Ya əminlik və qətiyyətlə, ya da çaşqın və şübhəli cavabını düşün! Uca Allah sənə səbat ehsan etmişsə, o iki mələyin sevinclə sənə yönəldiklərini, Cəhənnəmə qapı açmaq üçün qəbirin yanlarına vurduqlarını da düşün! Sonra Cəhənnəmin atəşindən qızındığını, o anda mələklərin səninlə danışmaqlarını göz önünə ğətir. Allahın səni qoruduğu bu acı mənzərəyə baxırsan. Aciz və zəifliyinə baxmayaraq necə bir atəşdən xilas olduğunu öz gözlərinlə görüb inanarsan. Buna görə qəlbin sevinc və nəşə ilə dolar.
Sonra o iki mələk qabrinə yenidən vurduqdan sonra məzarının zinət və nemətlərlə dolu Cənnətə açıldığını və mələklərin bu sözlərini təxəyyül et: “ Ey Allahın qulu! Allahın sənin üçün hazırladıqlarına bax! Bu, sənin məqamın və qovuşacağın yerindir!” Bu Cənnət nemətlərini, ordakı səltənətini və bütün bu parlaq gözəlliklərə bir gün qovuşacağını hiss edərkən könlünü dolduran sevinci düşün!
Əgər elə deyilsənsə, bütün bunların əksini: təhqir olunacağını, Cənnət ğöstərilərkən mələklərin sənə “Əziz və Cəlil olan Allahın səni məhrum etdiyinə bax!”dediyini, Cəhənnəmi görərkən isə “Allahın sənin üçün hazırladığına bax! Bu sənin yurdun və qovuşacaq yerindir!” sözlərini bir düşün. Bu nə böyük və dəhşətli bir təhlükədir!
Bu iki haldan hansının qəbirdə sənin vəziyyətin olacağını öyrənənədək dünyada sənə çox böyük qəm və üzüntü vardır. Sonra yoxluq və imtahan! Ən nəhayət sənin də nəfəsin kəsiləcək torpağın altında vücudun çürüyəcək, sümüklərin belə məhv olacaq. Fəqət ölüm mələyinin verdiyi müjdənin hüzün və sevinci ruhundan heç getməyəcək. Canın durmadan yenidən diriləcəyin zaman qarşılaşacağın ya Allahın qəzab və əzabını, ya da Onun riza və mükafatını gözləyəcəkdir.
Sən bunu gözlərkən ruhun Cənnətdəki məqamına və ya Cəhənnəmdəki yerinə ərz ediləcəkdir.
Ruhunun həsrət və üzüntüləri, ya da həzz və sevinci çox böyük olacaqdır. Nəhayət ölülərin gözləmə müddəti bitəcək. Yer və göy sakinlərsiz qalacaq. Bir zamanlar canlı və hərəkətli olan hər şey donacaq. Artıq nə eşidilən bir səs, nə də görülən bir qaraltı olacaqdır. Sadəcə O Ən Uca Cabbar olan Allah-Təala qalacaqdır. Eynən əzəmət və ucalığı ilə tək və yalqız olduğu kimi!
CƏNNƏT VƏ CƏHƏNNƏM
İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.
Onlardan öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu (ne’mətlər) Rəbbindən qorxanlar üçündür!
(əl-Bəyyinə,7-8)
Dünya bir tarla, məhşər bir xarman, Cənnət və Cəhənnəm isə anbardır sanki. Dünyada yaxşılıq və pislik, çirkinlik və gözəllik, faydalı və zərərli insanlar birgə ömür sürürlər. Axirətdə bunlar bir-birindən tamamilə ayrılacaqlar. Bütün yaxşılıqlar, gözəlliklər, faydalı və xeyirli insanlar Cənnətə toplanacaq. Hər cür pisliklər, çirkinliklər, zərərli və xeyirsiz insanlar isə Cəhənnəmə toplanacaq. Cənnət dünyadakı yaxşılıq və gözəlliklərin, Cəhənnəm isə pislik və çirkinliklərin meyvəsidir. İnsan dünyada nəyi əkərsə, Axirətdə də onu biçəcəkdir. Yetişdirdiyi meyvələri dərəcəkdir.
Cənnət Allahın sevdiyi xeyirli qulları üçün hazırladığı sonsuz bir mükafat yurdudur. Qulaqların eşitmədiyi, gözlərin görmədiyi, ağla gəlməyən, xəyal belə edilməyən nemətlərlə doludur. Dünyanın minlərlə il sürən xoşbəxt həyatı Cənnət həyatının bir anına belə dəyməz. Cənnətin açarı isə imandır. İmanı olduğu halda qulluq vəzifəsində günah edən, insanlara pislik edən kəslər Cəhənnəmdə cəzalarını çəktikdən sonra Cənnətə girəcəklər. Cənnət göyləri və Yeri əhatə edəcək qədər genişdir. İçində növbənöv çaylar axar. Cənnət zümrüd kimi yaşıllıqlarla dolu bağçalardan əmələ gəlmişdir. Köşkləri inci, yaqut və mərcanlardan inşa edilmişdir. Cənnətliklər əbədiyyən gənc, dinc və sağlam olaraq nemətlər içində üzəcəklər. Ürəkləri istəyən hər şeyə nail olacaqlar.
Cəhənnəm inkarçı, pis, zalım və əxlaqsız insanların atılacaqları bir cəza evidir. Qurani-Kərimdə Cəhənnəm yandırıb taxdığı insanlar və daşlar olan bir atəş dəryası olaraq tanıdılır. Əslində Allaha və Axirət gününə inanmayan kafirlər üçün hazırlanmışdır. Onlar əbədi olaraq Cəhənnəmdə qalacaqlar. Ancaq inandığı halda nəfsinə qalib gələ bilməyən və günah sahibi olan insanlar da cəzalarını çəkənə qədər burada qalacaqlar. Cənnət və Cəhənnəmin varlığı İlahi ədalətin gərəyidir. Naqis insanların cəzalandırılmaması xeyirli insanlara zülümdür.
Allah heç bir bəndəsini cəzalandırmaq istəməz. Ona görə də insanlara günahlardan əl çəkib xeyir əməllər etmələri üçün xəbərdarlıq edib. Günahlarına görə isə tezliklə tövbə etməyə çağırıb.
AXİRƏT GÜNÜNƏ NİYƏ İNANIRIQ?
Ayələrimizi inkar edənləri oda (Cəhənnəmə) atacağıq. Onların dəriləri bişdikcə, əzabı (həmişə) dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik. Əlbəttə, Allah yenilməz qüvvət, hikmət sahibidir!
???? 56
Onlar Allaha, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər.
???-????? 114
Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz ne’məti orada tezliklə verərik. Sonra isə (axirətdə) ona Cəhənnəmi məskən edərik. O, (Cəhənnəmə) qınanmış, (Allahın mərhəmətindən) qovulmuş bir vəziyyətdə daxil olar!
Mö’min olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar.
???? 18-19
Öldükdən sonra dirilib hesab verməyə inanmaq imanın bir şərtidir. Axirətə inanmayan kimsə müsəlman ola bilməz. Gecədən sonra səhərin, qışdan sonra baharın gəlməsi nə qədər mütləqdirsə, öldükdən sonra diriliş də o qədər mütləqdir. Hər şey axirətin varlığını gərəkli edir. Allahın varlığını qəbul edib axirəti inkar etmək, Günəşi qəbul edib işığını inkar etmək qədər ağılsızlıqdır. Çünki Allah insanları təkrar dirildib hesaba çəkəcəyinə söz vermişdir. Bunu göndərdiyi bütün peyğəmbərlər və müqəddəs kitablar vasitəsilə bildirmişdir. Allahın sözündən dönməsi mümkündür mü?
Allah hikmət sahibidir. Hər şeyi zamanında və yerində edər. Boş və anlamı olmayan bir iş görməsi düşünülə bilməz. Bu boyda kainatı və mükəmməl insanı yaradıb, sonunda da onları büs-bütün yox etməsi çox mənasız olardı.
Bir bağban böyük əmək və qayğı ilə yetişdirdiyi bağçasını yandırıb yox edərmi? Meyvələrini çuxurlara doldurub çürüməsinə yol verərmi? “Xeyr” deyəcəksiniz. Elə isə Allah da bu kainatı daha gözəl və əbədi olaraq yaşaması üçün Axirəti gətirəcək. Bir əkinçi çürüyüb yox olsun deyə toxumu torpağa səpməz. Kök atıb boy versin deyə tarlaya əkər. İnsan da ölüb torpağa basdırılar. Fəqət çürüyüb yox olmaq üçün deyil, Axirətə - yeni və sonsuz bir həyata gözünü açmaq üçün.
Ölüm bizim üçün ikinci bir doğuşdur. Allah anamızın bətnində-qaranlıq bir dünyada bizi doqquz ay bəsləyib inkişaf etdirdi. Dünyada yaşamağımız üçün hər cur əzalarla – baş, əl, ayaq, orqanlarla və s. təmin etdi. Ondan sonra da doğumla bizi dünyaya göndərdi. Ölümlə ikinci dəfə bir də doğulacağıq. Ana bətnindən dünyaya göndərən Allah, dünyadan da Axirətə göndərəcək. Dünyadakı halımız yumurtadakı cücənin halına bənzəyər. Ölümlə yumurtanın qabığını çatladar, tamamilə ayrı və sonsuz bir həyata gözümüzü açarıq.
Hər ölkədə qanunlara əməl edən, vətəndaşlıq vəzifəsini layiqincə yerinə yetirən həqiqi vətəndaşlar seçilir və sevilir. Qanunları pozan, hər kəsi narahat edən pis insanlar isə cəzalandırılır. Heç qatillərin, oğruların, cinayətkarların sərbəst gəzdiyi bir ölkə ola bilər mi? Belə bir ölkədə ədalətdən danışmaq belə olmaz. Dünya deyilən məmləkətin sahibi də Allahdır. Allah sonsuz ədalət sahibidir. Yaxşı və sevilən qullarını mükafatsız, pisləri də cəzasız qoymayacaqdır. Onsuz da bu dünyada ədalət tam olaraq görünmür. Zalım və məzlum, əzən və əzilən eyni torpağın altına basdırılır. Deməli, haqq-hesaba böyük bir məhkəmədə baxılacaqdır.
İnsanın iki cür yaradılışı vardır. Birincisi, dünyaya gələrkən yaradılışıdır. İkincisi isə Axirətdəki yaradılışıdır. Əslində ikinci yaradılışımız birincisinə görə daha asandır. Çünki birincisində bütün orqan, sistem və duyğularımız tək bir hüceyrədən yaradılır. İkincisində isə dağılan vücudun atom və hüceyrələri toplanılır. Bir şeyi yoxdan var etmək, yoxsa dağılan bir şeyi toplamaq daha asandır? Bizi yoxdan var edib dünyaya göndərən Allah ikinci dəfə də yaradacaqdır.
Axirətə inanmağın saysız faydaları vardır. Hər şeydən əvvəl insan üçün böyük təsəlli qaynağıdır.
Doğulan körpə anasının bətnindən daha gözəl bir dünyaya gəldiyini bilsəydi heç ağlayardımı? Eləcə Axirətə inanan insan da ölümü sonsuz bir dünyaya doğulmaq kimi görər və ölümdən qorxmaz.
Əsgərliyini bitirən əsgərin sevincinin həddi olmaz. Çünki öz boynuna düşən vəzifəni yerinə yetirib öz yurduna dönər. Yüzlərcə qohum, yaxın əqrəba və dostlarına qovuşar.
Uzaq bir ölkəyə təhsil almağa gedən bir tələbə vətəninə dönərkən heç ağlayarmı? Ağlayarsa əgər o da sevincindən ola bilər.
Eləcə də dünya həyatı da insanlar üçün bir əsgərlikdir. Sanki bir oxumaq, dərk etmək, təhsil və elm almaq fürsətidir. Ölüm isə “buraxılış” əmridir. Gerçək vətənimiz olan Cənnətə dönüşdür. Axirətə köçmüş milyonlarca qohum, dost və yaxınlarımıza qovuşmaqdır.
Axirətə inanmaq fərd üçün dəyərli olduğu kimi cəmiyyət üçün də dinclik və rahatlıq qaynağıdır. Axirətdə hesab verəcəyinə inanan bir kəs heç vaxt şər əməl sahibi olmaq istəməz. Zülm eməkdən və haqsız olmaqdan özünü saxlayar. Davranışlarına diqqət edər. Bacardığı qədər yaxşılıqlar, xeyir əməllər etməyə çalışar. Çünki nə qədər çox başqalarına faydalı olarsa Axirətdə o qədər çox xoşbəxt olacağını düşünür. Beləcə həm özü, həm də yaşadığı cəmiyyət rahat və sakit yaşayır.
Həyatda yanğın, zəlzələ, xəztəlik kimi müsibətlər əskik olmaz. Hətta bəzən bu fəlakətlər insanın nəyi varsa silib-süpürür. Bu kimi vəziyyətlərdə Allaha və Axirətə inanan insan təsəlli tapar və səbr edər. Özünü məhv etməz, stresə girməz. Çünki itirdiyi şeylərin ona savab qazandırdığını dərk edər.
İnsan bu dünyada hər istədiyini əldə edə bilməz. Axirətə inanan insan Cənnətdə bunlara qovuşa biləcəyinə əmin olar. Təsəlli və rahatlıq tapar. Xeyirli və saleh bir insan olmağa çalışar. Başqalarının mənsub olduqları üstünlükləri qisqanmaz. Ruhi və psixi depresiyaya düçar olmaz.
Axirətə inanan insanlara xas olan iki xüsusiyyət vardır:
1. Bolluqda verdiyi nemətlərə görə Allaha şükr etmək.
2. Sıxıntı və darlıqda isə səbr etmək və Rəbbinə üsyan etməmək
Tarix: 13.04.2013 / 16:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 313 Bölmə: Maraqlı melumatlar