyllərinin güc mənbəyidir ki, əgər kontrol olunarsa, səadət yolunda qərarlaşacaqdır. Bu zaman viranedici xassəsindən xaric olar. Bu dağın başından axan selə bənzəyir ki, zahirən viranedici olsa da, ancaq sədlərlə qarşısı alınanda, abadlıq və enerji mənbəyinə çevrilər.

Altıncı ayədə də əvvəlki ayədəki mövzu bəyan edilir. Fərq ondadır ki, insan pisliklərin sorağına gedər, halbuki xeyir istəyəndir. Bu da onun tələsdiyinə görə belə olur.

İnsan bəzən əməldə elə işləri görmək istəyir ki, kökü həvayi-nəfsinə gedir və nəticəsi bədbəxtlikdir. Ancaq şeytan onu elə bəzəyir ki, bu əməli özlərinin səadəti kimi görürlər. Ona çatmayanda narahat olurlar. Halbuki zaman keçdikcə başa düşürlər ki, əgər istəyi həyata keçsəydi ömürlərinin axırına qədər biçarə olardılar.

Beləliklə, bu müqəddəs ayələrdən belə nəticəyə gəlmək olar ki, tələsmək insanı daha çox ziyana salar. İnsan o zaman tələsməlidir ki, görmək istədiyi işin müqəddimələri hazır olsun. Bu zaman tələsərək ona əməl etsin və məqsədinə çata bilsin.

Hazırladı: Məşhədi Xanım,


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 196 Bölmə: Maraqlı melumatlar
loading...