4. MÜASİR YAZIÇI SAİB ƏBDÜL-HƏMİD
O, iraqlıdır. İrana gələrək uzun müddət tədqiqat apardıqdan sonra Allahın lütfü ilə məzhəbini dəyişərək Şiə məzhəbini qəbul etdi. O, kitabının bir hissəsində yazır: Mən, etiraf edirəm ki, Allahın mərhəməti üzərimdə olmasaydı, yəqin ki, nəfsim inad edərək məni yerə vuracaqdı. Aldanmağa az qalmışdım. Hətta bir dəfə başıma gəldi. Lakin Allah mənə kömək etdi və ağlım başıma gəldi. Gəmiyə minərək nicat tapdım və büllur kimi saf sudan içməyə başladım. İndi səninlə həmin güllərin bahar fəslində üzərimə saldıqları kölgəlikdən danışıram.
Dostlarım mənim bu vəziyyətimdən xəbərdar olub məni tənha qoydular. Onlar məndən üz döndərərək mənə zülm etdilər. Bir gün onların ən biliklisi olan bir dostum mənə dedi: “Sən nə etdiyini bilirsən?” Dedim: "Bəli, Məhəmməd Baqirin (ə), Zeynül-Abidinin (ə), behişt cavanlarının ağasının (ə), möminlərin ağasının (ə), dünya qadınlarının xanımı və Allahın son şərafətli elçisinin (ə) övladı olan İmam Cəfər Sadiqin (ə) məzhəbini qəbul etmişəm".
- Nə üçün bizi tərk etdin? Bilirsən ki, camaat bizim haqqımızda nələr deyirlər?
- Mən onlara yalnız Peyğəmbərin (s) sözünü deyərəm.
- Nə deyərsən?
- Deyərəm ki, Peyğəmbər (s) buyurmuşdur:
“Mən sizin aranızda bəzi şeyləri qoyub gedirəm. Hansı, ki, siz məndən sonra onlara tapınaraq yolunuzu azmazsınız. Onlar Allahın kitabı və itrətim - əhli-beytimdirlər”. Digər bir kəlamında isə Əhli-beyt (ə) haqqında buyurur: “Mənim Əhl-beytim nicat gəmisidir. Onlara tapınan bir kəs nicat tapar”.
Saib Əbdül-Həmid Əhli-beyti (ə) və Şiə məzhəbini müdafiə məqsədi ilə bir çox kitablar yazmışdır. Bu kimi kitablara aşağıdakıları misal göstərmək olar: “Mənhəcu fil-intimam əl-məzhəbi”, “İbn Teymiyyə, həyatuhu, əqaiduhu”, “Tarixül-İslam əs-səqafi vəs-siyasi”.
5. USTAD SALEH ƏL-VİRDANİ
Saleh əl-Virdani də davamlı mütaliə və araşdırmalar nəticəsində Şiə məzhəbinin haqq olduğunu başa düşmüş və Əhli-sünnə məzhəbini tərk edərək Şiə məzhəbinə tapınmışdır. O, heç bir qorxu hissi keçirmədən aşkar şəkildə şiə olduğunu etiraf və Misir xalqını bu məzhəbə qoşulmağa dəvət etdi.
O, “əl-Xudə`, rihləti minəs-sünnəti iləş-Şiə” kitabında yazır: “Əhli-sünnə məzhəbinə mənsub olduğum müddətdə insanları, mənim məzhəbimin ardıcıllarını rasionalizimə dəvət edir və ağıla üstünlük verilməsi prinsipini önə çəkirdim. Lakin öz xalqımın arasında nüfuz qazana bilmədim. Belə ki, hər tərəfdən özümə qarşı ittihamlar, haqqımda şayiələr eşitdim. Mən çox yaxşı bilirəm ki, ağıla lazımi yer verilməsi sabiq nəslin fikir və düşüncələrinə qərq olmaq deməkdir. Nəticədə insan həqiqəti aydınlaşdıracağı mümkün olmayan şəxsiyyətə malik olacaq. Аğıl vә tәdbir yоlunu sеçmәk, ağıla verilən üstünlük mənim Şiəliyə və Əhli-beytə (ə) təmayülümün və bu məzhəbi seçməyimin başlıca səbəbidir” .
6. USTAD MÖTƏSİM SEYİD ƏHMƏD SUDANİ
O, tarix və hədis elmlərində tədqiqatlar apararaq Şiə məzhəbinin haqq olduğunu anladı və öz məzhəbindən uzaqlaşaraq Şiə məzhəbini qəbul etdi. O, kitabını “Binuri Fatimə ihtədəytu" (Fatimənin nuru ilə hidayət oldum) adlandırmasının səbəbini belə açıqlayır: “Hər bir insan öz daxilində onu haqqa doğru hidayət edən bir nurun mövcudluğunu hiss edir. Lakin nəfsin meyli, istəkləri və gümana, hissə qapılmaq o nurun üstünü örtür. Elə buna görə də insanın xəbərdarlığa ehtiyacı var. Fatimə (ə) yuxarıda söhbət açdığım nurun əsası, özülüdür. Mən bu nuru daim öz daxilimdə hiss edirəm...” .
O, səhabələrin ədaləti nəzəriyyəsi haqqında yazır: “Səhabələrin ədalət nəzəriyyəsi Əhli-sünnə məzhəbinin Əhli-beytin (ə) məsumluğu qarşısında quraşdırdığı nəzəriyyədir. Bu iki nəzəriyyə arasında böyük və aydın bir fərq vardır. Əhli-beytin məsumluğu Quranın irəli sürdüyü bir həqiqətdir. Hansı ki, Peyğəmbər (s) də təkidlə bunun üzərində dayanmış və real həyatda da öz əksini tapmışdır. Lakin səhabənin ədaləti nəzəriyyəsi Qurana qarşıdır. Hansı ki, Peyğəmbər (s) də açıqca buna qarşı çıxmış və onun əksini buyurmuşdur. Bu səhabələrin özünün Peyğəmbər (s) dönəmində və ondan sonra ortaya atdıqları bidətlərin təkrarlanmasıdır” .
O, kitabın digər hissəsində yazır: “Mən öz daxilimdə elə bir şey hiss edirəm ki, onu vəsf etmək iqtidarında deyiləm. Lakin hiss etdiklərimi sözlərlə belə ifadə edə bilərəm. Mən Əhli-beytin (ə) vilayətinə tapındığım üçün hər gün Allaha daha çox yaxınlaşdığımı hiss edirəm. Onların kəlamları, buyurduqları haqda fikirləşdikdə din haqqında biliyim, elmim daha da dərinləşir, çoxalır. Mənim qənaətimə görə əgər Şiə məzhəbi olmasaydı həqiqi İsalmdan xəbər-ətər qalmazdı. Mən Əhli-beytin (ə) buyurduqlarına əməl etdikdə, o tapşırıqları öz davranışıma tətbiq etdikdə, imanın ləzzətini, yəqinin həzzini duyuram. Əhli-beyt (ə) yolu ilə günümüzə qədər gəlib çatan və heç bir məzhəbdə tapılmayan dua və münacatları oxuduqda münacatın, Pərvərdigarımla raz-niyazın həzzini duyuram” .
7. MƏŞHUR VƏKİL DƏMİRDAŞ MİSİRLİ
O, Misirin görkəmli və məşhur şəxsiyyətlərindəndir. Uzun illərdir vəkil kimi fəaliyyət göstərir. Bir fiqhi məsələ üzərində müqayisəli tədqiqat apararkən Şiə alimlərinin əsaslarının digər məzhəblərə nisbətdə daha güclü və yetərli olduğunu görür. Həmin məsələ onun ürəyində Şiəlik qığılcımlarını işıqlandırır. Belə ki, maraqlı bir hadisə onun müqəddəratını tamamilə dəyişir və o, Şiə olmaq iftixarına nail olur. Ərəbistana gələn iranlı hacılar özləri ilə birgə təqribən iyirmi bağlamadan çox etiqadi kitab gətirirmişlər. Bütün kitablar dövlət məmurları tərəfindən müsadirə olunur. Şah dönəmində İranın Ərəbistandakı səlahiyyətli səfiri bu məsələni Ərəbistan kralı ilə müzakirə edir. Kral öz növbəsində Ərəbistan daxili işlər nazirinə məsələyə ciddi baxılmasını tapşırır. Daxili işlər naziri bütün kitablara baxış keçirilməsini və təhlükəsiz olduğu təqdirdə sahibinə qaytarılması haqqında əmr verir. Bu hadisələrin baş verdiyi zaman Dəmirdaş Hicazdaymış. Ondan, saxlanılan kitablara baxış keçirməsini və sonda öz qanuni fikrini açıqlamasını xahiş edirlər. O, bu kitabları oxuyarkən Şiə məzhəbinin haqq olduğunu anlayır və həmin vaxtdan başlayaraq Əhli-beyt (ə) yoluna qədəm qoyur .
8. ƏLLAMƏ DOKTOR MƏHƏMMƏDHƏSƏN ŞƏHATƏ
O, “əl-Əhzər” universitetinin sabiq müəllimidir. Davamlı araşdırmalar nəticəsində Şiə məzhəbinin haqq olduğunu anlamışdır. O, İrana səfər edərkən “Əhvaz” əhalisi ilə görüş zamanı deyir: “İmam Hüseynə (ə) olan eşqim, malik olduğum bütün nüfuz və karyeramdan əl çəkməyimə səbəb oldu”.
Sözlərinin digər bir hissəsində deyir:
“Əgər məndən İmam Hüseyni (ə) şərqdə, yoxsa qərbdə axtarmaq lazım olduğunu soruşsalar, mən: “İmam Hüseyni (ə) mənim qəlbimin ənginliklərində axtarın” - deyə cavab verərəm. Allah-tәala mənə İmam Hüseyni (ə) tanımağı nəsib etmişdir... 50 ildir ki, Əliyə (ə) bağlanmışam və uzun illərdir ki, Əlinin (ə) vilayəti ətrafında təvaf etdiyimi görürəm”.
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 292 Bölmə: Maraqlı melumatlar