“Ya xəlifənin qara bayrağı altında sən məhv olacaqsan, yaxud da xürrəmilərin qırmızı bayrağı altında mən”. Bu sözlər “Babək” filmindən hamımıza çox yaxşı tanışdır.
Niyə qara bayraq? Xilafətin qara bayrağı, yaşıl bayraq, İslamın rəmzi olan yaşıl rəng və s. əslində geniş müzakirə mövzusudur və biz bu kiçik araşdırmamızda bu məsələlərə qismən toxunmağa çalışacağıq.
İslamın ilk bayrağı
İslam tarixində Həzrət Peyğəmbərin(s) ilk dəfə Mədinəyə girərkən bayraq (liva) qaldırdığı mənbələrdən məlumdur. Hicrət qafiləsi Mədinəyə yaxınlaşdığında Büreydə bin Huseyb əl-Əsləmi, Rəsulullaha(s): “Mədinəyə yanında bir liva olmadan girməni istəmirəm.” - deyir və başındakı sarığı açaraq qılıncına bağlayır.
Hicrətin 7-ci ayında Şamdan qayıdan Qüreyş karvanını qarşılamağa göndərdiyi Həzrət Həmzənin başçılıq etdiyi 30 nəfərlik dəstə yola çıxarkən Peyğəmbərimiz (s) bir mizrağın ucuna ağ parça bağlayaraq Əbu Mərsəd adlı əsgərə verir. “Liva-ul-Beyda” adlanan bu bayraq Xeybər döyüşünə qədər istifadə olunub və əsgəri birliklərə aid idi. Xeybərdən sonra “Rayə” adlanan qara bayraqdan istifadə edilməyə başladı. Bundanbaşqa, mənbələrdə Həzrət Peyğəmbər (s) dövründə qara, sarı, qırmızı rəngdə bayraqların olduğu, “ukab” adlı qara rəngli bayrağın Həzrəti Fatimənin(ə) qaftanından hazırlandığı haqqında da məlumatlar vardır. Bayrağın qara rəngdə seçilməsinin xüsusi bir mənası da vardır. Qara rəng həm gündüz vaxtı, həm də tozlu və dumanlı vaxtlarda daha tez gözə çarpır və başqa rənglərdən daha aydın seçilir. Əsgərlər döyüş zamanı biri-birlərini itirdikləri vaxtda qara bayraqlar sayəsində daha tez tapılırdılar. Məhz bu səbəbdən döyüşə gedərkən müsəlman əsgərləri qara bayraq götürməyə üstünlük vermişlər.
Hədislərdə Cabir bin Abdillahdan(ra) rəvayət edilir ki: “Peyğəmbər (s) fəth günü ağ bayraqla Məkkəyə girdi" (Tirmizi). Digər bir hədisdə isə Peyğəmbərin(s): "Allah yanında libasların ən sevimlisi ağ rəngdə olanıdır. Canlılarınız ağ geyinsin, ölülərinizi də onunla kəfənləyin.”- deyə buyurduğu bildirilir (Seyyid Muhəmməd Munib). Peyğəmbərin (s) bayrağının üstündə Kəlimeyi-Tövhid - “La ilaha İllallah Muhammeden Rasul Allah” yazısı vardı.
Dörd xəlifə dövrü, Əməvilər, Abbasilər, İspaniyadakı Əməvilər sülaləsinin zamanında da müxtəlif rəngli bayraqlardan istifadə olunub. Əməvilər daha çox ağ rəngdən, Abbasilər isə qara rəngdən istifadə ediblər. Xəlifə Məmun o dövrdə geniş yayılmış, özünü seyyid və şərif (Peyğəmbər(s) nəslinin nümayəndələri) adlandıran saxtakarlardanfərqlənmək üçün Həzrət Hüseyn (ə) övladlarının (seyidlərin) yaşıl, Həzrət Həsən (ə) övladlarının (şərif) sarı rəngdə sarıq sarması, bunlardan başqa, heç kimin sarı və yaşıl sarıq sarmaması haqqında əmr vermişdi. Yaşıl rəng bu dövrdən etibarən davamlı şəkildə müxtəlif məqsədlərlə istifadə olunub.
Yaşıl rəng, yaşıl bayraq İslamın rəmzidirmi?
Nə dini qaynaqlarda, nə də hədislərdə İslamın rəmzinin yaşıl rəng olması ilə bağlı heç bir məlumat, iddia yoxdur. Sadəcə olaraq dini kitablarda yaşıl rəngin “rənglərin ən gözəli”, - deyə vurğulanması, Həzrət Peyğəmbərin (s) geyimlərinin rəngi əsasən yaşıl olması, dinimənbələrdə mələklərin yaşıl quşlar şəklində görünməsi ilə bağlı yazılanlar müsəlmanların yaşıl rəngdən istifadəsinə səbəb olub. Müsəlmanlar sünnət olsun deyə, yaşıl rəngə üstünlük vermiş və tədricən, bu rəngi İslamın simvolu olaraq qəbul ediblər. Lakin yaşıl rəngin simvol olması dindən deyil, adətdən qaynaqlanır.
İslam dini geniş yayıldıqdan və türklərin İslamı qəbul edərək bir mənada İslam bayraqdarına çevrilməsindən sonra da müxtəlif rənglərlə yanaşı, yaşıl rəngli bayraqlardan istifadə olunub. Lakin ən maraqlı məqam, 600 il türk-islam dünyasına başçılıq etmiş Osmanlı İmperiyasının özülü olan Osmanlı bəyliyi yaradılan ilk illərdə Konyadan-Anadolu Səlcuq hökmdarı Qiyasəddin Məsud tərəfindən
Osman bəyə göndərilən ağ rəngli bayraqdır. Osman bəyə göndərilən hədiyyələrin içərisində hakimiyyət simvolu olan ağ bayraq uzun illər Osmanlı hökmdarlarının simvolu olub. Osman Qazidən Qanuni Sultan Süleyman dövrü daxil olmaqla bütün dövrdə hökmdarın bayrağı ağ rəngdə olub. Yavuz Sultan Səlimin Çaldıran və Misir səfərləri zamanı hökmdar çadırının önünə hakimiyyət əlaməti kimi ağ və al qırmızı bayraq qoyulub. Lakin Sultan Səlim Çaldıran döyüşü zamanı ilk dəfə olaraq yaşıl bayraq qaldırmış (sonradan davamlı istifadə olunmuşdur), bununla da Həzrət Peyğəmbərin(s) qanuni xəlifəsi olduğunu göstərmək istəyib. Yaşıl rəngli bayraq sonradan Barbaros Xeyrəddin Paşa və Utuç Ali Rəisin donanmalarında da istifadə edilib. Yaşıl bayraq Sultan I Mahmud xan dövründə və ondan sonra da donanmada istifadə edilib.
Türk dövlətlərinin bayraqlarında İslami motivlərlə yanaşı milli əlamətlər də öz xüsusiyyətini qoruyub saxlayıb. İlk müsəlman-türk dövləti olan Qəznəlilərin bayrağı üzərində quş rəsmi olan yaşıl rəngdə; Qaraxanlılarda al qırmızı rəng üzərində doqquz tuğ (tuğ- türk xalqlarında hökmranlıq simvolu); Səlcuq dövlətinin ilk illərində mavi rəng,üzərində bir cüt ağ qartal rəsmi, daha sonra qara rəngli bayraq və s.
Səlcuqlular al qırmızı rəngi xanədan rəngi olaraq qəbul edirdilər. Osmanlı imperiyasında da müxtəlif rəngdə bayraqlar mövcud idi. Hər sancağın öz bayrağı vardı. Lakin əsasən yaşıl və qırmızı rənglərdən istifadə olunurdu.
Osmanoğullarının xanədan rəngi də Səlcuqlarda olduğu kimi al qırmızı rəng idi. Bununla əlaqədar olaraq Osmanlı padşahının yorğanı, yastığı, çarşafı al qırmızı rəngdə olub. Padşah qızları da al qırmızı rəngdə gəlinlik geyiniblər. Osmanoğulları al rəngi Səlcuqlardan milli və hüquqi varislər kimi təhvil alıblar. Səlcuqlar da bu rəngi sələfləri olan Qaraxanlılardan mənimsəyiblər. Bundan sonra al qırmızı rəng daha çox milli xüsusiyyət daşıyıb. Qırmızı səthin üzərində aypara və ulduz rəsimli bayraq isə Osmanlılarda ilk dəfə 1793-cü ildə dövlətin rəsmi bayrağı olaraq qəbul edilib. Bu bayraqdakı ulduz isə səkkizguşəli olub. Lakin Osmanlı dövlətinin rəsmi və umumi simvolu kimi istifadə edilən bu bayraq 1842-ci ildə Sultan I Əbdülhəmid dövründə nisbətən dəyişdirilib beşguşəli ulduzla əvəz olunub. 1922-ci ildə xilafət ləğv edilən zaman səltənətə məxsus bayraq ləğv edilib və milli bayraq saxlanılıb.
Bütün bu dediklərimiz bir daha sübut edir ki, yaşıl rəngin İslam dini, dinin ehkamları, qaydaları, hüququ, prinsipləri ilə heç bir əlaqəsi, bağlılığı yoxdur. Yaşıl rəngin dini əsası yoxdur və yaşıl rəng İslam demək deyil!
Bu gün əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən dövlətlərin bayrağında yaşıl rəng İslam rəmzi kimi simvolizə olunur. Müsəlmanlar yaşıl rəngi həm də cənnətin rəngi, rəmzi kimi qəbul edirlər. Və bayraqlarında, məscid minarələrində, geyimlərində bu rəngdən geniş istifadə edirlər. Cənnət arzulayan müsəlmanlar təəssüf ki, bunu ancaq yaşıl rəngdən istifadə etməkdə görürlər. Cənnəti də yaşıldan geninə-boluna istifadə etməklə deyil, aclıqdan, səfalətdən, xəstəlikdən əziyyət çəkən milyonlarla İslam ümmətinə yardım etməklə qazanmaq olar. Bu gün dünyanın siyasi xəritəsinə nəzər salsaq, müsəlman ölkələrində ya vətəndaş müharibəsində, ya məzhəblər arası silahlı qarşıdurmada, ya yoxsul, səfil, yoluxucu xəstəliklərdən can çəkişən, ya da hədsiz zəngin,dəbdəbəli həyat yaşayan insan mənzərələri ilə qarşılaşırıq.
Yaşıla bürünüb cənnəti arzulamayın! Acları doyurun, köməksizə yardım edin, ümmət qırğınını dayandırın, inkişaf edin! VII əsrdə Kəbə inşa olunan zaman zənci Bilalın səsləndirdiyi azanda “Həyya əla xeyril-əməl.” - deyirdi İslam. Bu gün, XXI əsrdə də eyni zərurətdən yaranır bu çağrı: Xeyir əməllərə tələsin, ey müsəlmanlar!
Tarix: 03.06.2013 / 20:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 330 Bölmə: Maraqlı melumatlar