Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsanın özüne Deyer Vermesi

İnsanın özünə dəyər verməsi, əməllərini özü-özlüyündə qiymətləndirməsi çox mühüm məsələdir. Təbii ki, özünə dəyər vermək mənasında söhbət lovğalıqdan, təkəbbürdən deyil, insanın öz səviyyəsini insanlıqda, elmdə, cəmiyyət içərisində və s. başa düşə bilmək qabiliyyətindən gedir. Bunu etmək üçün Allah-Təala insana şüur, dərrakə kimi nemət bəxş etmişdir. Təəssüf ki, bu nemətdən lazımınca yararlana bilməyən insanlar da mövcuddur. Bəziləri təkəbbür və lovğalıq üzündən, digər bəziləri bilməyərəkdən bunun fərqinə varmırlar, bununla da cəmiyyət içərisində özlərinə yer tapa bilmirlər. Bu halda lovğa və təkəbbürlü insanlar özlərini cəmiyyətdə daha üstün hesab etdiklərindən bu cəmiyyətdən daha yaxşısına layiq olduqlarını düşünürlər. Bu tip insanlar isə axirətini bu dünyasına satan insanlar kimi olurlar. Hz. Əli (ə.) bu barədə buyurur: “Axirətini bu dünyasına satan şəxs onların hər ikisini əldən vermişdir”. Amma bu məsələnin bilməyərəkdən fərqinə varmayan insanlar cəmiyyət içərisində bir başqa cür özlərinə yer tapa bilmir, narahat olur. Göründüyü kimi, hər iki hal üçün oxşar cəhət belə insanların cəmiyyət içərisində əziyyət çəkmələridir. Fərq isə hansı yolla bu problemin meydana gəlməsindədir. Çox qəribə bir haldır ki, belə hallar İslamı yaşayan insanlarda da (söhbət ümumiyyətlə müsəlmanlardan getmir, İslam qaydalarına riayət edən və ya etməyə çalışan müsəlmanlardan gedir) çox rastlanır. Lovğa insanların İslam qaydalarıa riayətindən şəkk vardır, çünki, təkəbbürlülük İslamdan deyildir. Odur ki, müzakirə obyekti məlumatsızlıq ucbatından özünüdəyərləndirmə prinsipinə etinasız yanaşan və İslam qayda-qanunlarını dərk edərəkdən onlara əməl edən və ya belə deyək ki, əməl etməyə çalışan insanlardan gedir.
İslamda özünüdərketmkə və qiymətləndirmə prinsipinin əsas hissəsi insanın öz nəfsini idarə edə bilməsidir. Nəfslə mübarizə aparmaq müsəlman üçün çox mühüm əhəmiyyət kəsb edən bir məsələdir. Özünü dərk edən və həyat kimi neməti dəyərləndirən insanlar hər vaxt öz nəfsləri ilə mübarizədə olurlar. Qalib gəlmək asan məsələ olmasa da, nəfslə mübarizə ən böyük cihad hesab olunur. Hədislərdən birində buyrulur ki, Peyğəmbər (s.ə.a.s.) döyüşlərdən birindən qayıdan əshabına belə dedi: “Əhsən sizə, kiçik cihadın öhdəsindən gəlməkdə müvəffəq oldunuz. Daha böyük cihadda da qalib olmanızı istəyirəm.” Soruşuldu ki, “Ey Allahın Rəsulu, bundan da böyük hansı cihad olsun ki?!” Peyğəmbər (s.ə.a.s.) buyurdu: “Öz nəfsinizə qarşı edəcəyiniz cihad!” Demək ki, insanın öz nəfsi ilə mübarizədə qalib çıxması onun həm də Axirətini hər an xatırlamasıdır, çünki cihadın bu növü də Allaha xatirdir və müsəlman üçün vacibdir. İnsanın özünü dəyərləndirə bilməsi məsələsi birbaşa onun nəfsi ilə ünsiyyətindən irəli gəlir. Müsəlmanlar arasında bəziləri bu məsələdə etinasız olduqlarından İslamın namaz, oruc və s. kimi vacib rüknlərinə əməl etsələr də, nəfslə mübarizədə süstlük göstərirlər, həyata keçirdikləri hər növ ibadətin şirinliyini, fəzilətini aradan aparırlar. Unutmaq olmaz ki, Allahın insana bəxş etdiyi nemətlər müqabilində Ona edilən ibadət və itaətə Onun heç ehtiyacı da yoxdur. Allah-Təala ilə ünsiyyətdə, Onun dediklərinə əməl etməkdə və nəfsin idarə edilməsində hər növ ziyan da insan üçündür, xeyir də insan üçündür.
Cəmiyyətdə tez-tez belə bir fikirlə rastlaşmaq olar: “Namaz qılmıram, onsuz da o qədər günahım var ki, Allah məni bağışlamaz!” Əslində yazının əsas mövzusu məhz elə bu fikirdir. Yazını oxuyan oxucu elə düşünməsin ki, söhbət namazdan gedir. Bəli, namaz da vacibdir, amma namaz bu yazının mövzusu deyil, buradan əsas məqsəd insanların Allah-Təala barəsində yanlış düşüncələridir. Məhz bu səbəbdən də, bir çoxları namazdan da yayınır, nəfsini idarə etməkdən də vaz keçir (halbuki, istəsə asanlıqa hər şeyi yoluna qoya bilər!). Amma əgər o insan Allah rəhmətinin genişliyindən xəbərdar olsa, elə deməz. Qurani-Kərimdə Allahın rəhmli və rəhman olduğu elə ilk surədən və ilk ayədən də bəllidir: “Mərhəmətli, rəhmli Allahın adı ilə!” (Əl-Fatihə, 1). Davamlı olaraq da bu ayələri görmək olar: “...O rəhmlidir, mərhəmətlidir.” (Əl-Bəqərə, 163); “...şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir.” (Əl-Bəqərə, 192). Bu sözlər Quranda başdan-başa insana xatırladılır. Onun bağışlamayacağı hansı fikirlə deyilir, nəyə əsasən deyilir?! Yoxsa, insanın günahı o insanı yaradan Allahın rəhmətindən daha genişdirmi?! Təbii ki, bütün bunlar insanı günah etməyə çəkməməlidir ki, “onsuz da Allah bağışlayandırsa, bağışlayacaq da!”. Allah rəhmli və rəhman olmaqla yanaşı həm də ədalətlidir və ədaləti də bu mənada özünü onda göstərir ki, hər vaxt bilmədən etdiyinə görə bağışlanma diləyən insanın üzrxahlığını qəbul edir. Allah hər vaxt tövbələri qəbul edən Allahdır: “Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm.” (Əl-Bəqərə, 160). Bu fikir qarşısında ifrata varmaq olmaz. Çünki, dəfələrlə nəfsinin qurbanı olan insanlarla qarşılaşmaq olar ki, özünə etdiyi zülmü (insanın nəfsinə tabe olub günah əməl etməsi əslində özünə zülm etməsidir, Qurani-Kərimin Ən-Nisa surəsinin 40-cı ayəsində belə buyurur: “Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu (onun savabını) ikiqat artırar və öz tərəfindən də (bu əməlin sahibinə) böyük mükafat verər!”) belə dəyərləndirir: “Qurban olum Allaha, keçər də günahımdan...”. Artıq bu, Allahın ədalətinə ziddir, çünki, O demir ki, günah olduğunu bilərəkdən davamlı günah et, Mən də səni bağışlayım. Hər pis əməli sona yetirmək və ondan tövbə etmək gərəkdir. Bu halda Allah-Təala bağışlayacağına zəmanət verir və Quranda bunu dəfələrlə qeyd edir.
Ümumiyyətlə, ibadət dedikdə, yalnız namaz və oruc başa düşülmür. İslamda yaxşı niyyətə dayaqlanan, Allaha xatir edilən hər bir əməl Allaha ibadətin bir növüdür. Məsələn, ailəli olan bir şəxs səhər işə gedir ki, ailəsi üçün dolanışıq yaratsın. Bu məsələ iki niyyətdə ola bilir: birincisi budur ki, evdəkilərin qınaq mənbəyi olmasın deyə, bezir bu adam və naəlac qalıb ailəsinə bir tikə qazanır ki, təki qulağı danlaq eşitməsin, bu sadəcə nadan bir insanın tutduğu mövqedir; ikincisi budur ki, ailəsinə sahib çıxmaq İslamda vacibdir fikrini dərk edən insan hətta öz ailəsinə etdiyi yaxşılığı belə Allaha xatir niyyəti ilə həyata keçirir və bunun özü də bir ibadətdir. Başqa bir misala baxaq: öz xanımından bir stəkan su istəyən həyat yoldaşına xanımının iki tipli reaksiyası ola bilər. Birincisi budur ki, xanım qorxusundan və ya hər hansı bir sonrakı istəyində yoldaşının HƏ-sini almaq üçün su gətirsin, hansı ki, bu sadəcə ailə daxili münaqişənin yaranmasının qarşısını almaqdan başqa bir işə yarımaz; ikincisi də budur ki, İslamda xanımın öz həyat yoldaşına tabeçiliyinin vacibliyini dərk edən xanım Allaha xatir bunu edir, bunun özü bir ibadət hesab edilir. Bu tipli misallar çoxdur. İnsanın Allaha xatir niyyətlə etdiyi hər bir yaxşı əməli Allah dərgahında özünəməxsus tərzdə ibadət hesab olunur və bu da insanın özü üçündür. Bu mənada Allahın insana bəxş etdiyi şəraitə baxın ki, insan bu dünyada yaxşı bir iş tutur, öz işini ərsəyə gətirir, Allahın buna ehtiyacı yoxdur ki... Yəni, insan bunu Allaha xatir etsə də, xeyri bu dünyada da özünündür, Axirəti də ona gözəl şəkildə vəd edilir. Demək, hər iki dünya üçün qazanan insan olur. Bu halda niyə də bu əməllərin sayını artırıb həm bu dünyamızı və həm də Axirətimizi nura qərq etməyək? Bunun müqabilində ki, Allah-Təala bizdən Ona ibadət və itaətdən başqa bir şey istəmir ki...
Əziz müsəlmanlar! Gəlin Allahın bizə bəxş etdiyi ağıl kimi nemətin qədrini bilək və onu nəfsimizə tabe etməyək! Hər bir müsəlmanı (özüm də daxil olmaqla!) nəfslə mübarizədə möhkəm olmağa, gördüyümüz hər bir yaxşı işi Allaha xatir niyyəti ilə etməyə çağırıram. Allahdan etdiyiniz hər bir yaxşı əməlin ibadət hesab edilməsini və bağışlanmağınızı arzu edirəm.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 195 Bölmə: Maraqlı melumatlar
loading...