Hədis belədir: "Mən sizə elə bir şeyi qoyub gedirəm ki, siz onlardan tutunsanız məndən sonra heç vaxt yolunuzu azmazsınız: Allahın kitabı və əhli beytim".
(Camiut Tirmizi: Kitabul mənaqib. Bab, mənaqibi əhlul beyt, 3786. Hədisin sənədində Zeyd əl-Ənmati adlı rəvayətçi vardır. O daim rəvayət etdiyi hədislərlə özündən daha etibarlı sayılan rəvayətçilərə müxalif olur (ərəb. münkərul hədis). Bu hədis müxtəlif ifadələr və rəvayət qolları ilə nəql olunur. Lakin hər bir rəvayət qolunda zəiflik vardır.)
Onlar bu hədisi hər bir möminin Peyğəmbərin (s.a.v) əhli beytinin davamçısı olmasına sübut kimi göstərir və sonra deyirlər ki: "Əgər onların davamçısı olmaq vacibdirsə, demək Peyğəmbərdən (s.a.v) sonra rəhbər onlar olmalıdır".
Bu iddiaya isə bir neçə yöndən cavab vermək olar:
Birinci:
Hədisin Peyğəmbərdən (s.a.v) doğru yolla nəql olunması barədə söz-söhbət vardır. Muslimin "Səhih" əsərində qeyd olunan rəvayətə əsasən tövsiyə Allahın kitabından tutunmaq, Peyğəmbərin (s.a.v) əhli beytinə xoş davranmaq barədə olmuşdur. Bu haqda artıq Zeyd ibn Ərqəmin Muslimin "Səhih"indən nəql olunan hədisi qeyd olunmuşdur. Rəvayətdə deyilir: "Peyğəmbər (s.a.v) Allahın kitabı haqqında danışıb, insanları ona rəğbətləndirdi və sonra dedi: "(İkinci tövsiyəm) Əhli beytimdir. Allahın adı ilə əhli beytimi sizə xatırladıram. Allahın adı ilə əhli beytimi sizə xatırladıram. Allahın adı ilə əhli beytimi sizə xatırladıram". Peyğəmbər (s.a.v) Allahın kitabından tutunmağı əmr etmiş, əhli beytinə qarşı nəvaziş göstərməyi, Allahın onlara verdiyi hüququ onlara çatdırmağı əmr etmişdir.(Qədr-Xum hədisi haqqında yazılanlara bax.)
Muslimin "Səhih" əsərində Cabirdən (r.a) belə nəql olunur ki, Peyğəmbər (s.a.v) vida həccində xütbə verərkən demişdi: "Mən sizə bir şeyi, Allahın kitabını tərk edib gedirəm, siz ondan tutunsanız məndən sonra heç vaxt yolunuzu azmazsınız". (Səhihi Müslim: Kitabul Həcc, 1218.)
Burada Peyğəmbər (s.a.v) Allahın kitabına sarılan insanın haqq yoldan azmayacağını demiş, amma əhli beytini qeyd etməmişdir.
İkinci:
Peyğəmbərin (s.a.v) əhli beyti kimlərdir:
İnsanın əhli beyti onun ailəsidir. Zəkat yemək haram edilənlər Peyğəmbərin (s.a.v) əhli beytindən sayılırlar. Beləliklə onun əhli beyti Bənu Haşim nəslidir. İndi isə baxaq görək bu insanları örnək tutmağa kimlər daha layiqdirlər?
Özlərini "seyid" adlandıranların Peyğəmbərə (s.a.v) qədər gedib çatan sənədləri yoxdur. Onlar özləri də etiraf edirlər ki, onların kitablarının və rəvayətlərinin nəqli sənədlərə əsaslanmır. Sadəcə olaraq onlar kitablar tapmış və demişlər: "Bunlar hamısı haqqdır, onları rəvayət edin".(Kuleyni deyir: Məhəmməd ibn əl-Həsən demişdir: Mən Əbu Cəfər əs-Səniyə dedim: Sənə fəda olum, bizim şeyxlərimiz Əbu Cəfərdən və Əbu Abdullahdan (hər ikisinə Allahın salamı olsun) rəvayət etmişlər. O zamanlar təqiyyə güclü olduğundan (təhlükədən qorxub özlərini biruzə vermədikləri üçün) öz kitablarını gizlətmişlər və heç kəs onların bu kitablarını rəvayət etməmişdir. Onlar öldükdən sonra onların kitabları bizim əlimizə keçmişdir, indi biz nə edək? O dedi: Rəvayət edin, onun hamısı haqqdır. Bax, əl-Kafi: 1, 53.)
Onların rəvayət sənədlərinə gəlincə, bu haqda onların əl-Hurr əl-Amili və digər alimləri özləri deyirlər ki, bu məzhəbinin əsla rəvayət sənədləri yoxdur. Onlar sənədlərə arxalanmırlar.
(Xatimətul Vəsail, əl-faidətut təsiə. Adı gedən kitabda İsnə Aşəriyyə məzhəbinin, sənədlərə əsaslanaraq rəvayətləri səhih etmək üçün heç bir sənədi olmadığını açıqlayır və bildirir ki, sənəd məsələsi ortaya atılmış yeni məsələdir.)
Belə olduğu halda necə deyə bilərlər ki, onların rəvayətləri Peyğəmbərin (s.a.v) əhli beytindən səhih yolla nəql olunmuşdur? Əslində Peyğəmbərin (s.a.v) əhli beytinin davamçıları biz sayılırıq. Biz Peyğəmbərin (s.a.v) , "Məni, xaçpərəstlərin Məryəm oğlu İsanı ucaltdıqları kimi ucaltmayın. Sadəcə olaraq mənə, Allahın qulu və elçisi, deyin"(Səhih əl-Buxari: Kitabu əhadis əl-ənbiya. Bab, qovlullahi təala: "vəzkuru fil kitabi Məryəmə".) – sözlərini əsas tutaraq nə çox, nə də az, onların haqqını layiqincə vermişik.
Üçüncü:
Əhli beytin başçısı və alimi Əli ibn Əbu Talibdən (r.a) sonra güclü elm sahibi sayılan ümmətin alimi Abdullah ibn Abbas, Əbu Bəkr və Ömərin Əlidən öncə imam (müsəlmanların rəhbəri) olduqlarını təsdiq edir. Hətta Əli ibn Əbu Talibin özündən mütəvatir (çoxlu) yollarla, Peyğəmbərdən (s.a.v) sonra ən əfzəl insanların Əbu Bəkr və Ömər olduğu nəql olunmuşdur.(Səhih əl-Buxari: Kitabu fədailus əshabə. Bab, qovlun nəbiyy lov kuntu muttəxizən xəlilən, 3671.)
Hətta onların mötəbər saydıqları rəvayətlərə əsasən Əli (r.a) demişdir: "Mənim sizin üçün vəzir olmağım, əmir (rəhbər) olmağımdan daha xeyirlidir".(Nəhcul Bəlağə: Səh, 95, xütbə 92.)
Demək əhli beytin imamı Əli (r.a) hər iki şeyxin yəni, Əbu Bəkr və Ömərin daha əfzəl olmalarını etiraf edir.
Dördüncü:
Bu hədis Peyğəmbərin (s.a.v) bu sözləri ilə eynidir: "Mən sizin üçün elə bir şey qoyub gedirəm ki, ondan tutunsanız heç vaxt haqq yoldan azmazsınız; Allahın kitabı və mənim sünnəm".
(Müstədrəkul Hakim: 1, 92.)
Həmçinin Peyğəmbər (s.a.v) digər bir hədisdə buyurur: "Mənim sünnəmə və məndən sonra gələcək raşidi xəlifələrin sünnəsinə sarılın və ondan azı dişlərinizlə tutunun".
(Sünəni Əbu Davud. Kitabus sünnə. Bab, luzumus sünnə, 4607. Camiut Tirmizi: Kitabul elm. Bab, mə caə fil əxzi bis sünnə, 2676.)
Başqa bir rəvayətə əsasən belə demişdir: "Məndən sonra gələcək iki nəfərin, Əbu Bəkr və Ömərin arxasınca gedin".
( Camiut Tirmizi: Kitabul mənaqib. Bab, mənaqibi Əbi Bəkr və Ömər, 2663. Sünəni İbn Macə: Müqəddimə. Bab, fədailu əshabin nəbiyy (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), 86.)
Həmçinin Peyğəmbər (s.a.v) demişdir: "Ammarın tutduğu yolla gedin və İbn Məsudun əhdinə bel bağlayın".
(Camiut Tirmizi: Kitabul mənaqib. Bab, mənaqibi Abdullah ibn Məsud, 2805.)
Peyğəmbərin (s.a.v) əshabələr haqqında dediyi bu sözlər onların rəhbər olmalarına dəlalət etmir. Bu yalnız onların Peyğəmbərin (s.a.v) tutduğu haqq yolda olduqlarını bildirir.
Tarix: 03.05.2013 / 19:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 199 Bölmə: Maraqlı melumatlar