Sözə necə başlasam...
Necə xitab etsəm ki, Ona?!
Ey gül üzlü...Yox gül Onun gözəlliyini ifadə etməkdə aciz olar. Çünki gül gözəlliyini ondan alıb.
Ey xoş sözlü...Yox sözün xoş olması sözü Onun işlətdiyi səbəbilədi
Ey...
Sənə O xitab etmişkəm, mən Sənə hansı sözlə, necə xitab edim ki?!
Sənə layiq olan Onun etdiyi xitabdır.
Səni O tərifləmişkən, mən Səni necə tərif edim ki?!
Sənin layiq olduğun tərif Onun tərifidir.
Mən acizəm Sənə gözəl söz deməkdən və xitab etməkdən...Çünki gözəlliyin səbəbi Sənsən...
Və mən Sənə sadəcə RəsulAllah deyə xitab edəcəm.
Mən, Ya RəsulAllah, özünü Sənin ümmətindən hesab edən günahkar biriyəm.
Bu günahkar dilimlə Səni çağırdığım üçün məni bağışla...
Bu günahkar halımla Səni andığım üçün məni bağışla...
Amma Ya RəsulAllah mən Səni çox se...
Yox mən bu cümləni tamamlaya bilmərəm.
Sevən Sevdiyinin dediyini dinləyər. Mən necə Səni sevdiyimi deyim ki, sözümlə əməlim bir deyil. Mən Sənin sözünə qulaq asmıram...
Sevən sevdiyinə bənzəməyə çalışar. Mən necə səni sevdiyimi deyim ki, Sənə bənzəməyə çalışmaq bir yana Səni tanımağa belə çalışmıram...
Həm də Ya RəsulAllah, Səni O sevmişkən, mən Səni sevdiyimi necə söyləyim?!
Sənin layiq olduğun sevgi Onun sevgisidir.
Ya RəsulAllah, Səninlə məni eyni cümlədə işlətdiyim üçün də məni bağışla...Çünki Sən Onunla bir cümlədə olmağa layiqsən.
Sənə şikayətim var, Ya RəsulAllah...Sənə özümdən şikayətim var.
Ya RəsulAllah, kim bilir Səni nə qədər incitmişəm..
Kim bilir, mənim kimi günahkar biriyçün mə qədər dua etmisən...
Kim bilir, mənim günahlarım üzündən nə qədər ağlamısan..
Mən insan ola bilmədim, Ya RəsulAllah...
Mən Səni sevmək iddiasında olub, Sənin yolunu getmək iddiasında olub nəfsimi sevdim və onun yolunu tutdum...
Mən insan ola bilmədim, Ya RəsulAllah...
Mən dedim, Sən Peyğəmbərsən amma dediyini etmədim.
Mən dedim Sən doğru danışansan, amma sözünə inanmadım.
Mən dedim Sən nümunəsən, amma bənzəməyə çalışmadım.
Çox söz eşitdim Sənin barəndə amma heyf qulağımdan o yana keçmədi...
Danışdım barəndə dilimdən o yana keçmədi...
Səni sadəcə sözdə tanıdım, sözdə sevdim Ya RəsulAllah.
Mən Sənə xəyanət etdim Ya RəsulAllah...
Mən insan ola bilmədim, Ya RəsulAllah...
Başqasının səhvini axtarmaqdan öz səhvlərimi unutdum...Oysa bu insana layiq olmamalıydı...
Mən insan ola bilmədim, Ya RəsulAllah...
İnsan deyə O, Səni yaratmışkən, mən kim insan olmaq kim, Ya RəsulAllah...
Tarix: 07.06.2013 / 20:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 157 Bölmə: Maraqlı melumatlar