Allah təala buyurur: “Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!” (Qaf surəsi,18). İnsanın yaxınlığında onun hər sözünü yazan mələklər vardır. Lakin insan bu hörmətli mələkləri gözü ilə görmədiyi üçün düşünmədən və fərqinə varmadan danışır. Allah təala buyurur: “Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür” (əl-Fəcr (Dan yeri) surəsi, 14).
Bilinməlidir ki, Allah təala bizi qoruyur və bizi mühafizə edir. Insanın müstəhəb, günah, savab, dediyi hər bir söz qeyd olunur. Buxari və Müslimin səhih kitabında Əbu Hüreyrədən (r.a) gələn rəvayətdə deyilir ki; Peyğəmbər (s.ə.s) dedi: “Kim Allaha və axirət gününə iman edirsə ya xeyir söyləsin, yaxud da sussun” (Buxari, Səhih Kitabi, Ədəb babı). Bu hədisin səhih olmasında heç bir şübhə yoxdur. Nəvəvi “Əl-Əzkar” (Zİkirlər) adlı əsərində qeyd edir ki, bizim bu hədisin doğruluğuna heç bir şübhəmiz yoxdur. O qeyd edir: “Həqiqətən də bu hədisin səhihliyi açıq Quran və Sünnə ilə ittifaq edilmişdir. Bu hədis onu göstərir ki, biz yalnız xeyir sözlər danışmalıyıq. Bu elə sözlərdir ki, onun deyilməsi məsləhətdir və deyiləndə heç bir açıq inciklik yaratmır. Lakin hansısa məsələ barəsində şəkk etmək, zənn edərək danışmaq və məsləhətə uyğun olmayan söz-söhbətlər çıxaracaq sözləri danışmaq olmaz”. Bu o deməkdir ki, insan gərək bilmədiyi bir sözü danışmasın. Həmçinin insan hər hansısa bir məsələ barəsindəsə danışanda həmin məsələni dəqiq bilməlidir. Dəqiq bildiyi bir məsələ olsa belə, əgər özü də bilirsə ki, o sözü ağzından çıxardıqda təhlükə yaranacaq onda sussun. Yaxud da özü də bilir ki, bu məsələdən xəbəri yoxdur, sadəcə bilmədiyi halda danışır, buna görə də məsuliyyət daşıyacaq. İnsanın dili Qiyamət günü onun əleyhinə şahidlik edəcəkdir. Əslində həqiqətən də insan mələklərin onu necə izlədiyini və necə sözü ağzından çıxaran kimi yazıb qeyd etdiyini unudur. İnsan tamamilə özünü təhlükəyə atır. İmam Şafi (Allah ona rəhmət eləsin) deyir: Əgər söz danışmaq istəsən, kəlamı ağzından çıxarmazdan əvvəl fikirləş, əgər onun deyilməsi, üzə çıxarılması məsləhətdirsə danış, əgər zənn edirsənsə və şəkk edirsənsə onu ağzından çıxarmaq üçün tələsmə”. Həqiqətən də biz çox acınacaqlı vəziyyətdəyik. Bəzən elə olur ki, biz heç haqqında doğrunun, həqiqətin nə olduğunu bilmədiyimiz sözləri, öz zənnimizə qapılaraq danışırıq. Mələklər isə artıq onları qeyd edirlər. Onlara salam olsun.
İki səhihdə (yəni Buxari və Müslimdə) Əbu Musa əl-Əşari (r.a) deyir: “Dedim ki, ya Allahın rəsulu! Ən fəzilətli (ən üstün) müsəlman hansıdır? Dedi: “Dilindən və əlindən müsəlmanların salamatda olduğu kəsdir” (Səhih Buxari, İman). Ən fəzilətli müsəlman odur ki, onun əlindən və dilindən digər müsəlmanlar əziyyət çəkmir. Bəzən bir müsəlman qəsdən digər bir müsəlmana sataşmaq üçün onu qıcıqlandıracaq sözlər danışır. Bununla da qarşısındakı müsəlmanın qəlbini qırmış olur və xətaya düşür. Ona görə də ən gözəl ədəblə, əxlaqla, mehribanca, səmimi olmaq və buna uyğun sözlər danışmaq daha məqsədə uyğundur. Buxarinin Səhihində Səhl bin Saddan (r.a): Allahın Rəsulu (s.ə.s) belə dedi: “Kim mənə iki dodağı arasındakını və iki qılçası arasındakını qarantiya edərsə, məndə ona Cənnəti qarantiya edirəm” (Buxari Səhih kitabı). Bununla da Allah rəsulu (s.ə.s) bizə bildirir ki, dilini mənə sığorta etdir, cinsiyyət orqanını mənə sığorta etdir, məndə sənə Cənnətə girməyini sığorta edim. Sanki Allah rəsulu (s.ə.s) bizimlə müqavilə bağlayır. Bizə iki orqanımızı qorumamızı tövsiyyə edir. Əgər biz iki orqanımızı qoruyacağımız halda və ölənə qədər bu sözümüzün üzərində duracağımız halda, Allah rəsulu (s.ə.s) bizə Cənnətə girəcəyimiz barədə söz verir. Əlbətdə Peyğəmbərin bu sözü ona aiddir, bu sözü bizə onun vasitəsilə Rəbbimiz Allah bildirir. Lakin insanların çoxu bu iki orqanını, xüsusi ilə dilini qorumaqda səhlənkarlığa yol verirlər.
Tarix: 10.04.2013 / 21:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 314 Bölmə: Maraqlı melumatlar