Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vashinqtonlu Hesenin Kapitolide

Bismilləhir-Rahmənir-Rahim!

Mübarək Ramazan ayının düz ortasına çatdıq. İlahi ziyafətin yarısı geridə qaldı. Nə qədər bu günlərdə mənəvi imkanları bada verdik. Amma ümidimiz var. Çünki, irəlidə hələ ən azı 15 nurani gün fürsətimiz var. Bir günlər ki, bizləri özümüzə qaytara bilər. Bir günlər ki, bizlərin mahiyyətini qaranlıqdan işıqlığa çıxara bilər. Bir günlər ki, qəsavət basmış qəlbimizi yaxşıça təqva rəngi ilə cilalaya bilər.

Bu gün 2-ci İmamımızın – İmam Həsənin (ə) mövlududur. Hər bir Əhli-beytsevərə bu münasibətlə təbriklər deyirəm. Əziz İslam Peyğəmbəri buyurur: “Həsən məndəndir və mən ondanam. Hər kim onu sevsə, Allah onu sevər”. Allahım, şahid ol ki, Vətən insanımız Peyğəmbərindən olan, Zəhra və Əli balası olan İmam Həsəni (ə) sevir. Nədir hikməti bu sevginin ki, insanına Allah sevgisi gətirər? Əhli-beytə (ə) sevgi Allahın Qurandakı əmrini yerinə yetirməkdir. Bu sevgiyə sahib çıxan daxilən gözəllilkər və kamallarla uyğunluğa gələrək, müsbətə tərəf dəyişərək, Allahın sevgisini qazanmağa qədər ucalar. Allahım, bizi dünya və axirətdə Əhli-beytdən (ə) ayrı salma!

Təbərrük üçün 2-ci İmamın həyatından bir nurani səhifəni oxucuların xidmətinə təqdim edirəm. Bir gün İmam Həsən (ə) yerdə oturub qarşılarında olan tikə çörəkləri götürüb yeyən bir neçə yoxsulun yanından keçirdi. Onlar o Həzrətə təklif edib dedilər: “Ey Allah Peyğəmbərinin nəvəsi, buyurun bizimlə yemək yeyin”. Ravi (hədisi nəql edən, çatdıran) deyir: “Həzrət miniyindən düşüb dedi: “Allah təkəbbür sahiblərini sevmir”. Sonra onlarla yemək yeməyə başladı və sonda onların hamısı doydular və o Həzrətin bərəkətindən həmin çörəklərdən heç nə azalmadı. İmam Həsən (ə) sonra həmin yoxsulları özü qonaq çağırdı və onlara yemək və geyim verdi». Zaman dəyişsə də, fəzilət daşıyıcılarının əməlləri öz nümunəliliyini itirmir ki, artırır. Uca Allahdan hər birimizə bu qiymətli xəzinədən bəhrələnməyi nəsib etməsini diləyirəm.

Amma əfsuslar olsun ki, 2-ci İmamın (ə) mövludunu iman əhli nigaran halda qarşılayır. Anası Fatimeyi-Zəhranın (s.ə.) adına olan məscidin sökülmə təhlükəsinə görə mömin və möminələri bu mövluda bir şikayət dolu qəlblə daxil olurlar. Axı necə bu imanlı qəlblər sızlamasın ki, Sovetin də etmədyini bu gün biriləri etməyə cəsarət etmək istəyir...


*****


ABŞ-ın paytaxtı Vaşinqtonda Kapitoli təpəsində bu ayın sonunda Cümə namazı qılınacaq. Bu namazda 50 min müsəlmanın iştirakı edəcəyi gözlənilir. Ənənəvi olaraq Amerika prezidentlərinin inauqurasiya mərasimi keçirilən ərazi sentyabr ayının 25-də açıq səma altında böyük məscidə çevriləcək. ABŞ Konqresi, Linkoln memorialı və Vaşinqtonun abidəsi yerləşən Kapitoli binası qarşısında Cümə xütbəsi oxunacaq. “Minlərlə müsəlman – dərisinin rəngi, milliyəti və irqindən asılı olmayaraq bir məqsədlə - ibadət etmək və İslamın nümayiş etdirdiyi sülhə, gözəlliyə yönəlmiş vəhdəti təmsil etmək üçün Amerikanın Kapitoli binası qarşısına toplaşacaq”, - deyə Nyu-Cersi ştatının Dar-ul-İslam məscidinin rəsmi saytında bildirilib. “Bu, bir etiraz deyil. Müsəlmanlar heç bir zaman Kapitoli təpəsində Cümə namazı qılmayıb və bu Amerika tarixində İslamın yeni səhifəsi olacaq”, - deyə tədbirin təşkilatçısı, Dar-ul-İslam məscidinin rəhbəri Həsən Abdulla bildirib.

Xüsusi şərhə ehtiyac da yoxdur. Bu gün Vaşinqtonda Kapitoli təpəsində Cümə namazı qılan 50 min amerikalı və bu işin təşkilatçısı olan amerikalı Həsən yəqin ki, İslam Mədəniyyəti paytaxtı-2009 müsəlmanlarının nigaranlığını eşidərlərsə, böyük təəccüb hissi keçirərlər. Amma, deyəsən belə getsə, təəccüb hissinə yer qalmayacaq. Bu səbəbdən hər kəs əlindən gələni etməlidir ki, Vətənimizdə bu kimi məscidsökülmə xəbərlərindən nəinki təəcüblənək, hətta inamayaq, bunu keçmişın bir absurd anlaşılmamazlığı kimi xatırlayaq….


*****


Mübarək Ramazan ayının 15-ci gününün duasındakı nurani çalarlara nəzər salaq:

- Bizləri Sənə həqiqi təzim edib, itaət etməyə müvəffəq et, ey ilahlığa yeganə layiq Rəbbim!

- Bizləri yaxşı bəndələrin kimi tövbə etməklə qəlblərimizi işıqlandır, ey qaranlıq təhlükələrdə işığı ilə aman verən Rəbbim!

Amin!


Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof
İçərişəhər “Cümə” məscidinin imam-camaatı


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 198 Bölmə: Maraqlı melumatlar
loading...